Məhkəmə qərarları › İş №1(101)-1314/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1314/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1314/2021 23.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2000-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Qarayazı qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,786 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib 03 ədəd bükümə bölərək üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən küçəsində yerləşən “Rahat" marketin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə saat 21:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq adı çəkilən idarəyə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 23:00-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd sellofan bükümündə ayrıayrılıqda çəkiləri 1,539 qram, 1,017 qram və 1,230 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 3,786 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, özü narkotik vasitələrin istifadəçisidir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, avtomobillərin yuyulması xidməti göstərməklə gəlir əldə etmiş, 18 aprel 2021-ci il tarixdə adını demək istəmədiyi birisindən şəxsi istifadəsi üçün 25-30 manat verərək 1 qram çəkidə metamfetamin almış, 1 qram metamfetamdən 3-4 gün ərzində istifadə etmişdir. 21 aprel 2021-ci il tarixdə o, internetdə oxuduğu məlumatlar barəsində tənqidi şərhlər yazaraq öz fikrini bildirmişdir. Həmin gün axşam saat 8-9 radələrində evinin yaxınlığında yerləşən “Rahat” marketin qarşısında saxlanılmış, saxlanıldığı zaman cibində 18 aprel tarixində aldığı 1 qram çəkidə olan metamfetamin olmuş, lakin o, həmin metamfetamindən istifadə etdiyi üçün onun çəkisi 1 qramdan az olmuşdur.Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdikdə orada bir nəfərin “internetdə yazan bu idi” dediyini eşitdikdə artıq yazdığı şərhlərə görə saxlandığını anlamışdır. Orada onun cibinə 3 büküm narkotik vasitə qoyulmuş, lakin o, polis işçilərinə narkotikin onun olmadığını və götürməyəcəyini bildirmişdir. Bunları dedikdən sonra Azər və İbrahim adlı şəxslər onu vurmağa başlamışlar. Azər və İbrahimdən əlavə 2-3 nəfər də ona fiziki təzyiq göstəmişlər. Daha sonra İbrahim ona valideynlərinin gəlib polislərə müəyyən məbləğdə pul verəcəkləri halda üzərindəki 3 bükümü götürəcələrini bildirmişdir. O da polislərə ailəsinin buna imkanının olmadığını demişdir. Daha sonra polislər ona üzərinə qoyulmuş bükümlərin özünə aid olduğunu qəbul etsə ona ən çoxu 1 il azadlıqdan məhrum etmə cəzası veriləcəyini bildirmiş, o da veriləcək cəzanın az olduğuna inanıb polislərlə razılaşmış və 22 apreldə ifadəsini polislərin dediyi kimi vermişdir. Ona edilən təkliflə, üzərinə qoyulan bükümlərlə və ona qarşı edilmiş fiziki təzyiqlə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmənin ədalətli qərar qəbul etməsini və əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, “şüşə” kimi bilinən psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi metamfetamini Binəqədi rayonu ərazisində hər dəfə fərqli-fərqli tanımadığı şəxslərdən almışdır. 21 aprel 2021-ci il tarixdə saat 21 radələrində siqaret almaq üçün evdən çıxıb mağazaya getmiş, mağazadan qayıdan zaman “Rahat” marketin qarşısında olan zibilxananın kənarında yerdə sellofan paketin olduğunu görmüşdür. Həmin sellofan paketi açan zaman içərisində “şüşə” yəni, psixotrop maddə metamfetamin olduğunu aşkar etmiş və onu şalvarının sağ yan cibinə qoymuşdur. Oradan qayıdıb evə gedəndə təxminən saat 21:30 radələrində “Rahat” marketin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış edib Polis İdarəsinə dəvət etmişlər. O, həmin qərarla tanış olduqdan sonra üzərində “şüşə” kimi bilinən psixotrop maddə olduğunu bildirmiş və heç bir etiraz etmədən polis əməkdaşları ilə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan üç ədəd sellofan bükümü, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu, “Rothmans” markalı siqaret qutusunu və kibrit qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi üç ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi üç ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetamin olması aşkarlanmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 3-cü Mədən küçəsində yerləşən “Rahat’ marketin yaxınlığında olan zibilxananın kənarında yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş siqaret və kibrit qutusu onun özünə qaytarılmışdır. Üzərindən aşkarlanmış “Samsung” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür (cild 1, iş vərəqi 179-182). Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr məhkəmə zamanı araşdırılmış sübutlarla tam təsdiq olunduğundan həmin ifadələri sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 da daxil edilmişdir. 21 aprel 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 3-cü Mədən küçəsində yerləşən “Rahat” marketin yaxınlığında olması müəyyən edilmiş və həmin yerə gedilmişdir. Saat 21:30-da “Rahat” marketin qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Hikmət də etiraz etmədən onlarla Baş İdarəyə gəlmiş, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Hikmətə hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X3 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan üç ədəd sellofan bükümü, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu, “Rothmans” markalı siqaret qutusunu və kibrit qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 3-cü Mədən küçəsində yerləşən “Rahat” marketin yaxınlığında olan zibilxananın kənarında yerdən tapdığını və şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs barədə məlumat narkotik vasitələrin istifadəsi və satışı məzmununda daxil olsa da onlarda Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satdığı barədə məlumat olmamış, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olması barədə onlara məlumat daxil olmuş və bu məlumat əsasında axşam saat 21 radələrində ünvan 3 ünvanına gedilmişdir. “Rahat” marketin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və ona saxlanılmasının səbəbi bildirdikdən sonra Təqsirləndirilən şəxs idarəyə gətirilmişdir. İdarədə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə varsa təqdim etməsini istəmiş, Təqsirləndirilən şəxs cibindən 3 büküm psixotrop maddəni çıxarıb təqdim etmişdir. Daha sonra həmin maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərində elektron tərəzi olmamış, Təqsirləndirilən şəxs fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs barədə məlumat narkotik vasitələrin qəbulu və satışı məzmununda daxil olmuş, onun narkotik vasitələri kiməsə satması barədə məlumat olmamış, həmçinin Təqsirləndirilən şəxs özü narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satmasıni təsdiq edən hallar müəyyən edilməmişdir. O, Təqsirləndirilən şəxs döyməmiş və üzərinə əlavə narkotik vasitə qoymamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21.04.2021-ci il tarixli protokoldan və diskin məzmunundan görünür ki, videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman o, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümü təqdim etmiş və həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən maddəni həmin gün Binəqədi rayonu, Binəqədi kəndi, Mədən küçəsində yerləşən “Rahat” marketin yaxınlığında zibilliyin kənarında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Qeyd edilən maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 27-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 5(005)-480/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 21.04.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 129-130). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 22.04.2021-ci il tarixli, 6/1588 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 3 ədəd büküm...” yazısı olan paketdəki 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,539 qram, 1,017 qram və 1,230 qram, ümumi təmiz çəkisi 3,786 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 41-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31.05.2021-ci il tarixli, 1658 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.05.2021-ci il tarixli, 1111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 145-146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 06.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy S4 mini GT-19192” markalı mobil telefon aparatına baxış keçirilmiş, telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 16.05.2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq orqanına "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 20 yanvar 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, danışıqlarda və SMS yazışmalarında iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 124). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 07.06.2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq orqanına "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 20 yanvar 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, danışıqlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat tapşırığına 31.05.2021-ci il tarixli, 007-7118-1221 saylı cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs analoji cinayət əməllərinin, əlbir olduğu şəxslərin, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi, psixotrop maddəni kimdən, nə vaxt, harada və hansı şəraitdə əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 138). İşdə olan maddi sübut hesab edilməsi haqqında 23.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,636 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 111- 113, 198). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 114). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 09.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 147-160). İşdə olan cinayət işi materiallarından başqa material ayrılması haqqında 09.06.2021ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən təqsirləndirilən şəxsə satış mənbəsinə görə ayrıca icraata material ayrılmışdır (cild 1, iş vərəqi 163165). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə psixotrop maddə metamfetamin əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda, ümumilikdə 3,786 qram çəkidə psixotrop maddə metamfetamini üç ədəd bükümdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı bu hissədə əməliyyat tapşırığının verilməsinə baxmayaraq, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulanadək onun psixotrop maddələrin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə psixotrop maddələrin əldə edilməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs külli miqdar psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan onun psixotrop maddənin satışı ilə məşğul olmasının əməliyyat yolu ilə təsdiq edilmədiyini bildirmişlər. Başqa sözlə, 21 aprel 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş psixotrop maddəni satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddəni əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda üç bükümdə psixotrop maddənin olan metamfetaminin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddənin satışı ilə məşğul olması, psixotrop maddənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, psixotrop maddəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” psixotrop maddə ilə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 21 aprel 2021-ci il tarixdə onun üzərindən külli miqdarda, ümumilikdə 3,786 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Baş İdarədə cibindən üç bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim edərkən və həmin vasitədən öz istifadəsi məqsədini güddüyünü bildirmişdir. Hazırkı cinayət işi üzrə şahid ifadələri də kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, eləcə də onun qadağan olunmuş həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini məhz şəxsən istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, ondan aşkar edilmiş psixotrop maddə ona məxsus olmuşdur. Lakin onun həmin vasitəni satmaq kimi məqsədi olmamışdır. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə psixotrop maddəni əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşlarının ona təzyiq göstərdiyini və onun həmin təzyiqlər altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, Baş İdarədə onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və sonradan dəfələrlə ifadə verən zaman heç vaxt onun üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını və həmin vasitənin çəkisini mübahisələndirməmişdir. Həmçinin, məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs heç vaxt səlahiyyətli orqanlara ona polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi və təzyiq göstərilməsi barədə müraciət etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 21.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 23.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 98-100). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 3,636 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli və 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 3,636 qram qalmış psixotrop madə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar