Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1307/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X3 iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, üzərində ödənilməmiş məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə, saat 20:45-də Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 56 ünvanında yerləşən "İSR Plaza" binasının qarşısında idarə etdiyi özünə məxsus "Renault Megane" markalı, **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobili orada saxladıqda, həmin ünvanda avtomobillərə gözətçilik edən Zərərçəkmiş şəxs ona avtomobilini orada saxlamasına irad bildirərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər deməsinə və əli ilə onun baş nahiyəsinə vurmasına görə əsəbiləşərək, özünə məxsus avtomobildə saxladığı bıçağı götürərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən 1 (bir) dəfə vuraraq, sonuncuya sol ağciyərin aşağı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (700 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, taksi fəaliyyəti ilə məşğuldur. O, “Renault Megane” markalı avtomobil ilə “Bolt” taksi şirkətinə qoşulmuş və taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. 26 mart 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində o, özünə məxsus avtomobillə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 56 ünvanında yerləşən “İSR Plaza” binasının qarşısında taksi sifarişi edən müştərini gözləmişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq maşını bir qədər aralıda saxlamağını ondan tələb etmişdir. O, Borisə taksi fəaliyyəti ilə məşğul olduğunu, orada müştəri gözlədiyini və birazdan həmin ərazini tərk edəcəyini bildirmişdir. Lakin Boris onu təhqir edərək dərhal oradan uzaqlaşmağını ondan tələb etmişdir. O, Borisdən niyə onu təhqir etdiyini soruşduqda, Boris bir qədər də ona kobudluq edərək daha ağır söyüşlər söyməyə başlamışdır. Bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə yarandıqdan sonra Boris onun maşınının üzərindəki taksi işarəsini götürüb oradan bir neçə metr uzaqlaşmışdır. O, Borisin arxasınca qaçaraq sonuncudan taksi işarəsini yerinə qoymasını tələb etmişdir. Bundan sonra Boris taksi işarəsini qaytarmışdır. Lakin bundan sonra Boris onu daha ağır söyüşlərlə söyməyə başlamışdır. O, Borisdən qat-qat yaşlı olduğundan sonuncudan onu söyməməsini tələb etmişdir. Lakin Boris sakitləşmək əvəzinə ona bir neçə dəfə sillə zərbəsi vurmuşdur. Boris onu bir neçə dəfə sillə ilə vurduğundan o, duruxmuşdur. Övladı yaşında olan şəxsin onu vurması və ağır söyüşlərlə təhqir etməsi ona çox pis təsir etmişdir. O, duruxduğu vaxt Boris onun bədəninin müxtəlif yerlərinə təpiklə də vurmuşdur. Bütün bunlardan sonra o, sinirlərini toplaya bilməmiş və əsəbiləşərək maşınında olan bıçağı götürüb Borisin qarın nahiyəsindən həmin bıçaqla 1 (bir) dəfə vurmuşdur. O, Borisi vurduqdan sonra sonuncuya kömək etmək istədikdə, Boris onu söyərək hadisə yerindən qaçmışdır. O da özünü itirdiyindən maşınına minib yaşadığı evə getmişdir. O, evə çatdıqdan sonra kürəkəni Şahid zəng edib evinə çağırmışdır. Kürəkəni Emin onun yaşadığı evə gəldikdən sonra o, kürəkəninə baş vermiş cinayət hadisəsi barədə məlumat vermişdir. Şahid ona dərhal baş vermiş hadisə ilə əlaqədar polisə məlumat verib təslim olmağını təklif etmişdir. O da kürəkəni Eminin fikri ilə razılaşmışdır. Onlar hazırlaşıb Polis Bölməsinə getmək üçün mənzildən çıxarkən polis əməkdaşları onun yaşadığı mənzilə gələrək özlərini təqdim etmişlər və onu Polis bölməsinə dəvət etmişlər. O da polislərə etiraz etməmiş və sonuncularla birlikdə Polis bölməsinə getmişdir. O, Polis bölməsində baş vermiş hadisəni etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin əməlindən peşman olduğunu və cinayət hadisəsini Zərərçəkmiş şəxs ona qarşı tərbiyəsiz və əxlaqsız hərəkətlərinin təsiri altında törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da göstərdi ki, o, təbiətcə çox sakit adamdır, eləcə də uzun müddətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Zərərçəkmiş şəxs onu ağır söyüşlərlə təhqir etməsi və daha sonra ona sillə və təpik zərbələri vurması ona çox pis təsir etmişdir. O, dəfələrlə Borisdən sakitləşməsini xahiş etsə də, sonuncu ona məhəl qoymayaraq sakitləşməmiş, əksinə onun üstünə hücum çəkərək onu döymüşdür. O, yaşlı və xəstə olduğundan Borisə gücü çatmamışdır. Ona görə də o, əlini bıçağa atmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxslə hələ ibtidai istintaqın ilkin mərhələsində barışdığını bildirərək barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 56 ünvanında yerləşən «İSR» Plazanın binasının qarşısında yol kənarında dayanan avtomobillərə gözətçilik etməklə özünü dolandırmışdır. 26 mart 2021-ci il tarixdə, təxminən saat 20:45-də o, həmin ünvanda olduğu zaman Təqsirləndirilən şəxs idarə etdiyi tünd boz metallik rəngli «Renault Megane» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarında saxlamışdır. O, bunu gördükdə həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs öz iradını bildirmişdir. Bundan sonra onunla Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmışdır. Həmin vaxt o, əsəbiləşərək Rasimin idarə etdiyi avtomobilin üzərindəki taksi işərəsini götürmüş və həmin ərazidən uzaqlaşmışdır. Rasim isə onun arxasınca qışqıraraq onu çağırmış və taksi işarəsini yerinə qoymağını ondan tələb etmişdir. O da qayıtmış və taksi işarəsini yerinə qoymuşdur. O, Rasimin hərəkətindən əsəbiləşərək sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Onun Rasimə iradı sonuncunun avtomobili düzgün olmayan şəkildə saxlaması ilə bağlı olmuşdur. O, Rasimi söydükdə sonuncu ondan söyməməsini xahiş etmişdir. O isə bundan daha da əsəbiləşərək Rasimin üzərinə gedərək sonuncunu baş nahiyəsindən bir neçə dəfə sillə ilə vurmuşdur. O, Rasimin ünvanına nalayiq söyüş söydüyündən və sillə ilə bir neçə dəfə sonuncunun baş nahiyəsinə vurduğundan Rasim idarə etdiyi avtomobilə gedərək avtomobildə olan 1 (bir) ədəd bıçağı götürüb ona yaxınlaşaraq sağ əlində tutduğu bıçaqla 1 (bir) dəfə onun qarın nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra Rasim ona kömək etmək istəsə də, o, baş vermiş hadisədən qorxaraq cəld şəkildə oradan çıxıb yaşadığı evə getmişdir. O, yaşadığı evdə olarkən bədənində kəskin ağrılar hiss etmiş və ona görə də X10 müraciət etmişdir. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili onun yaşadığı ünvana gələrək onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə ibtidai istintaqın ilkin mərhələsində barışmış və təqsirləndirilən şəxs daima ona köməklik etmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə azadlıqdan mərum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır. Cinayət hadisəsi 26 mart 2021-ci il tarixdə baş vermişdir. Həmin ərəfədə onun qayınatası Təqsirləndirilən şəxs özünə məxsus olan “Renault Megane” markalı avtomobil ilə “Bolt” taksi şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Rasim baş vermiş hadisədən sonra evə qayıtmış və ilk olaraq ona zəng edərək evinə çağırmışdır. O, Rasimin evinə getdikdən sonra Rasim ona bildirmişdir ki, 26 mart 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində özünə məxsus avtomobillə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 56 ünvanında yerləşən “İSR Plaza” binasının qarşısında taksi sifarişi edən müştərini gözləmişdir. Bu vaxt Boris adlı şəxs Rasimə yaxınlaşaraq maşını bir qədər aralıda saxlamağını tələb etmişdir. Rasim həmin şəxsə taksi fəaliyyəti ilə məşğul olduğunu və orada müştəri gözlədiyini, birazdan həmin ərazini tərk edəcəyini bildirmişdir. Bundan sonra Rasimlə Boris arasında sözlü mübahisə yaranmışdır. Həmin vaxt Boris Rasimin maşınının üzərindəki taksi işarəsini götürüb oradan bir neçə metr uzaqlaşmışdır. Rasim Borisin arxasınca qaçaraq, sonuncudan taksi işarəsini yerinə qoymağını tələb etmişdir. Sonra Boris taksi işarəsini qaytarmışdır. Bundan sonra Boris Rasimin ünvanına ağır söyüşlər söymüş və bir neçə dəfə sillə ilə Rasimi vurmuşdur. Rasim Borisin nalayiq ifadələr işlətməsindən, sillə ilə vurmasından əsəbiləşərək maşınında olan bıçağı götürüb Borisin qarın nahiyəsindən həmin bıçaqla 1 (bir) dəfə zərbə endirmişdir. Bundan sonra Boris hadisə yerindən qaçıb getmişdir. Rasim isə maşını sürüb evinə getmişdir. Rasim evə çatdıqdan sonra ona zəng edib evinə çağırmışdır. O, Rasimin yaşadığı evə gəldikdən sonra baş vermiş cinayət hadisəsi haqqında Rasim ona məlumat vermişdir. O, Rasimə dərhal baş vermiş hadisə ilə əlaqədar polisə məlumat verib təslim olmağını təklif etmişdir. Rasim də onun fikri ilə razılaşmışdır. Onlar Polis bölməsinə getmək üçün mənzildən çıxarkən polis əməkdaşları Rasimin yaşadığı mənzilə gəlib özlərini təqdim etmişlər və X8 dəvət etmişlər. Rasim də polis əməkdaşlarına etiraz etməyərək sonuncularla birlikdə Polis bölməsinə getmişdir. Polis bölməsində Rasim baş vermiş hadisəni etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 01:02-də 3 saylı Şəhər Klinik Xəstəxanasından tibbi bacısı polis orqanına zəng edərək məlumat vermişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yuxarı Dağlı küçəsi, ev 5, mənzil 137-də yaşayan Zərərçəkmiş şəxs Varislavoviç qarının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə tibb müəssisəsinə müraciət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli götürmə haqqında qərardan (cild 1, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bıçağın maddi sübut kimi götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 8-10) görünür ki, 1 (bir) ədəd bıçaq maddi sübut kimi Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 35-36) görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Varislavoviçə bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan ünvan 2 ünvanında yerləşən “İSR Plaza” binasının qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 39-40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2021-ci il tarixli müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 60-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 72-73) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin maddə üzrə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qərarı ilə həmin cəza 300 manat cərimə cəzası ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs 17 oktyabr 2011-ci ildə cəriməni tam ödəmişdir. Cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/642 nömrəli rəyindən (cild 1, iş vərəqə 98-99) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5” X11 188 nömrəli ekspertiza rəyindən görünür ki (cild 1, iş vərəqə 127-131) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol ağciyərin aşağı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (700 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin təsirindən törənməklə 26 mart 2021-ci il tarixdə döş qəfəsinin sol yarısının ön səthinə bıçaqla 1 (bir) zərbə ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5” X11 142 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 112-114) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, onun adına tərtib olunmuş arayışda qeyd olunan “Essensial hipertenziya” diaqnozu sərbəst nozoloji xəstəlik vahidi olduğundan sağlamlığa zərərvurmanın təyinində bu diaqnoz nəzərə alınmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 952 saylı rəyindən (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs hadisədən əvvəl və hazırda xroniki xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 may 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 125) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 133-140) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittihamın elan edilməsi, hadisə zamanı cinayətin aləti kimi istifadə olunmuş 1 (bir) ədəd bıçağın maddi sübut qismində tanınması və saxlanılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 143-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 333) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2012-ci il tarixli tibbi sənəd olan epikrizin surətindən (cild 1, iş vərəqə 316) görünür ki, Təqsirləndirilən şəxs ürək sərhədləri genişləndiyindən ona ürəyinə 2 (iki) stent implantasiya edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2017-ci il tarixli tibbi sənəd olan epikrizin surətindən (cild 1, iş vərəqə 318) görünür ki, Təqsirləndirilən şəxs həmin gün tibb müəssisəsinə daxil olmuş və onun üzərində L4-L5 fəqərəarası diskin sağ ekstraforaminal yırtığının cərrahiyyə əməliyyatı keçirilmişdir. Tibbi müayinə zamanı ona, həmçinin Hepatit C diaqnozu qoyulmuşdur. Bu səbəbdən də, o, stasionar qaydada müalicə almış və nəticədə 3 ay müddətində fiziki əməyi məhdudlaşdırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2018-ci il tarixli tibbi sənəd olan epikrizin surətindən (cild 1, iş vərəqə 315) görünür ki, Təqsirləndirilən şəxs həmin gün tibb müəssisəsinə daxil olmuş və ona sol mədəciyin yan divarının kəskin miokard infarktı diaqnozu qoyulmuş, həmçinin onda hipertoniya xəstəliyinin İİ mərhələsi və şəkərli diabet xəstəlikləri aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər və obyektiv sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə, təxminən saat 20:45-də idarə etdiyi "Renault Megane" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 4 ünvanında yerləşən "İSR Plaza" binasının qarşısında saxlamışdır. Həmin ünvanda avtomobillərə gözətçilik edən Zərərçəkmiş şəxs ona avtomobilini orada saxlaması ilə bağlı iradını bildirmişdir. O isə taksi fəaliyyəti ilə məşğul olduğunu, orada müştəri gözlədiyini və müştəri gələn kimi ərazini tərk edəcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Lakin onun bu cavabı Zərərçəkmiş şəxs xoşuna gəlməmiş və bu səbəbdən də heç bir əsas olmadan sonuncu Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra onların arasında sözlü mübahisə baş vermişdir. Tərəflər arasında sözlü mübahisə yarandıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus avtomobilin üzərindəki taksi işarəsini götürüb oradan qaçmışdır. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncudan taksi işarəsini qaytarmağını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs taksi işarəsini qaytarmışdır. Boris Rasimə taksi işarəsini qaytarsa da, sakitləşməmiş və əksinə daha da aqressiv formada Təqsirləndirilən şəxs qarşı təhqiramiz ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs ondan bir neçə dəfə söyüş söyməməsini tələb etsə də, Zərərçəkmiş şəxs özünü idarə edə bilməmiş, başqa sözlə, Təqsirləndirilən şəxs söyüş söyməməsi ilə bağlı çağırışlarına məhəl qoymayaraq Təqsirləndirilən şəxs daha ağır söyüşlərlə söyməyə davam etmiş və hətta onun baş nahiyəsindən əli ilə vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbiləşərək, özünə məxsus avtomobilə getmiş və avtomobildə olan 1 (bir) ədəd bıçağı götürüb Zərərçəkmiş şəxs yanına qayıdaraq sonuncunun qarın nahiyəsindən bıçaqla 1 (bir) dəfə vuraraq qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra sonuncuya kömək etmək istəmişdir. Lakin Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdığından o, sonuncuya kömək etməyə müvəffəq olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin o, həmin cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu əxlaqsız, qanunsuz və zoraki hərəkətlərinin təsiri altında törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. O, cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir və belə hesab edir ki, o, qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onun yaşlı və evli olmasını, uzun müddət müxtəlif xəstəliklərdən, o cümlədən Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, habelə törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza növü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onun yaşlı və evli olmasını, uzun müddət müxtəlif xəstəliklərdən, o cümlədən Hepatit C xəstəliyindən əziyyət çəkməsini, habelə törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və cəza çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilərək cəza müddətindən çıxılmalı və onun üzərində saxlanılacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 2 (iki) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1307/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1307/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver