Məhkəmə qərarları › İş №1(101)-1318/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1318/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1318/2024 07.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri, «Kiçikbəyov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hazırkı cinayət işi 09 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxslərə verilmiş ittihamlara görə, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad olunmasına baxmayaraq, törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, soyuq silah hesab edilən bir ədəd istifadəyə yararlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, eləcə də əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 20,704 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib külli miqdarda - 10,279 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, külli miqdarda - 10,425 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərilərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 14.05-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 5n Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 16.36-da üzərilərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,697 qram və 5,582 qram olmaqla, ümumilikdə külli miqdarda - 10,279 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də əynindəki şalvarın sol arxa cibindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, soyuq silah hesab edilən bir ədəd istifadəyə yararlı ov bıçağı, Təqsirləndirilən şəxs2 isə əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,184 qram və 5,241 qram olmaqla, ümumilikdə külli miqdarda – 10,425 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə 12 iyun 2024-cü il tarixli məhkəmə iclasından sonra məhkəmə tərkibinin 24 iyun 2024-cü il tarixdən etibarən 1 ay müddətinə əmək məzuniyyətinə çıxması səbəbindən növbəti məhkəmə iclası 07 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərkibi əmək məzuniyyətindən qayıtdıqdan sonra keçirilən ilk məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının bəzi müddəaları müzakirəyə çıxarılmış və həmin müddəalar üzrə qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Ali Məhkəmə Plenumunun həmin qərarının 5-ci bəndinin dördüncü abzasına əsasən, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qeyd olunan məsələyə münasibət bildirən Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarında məhkəmə aidiyyəti haqqında müddəaya istinad edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində saxlanıldığını, bununla da cinayət əməlinin həmin anda başa çatdığını, bu səbəbdən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olduğunu bildirdi və işin məhkəmə aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi1 həqiqətən də Ali Məhkəmə Plenumunun həmin qərarında bu cür müddəanın olduğunu, lakin onun və müdafiə etdiyi şəxsin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz etmədiklərini bildirdi, Təqsirləndirilən şəxs1 müdafiəçisinin mövqeyi ilə razı olduğunu qeyd etdi. Müdafiəçi3 cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi, Təqsirləndirilən şəxs2 onun mövqeyi ilə razı olduğunu qeyd etdi. Məhkəmə göstərilən məsələ ilə əlaqədar proses iştirakçılarının fikirlərini dinləyib və iş materiallarını nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi lazım bilir: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamlara görə, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Həmçinin Təqsirləndirilən şəxs1 soyuq silah hesab edilən bir ədəd istifadəyə yararlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 08 avqust 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada onların üzərinə şəxsi axtarış keçirilərkən hər birindən ittihamlarda qeyd olunan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs1 bir ədəd soyuq silah aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 18 sentyabr 2020-ci il tarixli və «Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25 sentyabr 2023-cü il tarixli Qərarlarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın 1-ci bəndində Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında qeyd olunmuş müddəalara uyğun olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədilmiş əməllərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirlərinin gedişində ünvan 4 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxanılmış və həmin andan cinayət başa çatmış hesab edilir. Bununla bağlı həmin əməl üzrə məhkəmə aidiyyəti məsələsi cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1, 74.2.1, 74.2.2, 75 və 321-ci maddərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-1318/2024 nömrəli cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Qərarın surəti cinayət prosesinin iştirakçılarına, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi işlərinə əlavə edilməsi üçün onların saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar