Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1319/2022 01.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri Əliyev Habil Fətulla oğlu və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və Ələkbərov Valeh Həsən oğlunun, müdafiəçi – Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə Məmmədov Vüqar Vaqif oğlu- 28 iyun 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, 8-ci qəsəbə küçəsi, ev 8-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 255-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Məmmədov Vüqar Vaqif oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 213,853 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 1 ünvanına daşımaqla saxlamış, 22 fevral 2022-ci il tarixdə yaşadığı ünvanda həmin narkotik vasitə qurudulmuş marixuanadan 2 büküm, ayrı-ayrılıqda təmiz çəkiləri 0,179 qram və 0,220 qram, ümumi təmiz çəkisi 0,399 qram hissəsini tanışı Kərimov Rahim Maris oğluna satmış, bundan başqa, 24 fevral 2022-ci il tarixdə narkotik vasitə əldə etmək barədə yenidən ona müraciət etmiş Rahim Kərimova yaşadığı ünvanda qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 213,853 qram narkotik vasitə qurudulmuş marixuananın 8,745 qram hissəsini 100 manat pul müqabilində satmış, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 24 fevral 2022-ci il tarixdə saat 16 radələrində Kərimov Rahim Maris oğlu ünvan 2 ünvanının yaxdığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins gödəkçəsinin sağ yan cibindən onun satdığı, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,745 qram, 0.179 qram və 0.220 qram olmaqla ümumi təmiz çəkisi 9,144 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 25 fevral 2022-ci il tarixdə saat 21:02 radələrində Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 4 ünvanına keçirilən baxış zamanı mənzilin qonaq otağında yerləşən divanın altından bir ədəd sellofan torbada 75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 16 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,808 qram, 7,677 qram, 7,893 qram, 7,31 qram, 8,08 qram, 7,596 qram, 8,3 qram, 7,53 qram, 7,81 qram, 8,486 qram, 8,003 qram, 7.78 qram, 8,618 qram, 7,68 qram, 7,41 qram və 5,328 qram olmaqla ümumi təmiz çəkisi 123,309 qram olan narkotik vasitə qurudulmuş marixuana, iki ədəd yarı hissəyə bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,47 qram və 2,37 qram ümumi təmiz çəkisi 4,84 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin ünvanda üzərinə keçirilən baxış zamanı isə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 0,540 qram və bir ədəd kağız bükümdə 1,02 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məmmədov Vüqar Vaqif oğlu özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Hər zamanda marixuanadan istifadə etmişdir. Həmişə şəxsi istifadəsi üçün bir neçə qram narkotik vasitə marixuana almışdır. 2021-ci ilin iyun ayında yas mərasimi ilə əlaqədar İsmayıllı rayonuna getmiş, yasdan çıxarkən taksi ilə avtovağzala getmişdir. Yolda onu aparan yaşlı kişi söhbət əsnasında narkotik vasitə marixuana istifadə etdiyini öyrənmişdir. Bundan sonra həmin kişi idarə etdiyi avtomobildə təxminən 250 qram narkotik vasitə marixuana olduğunu və 370 manata sata biləcəyini bildirmişdir. Onlar razılaşmış və avtovağzalda avtomobildən düşdükdən sonra həmin şəxsə 370 manat pul verərək ondan bir ədəd sellofan torbada narkotik vasitə marixuana almışdır. Həmin sellofanı üzərində saxlayaraq yaşadığı ünvan 4 ünvanına gətirmişdir. Həmin narkotik vasitə marixuananın bir qədərini özü istifadə etmişdir. O, həmin marixuanadan tanışı istifadə etmək üçün 24 fevral 2022-ci il tarixdə Rahim Kərimova pulsuz, heç bir maddi marağı olmadan vermişdir. 25 fevral 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısında olduğu zaman 4 nəfər mülki geyimli şəxs yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Evə baxış keçirmişlər, baxış zamanı evdə özü üçün saxladığı marixunanı təqdim etmişdir. O, heç vaxt narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mehdiyev Pünhan Azər oğlu ifadəsində göstərmişdir ki, Məmmədov Vüqar Vaqif oğlunun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində və yaşadığı ünvanda saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məmmədov Vüqar Vaqif oğlunun müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 24 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupu yaradılmış və Teymurov Mehman Vaqif oğlu qrupun rəhbəri, əməliyyat müvəkkili Abbasov Elsevər Vurğun oğlu, o və təhqiqatçı Haqverdiyev Babək Azər oğlu isə qrupun üzvü təyin edilmişdir. Həmin qərarın icra edilməsi ilə əlaqədar 25 fevral 2022-ci il tarixdə saat 21:02də tədbir iştirakçıları ilə birlikdə Məmmədov Vüqar Vaqif oğlunun yaşadığı ünvan 4 ünvanının qarşısına gəlmişdir. Həmin zaman Məmmədov Vüqar Vaqif oğlu tərəflərindən saxlanılmış və o, səmimi şəkildə yaşadığı ünvanda və üzərində narkotik vasitə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Vüqar Məmmədov üzərinə və yaşadığı ünvana tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. 25 fevral 2022-ci İl tarixdə Vüqar Məmmədovun evinə baxış zamanı yaşadığı mənzilin giriş qapısının üzərində olan açarla həmin mənzilin qonaq otağında yerləşən divanın alt hissəsini qaldıraraq həmin hissədə qoyduğu bir ədəd sellofan torbanı götürüb torbanın içində narkotik vasitə marixuna olduğunu bildirərək həmin sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan torbanın içinə baxış zamanı bir ədəd sellofan torba və həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Vüqar Məmmədovun yaşadığı ünvandan baxış zamanı aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 16 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və iki ədəd yarı hissəyə bölünmüş kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ kağız zərfə qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Vüqar Məmmədovun üzərinə baxış keçirilməsinə başlanılmışdır. Vüqar Məmmədov üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız və 01 ədəd sellofan bükümü, 125 manat pulu, həmin şalvarının sol yan cibindən yaşadığı mənzilin açarını, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Vüqar Məmmədovun üzərinə baxış zamanı aşakar edilmiş bir ədəd sellofan büküm və bir ədəd kağız büküm açılarkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Vüqar Məmmədov baxış zamanı üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı 2021-ci ilin iyun ayında İsmayıllı rayonunda “Avtovağzal” adlanan ərazidə anket məlumatlarını dəqiq bilmədiyi qoca bir kişidən istifadə və satış məqsədi ilə əldə edib üzərində və yaşadığı ünvanda gizlədib saxladığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Vüqar Məmmədov 2-3 gün əvvəl tanışı əslən İmişli rayonunda anadan olmuş, təxminən 40 yaşında olan Kərimov Rahim Maris oğluna əvəzsiz olaraq narkotik vasitə marixuana verdiyini, daha sonra Kərimov Rahim Maris oğluna əlavə olaraq 24 fevral 2022-ci il tarixdə 100 manat pulun müqabilində narkotik vasitə marixuana satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Teymurov Mehman Vaqif oğlu və istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Abbasov Elsəvər Vurğun oğlu da eyni məzmunlu ifadə verərək Pünhan Mehdiyevin göstərdiklərini təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/191 saylı 26 fevral 2022-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6 dairəvi möhür əksi olan, “Məmmədov Vüqar Vaqif oğlunun ünvanından....” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 75.0 qram olan bitki mənşəli kütlə, 16 ədəd tam kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 7.808 qr, 7,677 qr, 7,893 qr, 7.310 qr, 8,08 qr, 7.596 qr, 8,300 qr, 7,530 qr, 7,810 qr, 8,486 qr, 8,003 qr, 7,780 qr, 8,618 qr, 7,680 qr, 7,410 qr, 5,328 qr və 2 ədəd yarı hissəyə bölünmüş kibrit qutusunda hər birinin ayrıayrılıqda təmiz çəkisi 2,470 qr və 2,370 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Üzərində “Məmmədov Vüqar Vaqif oğlunun üzərinə baxış zamanı...” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd şəffaf rəngli sellofan kəsiyində təmiz çəkisi 0,540 qram və 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 1,020 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marxuanaların ümumi çəkisi 204,709 qram olub, tərkiblərinə görə eynidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/186 saylı 25 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Kərimov Rahim Maris oğlunun üzərindən....” yazı və imzalar olan kağız paketdəki 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 8.745 qr, 0.179 qr, 0.220 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 9.144 qramdır. Məmmədov Vüqar Vaqif oğlunun üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş qalıq çəkisi 203.659 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi nəzərə alınmış, Nizami rayon Polis İdarəsinin saxlanc kamerasına verilmiş, iş üzrə təqsirəndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun yaşadığı ünvana keçirilmiş baxış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Məmmədov Vüqar Vaqif oğluna satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixunanı əldə etməyə, saxlamağa, ayrı şəxslərə satmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Amma Məmmədov Vüqar Vaqif oğlunun narkotik vasitə marixunanı təkrarən satması barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə marixuananın yalnız ayrı şəxslərə satması xüsusatı Məmmədov Vüqar Vaqif oğlunun ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. İlkin istintaq mateiallarında və məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, Məmmədov Vüqar Vaqif oğlu sorğu zamanı 22 fevral 2022-ci il tarixdə Kərimov Rahim Maris oğluna 02 bükümdə narkotik vasitə qurudulmuş marixuananı əvəzsiz vermişdir. Bu hal ibtidai istintaq zamanı da tam öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı Məmmədov Vüqar Vaqif oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkib əlamətinin olmaması müəyyən edilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən "narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir” müddəası öz əksini tapmışdır. Həmçinin "Narkotik vasitələrin psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum qərarının 8-ci maddəsinə əsasən "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz.” müddəası öz əksini tapmışdır. Göründüyü kimi Məmmədov Vüqar Vaqif oğlunun 22 fevral 2022-ci il tarixdə Kərimov Rahim Maris oğluna 02 bükümdə narkotik vasitə qurudulmuş marixuananı əvəzsiz verməsi, qazanc əldə etməmək, yaxud digər şəxsi maraq məqsədilə verməməsi öz təsdiqini tapdığından və qanunun tələbinə əsasən satma dedikdə narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməsi müddəasına görə Vüqar Məmmədovun 22 fevral 2022-ci il tarixdə 02 bükümdə narkotik vasitə qurudulmuş marixuananı Rahim Kərimova verməsi satma kimi tövsif olunmamalıdır. Vüqar Məmmədov 22 fevral 2022-ci il tarixdə 02 bükümdə narkotik vasitə qurudulmuş marixuananı Rahim Kərimova verməklə özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olmaq istəməmiş, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmək niyyətində olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitənin təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, Məmmədov Vüqar Vaqif oğlunun satış məqsədi ilə narkotik vasitəni əldə etməsi barədə törətmiş olduğu cinayət əməli məhkəmədə tam təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Xətai rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Məmmədov Vüqar Vaqif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsindən daxil olmuş məktubdan görünür ki, məhkum Məmmədov Vüqar Vaqif oğluna Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşərək 01 il azaldılmış, Məmmədov Vüqar Vaqif oğlunun üzərində çəkilməmiş 01 il 04 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən çəkilməmiş 01 il 04 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutularaq 08 ay 09 gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə besablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Məmmədov Vüqar Vaqif oğlunun üzərində çəkilməmiş 01 il 04 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 08 ay 09 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayətlərə görə məhkumluq nəzərə alınmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxs»in 07 may 2022-ci il tarixli 2311 saylı rəyindən görünür ki, Məmmədov Vüqar Vaqif oğlunda kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş sənədlərdən görünür ki, Məmmədov Vüqar Vaqif oğlu ikinci qrup əlildir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Məmmədov Vüqar Vaqif oğluna ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun ikinci qrup əlil olmasını, əməlindən səmimi peşman olması məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlunun əməllərində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Məmmədov Vüqar Vaqif oğluna ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Məmmədov Vüqar Vaqif oğlu 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Məmmədov Vüqar Vaqif oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsində saxlanılan, təqsirləndirilən şəxs Məmmədov Vüqar Vaqif oğlundan aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 203,659 qram qurudulmuş marixuana məhv edilməlidir. Məmmədov Vüqar Vaqif oğlunun üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Məmmədov Vüqar Vaqif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhər Xətai rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın mədudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 19 (on doquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutularaq 08 (səkkiz) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə qəti olaraq Məmmədov Vüqar Vaqif oğluna 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məmmədov Vüqar Vaqif oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2022-ci il tarixdən hesablansın. Məmmədov Vüqar Vaqif oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məmmədov Vüqar Vaqif oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 203,659 qram qurudulmuş marixuana məhv edilsin. Məmmədov Vüqar Vaqif oğlunun üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk və cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Məmmədov Vüqar Vaqif oğlu isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1319/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1319/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver