Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1315/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi sahibkar, məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 55, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə, 25 avqust 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada usta işləmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi ev 42də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivi, fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 26 noyabr 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikasının Məşhəd, daha sonra Zahıdan şəhərlərinə gedib orada şəxsiyyəti istintaqa məlum olmayan Abu Azzam ləqəbli şəxs vasitəsilə İran-Pakistan dövlət sərhədini keçərək Pakistan-Əfqanıstan dövlətlərinin sərhədində yerləşən Pakistan dövlətinin Şimali Vəziristan vilayətinə getmiş və “Taliban” hərəkatının nəzarəti altında fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılmış, orada açıq silah bazarından özü ilə Azərbaycandan apardığı 700 ABŞ dolları müqabilində “RPK” markalı odlu silah və təxminən 100 ədəd patron alaraq qoşulduğu hərəkatın hərbi düşərgəsində odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçmiş, təlimlər başa çatdıqdan sonra iş üzrə digər Təqsirləndirilən şəxs2, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid və digərləri ilə birlikdə 2010-cu ilin dekabr ayının sonlarından 2011ci ilin may ayının sonlarınadək həmin silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 05 dekabr 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikasının Məşhəd, daha sonra Zahidan şəhərlərinə gedib orada şəxsiyyəti istintaqa məlum olmayan Səfər ləqəbli şəxs vasitəsilə İran-Pakistan dövlət sərhədini keçərək Pakistan-Əfqanıstan dövlətlərinin sərhədində yerləşən Pakistan dövlətinin Şimali Vəziristan vilayətinə getmiş və “Taliban” hərəkatının nəzarəti altında fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılmış, orada odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçmiş, təlimlər başa çatdıqdan sonra silahlı birləşmə tərəfindən ona “Kalaşnikov” markalı avtomat verilməklə iş üzrə digər Təqsirləndirilən şəxs1, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid və digərləri ilə birlikdə 2011-ci ilin yanvar ayının əvvəllərindən - həmin ilin iyun ayının əvvəllərinədək həmin silahlı birləşmənin fəaliyyətində iştirak edərək 06 iyul 2011-ci il tarixdə Azərbaycana geri qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildə hərbi xidməti başa vuub qayıtdıqdan sonra İslam dininin sünni məzhəbi üzrə dini ibadətlə məşğul olaraq Bakı şəhərində yerləşən “Əbubəkr” və Ceyranbatan qəsəbəsindəki məscidlərə getmişdir. Həmin vaxtlarda Sumqayıt şəhərində də müxtəlif dini yığıncaqlarda iştirak etmişdir. Dini yığıncaqlardakı söhbətlərdən sonra 2010-cu ildə Pakistan Respublikasında gedən dini döyüşlərə qatılmaq istəmişdir. Bu barədə əvvəllər Pakistanda döyüşlərdə iştirak etmiş “Abu Yəhya” dini ləqəbli, Sumqayıt şəhər sakini Nicat Aşurov, “Muslim” dini ləqəbli, Sumqayıt şəhər sakini Şahid və “Abdulla” dini ləqəbli, Sumqayıt şəhər sakini Fərid adlı şəxslə birlikdə müzakirələr apararaq Pakistandakı müsəlman qardaşlarına apardıqları dini mübarizədə köməklik etmək, onlarla birlikdə döyüşmək qərarına gəlmişlər. Əvvələr həmin döyüşlərdə iştirak etmiş Nicat Aşurov onlara köməklik edərək Pakistana getməyin yollarını öyrədib, bildirmişdir ki, Pakistanın Əfqanıstanla sərhəd bölgəsində yerləşən Şimali Vəziristan adlanan ərazisində gedən döyüşlərə qatılmaq üçün Azərbaycandan İrana getməli, oradan isə qaçaq yollarla Pakistan ərazisinə keçməlidirlər. Bunun üçün X10 Məşhəd şəhərində yaşayan, qaçaq yollarla onları Pakistana getməyə köməklik edəcək dini ləqəbi “Abu Azzam” olan şəxsin telefon nömrəsini vermiş və Məşhəd şəhərində olanda həmin nömrəyə zəng edib, nömrəni “Abu Yəhya”nın verdiyini, Pakistana getmək istədiklərini bildirmələrini və “Abu Azzam”ın onlara köməklik edəcəyini demişdir. 2010-cu ilin noyabr ayının 25-də Fərid və Şahid, bir gün sonra, yəni noyabr ayının 26-da isə o, özü rəsmi sənədlər əsasında Astara sərhəd keçid məntəqəsindən keçməklə Azərbaycandan İran İslam Respublikasının Astara rayonuna getmiş və orada hər üçü birlikdə İranın Məşhəd şəhərinə getmişlər. Məşhəd şəhərində Nicat Aşurovun onlara verdiyi telefon nömrəsinə zəng edərək “Abu Azzam” dini ləqəbli şəxslə danışmış və sonuncuya “Abu Yəhya” dini ləqəbli Nicat Aşurovun tanışları olduqlarını, onlara Pakistanın Vəziristan əyalətinə getməyə köməklik etməsini xahiş etmişlər. “Abu Azzam” dini ləqəbli şəxs onu, Fərid adlı şəxsi və Şahid 200 ABŞ dollan müqabilində Məşhəd şəhərindən İranın Zahidan şəhərinə aparmış, oradan isə Pakistan ərazisinə qaçaq yolla keçirmişdir. “Abu Azzam” dini ləqəbli şəxsin adamlarının müşayiəti ilə onlar 2010-cu ilin dekabr ayının ortalarında Pakistanla Əfqanıstanın sərhədində yerləşən Pakistan Respublikasının Şimali Vəziristan adlanan ərazisinə çatmışlar. Onları orada “Abu Yəhya” dini ləqəbli Nicat Aşurov qarşılamışdır. Nicat Aşurovun da daxil olduğu, “Taliban”ın tərkibində olan “Səlahəddin” camaatının tərkibinə qoşulmuşlar. “Səlahəddin” camaatının rəhbəri "Səlahəddin” dini ləqəbli şəxs olmuş, sonuncunun soyadını və digər məlumatlarını bilməmişdir. “Səlahəddin” camaatının tərkibinə qoşulduqdan bir neçə gün sonra o, orada ətrafdakı şəxslərdən Pakistanın Miranşah şəhərindəki adını bilmədiyi bazarda müxtəlif növ silahlar açıq satışda olduğunu eşitmişdir. Odur ki, həmin bazara gedib, tanımadığı şəxslərdən Azərbaycandan apardığı 700 ABŞ dolları müqabilində Belarusiya istehsalı olan “RPK” markalı silah və təxminən 100 ədəd patron almışdır. Həmin vaxt xarici ölkələrdən silahlı münaqişədə iştirak etmək üçün gələnlər, eləcə də yerli sakinlər istədiyi məbləğə istədiyi silah növünü sərbəst şəkildə həmin bazardan ala bilirmişlər. Bundan sonra o, “Səlahəddin” camaatının tərkibində hər kəsə norma daxilində verilən patronlardan, eləcə də özünün aldığı 100 ədəd patronlardan istifadə edərək atəş açmağı öyrənmək üçün 1 ay ərzində təlimlərdə iştirak etmişdir. Həmin təlimlərə Fərid adlı şəxs və Şahid da onun kimi qatılmışlar. Fərid adlı şəxs və Şahid hər birinə camaatın tərkibində döyüşlərdə ölmüş şəxslərdən qalan “Kalaşnikov” markalı silahlar təhkim edilmişdir. Onlar həmin təlimlərdə sərbəst və dəqiq atəş açmağı öyrənmişlər. Orada onlarla yanaşı Azərbaycandan getmiş “Xalid” dini ləqəbli Valeh adlı şəxs, “Aby Müslüm” dini ləqəbli Yunis adlı şəxs, “Zubeyr” dini ləqəbli Sirac adlı şəxslər də olmuşdur. Sonuncular “Abuzər” camaatı deyilən camaatın tərkibində olduqlarından onun həmin şəxslərlə münasibətləri elə də yaxşı olmamış və həmin şəxslərin digər məlumatlarını bilməmişdir. Keçdikləri təlimlərdən sonra onları Şimali Vəziristanın yaxınlığında yerləşən Uruqzay adlanan yerə aparmışlar. Uruqzaya getdikdən bir neçə gün sonra Azərbaycandan döyüşlərə qoşulmaq üçün ora gələn “Muaz” dini ləqəbli, Təqsirləndirilən şəxs2 da onlara qoşulmuşdur. Elnura da daxil olduqları camaat tərəfindən “Kalaşnikov” markalı avtomat silahı təhkim edilmişdir. Onlar orada Talibana aid olan əraziləri Pakistan ordusundan qorumaq üçün digər şəxslərlə birlikdə müxtəlif postlara öz silahları ilə çıxmışlar. Orada olduğu müddətdə heç bir döyüşdə iştirak etməmiş, yalnız bir neçə həftə təlimlər keçdikdən sonra ribatlara, yəni postlara çıxmışdır. Lakin daxil olduqları camaatın rəhbəri “Səlahəddin” dini ləqəbli şəxs “Taliban” rəhbərliyinin göstərişi ilə onların olduqları yerə tez-tez gələrək oradan özü ilə birlikdə döyüşlərdə iştirak etmək üçün adamlar yığıb aparmışdır. Onunla Pakistana gedən Fərid, Telman və Elnur da bildiyi qədər onun özü kimi yalnız postlara çıxmış, döyüşlərdə iştirak etməmişlər, Lakin “Abu Yahya” dini ləqəbli Nicat Aşurov rəhbərləri “Səlahəddin”in göstərişi ilə həmin döyüşlərdə iştirak etmişdir. O, təxminən 2011-ci ilin may ayının sonlarında rəhbərləri olan “Səlahəddin” dini ləqəbli şəxsdən icazə alaraq səhhətində problem olduğunu, belində ağrıların yarandığını, Azərbaycana qayıtmaq istədiyini demiş, sonuncu isə buna etiraz etməmişdir. Bundan bir neçə gün sonra o, Uruqzaydan çıxaraq Miranşah şəhərinə getmiş, Miranşahda silah aldığı bazara gedərək orada 700 ABŞ dollarına aldığı silahı elə həmin qiymətə satmışdır. Miranşah şəhərində olarkən onları qaçaq yolla İrandan Pakistana keçirən “Abu Azzam” dini ləqəbli şəxslə əlaqə saxlamış və sonuncunun köməkliyi ilə İranın Zahidan şəhərinə qaçaq yolla keçmişdir. Bunun müqabilində “Abu Azzam” dini ləqəbli şəxsə 200 ABŞ dolları pul vermişdir. O, Zahidan şəhərindən Məşhəd şəhərinə, oradan Tehran şəhərinə, Tehrandan isə təyyarə ilə Qazaxıstan Respublikasının Almaata şəhərinə, oradan isə Aktube şəhərinə getmişdir. Aktube şəhərində əvvəlcədən internetdə tanış olduğu, islam dininin sünni məzhəbi üzrə dini ibadətlə məşğul olan Gülnarə Kırqızbayevna ilə görüşmüş və onunla nikaha girmişdir. O, Gülnarə ilə birlikdə yaşamağa başladıqdan bir müddət sonra, yəni 06 sentyabr 2011-ci ildə birlikdə yaşadıqları evə polis gələrək axtarış keçirmiş və onlara aidiyyəti olmayan silah və qumbaralar aşkar etmişlər. Məhkəmənin 10 yanvar 2012-ci il tarixli hökmü ilə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, eləcə də partlayıcı maddə hazırlamağa cəhd etməyə görə o, 7 il müddətə, Gülnarə isə 6 il müddətə azadlıqdan məhrum edilmişdir. Gülnarə 5 aydan sonra Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxmış, o isə 2017-ci ilin yanvar ayının əvvəlinədək cəza çəkmişdir. 2017-ci ilin yanvar ayının əvvəllərində Qazaxıstan qanunvericiliyində dəyişiklik olduğundan o, azadlığa çıxmış və 2017-ci ilin yanvar ayının 14-də onu Qazaxıstandan Azərbaycana deport etmişlər. Həmin vaxtdan Azərbaycanda yaşayır. Qazaxıstandan deport olduqdan sonra təxminən 2017-ci ilin avqust ayında X4 ilə rəsmi nikaha girmişdir. Tutulanadək ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşamış, ətir və kömür satmaqla ailəsini dolandırmışdır. Azərbaycana deport olunduğu vaxtdan fərdi qaydada dini ibadətlə məşğul olsa da, hər hansı dini yığıncaq və müzakirələrdə iştirak etmir. Pakistan İslam Respublikası ərazisində qanunsuz silahlı birləşmədə iştirak etməyi ilə bağlı heç yerdə cinayət məsuliyyətinə cəlb edilməmiş və həmin müddət ərzində xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildən İslam dininin sünni məzhəbi üzrə dini ibadətlə məşğul olur. Həmin vaxtdan Bakı şəhərində yerləşən “Əbubəkr”, “Qaraçuxur” və digər məscidlərə getmişdir. İştirak etdiyi dini yığıncaqlarda olan söhbətlərdən sonra 2010-cu ilin sonlarında Pakistan Respublikasında müsəlman qardaşlara kömək etmək məqsədilə orada gedən dini döyüşlərə, cihada qatılmaq istəmişdir. Onunla birlikdə Bakı şəhər, Hövsan qəsəbəsində yaşayan “Abdulməcid” dini ləqəbli Ceyhun adlı şəxslə müzakirə edib Pakistan Respublikasında müsəlman qardaşlara kömək etmək məqsədilə orada gedən dini döyüşlərə, cihada qatılmaq barədə qərarlarını qətiləşdirmişlər. Ceyhun ona İran ərazisində tanışlarının olduğunu, onları İrandan Pakistan ərazisində qaçaq keçirəcəklərini bildirmişdir. Bundan sonra o və Ceyhun təxminən 05 dekabr 2010-cu ildə Astara sərhəd keçid məntəqəsindən keçməklə Azərbaycandan İran İslam Respublikasının Astara rayonuna getmiş və oradan ikisi birlikdə İranın Məşhəd şəhərinə getmişlər. Məşhəd şəhərində onları Səfər adlı şəxs qarşılamışdır. Səfər onları 200 ABŞ dolları müqabilində qaçaq yolla X2 sərhədindəki Pakistan ərazisi olan “Şimali Vəziristan”a keçirmişdir. Onları “Şimali Vəziristan”ın Miranşah şəhərində tanımadığı şəxslər qarşılamış və onlara Azərbaycanlıların çoxluq təşkil etdiyi, “Taliban”ın tərkibində olan “Səlahəddin” camaatının tərkibinə qoşulacaqlarını bildirmişlər. Onları həmin şəxslər “Səlahəddin” camaatının rəhbəri “Səlahəddin” dini ləqəbli şəxsin yanına aparmışlar. Səlahəddin onlara bundan sonra haqq yolunda, müsəlman qardaşları üçün onun rəhbərlik etdiyi “Səlahəddin Camaatı”nın tərkibində olacaqlarını bildirmişdir. Həmin camaatın tərkibində Sumqayıtdan olan “Abu Yahya” dini ləqəbli Nicat adlı şəxs də olsa da, onunla münasibəti yaxşı olmamışdır. Onunla birlikdə Pakistana cihada qoşulmaq üçün gedən Ceyhun sonradan Suriya ərazisində gedən döyüşlərə qatılmış və orada həlak olmuşdur. “Səlahəddin” camaatının tərkibinə qoşulduqdan bir neçə gün sonra ona və Ceyhun adlı şəxsə camaatın tərkibində döyüşlərdə ölmüş şəxslərdən qalan “Kalaşnikov” markalı silahlar təhkim edilmişdir. Bundan sonra o və Ceyhun adlı şəxs digər şəxslərlə yanaşı “Səlahəddin” camaatının tərkibində hər kəsə norma daxilində verilən patronlardan istifadə edərək atəş açmağı öyrənmək üçün 1 ay ərzində təlimlərdə iştirak edərək sərbəst və dəqiq atəş açmağı öyrənmişlər. Orada onlarla yanaşı Azərbaycandan getmiş “Xalid” dini ləqəbli Valeh adlı şəxs, “Abu Müslüm” dini ləqəbli Yunis adlı şəxs, “Zubeyr” dini ləqəbli Sirac adlı şəxslər də olmuşdur. Sonuncular “Abuzər” camaatı deyilən camaatın tərkibində olmuş və onun həmin şəxslərlə münasibətləri elə də yaxşı olmadığından digər məlumatlarını bilməmişdir. Keçdikləri təlimlərdən sonra onları Vəziristanın yaxınlığında yerləşən Uruqzay adlanan yerə aparmışlar, Uruqzaya getdikdə o orada Sumqayıt şəhər sakinləri olan “Abdulla” dini ləqəbli Fərid adlı şəxs, “Müslüm” dini ləqəbli Şahid və “İbrahim” dini ləqəbli Təqsirləndirilən şəxs1 görmüş, digər şəxslərin adlarını isə xatırlamamışdır. Onlar Uruqzayda təlimlər keçməklə yanaşı Talibana aid olan əraziləri Pakistan ordusundan qorumaq üçün digər şəxslərlə birlikdə müxtəlif postlara öz silahları ilə çıxmışlar. O, orada olduğu müddətdə heç vaxt hər hansı döyüşlərdə iştirak etməmiş, yalnız bir neçə həftə təlimlər keçdikdən sonra ribatlara, yəni postlara çıxmışdır. Lakin daxil olduqları camaatın rəhbəri “Səlahəddin” dini ləqəbli şəxs “Taliban” rəhbərliyinin göstərişi ilə onların olduqları yerə tez-tez gələrək oradan özü ilə birlikdə döyüşlərdə iştirak etmək üçün adamlar yığıb aparmışdır. Təxminən 2011-ci ilin may ayında Uruqzayda onlarla birlikdə olan Fərid adlı şəxs Pakistan ordusunun açdığı atəş nəticəsində vəfat etdiyindən o, çox qorxmuş və geri, Azərbaycana gəlmək barədə fikirləşmişdir. O, həmin vaxt orada olan Telman ilə bu barədə danışmış, sonuncu da onun kimi Azərbaycana getmək istədiyini bildirmişdir. Bunun üçün onlar hər ikisi birlikdə daxil olduqları camaatın rəhbəri “Səlahəddin” dini ləqəbli şəxsdən icazə almış və təxminən 2011-ci ilin iyun ayının əvvəllərində Miranşah şəhərinə getmişlər. Miranşah şəhərindən isə Telman tanımadığı şəxslərlə əlaqə saxladıqdan sonra Pakistandan İran ərazisinə qaçaq olaraq keçmişlər. Bunun üçün onlar həmin şəxslərə təxminən 200 ABŞ dolları məbləğində pul vermişlər. X9 şəhərinə, oradan Məşhəd şəhərinə, oradan isə İran Astarasına getməklə Astara keçid məntəqəsinə gələrək rəsmi qaydada Azərbaycan Respublikasına daxil olmuşlar. Bundan sonra Telmandan ayrılmış və onunla hər hansı əlaqəsi olmamışdır. Pakistan İslam Respublikasının ərazisində “Taliban” hərəkatının tabeliyindəki “Səlahəddin” adlı qanunsuz silahlı birləşmənin tərkibində iştirak etdiyi dövrdə onun dini ləqəbi “Muaz” olmuşdur. O, 2011-ci ildə Azərbaycana qayıdandan hazıradək fərdi qaydada usta işləyir. Hazırda dini ibadətlə məşğul olsa da, heç bir yığıncaqda iştirak etmir. Pakistan İslam Respublikası ərazisində qanunsuz silahlı birləşmədə iştirak etməyi ilə bağlı heç yerdə cinayət məsuliyyətinə cəlb edilməmiş və orada heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2007-ci ildən islam dininin sunni məhsəbi üzrə dini ibadətlə məşğul olur. 2010-2011-ci illərdə Pakistan İslam Respublikasının Şimali Vəziristan və Uruqzay adlanan ərazilərində Taliban hərəkatının tabeliyində olan “Səlahəddin” camaatı adlanan qanunsuz silahlı birləşmənin tərkibində və sonradan 2013-2014-cü illərdə isə Suriya Ərəb Respublikasında “İŞİD” terrorçu qruplaşmasının tərkibində təlimlərdə iştirak etmişdir. Törətdiyi cinayət əməllərinə görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 01 oktyabr 2019-cu il tarixdə tutulmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə 7 il müddətə azadlıqdan məhrum edilmişdir. Pakistanın İslam Respublikasının Şimalı Vəziristan əyalətində din qardaşlarının apardıqları cihada qoşulmaq üçün onunla birlikdə Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1 və “Abdulla” dini ləqəbli Fərid adlı şəxs 2010-cu ilin noyabr ayının sonlarında Azərbaycandan İrana, oradan isə “Abu Azam” dini ləqəbli, digər məlumatlarını bilmədiyi şəxsin köməkliyi ilə qaçaq yolla Pakistana getmişlər. O, Yəhya və X7 Vəziristan ərazisindəki Miranşah şəhərinin yaxınlığında “Taliban”ın tərkinindəki “Səlahəddin” camaatına qoşularaq təlimlərdə iştirak etdikdən sonra, oradan Uruqzay vilayətinə getmişlər. Orada Talibana məxsus əraziləri Pakistan ordusundan qorumaq üçün müxtəlif postlara çıxır, eyni zamanda təlimlərdə iştirak etmişlər. Həmin vaxt, yəni onlar Uruqzayda olduqları müddətdə Bakı şəhər sakini, “Muaz” dini ləqəbli Təqsirləndirilən şəxs2 onlara qoşularaq, yəni “Səlahəddin” camaatının tərkibində təlimlərdə iştirak etmiş və eyni zamanda ribatlara, yəni postlara çıxmışdır. Elnur onlardan bir neçə vaxt sonra Uruqzay adlanan yerə gəlmiş və orada “Səlahəddin” camaatına qoşulmuşdur. Elnura da hamıya olduğu kimi daxil olduqları camaatın rəhbərliyi tərəfindən “Kalaşnikov” markalı avtomat silahı təhkim edilmişdir. Elnur həmin silahdan atəş açmağı öyrənmiş və postlara çıxmışdır. 2011-ci ilin may ayında onlarla birlikdə Pakistana gedən Fərid həlak olduğundan o, qorxaraq Azərbaycan Respublikasına geri qayıtmaq istəmiş və həmin istəyini Elnurla müzakirə etmiş, sonuncu da onunla birlikdə Azərbaycana qayıtmaq istədiyini bildirmişdir. Bunun üçün onlar hər ikisi birlikdə daxil olduqları camaatın rəhbəri “Səlahəddin” dini ləqəbli şəxsdən icazə almış və təxminən 2011-ci ilin yay aylarında Miranşah şəhərinə getmişlər. Miranşah şəhərindən isə “Abu Azzam” ləqəbli şəxslə əlaqə saxladıqdan sonra sonuncunun köməliyi ilə Pakistandan İran ərazisinə qaçaq olaraq keçmişlər. Bunun üçün “Abu Azzam” ləqəbli şəxsə təxminən 200 ABŞ dolları məbləğində pul vermişlər. “Abu Azzam” ləqəbli şəxs onları İranın Zahidan şəhərindən Məşəd şəhərinə aparmış, oradan özləri, yəni Elnur və o, birlikdə Astara keçid məntəqəsinə gələrək rəsmi qaydada Azərbaycan Respublikasına daxil olmuşlar. Bundan sonra Elnurla hər hansı bir əlaqəsi və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də onun kimi Pakistan ərazisində heç bir döyüşdə iştirak etməmiş, yalnız müxtəlif silahlardan atəş açmağı mənimsəmək üçün təlimlər keçmiş və mühafizə üçün müxtəlif ribatlara, yəni postlara çıxmışlar. İşin 2-ci cildinin 1-8-ci vərəqlərindəki Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsi tərəfindən təqdim edilmiş 14 aprel 2021-ci il tarixli 7-767 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 26 noyabr 2010-cu il tarixdə, Təqsirləndirilən şəxs2 isə 05 dekabr 2010-cu il tarixdə ölkəni İran İslam Respublikası istiqamətində tərk etmiş, qanunsuz silahlı birləşmənin tərkibində iştirak etmək məqsədilə oradan qaçaq yolla Pakistana keçmişlər. Onlar Pakistanda “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı dəstəyə qoşularaq hərbi təlimlərdə iştirak etmişlər. İşin 1-ci cildinin 119-122-ci vərəqlərindəki Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsi tərəfindən təqdim edilmiş 28 oktyabr 2019-cu il tarixli 7-2816 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 2010-2011-ci illərdə Pakistan İslam Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir. İşin 1-ci cildinin 234-238-ci vərəqlərindəki Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsi tərəfindən təqdim edilmiş 05 mart 2020-ci il tarixli 7-531 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz silahlı birləşmənin tərkibində iştirak etmək məqsədilə 05 dekabr 2010-cu il tarixdə ölkəni İran İslam Respublikası istiqamətində tərk etmiş, oradan qaçaq yolla Pakistana keçmişdir. O, Pakistanda “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı dəstəyə qoşularaq hərbi təlimlərdə iştirak etmiş, 06 iyul 2011ci il tarixdə isə Şahid ilə birgə Azərbaycana geri qayıtmışdır. İşin 1-ci cildinin 96-98-ci vərəqlərindəki 15 oktyabr 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid, fotoşəkillər üzrə tanınma zamanı Təqsirləndirilən şəxs1 tanımışdır. İşin 2-ci cildinin 76-78-ci vərəqlərindəki 20 aprel 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid, fotoşəkillər üzrə tanınma zamanı Təqsirləndirilən şəxs2 tanıyaraq onun Təqsirləndirilən şəxs1, Fərid adlı şəxslə birlikdə Paksitan İslam Respublikasının Uruqzay əyalətində “Taliban” hərəkatının tabeliyindəki “Səlahəddin” adlı camaatın tərkibində təlimlərdə iştirak edərək postlara çıxan “Muaz” dini ləqəbli, Bakı şəhər sakini Elnur adlı şəxs olduğunu bildirmişdir. İşin 2-ci cildinin 42-45-ci vərəqlərindəki 16 aprel 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1, fotoşəkillər üzrə tanınma zamanı iş üzrə digər Təqsirləndirilən şəxs2 tanıyaraq onun, “Muaz” dini ləqəbli, Bakı şəhər sakini Elnur adlı şəxs olduğunu, onu Pakistan Respublikasının Uruqzay ərazisində gördüyünü və orada tanıdığını, Elnur ilə birlikdə orada “Səlahəddin” camaatının tərkibində ribatlara, yəni postlara çıxdığını, ona daxil oduqları camaat tərəfindən “Kalaşnikov” markalı avtomat təhkim olunduğunu bildirmişdir. İşin 2-ci cildinin 215-217-ci vərəqlərindəki 17 may 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2, fotoşəkillər üzrə tanınma zamanı iş üzrə digər Təqsirləndirilən şəxs1 tanıyaraq onun, Pakistan İslam Respublikasının Uruqzay əyalətində “Taliban” hərəkatının tabeliyindəki “Səlahəddin” adlı camaatın tərkibində təlimlərdə iştirak edərək postlara çıxan Sumqayıt şəhər sakini, “İbrahim” dini ləqəbli Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. İşin 2-ci cildinin 6-cı vərəqindəki Təqsirləndirilən şəxs1 barədə “Giriş-Çıxış və Qeydiyyat" İAMAS üzrə tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs1 26 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə İran İslam Respublikasına, oradan isə Pakistan İslam Respublikası ərazisinə getmişdir. İşin 2-ci cildinin 8-ci vərəqindəki Təqsirləndirilən şəxs2 barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs2 05 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə İran İslam Respublikasına, oradan isə Pakistan İslam Respublikası ərazisinə getmişdir, 06 iyul 2011-ci il tarixdə isə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 may 2021-ci il tarixli 959 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 may 2021-ci il tarixli 958 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 118-121-ci vərəqlərindəki Səbail rayon məhkəməsinin 21 aprel 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 150-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və 193-219-cu vərəqlərindəki hökmün surətindən görünür ki, Məmmədov X1 Respublikası Aktobe şəhər 2 saylı məhkəməsinin 10.01.2012-ci il tarixli hökmü ilə Qazaxıstan Respublikası CM-nin 251-ci maddəsinin 2-ci hissəsi, 24-cü maddəsinin 3-cü hissəsi və 252-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Aktobe şəhər məhkəməsinin 15.08.2016-cı il tarixli qərarı ilə cəzası 5 il 4 aya endirilmiş, 11.01.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin 2-ci cildinin 151-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və 231-234-cü vərəqlərindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayon məhkəməsinin 02.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən azad edilmişdir. İşin 2-ci cildinin 155-156 və 3-cü cildinin 42-ci vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03.08.2007ci il təvəllüdlü Bədəlova Fatimə, 16.02.2009-cu il təvəllüdlü Bədəlova Xədicə və 08.02.2013-cü il təvəllüdlü Cəbiyev Mücahid olmaqla iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin 2-ci cildinin 203-205-ci vərəqlərindəki doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 13.05.2018-ci il təvəllüdlü Məmmədova Həvva və 11.02.2021-ci il təvəllüdlü Məmmədova Rəyyan olmaqla iki azyaşlı uşaqları vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 12.1,279.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların əməlləri Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə tövsif edilməklə onlar həmin maddə ilə təqsirli bilinməli və onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. İşin 1-ci cildinin 173-175-ci vərəqələrindəki Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin 26.08.2009-cu il tarixli, SİSL/1485/09 saylı məktubundan görünür ki, Pakistan İslam Respublikasının 1997-ci ildə qəbul edilmiş Anti-terror aktının 11-ci bölməsinin F bəndinin 2-ci maddəsinə əsasən, cinayət törətmədən hər hansı bir vətəndaşın təşkilata üzv olması 6 ay müddətində cəza və pul cəriməsi ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması və cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması və cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti dini düşmənçilik zəminində törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən onların cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2021-ci il, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübutların olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və maddi sübutların olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1315/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1315/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver