Məhkəmə qərarları › İş №1(101)-1316/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1316/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1316/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 fevral 2020-ci il tarixdə, saat 23 radələrində şəxsiyyəti müəyyənləşdirilməmiş “Baba” adlı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşına naməlum ödəmə terminalı vasitəsi ilə onlayn qaydada 380 manat ödəniş etdikdən sonra sonuncunun naməlum qaydada Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospekti, Zığ qəsəbəsi istiqamətində gedən yolun kənarında yerləşən dəmir borunun altına yerləşdirdiyi bir ədəd göy rəngli sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 62,231 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 18 fevral 2021-ci il tarixdə, saat 12 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, 18 fevral 2021-ci il tarixdə, saat 13:45 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 144 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına aparılmış və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli gödəkcənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı sellofan torbaya yerləşdirilmiş bir ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi 62,231 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi alıb əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib ifadəsində göstərdi ki, əvvəllər qaz idarəsində işləmişdir. Narkotik istifadəçisi olmuş, ayaqlarında olan ağrılara dözə bilmədiyi üçün narkotikdən istifadə etmiş, ailə üzvləri onun narkotik istifadəçisi olduğunu bilsə də o, onların yanında narkotikdən istifadə etməmişdir. Narkotiki iynə vurmaq yolu ilə qəbul etmişdir. 18 fevral 2021-ci il tarixdə, təxminən saat 10 radələrində həyat yoldaşı həyətdə paltar yumuş, o isə yuxudan oyanıb, yerində oturmuşdur. Üstündə 1,5 qram heroin olmuş, həmin heroini istifadə etmək üçün həyətdəki digər otağa keçməyə hazırlaşdığı zaman polis əməkdaşları evə daxil olmuş, evə daxil olarkən həyat yoldaşını içəri girməyə qoymamışlar. Polislər onu evdən tutub, idarəyə aparmışlar. Həmin polislərdən yalnız Anar adlı əməkdaşı tanımışdır. Onu apardıqdan sonra həyat yoldaşı 102 xidmətinə zəng vurub, baş verənlər barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, evdən idarəyə aparıldığı zaman üzərində cəmi 1,5 qram heroin olmuşdur. Lakin idarədə üzərinə 62 qram heroin qoyulmuş, onu idarəyə aparan polis əməkdaşları maşından 2 ədəd tərəzi gətirmişlər. İdarədə ona 62 qram narkotiki və tərəzilərə boynuna götürməzsə, ailəsini həmin işə qatacaqlarını demişlər. O da məcbur olub, boynuna götürmüşdür. Həmçinin ona narkotiki iranlıdan almasını deməsi bildirilmişdir. İbtidai istintaq zamanı özünü qismən təqsirli bildiyini bildirmişdir. İzahat və ifadələrinin təzyiq və təsir altında alınması ilə bağlı heç bir orqana şikayət etməmişdir. Polislər onu döyməmiş, yalnız ailəsi ilə hədələmişlər. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, üstünə 62 qram heroini qoyulduğu zaman narkotik təsirində olmamışdır. Ümumiyyətlə narkotikin satışı ilə məşğul olmamış, yalnız istifadəçi olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş, əməlini etiraf edib ittihamın mahiyyəti üzrə göstərmişdir ki, ailəlidir, 3 azyaşlı övladı var, hazırda heç bir yerdə işləmir. Təxminən 3-4 ildir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Təxminən 6-7 ay bundan əvvəl sosial şəbəkə vasitəsi ilə İran vətəndaşı olan Baba adlı şəxslə tanış olmuşdur. Həmin vaxtdan etibarən sonuncudan 2-3 dəfə narkotik vasitə heroin əldə etmişdir. 17 fevral, saat 23 radələrində həmin şəxslə “Whatsapp” mobil tətbiqi vəsitəsi ilə əlaqə yaratmış və həmin şəxsdən heroin istəmiş, tez tez narahat etməməsi üçün Babadan narkotiki çox verməsini istəmişdir. Həmin şəxs razılaşmış və ona 60 qramdan bir az çox narkotik verəcəyini və qiymətin 710 manat təşkil edəcəyini demişdir. O, razılaşmış və 380 manat pulu indi ödəyəcəyini, qalanını borclu qalacağını, sonra ödəyəcəyini demişdir. Baba da razılaşmış və bundan sonra, o, “Nizami” m/s-nın yaxınlığına gedərək orada olan “Milliön” aparatı vasitəsi ilə həmin şəxsin ona göndərdiyi hesab nömrəsinə 380 manat pul köçürmüşdür. Sonra həmin şəxs onun telefonuna şəkil göndərmiş və həmin şəkildə onun üçün narkotiki gizlətdiyi yeri, yəni Fəhlə prospektində Zığ qəsəbəsinə doğru gedən yolun kənarında, adını xatırlamadığı yanacaqdoldurma məntəqəsinin yanında olan dəmir borunun altını işarələmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə, saat 12 radələrində həmin yerə getmiş və həmin dəmir borunun altından 1 ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini götürmüşdür. Bundan bir qədər sonra saat 13 radələrində yaşadığı evə qayıdarkən Yasamal rayonu, M.Sübhi küçəsi ilə yol getdiyi zaman ona 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər, ondan da kim olduğunu soruşmuşlar. O da özünü onlara təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, araşdırma aparılması üçün onu 27-ci polis bölməsinə dəvət etmişlər, o da etiraz etməmişdir. Orada onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, ona vəkil X22 təqdim edilmişdir. Bundan sonra videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona üzərində nə varsa təqdim etməsi bildirilmişdir. O da əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd siqaret qutusunu və əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibində saxladığı, içərisində 2 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə heroin olan şəffaf rəngli sellofan torbanı çıxarıb masanın üstünə qoymuşdur. Sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparmış və onun gödəkcəsinin sol yan cibindən 2 ədəd siqaret qutusunu, sağ yan cibindən isə 1 ədəd tibbi maska, 1 ədəd salfet və 5 ədəd konfet aşkar edib masanın üzərinə qoymuşdur. Daha sonra siqaretlər, tibbi maska, salfet və konfetlər ona qaytarılmışdır. Bundan sonra onun təqdim etdiyi həmin şəffaf rəngli sellofan açılmış və içərisinə baxış keçirilmiş, içərisindən 2 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik vasitə tərəzidə ölçülmüş və çəkisinin 67 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin 2 ədəd tərəzilər və 1 ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə heroin təhqiqatçı tərəfindən ağ rəngli zərfə qablaşdırılmış və həmin zərf möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun üzərindən aşkar edilərək zərfə qablaşdırılmış tərəzilər və narkotik vasitə heroin ekspertizaya göndərilmiş və o, izahat vermişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, ***- ***-**-** saylı mobil nömrə onuna adına olmasına baxmayaraq onu uzun müddət bundan əvvəl istifadə etmişdir. 01.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixinədək olan müddət ərzində istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən əlaqə saxladığı X19, X16, X13, X20, X23, X17 onun yaşadığı evinin və yoldaşının ata evinin qonşuluğunda olan şəxslərdir, həmin şəxslərə şəxsi işi ilə bağlı zəng etmiş, sahibləri məlum olmayan digər nömrələri isə tanımamışdır (iş vərəqə: səh.59-61, 188-190). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 10 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində 18 fevral 2021-ci il tarixdə, saat 13:45-də Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 144 ünvanı qarşısında olduqları zaman xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək xx.xx.1977-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və onlar tərəfindən 27-ci Polis bölməsinə dəvət edilmiş, sonuncu da polis bölməsinə getməyə etiraz etməmişdir. Bundan sonra onlar birlikdə 27-ci polis bölməsinə getmişlər. Orada Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu bildirilmiş və Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X22 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil K.Bağırov müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu, əynindəki göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan paketi təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli gödəkcənin sol yan cibindən iki ədəd siqaret qutusu, sağ yan cibindən bir ədəd ağ rəngli salfet kağızı, bir ədəd tibbi maska və beş ədəd konfet aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd siqaret qutusu, bir ədəd ağ rəngli salfet kağızı, bir ədəd tibbi maska və beş ədəd konfet sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan paketə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan paketin içərisindən 2 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli sellofan büküm aşkar edilmişdir. Həmin göy rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd göy rəngli büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 67 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sellofan paketin içərisindən aşkar edilmiş həmin 1 ədəd göy rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 17.02.2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi bildiyi Baba adlı şəxsdən 710 manat pulun müqabilində əldə etdiyini, həmin pul vəsaitlərini onlayn qaydada sonuncunun hesabına köçürdüyünü, əldə etdiyi narkotik vasitəni 18.02.2021-ci il tarixdə, saat 12 radələrində Zığ qəsəbəsinə gedən yolun kənar hissəsində olan dəmir borunun altından götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş tərəziləri isə narkotik vasitəni əldə edərkən miqdarını ölçməsi üçün istifadə etdiyini bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd göy rəngli sellofan büküm və iki ədəd elektron tərəzilər sellofan torbaya qoyulmuş, həmin sellofan torba isə ağ zərfə qoyularaq qablaşdırılmış və zərf DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərində onlar tərəfindən, eləcə də Təqsirləndirilən şəxs və vəkili tərəfindən imza edilmişdir. Daha sonra həmin zərfdə olan büküm və tərəzilər ekspertizaya göndərilmişdir. Yuxarıda qeyd olunan hərəkətlər 27-ci PB-nin xidməti otaqlarının birində keçirilmiş və həmin zaman videoçəkiliş aparılmış, həmin videoçəkiliş DVD-diskə yazılaraq təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması protokoluna əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini Yasamal rayonu ərazisində satması barədə dəfələrlə müvafiq əməliyyat məlumatları daxil olmuş, lakin həmin məlumatlar bir qədər gec daxil olduğundan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən edib cinayətin başında ifşa etmək mümkün olmamış, həmçinin sonuncudan narkotik vasitəni əldə edən şəxslərin də şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və sonuncu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı adı məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə edilməmiş, lakin məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə iş üzrə ittiham aktında ifadələrinə qiymət verilmiş şahid X1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, şahid X3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onlar 2013-cü ildə ailə həyatı qurmuşlar. Nikahlarından 3 övladları dünyaya gəlmiş, Ramil rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin aludəçisi olmuş, lakin narkotik vasitəni kimdən əldə etdiyini o, bilməmişdir. 18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Ramil narkotik vasitə qəbul etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ramil yaşadığı evdə heç vaxt narkotik vasitə saxlamamış, yalnız evdən kənarda istifadə etmişdir. Həmçinin Ramilin nə vaxtsa evlərinə narkotik vasitə gətirib saxlamasının şahidi olmamışdır (iş vərəqə: səh. 84- 85). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilk növbədə əynində olan şalvarının sol yan cibindən 1 ədəd siqaret qutusunu, əynindəki göy rəngli gödəkcənin sol iç cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol yan cibindən 2 ədəd siqaret qutusu, sağ yan cibindən 1 ədəd ağ rəngli salfet kağızı, 1 ədəd tibb maskası və 5 ədəd konfet aşkar edildi və masanın üzərinə qoyuldu. Qeyd olunanlardan başqa heç bir əşya və ya predmet aşkar edilmədi. Sonuncuya məxsus 3 ədəd siqaret qutusu, 1 ədəd tibbi maska, 5 ədəd konfet və 1 ədəd ağ rəngli salfet özünə qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçrildi. Baxış zamanı həmin sellofan torbanın içərisindən 2 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli sellofan büküm aşkar edildi. Həmin göy rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edildi. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi. İçərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümün çəkisinin 67 qram (altmış yeddi qram) olması müəyyən edildi. Sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edildikləri sellofan torbaya, həmin sellofan torba isə içərisi boş olan ağ rəngli zərfə qoyuldu, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənd (iş vərəqə: səh. 29-31). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilməsi prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, şəxsi axtarış və götürmə ilə bağlı tərtib edilmiş protokolda qeyd edilən xüsusatlar orada öz təsdiqini tapır və DVD diskə yüklənmiş videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 fevral 2021-ci il tarixli protokola uyğundur və hər hansı qanun pozuntusuna yol verilməmişdir(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2021-ci il tarixli, 6/733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 62,231 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı (iş vərəqə: səh. 39-44). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 02 mart 2021-ci il tarixli, 458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astentik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 143-144). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 17 may 2021-ci il tarixli, 1463 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 145-146). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 05 may 2021ci il tarixli, AZF/LGL-11297/21 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı GSM nömrələri üzrə 01.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixinədək olan anten məlumatlarda, sms mətnlərdə və telefon zənglərində baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş sms mətnlərindən görünür ki, 17.02.2021-ci il tarixdə saat 23:36-da həmin mobil nömrəyə X14 istifadəsində olan “777172344” saylı mobil nömrədən “Zaur kihsi cavab ve” mətnli sms daxil olmuşdur. “775951696” saylı mobil nömrədən göndərilən sms mətnlərindən görünür ki, həmin mobil nömrədən 17.02.2021-ci il tarixdə saat 23:36-da “777172344” saylı mobil nömrəyə “Zaur kihsi cavab verer” mətnli sms göndərilmişdir. “775145969” saylı mobil nömrədən çıxan sms mətnlərindən görünür ki, həmin mobil nömrədən 05.02.2021-ci il tarixdə saat 17:30da “777” saylı mobil nömrəyə “Xİ” mətnli sms göndərilmişdir. Bundan başqa, 12.02.2021-ci il tarixdə saat 14:43-də həmin mobil nömrədən “**********94” saylı mobil nömrəyə “İndi danışa bilmirəm. Nə isə olub?” mətnli sms daxil olmuşdur. ***-***-**-** saylı mobil nömrəyə daxil olan sms mətnlərindən görünür ki, 05.02.2021 və 16.02.2021-ci il tarixlərində həmin mobil nömrəyə “Whatsapp” mobil tətbiqində qeydiyyatdan keçmə ilə bağlı müxtəlif sms bildirişləri daxil olmuşdur. Qeyd edilənlərdən başqa həmin mobil nömrələrdən çıxan və ya daxil olan sms mətnləri aşkar olunmamışdır. ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısından görünür ki, 17.02.2021-ci il tarixdə həmin nömrədən X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, X4 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə, X14 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə və sahibi məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş, eləcə də həmin tarixdə həmin nömrəyə ***-***-**-** saylı mobil nömrədən və "xxxx" MMC-nə məxsus ***- ***-**-** saylı mobil nömrədən zənglər daxil olmuşdur. Qeyd edilən danışıqlar zamanı “775951696” saylı mobil nömrənin Siyəzən şəhəri, Babək küçəsi ünvanını əhatə edən anten dairəsində olmuşdur. ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısından görünür ki, 16.02.2021-ci il tarixdə həmin nömrə ilə sahibləri məlum olmayan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə danışıqlar zamanı Yasamal rayonu Aşurbəyov küçəsi ev 160, Yasamal rayonu “Nizami” m/s-nın və Salatın Əsgərova küçəsi 75 ünvanlarını əhatə edən anten dairələrində olmuş, X2 istifadəsində olan ***-***-**-** saylı, X11 istifadəsində olan ***-***-**-** saylı, sahibləri məlum olmayan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrlə danışıqlar zamanı Binəqədi rayonu Hökməli qəsəbəsi Şabandağ və Xocasən qəsəbəsi Çiçək yaşayış massivini əhatə edən anten dairələrində olmuş, X8 istifadəsində olan ***-***-**-** saylı, X7 istifadəsində olan ***-***-**-** saylı, X15 istifadəsində olan ***-***-**-** saylı, X18 istifadəsində olan ***-***-**-** saylı, X9 istifadəsində olan ***-***-**-** saylı, "xxxx" MMC-nə məxsus ***-***-**-** və ***-***-**-** saylı, eləcə də sahibləri məlum olmayan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə danışıqlar zamanı Yasamal rayonu M.Sübhi küçəsi ev 160, Yasamal rayonu “ünvan 4 ünvanında yerləşən “Caspian Plaza” ünvanlarını əhatə edən anten dairələrində olmuşdur (iş vərəqə: səh. 148-180). İbtidai istintaq orqanının işdə olan 22 fevral 2021-ci il tarixli və 07 iyun 2021-ci il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 62,231 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 62,181 qram narkotik vasitə olan heroin və 2 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış videogörüntü köçürülmüş 01 ədəd DVD-R disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk iş üzrə maddi sübut kimi tanınmış, 62,181 qram narkotik vasitə olan heroin və 2 ədəd elektron tərəzi saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 86; 193- 205). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 62,231 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddindən bir neçə dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdar təşkil etməsi, təqsirləndirilən şəxsdən həmçinin kiçik miqdar şeylərin çəkilməsi üçün nəzərdə tutulan iki ədəd elektron tərəzinin aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməklə, saxlamaqla və daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsinin satış məqsədilə əldə edilməməsi, eyni məqsədlə saxlanılmaması və daşınmaması, yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxlaması barədə göstərdiklərini onun təyin olunacaq ağır cəzadan nisbətən azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki inkar olunur, hətta əksinə, onun təqsirliliyini tam təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 8 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 03 mart 2021-ci il tarixdən hesablanmışdır (iş vərəqə: səh. 131-132; 133-140). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 18 fevral 2021-ci il tarixədək olan müddətdə, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə məhkum edildiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünün çıxarılmasından əvvəl törətmişdir. Qeyd olunan bu hüquqi fakt Təqsirləndirilən şəxs barəsində məhkumluq və cinayətlərin residivi məsələsini istisna edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı uşağı vardır. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası cinayətlərin məsmusu üzrə cəza təyinetmənin prinsiplərinə əməl etməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə olduqda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə toplanılmalı və cəza çəkməsi üçün ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (CM-nin 66.3-cü maddəsi) cəza təyin edilir, yəni cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri rəhbər tutulur. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən ona qəti olaraq təyin olunan 8 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının yalnız 13 (on üç) gününü çəkmiş, qalan həbsdə olduğu müddəti isə faktiki olaraq baxılan iş üzrə seçilən qətimkan tədbirinə uyğun olaraq həbsdə saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2021-ci il tarixdə müvafiq məhkəmə qərarı ilə barəsində 04 (dörd) ay müddətinə, yəni 18 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdır. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla onun həbsdə saxlanma müddətinin uzadılmasına dair vəsatət qaldırılmamış və Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 01 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsinədək Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən həbsdə saxlanılmışdır. Yəni Təqsirləndirilən şəxs faktiki olaraq 18 iyun 2021-ci il tarixdən baxılan iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsinədək Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən 13 (on üç) gün azadlıqdan məhrumetmə növündə cəza çəkmiş, 01 iyul 2021-ci il tarixdən baxılan iş üzrə məhkəmə hökmü çıxarılanadək barəsində seçilən qətimkan tədbirinə əsasən qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsçasən Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin olunan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası hazırda baxılan iş üzrə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə toplanılmalı, həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddət qəti cəza müddətinə hesablanmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olması və təqsirləndirilən şəxsin ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunması nəzərə alınmalı və təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 01 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçildiyi və fasiləsiz olaraq məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanıldığı vaxtdan, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2021-ci il tarixli, 1463 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromuna görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməli və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 62,181 qram çəkidə heroin və 2 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan 01 ədəd CD disk - cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub 18 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay ona təyin olunan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin olunan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə qəti olaraq təyin olunan 6 (altı) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 7 (yeddi) il 2 (iki) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 18 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 13 (on üç) gün müddət təyin olunan qəti cəza müddətinə hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarının çıxarıldığı 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlara dair məsələ hökm qanuni qüvvəsini aldıqdan sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 62,181 qram çəkidə heroin və 2 ədəd elektron tərəzi məhv edilsin; - Şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD formatlı disk - cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar