Məhkəmə qərarları › İş №1(101)-1313/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1313/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1313/2022 20.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi: «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50527/68, ev 7, mənzil 62-də qeydiyyatda olmaqla ünvan 1 ünvansız fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 13 fevral 2022-ci il tarixdə, saat 01.40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 ünvanda yerləşən evlərinə qayıdan zaman yaşadıqları məhəllədə, evlərinin yaxınlığında gümüşü metalik rəngli “**-VY- ***” dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığını və avtomaşının salonunda üç nəfər tanımadığı şəxslərin olduğunu görüb, əvvəllər həyətlərindəki avtomaşınlardan gecələr oğurluq hadisələri baş verdiyinə görə avtomaşındakı şəxslərində oğurluq məqsədi ilə orada dayandıqlarını və ya narkoman olduqlarını güman edib, avtomobilə yaxınlaşaraq həmin şəxslərin kimliyini və orada dayanmalarının səbəbini dəqiqləşdirməkdən ötrü «nə üçün dayanmısınız, bəlkə köməklik lazımdır» deyərək soruşduqda, əvvəlcə avtomaşının sükanının arxasından düşən sürücü Şahid1 ilə avtomaşının ön oturacağında sağda əyləşmiş Zərərçəkmiş şəxs ona müxtəlif məzmunda istehzalı cavablar verməsi, daha sonra isə həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs avtomaşından yerə düşüb ona yaxınlaşaraq, uca səslə «vaapşe sənə nə lazımdır, nə istəyirsən, bizə nə kimi qulluq eliyə bilərsən» deyib, əli ilə onun çiyin nahiyəsindən tutaraq, bir qədər sıxıb özünə tərəf çəkməsi və kobud tərzdə gedib işi ilə məşğul olmasını bildirməsi xoşuna gəlmədiyinə, eyni zamanda Şahid1 ilə Zərərçəkmiş şəxs hərəkətlərindən özünü təhqir olunmuş hesab etdiyinə görə əsəbləşərək artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə onları cəzalandırmaq və qorxudub məhəllədən uzaqlaşdırmaq qərarına gəlmiş və bu məqsədlə yaşadığı evin həyətinə gedib orada olan, təmir işlərində istifadə edilən taxta ayaqaltıdan qopardığı taxta parçası ilə geri qayıdaraq, avtomaşının sürücü tərəfdən qapını açıb, sağ əlində tutduğu taxta parçası ilə əvvəlcə avtomaşının salonunda, sonra isə yerdə sürücü Şahid1 bədəninin yuxarı ətraf nahiyələrinə bir neçə dəfə vurmuş, daha sonra avtomaşından düşüb ona yaxınlaşan Zərərçəkmiş şəxs nalayiq formada söyüb onu təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib əsəbləşmiş və qisas almaq niyyəti ilə taxta parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, sağ yumruğu ilə isə alın nahiyəsinin sağ yarısına qəsdən zərbə ilə vuraraq, ona alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayət olunan sağlamlığa yüngül zərərvurmaya aid, sağ bazu oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları ilə müşayət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra cinayətkar qəsdini davam etdirərək sağ əlində olan taxta parçasını sol əlinə keçirib sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən qəsdən zərbə ilə vurub ona sol almacıq nahiyəsinin qançır-şişkinliyi ilə müşaiyət olunan sağlamlığa yüngül zərərvurmaya aid daha bir xəsarət yetirmiş və onun həmin sonuncu zərbəsindən sonra hadisə yerində yerə yıxılaraq sağ ənsə nahiyəsinin zərblə yer örtüyünə dəyməsi nəticəsində ölümünə səbəb olan baş beynin sol alın, sağ ənsə paylarının ön və alt səthlərində subaraxnoidal sahəyə keçən geniş qansızmaları, beyin toxuması, mədəciklərə və beyinciyə qansızmalar, ənsə nahiyəsində sağda başın yumşaq toxumasına qançır və şişkinliklikdən ibarət olmaqla həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər alan Zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən yolda ölmüşdür, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Nuhbala, anası Sədaqət, böyük qardaşı Əlibala və kiçik bacısı Səadətlə ünvan 3-də fərdi evdə yaşayırlar. O, 2017-ci ildə X11 daxil olmuş, 2019-cu ildə təhsilini bitirdikdən sonra orduya çağırılmış, 44 günlük Vətən müharibəsində iştirak etmiş və Qubadlının azad olunmasına görə medal ilə təltif edilmişdir. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətdən gəlmiş və fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Hadisənin mahiyyəti ilə bağlı göstərir ki, o, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində qonşuluqda yaşayan nənəsinin evindən gələrkən məhəllədə ** VE *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtomobilin dayanmasını, içərisində bir neçə şəxsin olmasını görmüşdür. Bundan əvvəl məhəllələrində yaşayan qonşuların maşınlarından oğurluq halları olduğu üçün bu maşının gecə vaxtı məhəllələrində dayanmasından şübhələnmiş və maşının sərnişin tərəfdən şüşəsini döymüşdür. Şüşəni açan sürücü ona nə lazım olduğunu soruşduqda o, cavabında həmin şəxslərin kimliklərini və orada durma səbəblərini soruşmuşdur. Sürücü, yəni sonradan adının Zamiq olduğunu bildiyi şəxs cavabında əvvəl ona Xırdalan şəhərində yaşadıqlarını və maşının xarab olduğuna görə burada dayandığını desə də, bir qədər sonra adam gözlədiklərini demişdir. O, həmin şəxslərin əraziyə nabələd olmasını anlayıb, onlardan nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Sürücünün belə qarışıq cavabından həmin şəxslərin narkotik vasitələrin istifadəçiləri olduqlarını və yol kənarında dayanaraq narkotik vasitə qəbul etdiklərini düşünmüşdür. Sürücünün yanındakı oturacaqda oturan adını sonradan bildiyi Eynulla adlı şəxs ona kobud cavab verməklə ironiya ilə «get işinlə məşğul ol» sözlərini demiş və o, Eynullanın onunla ironiya ilə danışıb yola vermələrini qəbul edə bilməmişdir. Bu vaxt Zamiq və Eynulla maşından düşmüşlər, maşında arxa oturacaqda isə olan daha bir şəxs maşından enməmişdir. Maşından enən sürücü Zamiq ona Eynullanın içkili olduğunu və ona fikir verməməsini xahiş etmişdir. Eynulla isə ona yaxınlaşıb uca səslə «vapşe sənə nə lazımdı, nə istəyirsən, bizə nə kimi qulluq eliyə bilərsən» sözlərini deyərək əlini onun çiyin nahiyəsindən tutub, bir qədər sıxaraq özünə tərəf çəkmişdir. Eynullanın onunla bu tərzdə danışmaqla alçaltmasını, əli ilə çiynindən tutub özünə tərəf sıxmasını müharibə veteranı kimi öz qüruruna sığışdırmayaraq özünə böyük təhqir hesab etmiş və Eynullaya gedib işi ilə məşğul olmasını və onunla bu formada danışmamağı demişdir. Bundan sonra Zamiq və Eynulla maşına oturmuşlar. O isə özünü cilovlaya bilməyib evə keçmiş, həmin şəxslərin narkotik vasitələrin istifadəçiləri olduqlarını düşünərək yaşadığı həyətə keçərək taxta ayaqaltıdan taxta parçasını qırıb yenə məhəlləyə maşının yanına qayıtmışdır. O, taxta parçasını həyətdə sındırarkən qardaşı Əlibala arxasınca məhəlləyə çıxmış, qonşuluqda yaşayan Elşən də onun arxasınca gəlmişdir. Əlindəki taxta parçası ilə maşına yaxınlaşaraq sürücü tərəfindən qapını açıb, sürücü Zamiqi bir neçə dəfə vurmuş, həmin vaxt Əlibala və Elşən onu sakitləşdirib aralamağa çalışmışlar. Sərnişin tərəfdən düşən Eynulla maşının arxa tərəfindən gələrək onun ünvanına nalayiq söyüşlər söymüş və o, sonuncunu da ardıcıl taxta parçası ilə bədən nahiyələrindən vurmuş, Eynulla əlini ona tərəf uzadaraq onun ünvanına nalayiq söyüşlər etdiyinə görə sağ əlində olan taxta parçasını sol əlinə keçirməklə sağ əli ilə Eynullanın sol sifət nahiyəsindən bir dəfə vurmuş, Eynulla müvazinətını itirərək yumruq zərbəsindən üzü üstə yerə yıxılmışdır. O, yenə Zamiqi vurmaq istəyərkən qonşusu Elşən araya keçmişdir. Bu vaxt məhəllədəki səsə oyanıb onlara yaxınlaşan atası Nuhbala nə baş verməsini soruşduqda o, narkomanların məhəlləyə gəldiklərini demişdir. Atası isə hirslənərək qapılarında narkomanların nə işi olduğunu deyib avtomaşının sürücüsü Zamiqə çıxıb getmələrini demişdir. Həmin vaxtı maşında arxada oturan adını sonradan bildiyi Emil adlı şəxs maşından düşərək sürücü Zamiqlə birlikdə Eynullanı maşına mindirib çıxıb getmişlər. Eynullanın yumruq zərbəsindən öldüyünü fikirləşməmiş, yanındakılara evə keçmələrini, özünün hüquq-mühafizə oranlarına gedib baş vermiş hadisə barədə məlumat verəcəyini demişdir. Evdən çıxarkən düşünmüşdür ki, ilk növbədə xəstəxanaya gedərək Eynullaya hər hansı bir kömək edəcəyini düşünmüşdür. Bu məqsədlə dostu Cəlala zəng edərək harada olduğunu və təcili maşın lazım olduğunu ona bildirmişdir. Cəlal ondan nə baş verməsini soruşduqda o, telefonda bir söz deməmiş, yolda söhbət edəcəklərini Cəlala demişdir. Cəlal maşınla gəldikdən sonra onunla birlikdə Biləcəri qəsəbəsində yerləşən X14 getmiş, lakin Eynulla həmin xəstəxanada olmadığından oradan qayıtmışdır. Cəlala hadisənin təfərrüatı barədə heç bir şey deməmişdir. Bir qədər sonra atası Nuhbala ona zəng edərkən harada olduğunu soruşmuş, o isə Biləcəri qəsəbəsində abidənin yanında olduğunu demişdir. Atası ona orada qalıb gözləməsini, polis əməklaşları ilə birlikdə ora gələcəyini demişdir. O da həmin yerdə dayanaraq atası və polis əməkdaşlarını gözləmiş, onlar gəldikdən sonra polis əməkdaşları ilə birlikdə polisə getmişdir. Etdiyi əməldən peşmandır, nə Şahid1, nə Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamış, onların narkoman və yaxud oğru olmalarını düşünərək onları məhəllələrindən uzaqlaşdırmaq istəmişdir. Əlində olan taxta parçasını isə məhəlləyə atmışdır. Qardaşı Əlibala və qonşusu Elşən hadisə vaxtı onu Zamiq və Eynulladan aralaşdırmağa çalışmış, onlar heç kimi vurmamışlar. Atası Nuhbala isə ümumiyyətlə hadisədən sonra onlara yaxınlaşmış və bu hadisəyə atasının heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Eynulla isə onun oğlu olmuşdur. O, əri və qızı ilə birlikdə Buzovna qəsəbəsində yaşayır. Oğlu Eynulla 2009-cu ildə Sevinc Xəlilova ilə nikaha daxil olmaqla birgə nikahından iki övladı anadan olmuşdur. Eynullanın arvadı Sevinc 2013-cu ildə ölmüş, bundan sonra Eynulla heç kəslə nikaha daxil olmamış, Eynullanın iki azyaşlı uşağını isə o saxlayırdı. Bununla belə uşaqların maddi təminatını Eynulla özü ödəyirdi. Belə ki, Eynulla fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olmuş, bundan başqa torpaq və maşın alqı-satqısı ilə də məşğul olaraq özünü dolandırmışdır. Son zamanlar Eynulla Şahid11 ilə tanış olaraq qeyri-rəsmi ər-arvad kimi Xırdalan şəhəri, Atyolu qəsəbəsində kirayə tutduğu evdə yaşamışdır. Lakin son zamanlar Eynullanın Gülşənlə arası dəymiş, Gülşən anasının yaşadığı Biləcəri qəsəbəsinə getmişdir. Hadisə haqqında Xırdalan qəsəbəsində yaşayan taksi sürücüsü Şahid1 və bacısı oğlu Şahid2 məlumat almışdır. Belə ki, onların deməsindən bilmişdir ki, Zamiqin maşını ilə Gülşənin Binəqədi rayonu, Biləcəri qəsəbəsində anasının kirayə yaşadığı məhəlləyə Gülşənlə görüşmək üçün getmişlər. Orada Təqsirləndirilən şəxslə mübahisələri olmuş və sonuncu onun oğlunu taxta parçası və yumruqla döymüş, nəticədə Emil və X15 maşını ilə xəstəxanaya aparmışlar. Elə hadisə gecəsi, yəni xx.xx.2022-ci il tarixdə saat 02.59-da Emil ona zəng edərək Ak.Mirqasımov adına X1 və Eynullanın vurulduğunu demişdir. Dərhal 30-40 dəqiqə ərzində taksi maşını ilə o və bacısının əri Rəvan həmin xəstəxanaya gedərək Eynullanın öldüyünü bilmişdir. Həmin vaxt xəstəxanada polis əməkdaşları da olmuş, oradan Zamiq və Emil polis əməkdaşları ilə birgə hadisə yerinə getmişlər. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum isə onun oğlu olmuşdur. Hadisə baş verən zaman o, Rusiya Federasiyasında olmuşdur. Oğlunun ölüm xəbəri ona çatan kimi Bakıya qayıtmış və yas mərasimlərində iştirak etmişdir. Hadisə haqqında arvadı X7 məhkəmədə verdiyi məlumatı ona da vermişdir. Başqa heç bir əlavəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə qardaşı olmuşdur. Hadisə barədə onu deyə bilər ki, 13 fevral 2022-ci il tarixdə gecə saat 04 radələrində əri Rəcəbin mobil telefonuna zəng gəlmiş, lakin Rəcəb yatdığından telefona cavab verməmişdir. Bundan təqribən 30 dəqiqə sonra ona anası Nəzakətin telefon nömrəsindən xalasının əri Rəvan zəng etmişdir. Rəvan telefonu Rəcəbə verməsini istədikdə o, Rəcəbi oyadaraq telefonu Rəcəbə vermişdir. Rəcəb həmin vaxt ona nə baş verdiyini deməsə də hazırlaşaraq atası evinə getməli olduqlarını bildirmişdir. Artıq atasıgildə Eynullanın öldürüldüyünü bilmişdir. Sonradan xalası oğlu Şahid2 bilmişdir ki, hadisə günü Emil, Eynulla və taksi sürücü Zamiq birlikdə Biləcəriyə Gülşənlə görüşməyə getmiş, orada Yəhya adlı şəxslə qardaşı mübahisə etmiş, Yəhya isə evindən gətirdiyi taxta parçası ilə Eynullanı döymüş və yumruqla Eynullanın başından vurub onu öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Yəçhya Quliyevi hadisə ilə əlaqədar tanımış, mərhum Zərərçəkmiş şəxs isə xalası oğlu idi. Eynulla Gülşən adlı bir qadınla qeyri-rəsmi ər-arvad kimi yaşamış, lakin hadisədən təxminən bir ay əvvəl Eynullanın Gülşənlə münasibətləri pozulmuş və Gülşən Biləcəri qəsəbəsində kirayə yaşayan anasının evinə getmişdir. Eynulla Gülşənlə barışmaq istədiyi üçün ona təklif etmişdir ki, taksi sürən Zamiqin maşını ilə birlikdə Biləcəriyə Gülşəni gətirməyə getsinlər. O da buna etiraz etməmişdir. Eynulla bu təklifi xx.xx.2022-ci il tarixdə yaşadığı evində etmiş və həmin vaxt Eynulla içkili vəziyyətdə idi. Saat 24 radələrində Eynulla tanışı Zamiqə zəng edərək onları Biləcəri qəsəbəsinə aparmasını demişdir. Təxminən 10-15 dəqiqə sonra Zamiq istifadəsində olan “**-VE-***” dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtomabillə Eynullanın yaşadığı evin qarşısına gəlmiş, o, avtomobildə arxa tərəfdə, Eynulla isə ön sağ tərəfdə əyləşərək Gülşənin yaşadığı Biləcəri qəsəbəsinə getmişlər. X17 SMS yazmış, onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt maşın Biləcəri qəsəbəsində Gülşənin yaşadığı evin qarşısında olmuşdur. Eynulla avtomobildən düşərək Gülşənin qapısını döysə də açan olmamışdır. Eynulla qapının açılmadığını görüb yenidən avtomobilə qayıdaraq ön sağ tərəfdə əyləşərək Gülşənə zəng etmişdir. Elə həmin vaxt məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs maşina sürücü tərəfdən yaxınlaşaraq Zamiqdən burada nə etdiklərini soruşmuşdur. Həmin vaxt Yəhya tək olmuş, yanında heç kim olmamışdır. Zamiq isə “nə olub ki, qaqa, mən taksiyəm, adam gətirmişəm, onu gözləyirik” deyə cavab vermişdir. Yəhya yenidən Zamiqə “burada yaşayansız?” deyə sual verərkən Zamiq “yox Xırdalandan, Mexkalondanıq, adam gözləyirik, indi gedirik” deyə cavab vermişdir. Bu zaman Eynulla söhbətə əsəbi halda müdaxilə edərək “avtomobil xarab olub, nə məsələdi” demişdir, Zamiq isə avtomobildən düşərək Yəhyaya Eynullaya fikir verməməyi “gedirik, adam gözləyirik” deyə təkrar etmişdir. Zamiq avtomobildən düşən zaman Eynulla da avtomobildən düşmüş, o isə baxmaq üçün avtomobildən düşsə də sonra yenidən maşina əyləşmşdir. Görmüşdür ki, Yəhya harasa getmiş və qısa müddətdə əlində taxta parçası ilə qayıdaraq maşının sürücü tərəfindən qapısını açıb Zamiqi həmin taxta parçası ilə döyməyə başlamışdır. Zamiq maşından düşərək ”qaqa qadan alım, gedirik mənim nə günahım var adam gözləyirik” sözlərini deyib Yəhyadan kənarlaşmaq istəmiş, lakin Yəhya Zamiqdən əl çəkməyərək həmin taxta parçası ilə ardıcıl olaraq ona çoxsaylı zərbələr vurmuşdur. Zamiq qolları ilə sifət nahiyəsini müdafiə etməklə təkrar yalvararaq “qaqa başına dönüm, balam var, burax çıxıb gedirik” sözlərini demişdir. Bu vaxt Yəhyanın yanında olan, adlarını sonradan bildiyi qardaşı Əlibala və qonşusu Elşən sonuncunu sakitləşdirməyə çalışmışlar. Zamiq Elşənin arxasına keçərək Yəhyanı sakitləşdirməsini xahiş etmişdir. Lakin Yəhya yenə də Zamiqi vurmağa çalışmışdır. Eynulla bu vaxt avtomobildən düşüb “qaqa gedirik, nə olub deyə” Yəhyaya irad bildirdikdə Yəhya Eynullaya əlindəki taxta parçası ilə zərbələr endirmişdir. Eynulla isə əllərini başının üstündə tutaraqözünü qorumağa çalışmışdır. O, Yəhyanın hərəkətlərindən qorxduğu üçün avtomobildən düşməmiş, avtomobildən hadisəni izləmişdir. Görmüşdür ki, Yəhya taxta parçasını solə linə keçirmiş və sağ əli ilə Eynullanın sol gicgah nahiyyəsindən vurmuşdur. Zərbədən Eynulla anidən yerə yıxılaraq hərəkətsiz qalmışdır. Bunu görüb o, avtomobildən düşərək Eynullanın yanına qaçmış və alın nahiyəsindən dayanmadan qan axdığını görmüşdür. Belə ki, Eynullanın alın nahiyyəsində yara var idi. Bundan sonra Zamiq və o, Eynullanı yerdən götürüb maşının arxa oturacağına qoyub Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışlar. Yolda olarkən Eynullanın hərəkətsiz vəziyyətdə olduğunu görmüş, xəstəxanaya çatdıqda isə həkimlər Eynullanın artıq öldüyünü bildirmişlər. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, o və Zamiq polis əməkdaşları ilə birlikdə Biləcəriyə hadisənin baş verdiyi yeri göstərməyə getmişlər. Eynullanın anası Nəzakət İbadovaya hadisə barədə məlumatı o vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Ailələri- atası Nuhbala, anası Sədaqət, bacısı Səadət və qardaşı Yəhya ünvan 3-də fərdi yaşayış evində yaşayırlar. Qardaşı Yəhya Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olmaqla 44 günlük Vətən müharibəsində iştirak etməklə Qubadlının azad olunması medalı ilə təltif edilərək 2021-ci ildə müddətli həqiqi hərbi xidmətdən təxris olunmuşdur. Yəhya heç bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Hadisə haqqında onu bildirir ki, xx.xx.2022-ci il tarixdə günorta saat 16:20 radələrində o, işdən evə qayıtmış, bu zaman Yəhya evdə olmuşdur. Həmin günü saat 23:00 radələrində Yəhya ona hava almaq üçün çölə çıxdığını və mağazaya gedəcəyini bildirib evdən çıxmışdır. Evdə o, anası və bacısı qalmışlar. Yəhya evdən çıxdıqdan yarım saat sonra atası Nuhbala evə qayıtmışdır. Təxminən saat 01 radələrində Yəhya qapını açaraq ayaqqabı ilə evə daxil olmuş və əsəbi halda papağını və gödəkcəsini otaqda yerləşən paltar yığılan qutuların üstünə tullamışdır. Belə ki, Yəhya heç vaxt evə ayaqqabı ilə daxil olmamış, paltarlarını səliqəli qatlayaraq kənara qoymuşdur. Yəhya cəld çölə çıxarkən, o, yerindən durub sonuncunun arxasınca küçəyə qaçmışdır. Yəhyanı küçədə qaçarkən gördükdə o, da ardınca getmişdir. Yəhya “Opel Astra” markalı avtomobilə çataraq sürücü tərəfdən qapını açaraq əlindəki taxta parçası ilə sürücünü vurmuş, sonuncu isə Yəhyaya «mən taksi sürücüsüyəm, mənim heç bir günahım yoxdur» sözlərini deyərək əllərini başının üstündə tutaraq özünü Yəhyanın zərbələrindən qorumağa çalışmışdır. O və hadisə yerinə gəlmiş qonşuları Elşən Yəhyanın qarşısını almağa çalışsalar da Yəhya əsəbi olduğu üçün buna nail ola bilməmişlər. Yəhya əlindəki taxta parçası ilə sürücünün qollarından vurarkən, sürücünün yanında əyləşən adını sonradan bildiyi Eynulla avtomobildən düşərək, Yəhyanın ünvanına nəlayiq söyüşlər söyüb avtomaşının arxa hissəsindən Yəhyanın üzərinə gəlmiş, Yəhya da Eynullanın üzərinə gedərək sağ əlindəki taxta parçası ilə sonuncunu vurmuş, Eynulla isə əllərini qaldıraraq başını zərbələrdən qorumuş, bu səbəbdən Yəhyanın taxta ilə vurduğu zərbələr Eynullanın qollarına dəymişdir. Eynulla Yəhyanın ünvanına əli ilə işarə edərək nalayiq söyüşlər söydükdə Yəhya yumruqla Eynullanın başından vurmuş və sonuncu yerə yıxılmışdır. Bundan sonra Yəhya yenidən sürücü Zamiqin üzərinə qayıdaraq onların narkoman olduqlarını, ehtiyatlı olmalarını və üzərlərində bıçaq ola biləcəklərini demişdir. Bundan sonra Yəhya Zamiqə heç bir zərbə vurmamış, az sonra hadisə yerinə gələn atası Nuhbalaya dalaşdığı şəxslərin narkoman olduqlarını bildirmiş, atası Nuhbala isə narkomanların burada nə işi var deyərək sürücüyə yerdə uzanıqlı vəziyyətdə qalmış Eynullanı götürüb çıxıb getmələrini demişdir. Sonra bilmişdir ki, həmin bu Eynulla xəstəxanaya aparılan zaman keçinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstəmişdir ki, təqsirləndirilən şəxs Yahya Quliyevi tanımır, lakin mərhum Zərərçəkmiş şəxs onun qeyri-rəsmi əri olmuşdur. Eynulla ilə təxminən son 3 ili yaşamışlar. Lakin, Eynullanın anası İbadova Nəzakət onların birgə yaşamalarına etiraz etdiyi üçün o, anası və bacılarının yaşadığı Biləcəri qəsəbəsinə getmişdir. Hadisədən sonra bilmişdir ki, həmin məhəllədə Yahya Quliyev yaşayır. xx.xx.2022-ci il tarixdə bacıları Zeynəb və Şəbnəm səhər saat 10 radələrində işə getmişlər, o, anası Alimə ilə evdə olmuşlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Eynulla ona “Whatsapp” vasitəsilə sms yazaraq onu görmək istədiyini bildirmiş, o, isə cavabında birazdan marketə gedəcəyini, o zaman görə biləcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, anası ilə birlikdə evin yaxınlığında yerləşən “Al marketə” getmişlər, marketdən qayıdarkən yaşadıqları küçədə Eynullanı görmüş, evə çatan vaxt Eynulla sms yazaraq onu gördüyünə sevindiyini bildirmiş və nəyəsə ehtiyacı olub-olmamasını soruşmuşdur. O, isə heç nəyə ehtiyacı olmadığını bildirməklə onunla sağollaşmışdır. Eynulla təxminən saat 24:00 radələrində ona zəng edərək yenə görmək istədiyini bildirdikdə o, ehtiyac olmadığını deyərək telefonu söndürmüşdür. Həmin gecə bacısı ağrıları ilə əlaqədar Kliniki xəstəxanasına müraciət etmiş, xəstəxanaya bacıları birlikdə getmiş və Zərərçəkmiş şəxs ora gətirildikdə onu görmüşlər. Lakin, Eynulla artıq keçinmişdir.Mərhum Eynullanı çox istəyirdi, onun ölümünə çox peşmandır. Hətta bildirmək istəyir ki, bu hadisədə nə Təqsirləndirilən şəxs, nə də ki Zərərçəkmiş şəxs günahı yoxdur. Eynulla məhəlləyə ona görə gəlmiş, başqa niyyəti olmamışdır. Eynulla spirtli içkilər aludəçisi idi, həmçinin onun narkotik vasitələrdən istifadə etməsindən şüphələnirdi, lakin onun narkotik istifadə etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Yahya Quliyevi hadisə zamanı tanımış, mərhum Zərərçəkmiş şəxs Xırdalan şəhərində yaxın məhəllədə yaşadıqları vaxtdan tanıyırdı. Taksi sürücüsü kimi fəaliyyət göstərir. 13 fevral 2022-ci il tarixdə təxminən 00:30 radələrində Eynullanı və xalası oğlu Emili Binəqədi rayonu, Biləcəri qəsəbəsində Eynullanın qeyri-rəsmi ailəsi olan Gülşənin yaşadığı evə aparmasını xahiş etmişdir. Eynulla həmin vaxt sərxoş idi. O, öz avtomobili ilə Eynullanı və Emili qeyd olunan ünvana aparmış, avtomobili Gülşən yaşayan evin qarşısında saxlamışdır. Eynulla avtomobildən enib Gülşən yaşadığı evə doğru getmiş, 1-2 dəqiqə ərzində qayıdaraq avtomobildə əyləşmişdir. Bir müddət sonra hal-hazırda məhkəmə zalında gördüyü Yahya Quliyev yaxınlaşaraq avtomobilin pəncərəsini döymüş, o, qapını açaraq Yəhyadan nə istədiyini soruşmuşdur. Yahya “buraya niyə gəlmisiz” sözlərini dedikdə , o taksi sürücüsü olduğunu və müştəri gözlədiyini bildirmişdir. Bu zaman Eynulla Yəhyaya ironiya ilə “sənə nə var burda nə edirik, tutaq ki maşın xarab olub” sözlərini demişdir. O maşından enərək Yahya ilə münasibəti normallaşdırmaq üçün danışmış və Eynullanın spirtli içki qəbul etdiyini, fikir verməməsini xahiş etmişdir. Bundan sonra Yəhya evinə tərəf getmiş, az müddətdən sonra əlində taxta parçası ilə evindən çıxaraq maşına tərəf yaxınlaşmışdır. Yəhya maşının qapısını açaraq onu əlindəki taxta ilə vurmuşdur. O maşından çıxaraq əllərini qabağa tutaraq özünü Yəhyanın zərbələrindən qorumuşdur. Bu vaxt Eynulla maşından düşərək Yəhyanı söymüşdür. Yəhya isə əlində taxta parçası ilə Eynullaya yaxınlaşaraq onu taxta parçası ilə vurmuş, Eynulla səndələyib yerə yıxıldıqdan sonra Yəhya yenə onun üzərinə gəlmiş, o isə ondan geri çəkilməklə özünü qorumağa çalışmış, bu vaxt yerdən ayağa qalxan Eynulla yenə Yəhyanı söymüş, Yəhya isə Eynullaya yaxınlaşaraq yumruqla onun üz nahiyyəsindən vurmuşdur. Yəhyanın bu zərbəsindən Eynulla yerə yıxılmış və bir daha qalxmamışdır. Artıq səs-küyə məhəlləyə toplanmış tanımadığı adamlar Yəhyanı onlardan aralamış, o isə Emilin köməkliyilə Eynullanı yerdən götürüb maşının arxa oturacağına yerləşdirib öncə Biləcəri X14 getmiş, lakin orada Eynullanı qəbul etmədiklərinə görə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparmışlar. Orada məlum olmuşdur ki, Eynulla artıq keçinmişdir. Əlavə etmək istəyir ki, mübahisə gedişatı zamanı Eynullanın xalası oğlu Emil maşında olmuş, münaqişədə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxs Yahya Quliyev onun oğludur. Mərhum Zərərçəkmiş şəxs isə heç vaxt görməmiş və tanımamışdır.Yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50527/68, ev 7, mənzil 62-də qeydiyyatda olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində çoxlu narkomanlar olur. Həmin hadisə vaxtı işdən gələrək evdə yatmışdır.Onu həyat yoldaşı oyatmışdır ki, bayırda səs-küy vardır. O, oyanmış və bayıra çıxmışdır. Küçədə görmüşdür ki, bir avtomobil dayanmış, avtomobilin yanında isə 3-4 nəfər, həmçinin oğlu Yahya da durmuşdur. Həmçinin maşının yanında, yerdə bir nəfərin hərəkətsiz uzanmasını görmüşdür. X18 nə baş verdiyini soruşmuş, o isə dava olduqunu, dava zamanı yerdə olan şəxsi yumruqla vurduğunu demişdir. Yerdə uzananı avtomobilin sürücüsü və onlarla gələn uşaq avtomobilə qoyaraq aparmışlar. Sonra bir problem yaşanmasın deyə Quliyev Yahyanı dayısı gilə göndərmişdir. Zərərçəkmiş şəxs isə öldüyünü polislər qapıya gələrək ona bildirmişlər, bundan sonra oğluna zəng edib evə çağırmış və polislər oğlunu aparmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanın xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 02.05 radələrində 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan 3 ünvanda öldürüldüyü barədə Respublka xəstəxanasından məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 3-də yerləşən fərdi yaşayış evlərinin arasında üzəri çınqılı daşla hörülmüş avtomaşınların hərəkəti üçün nəzərdə tutulmuş yolda baş vermişdir. Hadisə yerindən 3 ədəd tampona hopdurulmuş qanabənzər ləkələr götürülmşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli, 2\2193 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan müəyyən olunur ki Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 38 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitində baş beyinin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi; alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası; sol almacıq nahiyəsinin qançır-şişkinliyi; sağ bazu oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər. Həmin xəsarətlərdən alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası tinli küt əşyanın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən mərhum Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər və baş beyinin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, alın nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ bazu oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları və sol almacıq nahiyəsinin qançır-şişkinliyi həm insan bədəninin hissələri (əl, yumruq, təpik və s), həm də küt əşya ilə (ola bilsin ekspertizaya təqdim olunmuş taxta parçası ilə) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol almacıq nahiyəsinin qançır-şişkinliyi istisna olunmaqla, digər xəsarətlərin onun öz boyu hündürlüyündən sağ tərəfi üstə sərbəst yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Alın nahiyəsinin sağ yarısının əzilmişcırılmış yarası alın nahiyəsinə tinli küt əşya ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi, ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi isə onun yıxılaraq ənsə nahiyəsinin sağ yarısı üstə geniş səthə malik küt əşyaya (ola bilsin yerin bərk səthinə) zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi, bu xəsarətlərin ekspertizaya təqdim olunmuş taxta parçası ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri istisna olunur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə (üzbə-üz, yan və.s) ola bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar olmuşdur. Beləliklə, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən baş beyinin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalarla müşayiət olunan ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2022-ci il saat 03:50-də başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda -1,23‰-dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Narkotik maddələr aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T152/2022 saylı rəyindən müəyyən olunur ki, E.l.İbadovun meyitinin müayinəsi zamanı baş beyinin sol alın və sağ ənsə paylarının ön və alt səthlərində yumşaq qişaya, toxumaya, mədəciklərə və beyinciyə geniş qansızmalar, ənsə nahiyəsində sağda başın yumşaq toxumasında qançır və şişkinlik, alın nahiyəsində sağda əzilmiş-cırılmış yara, sol almacıq nahiyəsində qançır və yumşaq toxumaların şişkinliyi, sağ bazu oynağı, sağ said və sağ dirsək oynağında, sağ ayağın bayır topuğunda sıyrıqlar müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla ölümdən qısa müddət əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə baş beynin sol alın, sağ ənsə paylarının ön və alt səthlərində subaraxnoidal sahəyə keçən geniş qansızmaları, beyin toxuması, mədəciklərə və beyinciyə qansızmalar, ənsə nahiyəsində sağda başın yumşaq toxumasına qançır və şişkinlik canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, alın nahiyəsində sağda əzilmiş-cırılmış yara, sol almacıq nahiyəsinin qançır və şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Baş beynin yumşaq qişasına keçən, beyin toxuması, mədəciklərə və beyinciyə geniş qansızmalar, sol almacıq nahiyəsinə yetirilən yumruq zərbəsindən sonra mərhumun öz boyu hündürlüyündən sürətlənmiş yıxılma nəticəsində sağ ənsə nahiyəsinin zərblə yer örtüyünə dəyməsindən yaranmasına uyğun gəlir. Belə ki, ənsə nahiyəsində yumşaq qişaya, beyin toxuması, mədəciklərə, beyinciyə geniş qansızmalar silkələnmə, sol alın nahiyəsində subaraxnoidal sahəyə geniş qansızma isə əks zərbə nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin sol alın və sağ ənsə paylarının ön və alt səthlərinin yumşaq qişalarına, beyin toxuması, mədəcik və beyinciyə geniş qansızmalar olmuşdur. E.l.İbadovun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə onun ölümünə səbəb olmuş xəsarət arasında səbəbli əlaqəsi yoxdur, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyə isə onun barmaqda üzük olan əllə yetirilmiş zərbənin bilavasitə təsirindən yarana bilməsini istisna etmir. Zərərçəkmiş şəxs ölümünə səbəb olan qapalı kəllə-beyin travması onun öz boyu hündürlüyündən sürətlənmiş yıxılma nəticəsində, sağ bazu oynağı, sağ said, sağ dirsək oynağı, sağ ayağın bayır topuğunun sıyrıqları isə istər əl və ayaqla yetirilən zərbələr, istərsə də, taxta parçası ilə vurulma zamanı yarana bilərdilər və bu sıyrıqlardan ölümün baş verməsi mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli, 277 saylı rəyindən müəyyən olunur ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2022-ci il tarixə uyğun gələn xəsarət aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 86/MTKŞ-2022 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (bir ədəd mayka, bir ədəd sviter və bir ədəd şalvar), Təqsirləndirilən şəxs məxsus paltarların (bir ədəd şalvar və bir ədəd sviter)üzərində zədə aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kriminalistik ekspertizanın xx.xx.2022-ci il tarixli, 110/2022 MTKŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Balfa(H)/İİİ/-, 2.Şahid4 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu -B/İİİ/-, 3.Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu -O/İ/-, 4.Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu -A/İİ/-, 5.Şahid6 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu - A/İİ/-. 6.Ekspertizaya təqdim olunan 03 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus alt mayka, şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B», «H» antigenləri və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa B alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Şahid4 məxsus ola bilər.Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanında müşayiətçi H antigeni varsa./ Qanın qarışıq olduğu halında isə ləkələrdə Təqsirləndirilən şəxsda qarışmış qanının olması mümkündür, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdim olunan 01 ədəd taxta parçası üzərində qan və Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 733 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini dərk etmək, ölçübbiçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. 733 saylı rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Nümayişkaranəlik, emosionallıq, qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər narkoloji mərkəzi» Rüblik hüquqi şəxsin 890 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X12 Şəxsin xx.xx.2022-ci il tarixli, 1889 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin inzibati həbs olunanların saxlama mərkəzinin xx.xx.2022-ci il tarixli 335-3809-1222 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə saxlanılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC- dən daxil olmuş xx.xx.2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, 50 *** ** ** mobil telefon nömrəsi Zərərçəkmiş şəxs adına olsa da, çıxarışlardan görünür ki, qeyd edilən mobil telefon nömrəsi Şahid11 istifadəsində olmuşdur. Qeyd edilən mobil telefon nömrəsinin sms bölümünə baxdıqda sonuncu dəfə xx.xx.2022-ci ildə sms daxil olması müəyyən edildi. Bundan başqa qeyd edilən mobil telefon nömrəsi hadisə günü istifadə olmamışdır. Sonuncu dəfə qeyd edilən mobil telefon nömrəsi ilə xx.xx.2022-ci ildə danışıq aparılmışdır.051 *** ** ** mobil telefon nömrəsinə baxış keçirilməklə müəyyən edilmişdir ki, qeyd edilən mobil telefon nömrəsi Zərərçəkmiş şəxs adına olmaqla həmin mobil telefon nömrəsi ilə Şahid11 ilə əlaqə saxlamışdır. Hadisə günü mobil telefon nömrəsi istifadə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC- dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, 070 *** ** ** mobil telefon nömrəsi Şahid11 adına olmaqla xx.xx.2022-ci ildə saat 01.20 radələrindən Zərərçəkmiş şəxs istifadəsində olan 055 *** ** ** nömrəsindən mütəmadi olaraq əlaqə saxlanılsa da, zənglərə cavab verilməmiş, daxil olan smslərin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs Şahid11 yaşadığı məhəlləyə getməsini, evlərinə keçəcəyini demişdir. Bundan öncəki smslərindən isə görünür ki, onların münasibətləri son bir ayda kəskinləşməklə Zərərçəkmiş şəxs anası onların münasibətlərinin əleyhinə olmuşdur. Qeyd edilən mobil telefon nömrəsinin anten lokallığından görünür ki, Binəqədi rayonu, Zərdabi küçəsi və Binəqədi rayonu, Binəqədi qəsəbəsi İİ mədən ərazisində olmuşdur.077 *** ** ** mobil telefon nömrəsi Zərərçəkmiş şəxs adına olmaqla həmin mobil telefon nömrəsinin lokallığından görünür ki, xx.xx.2022-ci ildə saat 01.15-dən hadisə yeri Binəqədi rayonu, Məlik Aslanov «küçəsində olması müşahidə edilir. Həmin tarixdə saat 01.15-də iş üzrə şahid X6 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsilə əlaqə saxlanılsa da aralarında danışıq qeydə alınmamışdır. Qeyd edilən mobil telefon nömrəsi ilə Şahid11 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə əlaqələri olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, 055 *** ** ** mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə hadisə vaxtı kimləsə əlaqəsi müəyyən edilmədi. Həmin tarixdə saat 00:10:50-də zəng çalaraq 26 saniyə müddətində iş üzrə şahid qismində dindirilmiş 070 *** ** ** mobil telefon nömrəsinin istifadəçisi Şahid1 ilə əlaqə saxlamışdır. Həmin günü saat 00.42.57 saniyədən saat 01.46-dək Binəqədi rayonu, Məlik Aslanov küçəsində olması, saat 01.46-dək hadisə yerində olması həmin vaxtdan sonra Biləcəri istiqamətindən Bakı şəhəri Tbilisi prospekti istiqamətində hərəkət etməsi müşahidə edilir. Qeyd edilən mobil telefon nömrəsi ilə də Şahid11 istifadəsində olan 070 *** ** ** və 050 *** ** ** mobil telefon nömrələri ilə əlaqələri olmuşdu. Təqsirləndirilən şəxs ********* istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə müəyyən edilmədi. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalist ika və informasiya texnologiyaları idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış N saylı hərbi hissənin xidməti xasiyyətnaməsindən müəyyən olunur ki, X8 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2019-cu il tarixdən Binəqədi SHXÇŞ tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin Maneə ləğvetmə bölüyünün mina təmizləmə taqımının 1-ci maneə ləğvetmə manqasının manqa komandiri vəzifəsində xidmət edən əsgər X8 müsbət xararakterizə edilir və o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Medalının Vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Rrespublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnlogiyaları idarəsindən alınmış məktubdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkumluqları haqqında məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayə hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirin əzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Binəqədi RPİ-nə təslim olmasını, etdiyi əməldən peşman olmasını, cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmasını, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə nəzərə alırki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- Zərərçəkmiş şəxs məxsus paltarlar- bir ədəd mayka, bir ədəd sviter və bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus paltarlar-bir ədəd şalvar və bir ədəd sviter, 01 ədəd taxta parçası və 3 ədəd tampon məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən il tarixdən hesablansın. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- Zərərçəkmiş şəxs məxsus paltarlar- bir ədəd mayka, bir ədəd sviter, bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus paltarlar-bir ədəd şalvar, bir ədəd sviter, 01 ədəd taxta parçası və 3 ədəd tampon məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar