Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1309/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X14 (sədrlik edən), X11 və X7 ibarət tərkibdə, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs X3, onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, 23 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 09 oktyabr 2023-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-392/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1309/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılana qədər dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : X5 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İttiham aktına əsasən əsasən X5 xx.xx.2023-cü il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından 25 manata satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdarda 3,815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 oktyabr 2023-cü il tarixdə saat 16:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Zığ Petrol” YDM-in yaxınlığında saxlanılaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,815 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 bildirdi ki, o, milliyətcə ləzgidir, orta məktəbdə təhsilini rus dilində aldığına görə azərbaycan dilində istifadə olunan bəzi ümumişlək sözləri başa düşsə də, həmin dildə səlist danışa, yazıb-oxuya və anlaya bilmir. İbtidai istintaq materiallarında olan və tərcüməçiyə ehtiyacının olmaması, azərbaycan dilində yazıb-oxumağı bacarmasına dair 09 oktyabr 2023-cü il tarixli ərizəni imzalasa da, azərbaycan dilini yaxşı bilmədiyindən, həmçinin şübhəli şəxs qismində tutulmazdan əvvəl gözündən cərrahi əməliyyat keçirməsi və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşları tərəfindən gözündən xəsarət yetirilməsi səbəbindən sözügedən ərizənin məzmunundan xəbərsiz olmuşdur. Buna baxmayaraq, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş ibtidai istintaqın yalnız sonunda ittiham aktının azərbaycan dilindən rus dilinə tərcümə olunmuş nüsxəsi ona verilmişdir. Həmçinin hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı təyin olunmuş tərcüməçi X10 isə ilk dəfə məhkəmə iclasında görmüşdür. Sonda o, cinayət işinin prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin ifadəsini müdafiə edərək, cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmədə dövlət ittihamçısı X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1309/2024 saylı cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı mütəxəssis-tərcüməçi qismində cəlb olunmuş X12 məhkəmənin 16 fevral 2024-cü il tarixli iclasında iştirak edərkən ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hazırki cinayət işinin ibtidai istintaqı zamanı X4 tərcüməçi xidməti göstərmək üçün Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində olmuşdur. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 22 fevral 2024-cü il tarixli məktubundan görünür ki, müstəntiq polis mayoru Nizamı Məhərrəmov icraatında olan ********* nömrəli cinayət işı üzrə Təqsirləndirilən şəxs istintaq hərəkətləri aparılmasından otrü Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı X2 rayon polis idarəsinin Müvəqqəti saxlama yerinə köçürtmüşdür və Təqsirləndirilən şəxs ilə 308 saylı xidməti otağında müdafiəçi Azər Bunyatov və tərcüməçi Camal Bədəlovun iştirakları ilə istintaq hərəkətləri aparmışdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, X5 azərbaycan dilində səlist danışa, anlaya və yazıb-oxuya bilməməsinə baxmayaraq, ibtidai istintaq zamanı cinayət prosesinə cəlb edildiyi vaxtda, yəni 09 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı Elməddin Əhmədov tərəfindən ona tərcüməçiyə ehtiyacının olmaması, azərbaycan dilində yazıb-oxumağı bacarmasına dair ərizəyə imza etdirilmiş, bundan sonra sonuncu tərəfindən barəsində ilkin istintaq hərəkətləri həyata keçirilmiş, 10 oktyabr 2023-cü il tarixdə hazırki cinayət işi əlavə istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş, elə həmin tarixdə Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən icraata qəbul edilərək, Qazıəhməd Kuruqliyev barəsində bütün müvafiq istintaq hərəkətləri həyata keçirilmiş, sonuncu yalnız 15 dekabr 2023-cü il tarixdə isə tərcüməçi ilə təmin olunaraq, ittiham aktının azərbaycan dilindən rus dilinə tərcümə olunmuş nüsxəsi ona göndərilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı mütəxəssistərcüməçi dindirilmiş X6 ifadəsində ibtidai istintaqı zamanı X4 tərcüməçi xidməti göstərmək üçün Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində olmasını göstərməsinə baxmayaraq, Suraxanı Rayon Polis İdarəsinin 22 fevral 2024-cü il tarixli məktubu ilə sonuncunun Təqsirləndirilən şəxs ilə müstəntiq Nizami Məhərrəmovun 308 saylı xidməti otağında müvafiq istintaq hərəkətlərinin aparılması üçün iştirak etməsi müəyyən edilmişdir. İnsan Hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının «ədalətli məhkəmə araşdırması hüququnu» təsbit edən 6-cı maddəsinin 3 (a) və (e) bəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq, məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Beləliklə, X3 ibtidai istintaq zamanı cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin CPM-nin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi halında məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yol verilmiş kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrinə nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmalı, qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-392/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə X3 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1309/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılana qədər dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.2 və 306.1-ci maddələrinin tələblərinə münasibətdə isə belə hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş hallar aradan qalxmamışdır və təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni 23 aprel 2024-cü il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1309/2024 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni 23 aprel 2024cü il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Kamran Muxtarov Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1309/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1309/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver