Məhkəmə qərarları › İş №1(101)-1306/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1306/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1306/2025 26.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Mərkəz” Vəkil bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 51-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 12,692 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Əli” mərasim evinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 26 ferval 2025-ci il tarixdə, saat 15:50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 1şən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin günü saat 17:41-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Rusiya Federasiyasında yaşamış və orada olan müddətdə həmkəndlisi X10 ilə problemi olmuşdur. Bu ilin fevralın 1-də həmin şəxs telefonla onu təhqir etmiş, o da bu məsələni aydınlaşdırmaq üçün Moskvaya təyyarə bileti almışdır. Lakin, bu ərəfədə övladının doğulması ehtimalı olduğuna görə Moskvaya gedə bilməmiş, 25 fevral tarixində isə qızı anadan olmuşdur. Həmin günü axşam xəstəxanadan çıxıb evinə gələrkən İlkin zəng edib onunla görüş yeri təyin etmişdir. O da onunla görüşəndə ona ünvanlanmış təhqirlərin cavabını ala bilmədiyinə görə aralarında dava olmuş, öz əli zədələnmişdir. Ertəsi günü saat 12 radələrində qohumu Şahid2 ona zəng vurub avtomobilində nasazlıq olduğunu deyib ehtiyyat hissəsini götürmək üçün avtomobili ilə onu Babək prospektinə aparmağı xahiş etmiş, o da buna etiraz etməyib onu həmin yerə aparmışdır. Ehtiyyat hissələrini götürdükdən sonra saat 15:00 radələrində “Xutor” yaşayış massivi, E.Babayev küçəsində yerləşən “Əli” mərasim evinin yanına gəlib nahar etmək üçün kafeyə tərəf gedəndə hava soyuq olduğuna görə avtomobilindən gödəkçəsini götürməyə qayıtmış, Əmrah isə bir qədər irəlidə olmuşdur. Bu zaman avtomobilin yanında olan yol-patrul xidməti əməkdaşı onun Camal olubolmamasını soruşmuş, o da özünün olduğunu deyəndə, həmin an bir anlıq elə bildi ki, qəza baş verib, lakin gözünü açanda digər avtomobildə əli qandallı vəziyyətdə əyləşdiyini müəyyən etmişdir. Oradan onu idarə etdiyi “Honda” markalı, **-YK-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb maşının açarını ona verib bildirmişlər ki, ötən günü İlkinlə etdiyi dava ilə əlaqədar gətirilib. Daha sonra ona buraxılması üçün qanunsuz tələb irəli sürülmüş, o da bu barədə əmisi oğlu Nuru ilə əlaqə saxlayıb danışmış, lakin müsbət nəticə olmamışdır. Bundan sonra ona deyilmişdir ki, əgər ona verilən bükümdəki metamfetamini boynuna almasa, vəziyyəti daha da pis olacaq, dava ilə bağlı ağır ittiham veriləcək. O isə ümumiyyətlə narkotikdən uzaq olduğunu və istifadəçisi olmadığını deyib buna etiraz etsə də, edilmiş təzyiq, döyülmə və işgəncələr nəticəsində məcbur olub Rəvan adlı polis əməkdaşının seyfdən çıxarıb ona verdiyi bükümü öz boynuna götürməyi razılaşmışdır. Məhkəmədə barəsində həbs seçildikdən sonra idarədə heç bir ifadə verməyib vəkilindən imtina etdiyi üçün yenidən döyülmüşdür. Qeyd edir ki, o, ittiham aktında göstərilən vaxtda deyil, günorta saat 2 radələrində saxlanılmış, bu zaman yanında qohumu Əmrah olmuş, heç vaxtı narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Bununla belə, narkoloji müayinələr zamanı onun sidik və qanında bunun aşkar olunmasının səbəbi təəcüb yaradır və düşünür ki, hər iki tibb müəssisəsində müəyinə olunduqdan dərhal sonra həkimlərin yanına polis əməkdaşının daxil olub nəyisə bildirməsi nəticəsində belə rəylər verilib. Himayəsində iki azyaşlı uşağı, bacısı və daima qulluğa ehtiyacı olan yaşlı, xəstə nənəsi var, ailəsinin yeganə qazanc gətirənidir. Məhkəmədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, qrupa o və baş idarənin əməliyyat müvəkkilləri X15 və X11 daxil edilmişlər. Həmin günü saat 15:50-də Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Əli” mərasim evinin yaxınlığında “Honda” markalı, **-YK-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs məsələ barədə məlumat verib onu baş idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən bir ədəd şəffaf sellofan bükümü, bir ədəd mobil telefonu, bir ədəd avtomobil açarını və digər əşyaları çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin “patı” olduğunu və onu 25 fevral 2025-ci il tarixdə tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, **-YK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin orada heç bir qanunsuz əşya aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, ondan nəyisə boynuna alması təkid edilməmiş, o hansısa dava-dalaş işi ilə bağlı saxlanılmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid2 Elburus oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə qohumdur, həm də uşaqlıq illərindən dostluq edirlər. 26 fevral 2025-ci il tarixdə səhər vaxtı Canamala zəng edib avtomobilinin nazas olduğunu söyləyib ehtiyyat hissələri almaq üçün onu öz maşını ilə Babək prospektinə aparmasını xahiş etmişdir. Camal da buna etiraz etməyib onu “Honda” markalı, **-YK-*** qeydiyyat nişanlı maşını ilə aparmış, daha sonra günorta saat 2 radələrində nahar etmək üçün “Xutor” deyilən ərazidə yerləşən “Əli” mərasim evinin yaxınlığına gəlib avtomobil təmir sexinin yeməkxanasına getmək üçün maşından düşmüşlər. O bir qədər irəli olduqda görmüşdür ki, yol-patrul xidməti əməkdaşı Camala yaxınlaşıb adının soruşmuş, elə bu zaman da “jeep” modelli avtomobil saxlayaraq oradan 4-5 nəfər şəxs düşüb Camalı sorğu-sualsız maşına mindirib ərazindən uzaqlaşmışlar. Camalın avtomobilini də həmin şəxslərdən biri sürərək aparmışdır. Bundan 5-10 dəqiqə sonra o, istifadəsində olan 077 ***-**-** və ya 051 ***-**-** saylı mobil telefon nömrələrindən Camalın arvadı Sevinc Nuruyevaya 050 ***-**-** saylı nömrəyə ya adi zəng, yaxud “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskə görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs barəsində saat 17:41də axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı maddənin olduğunu bildirir, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və avtomobil açarını, sol yan cibindən mobil telefonu, qara rəngli gödəkçənin sol yan cibindən açarları, sol iç cibindən pul, bank kartı və şüşə ətir qabını çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanılır. İlk öncə onun təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilir. Baxış zamanı həmin bükümün içərisindəki maddənin ağ rəngli, kristallik formalı, xüsusi spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilir və həmin maddə cinayət təqibi üzrə subut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Şifahi sorğu zamanı Camal üstündən aşkar olunmuş maddəni 25 fevral 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini bildirir. Bundan sonra onun təqdim etdiyi mobil telefona baxış keçirilərkən telefonun “Samsung” markalı olması, içərisində 051 ***-**-** saylı mobil nömrəsinin olması müəyyən edilir. Daha sonra təqdim etdiyi üzərində 4169 7388 5230 3001 rəqəmləri əks olunmuş bank kartı və mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Bundan sonra onun təqdim etdiyi 558 manat pul, yaşadığı evə və qeyri-yaşayış obyektinə aid olduğu açarlar, şüşə ətir qabı və avtomobil açarı özünə qaytarılır. Protokol bütün iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.27-30; disk); • “Baxış və götürmə aparılması haqqında haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskə əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, **-YK-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilir, avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmir (İ cild, i.v.33-35; disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə görə xx.xx.2025-ci il tarixdə gecə saatlarında yaşadığı qəsəbədə adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata “patı” almış və gələcəkdə istifadə etməsi üçün cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Əli” mərasim evinin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə gəlmişdir. Polis idarəsində video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir.......O, üstündə metamfetamin olduğunu deyib ənində olan şalvarın cibindən 01 ədəd şəffaf sellofan bükümü və avtomobil açarını, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu......təqdim etmişdir...” (İ cild, i.v.60- 63, 83-86); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/895 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd büküm psixotrop maddə metamfetaminə oxşar maddə, imza və yazılar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 12,692 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 12,642 qram, aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir (İ cild, i.v.48-51); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X23 Ambulator X2 haqqında xx.xx.2025-ci il tarixli, 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə halları olub. Lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.145-146); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Eksperiza və X9” X23: • 12.03.2025-ci il tarixli, 882/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilir (İ cild, i.v.147-150); • 19.03.2025-ci il tarixli, 111/MEŞ nömrəli rəyinə görə Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin qançırı bərk küt əşyanın təsirindən müayinədən təxminən 2-3 gün əvvəl, sağ bazunun qançırı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənə bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (İ cild, i.v.152-154); • “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 12,642 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, metamfetamin saxlanılması üçün Daxili İşlər Nazirlyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlama yerinə təhvil verilmişdir (İ cild, i.v.114-115); • “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.127-129; disk); • “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs oğundan götürülmüş “Samsung” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar müəyyən edilmir (İ cild, i.v.131); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)- 249/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.106-110); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.122-123); • xx.xx.2025-ci il tarixdə 31 saylı notariat ofisində təsdiq edilmiş Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan X10 tərəfindən səlahiyyətli orqanlara yazılmış ərizədə qeyd olunur ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər nəticəsində aralarında mübahisə yaranmış və polis orqanlarına şikayət olunmuşdur. Məlum edir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir iddia və tələbi yoxdur (İİ cild); • Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-834/2025 nömrəli məktubu ilə təqdim edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, aparılmış qeydlərdə Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığı, onun sağ bazunun ön səthində 1-2 sm ölçüdə sarımtıl qançırın aşkar edildiyi, daxili orqanlarında ciddi patalogiya, ağ ciyərlərində də pataloji kölgəliklərin aşkar edilmədiyi göstərilib (İİ cild); • Şahid2 istifadəsində olan 077 ***-**-** və 051 ***-**-** saylı mobil telefon nömrələri ilə X4 istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında 26 fevral 2025-ci il tarixdə, saat 12:00-dan 18:00-dək olan müddət ərzində aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri, danışıqların aparıldığı şəxslərin ünvanları, həmçinin həmin nömrələrlə qeyd olunan tarixdən aparılan danışıqlar zaman anten əhatə dairəsi barədə məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən ələ keçirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı: • "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 22032 nömrəli və xx.xx.2025-ci il tarixli, 25373 nömrəli məktublarında 051 ***-**-** saylı nömrənin Şahid2 məxsus olduğu, 050 ***-**-** saylı nömrə ilə 051 ***-**-** və 077 ***-**-** saylı nömrələr arasında xx.xx.2025-ci il tarixdə saat 12:00-dan saat 18:00dək zəng və sms mətninin aşkar olunmadığı göstərilir (İİ cild); • "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, GQ-2-947-694-2025 nömrəli məktubunda 077 ***-**-** və 050 ***-**-** saylı nömrələr arasında sorğulanan tarixdə zəngin qeydə alınmadığı göstərilir (İİ cild); • Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** saylı GSM nömrəsi ilə 26 fevral 2025-ci il tarixdə gün ərzində aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri, aparılan danışıqlar zamanı anten əhatə dairəsi, habelə GPRS (internet) barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icrası üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 25335 nömrəli məktubu ilə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, bu nömrənin anten əhatə dairəsi həmin günü saat 13:39-da Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsini, saat 14:16-14:50 radələri arasında Nizami rayonu, Babək prospekti, “Astoriya” fitness mərkəzi, “Sərin” şadlıq sarayı, Bəkir Çobanzadə küçəsini, saat 15:26-da Binəqədi rayonu, A.Əliyev küçəsini, saat 15:44-15:49 radələri arasında Azadlıq prospekti, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsini, saat 16:05-də Nərimanov rayonu, Təbriz küçəsini göstərir (İİ cild); • Təqsirləndirilən şəxs oğunun istifadəsində olan “Samsung” markalı mobil telefona məhkəmədə keçirilmiş baxış zamanı müəyyən edilir ki, telefonun “WhatsApp” tətbiqi +99451 ***-**-** saylı nömrə ilə qeydiyyatdan keçib, bu nömrə ilə xx.xx.2025-ci il tarixdə çoxsaylı zənglər aparılıb, saat 15:36-dan saat 18:47-dək daxil olan zənglərə cavab verilməyib, saat 18:42-də isə “Nuru Emioğlu” adlı istifadəçiyə zəng edilib (İİ cild); • "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur, həmin MMMC-nin idarəçiliyində olan binada həyat yoldaşı X12, övladları Nuruyeva Simay və Nuruyeva Humay, nənəsi X8 və tələbə olan bacısı X5 ilə birlikdə yaşayır (İİ cild); • “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”a görə X6 “ÜİX” gərginlik stenokardiya, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəliyi İİ mərhələ, xroniki beyin işemiyası diaqnozu qoyulub (İİ cild); • Doğum haqqında şəhadətnamələrin surətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci və xx.xx.2025-ci il təvəllüdlü iki uşağı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi həmin Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür (1-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, Məcəllənin 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır (16-cı bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetamini külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 02 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 12,692 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Əli” mərasim evinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 26 ferval 2025-ci il tarixdə, saat 15:50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 1şən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin günü saat 17:41-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, tədqiq edilmiş digər mötəbər dəlillərlə həmin cinayətin onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Bununla da Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi müəyyən edilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.1, 41.2, 58.1 və 58.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Cinayət qanunun göstərilən normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cinayət-hüquqi xarakterli tədbiri tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. Sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2004-cü il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarlar). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına görə cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Cinayət Məcəlləsinin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (1-ci bənd). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdırlar (45-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin Məcəllənin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları, habelə işin faktiki hallarını və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məhkəmə istintaqı zamanı davranışını, ailəsinin yeganə qazanc gətirməklə himayəsində iki azyaşlı uşağının, tələbə bacısının, yaşlı və qulluğa ehtiyacı olan yaşlı nənəsinin olmasını, eyni zamanda ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, bununla da təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının, o cümlədən onunla birlikdə yaşayan yaşlı və daimi qulluğa ehtiyacı olan ağır xəstə nənəsinin olması, habelə tələbə bacısının da maddi təminatında iştirakı onun ailəməişət vəziyyətinə ciddi təsir edir, üzərində çoxsaylı və davamlı sosial öhdəliklərin mövcud olduğunu göstərir. Bu şəxsin azadlıqdan uzun müddətə məhrum edilməsi yalnız onun özü üçün deyil, həm də qeyd olunan digər şəxslərin hüquq və mənafelərinə bərpası mümkün olmayan zərər vuracaqdır. Buna görə də məhkəmə sadalanan halları təqsirləndirilən şəxsin məsuliyyətini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirir və ədalət, humanizm və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutaraq Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini məqsədəuyğun hesab edir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır (8-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunan əsaslarla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəza Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az olmaqla ona bu cəza 09 ay həddində müəyyən edilməli, eyni zamanda həmin cəza onun 26 fevral 2025-ci il tarixdən hökm elan olunan anadək həbsdə olduğu müddətlə tam əhatə olunduğundan, onun cəzası çəkilmiş hesab olunmalıdır. Bununla əlaqədar C.Nuriyev barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, seçilmiş qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq qalan 12,642 qram çəkidə psixotrop maddə metamfetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 89 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla o, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən hökm elan olunan anadək həbsdə olduğu ümumi 09 (doqquz) ay müddət nəzərə alınsın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq qalan 12,642 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar