Məhkəmə qərarları › İş №1(101)-1308/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1308/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1308/2021 16.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Fides vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2009,219 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində və yaşadığı evin yaxınlığındakı ağacın arxasında saxlamış, 12 fevral 2021-ci il tarixdə saat 18 radələrində Sabunçu RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, yaşadığı 06 nömrəli evin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd qara rəngli siqaretin iç kağızına bükülmüş, təmiz çəkisi 2,019 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, 06 nömrəli yaşayış evinin yaxınlığındakı ağacın arxasında gizlədərək saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 2007,2 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 12 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsindəki evində olduğu zaman evinin qapısı döyülmüş, evə üç nəfər mülkü geyimli şəxs girərək onunla kobud rəftar etmişlər və evində narkotik vasitələrlə bağlı axtarış aparacaqlarını demişlər. O, evində və üzərində narkotik vasitə olmadığını bildirmiş, lakin polislər ona inanmayıb əvvəlcə üzərinə baxış keçirmişlər. Onun üzərindən heç bir narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Sonra polislər onun evinə baxış keçirəcəklərini bildirmişlər, evə baxış keçirib heç bir qanunsuz əşya da aşkar etməməşlər. Sonra polislər onu özləri ilə Sabunçu rayon Polis İdarəsininə aparmışlar. Polis İdarəsində də yenidən üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışıdır. Sonra polislər ona demişlər ki, bizim dediyimiz ilə razılaşmalısan və narkotik vasitələrin satışı ilə məşğul olmağın barədə ifadələr verməlisən. O buna razılaşmayanda polislər ona müxtəlif təzyiqlər edərək bildirmişlər ki, əgər onların dediklərini etməsə onun evinə 1-2 kloqram narkotik vasitə qoyacaqlar və bütün ailə üzvlərini narkotik vasitələrin satışı ilə bağlı cinayətə cəlb edəcəklər. O da polislərin təzyiqlərinə və ailəsinin haqsız yerə cinayətə cəlb olunmaması üçün vidioçəkiliş zamanı narkotik vasitələrin guya ona məxsus olması barədə gorüntü yaratmışdır. Nə üzərindən, nə də ki, evinin qarşısındakı ağacın arxasında narkotik vasitə aşkar olunmamışdır və narkotik vasitələrin satışı ilə də heç vaxt məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroin qəbul edir və narkotik vasitənin aludəçisidir. 12 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsindəki evinin qarşısında dayanan zaman üç nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini Sabunçu rayon polis idarəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə həmin Sabunçu rayon polis idarəsinə getməyini təklif etmişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra polis idarəsinə getmişlər. İdarədə olan zaman baş təhqiqatçı Fikrət Məmmədov tərəfindən barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra yalnız vəkil X2 hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra Səməd Əliyev iş otağına dəvət olunmuş və təhqiqatçı Fikrət Məmmədov tərəfindən ona vəkil kimi təqdim edilmişdir. Daha sonra ona polis bölməsində videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişlər. O da könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd cib dəsmalı və içərisi boş olan bir ədəd «Maqna» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra gödəkçənin sol döş cibindən qara rəngli siqaret kağızının içərisində olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd bükümə baxış keçirilən zaman qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmiş, o da könüllü olaraq təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olmasını təsdiq etmişdir. Aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə təxminən 2 qram müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə Firuz adlı polis əməkdaşı tərəfindən ağ rəngli zərfdə qablaşdırıldıqdan sonra möhürlənərək götürülmüşdür. Həmin yerdə olan iştirakçılar tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Bundan sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsində yerləşən evin yaxınlığındakı ağacın arxasında narkotik maddə gizlədərək saxladığını da bildirmişdir. O, müdafiəçisi və polis əməkdaşları birliklə həmin yaşadığı ünvana getmişlər. Yaşadığı evin qarşısındakı küçəyə daxil olmazdan əvvəl ona həmin küçədə olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. O da evinin qarşısındakı ağacın arxasına keçib, orada gizlətdiyi bir ədəd sellofan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunan narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 2.000 qram müəyyən edilmişdir. Evin qarşısındakı ağacın arxasında aşkar olunmuş narkotik vasitə Şahid1 tərəfindən ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra ifadəsində göstərmişdir ki, üzərindən 2,019 qram çəkidə, yaşadığı evin qarşısındakı ağacın arxasından isə 2.007,2 qram çəkidə götürülmüş narkotik vasitə olan heroini tutulduğundan bir həftə əvvəl, yəni 06 fevral 2021-ci il tarixdə axşam saatlarında evə gedən zaman Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın yaxınlığındakı zibilxanadan tapıb götürmüşdür. Tapdığı narkotik vasitədən bir qismini tanımadığı şəxslərə satmış, qalan hissəsini isə üstündə və yaşadığı evin qarşısındakı ağacın arxasında gizlətmişdir. 12 fevral 2021-ci il tarixdə istintaq zamanı çəkilən videoçəkilişlərdəki ifadələrinə gəldikdə isə bildirmişdir ki, həmin vaxt həyacanlı olduğundan və başqa kənar şəxsin adını çəkdiyi zaman cinayət məsuliyyətindən azad olunacağını fikirləşib, guya üzərindən 2,019 qram çəkidə, evin qarşısındakı ağacın arxasından isə 2007,2 qram çəkidə aşkar edilmiş narkotik vasitə olan heroini İran İslam Respublikası vətəndaşından götürdüyünü yalandan uydurmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri polislərin təzyiqlərinə və ailəsinin narkotik vasitələrin satışı ilə bağlı haqsın yerə cinayətə cəlb olunacaqları hədə-qorxusuna görə vermişdir. Həmin ifadələri təsdiq etmir, ifadələri polislərin təzyiqi altında oxumayaraq imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri Sabuncu RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xidmət apardığı ərazidə Ramiz adlı şəxsin narkotik vasitə olan heroini əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 fevral 2021-ci il tarixdə həmin məlumatın yoxlanılması məqsədi ilə o, digər əməkdaşlar Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun üzvlərinə davranış xətti izah edilmiş, sonra onlar Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsinə getmişlər. Həmin gün saat 18 radələrində Ramizin həmin küçədə dayandığını görüb ona yaxınlaşıb özlərini polis əməkdaşı olaraq təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə şübhəli olduğunu bildirib Sabunçu rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu Sabunçu rayon polis idarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs baş təhqiqatçı Fikrət Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 07 saylı Vəkil Bürosundan vəkil kimi X6 dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və onun üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Ramizə üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd yaylıq və içərisi boş olan bir ədəd «Maqas» markalı siqaret qutusunu çıxardıb təqdim etmişdir. Daha sonra saxlanılan şəxs gödəkçənin sol döş cibindən qara rəngli siqaret kağızının içərisində olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bir ədəd bükümə baxış keçirilən zaman qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs orada bildirmişdir ki, könüllü təqdim etdiyi maddə narkotik vasitə olan - heroindir. Aşkar olunan narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə təxminən 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə Şahid1 tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış və 160 saylı möhürlə möhürlənərək götürülmüşdür. Həmin yerdə olan iştirakçılar tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsində yerləşən yaşadığı evin yaxınlığındakı ağacın arxasında narkotik maddə gizlədərək saxladığını bildirmiş, onlar saxlanılan şəxs, müdafiəçisi və polis əməkdaşları ilə birliklə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı küçədə daxil olmazdan əvvəl həmin küçədə olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı ağacın arxasında gizlətdiyi bir ədəd sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Aşkar olunan narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə təxminən 2 kloqram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evinin qarşısındakı ağacın arxasında aşkar olunaraq götürülmüş narkotik vasitə Şahid1 tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış və 160 saylı möhürlə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin qarşısındakı ağacın arxasında aşkar olunan narkotik vasitəni bir müddət əvvəl üzdən tanıdığı, lakin adını və ünvanını xatırlamadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bir qismini satdığını, digər qismini isə özü üçün istifadə etdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid1 da ifadələrində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri və tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapır. Cinayət işinin materiallarında olan 12 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında olan protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd “CD” diskdə olan videogörüntüdən açıq-aydın görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 2,019 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 12 fevral 2021-ci il tarixdə tərtib olunmuş baxış və götürmə aparılması haqqında olan protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd “CD” diskdə olan videogörüntüdən açıq-aydın görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığındakı ağacın arxasından bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 2.007,2 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 13 fevral 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2021-ci il tarixli,6/641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 2,019 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı oan paketdəki bir ədəd bükümdə təmiz çəkisi – 2.007,2 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yaxınlığındakı ağacın arxasından aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2.009,219 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 may 2021-ci il tarixli, 1572 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hal-hazırda onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yaxınlığındakı ağacın arxasından aşkar olunmuş, ümumi təmiz çəkisi 2.009,219 qram narkotik vasitə olan heroin 10 mart 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və məhkəmə-kimyəvi ekspertizası nəticəsində tədqiqat zamanı 0,3 qram sərf edildikdən sonra, qalıq qalmış 2.008,919 qram narkotik vasitə olan heroin həmin tarixdə saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cü və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yaxınlığındakı ağacın arxasından aşkar edilərək götürülmüş məhkəmə-kimyəvi ekspertizasından sonrakı qalıq qalmış 2.008,919 qram narkotik vasitə olan heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evin yaxınlığındakı ağacın arxasından narkotik vasitənin aşkar edilərək götürülməsin əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 12 fevral 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq və məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 306 (üç yüz altı) manat, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 12 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Bakı şəhər Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yaxınlığındakı ağacın arxasından aşkar edilərək götürülmüş məhkəmə-kimyəvi ekspertizasından sonrakı qalıq qalmış 2.008,919 qram narkotik vasitə olan heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evin yaxınlığındakı ağacın arxasından narkotik vasitənin aşkar edilərək götürülməsi əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 306 (üç yüz altı) manat, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X1 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar