Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1319/2023 05.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:30 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqla müəyyən olunmayan mənbədən 11 yanvar 2023-cü il tarixdə bir bükümdə külli miqdarda - təmiz çəkisi 22,816 qram təşkil edən narkotik vasitə olan heroini əldə etməklə üzərində saxlayaraq daşımış, 18 yanvar 2023-cü il tarixdə saat 13:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 22,816 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, anası ilə birlikdə yaşayır, heç yerdə işləmir, dərzi olub pərdə tikməklə məşğul olan anasının qazancı ilə dolanırlar. Özü isə əsasən evdə olur və tanış şəxslər olanda arabir ayıq sürücü kimi gedib avtomobil idarə edir. Atası bir neçə il əvvəl narkotik vasitələrlə bağlı, xatırladığına görə təxminən 2,5 kq tiryəklə həbs olunmuşdur və hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Valideynləri boşanmışlar. Tutulmazdan təxminən üç il əvvəldən narkotik vasitələr qəbul etməyə başlamış, sonra da aludəçisinə çevrilmişdir. Narkomandır, narkomaniya xəstəliyindən əziyyət çəkir. Əsasən heroin istifadə edir. Heroini də kiçik miqdarlarda tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 11 yanvar 2023-cü il tarixdə axşam saatlarında Yasamal ərazisində tanımadığı şəxsdən 25 manata 0,5 qram heroin əldə etmiş və bir qədər istifadə etmişdir. 18 yanvar 2023-ci il tarixdə təxminən günorta vaxtı marketə getmək üçün evdən çıxmış, marketə yaxınlaşanda ona polis əməkdaşları yaxınlaşmış və onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparmışlar. Bölmədə üzərində təxminən 0,5 qrama yaxın heroin olduğunu deyib təqdim etmişdir. Amma polislər onun təqdim etdiyi narkotik vasitənin miqdarını bilmədiyi çəkidə artırmış və həmin miqdarın özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. Deyilən miqdarı üzərinə götürməyəcəyi təqdirdə gedib evlərindən böyük çəkidə – bir kiloqram narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Hədə-qorxu və təsirlərə dözməyib razılaşmış və polislərin tərtib etdikləri sənədləri imzalamışdır. Onun heç bir İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamış, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. İranlı Nikham adlı şəxs barədə ona heç nə məlum deyil, “WhatsApp”la heç kimlə, o cümlədən iranlı ilə yazışmamışdır. Yarım qrama yaxın heroini də Əhmədli ərazisindən götürməmişdir, Yasamalda tanımadığı şəxsdən 25 manata almışdır. İbtidai istintaq zamanı verdiyi izahatını, ifadələrini təsdiq etmir. Onları polis əməkdaşları və müstəntiq öz bildikləri kimi yazmış, o da edilən hədə-qorxuların təsiri altında oxumadan imzalamışdır. İstifadəçi olduğunu, üzərində təxminən yarım qrama yaxın heroin olmasını səmimi etiraf edir və buna görə peşmandır, özünü qismən təqsirli sayır. Ona görə də barəsində əməlinə görə ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilib tədqiq olunmuş ifadəsində 11 yanvar 2023-cü il tarixdə axşam saatlarında 250 manat pul müqabilində bir bükümdə narkotik vasitə aldığını, aldığı narkotik vasitənin bir qədərini istifadə etdiyini, 18 yanvar 2023-cü il tarixdə özünün istifadəsi üçün aldığı narkotik vasitə olan heroini şalvarının sol yan cibinə qoyub yaşadığı evdən çıxdığını, yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslərin yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə apardıqlarını, orada üzərində şəxsi axtarış aparıldığını, aşkar edilmiş narkotik vasitəni 250 manata özünün istifadəsi üçün əldə etdiyini, əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmadığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını göstərmişdir (cild 1, iş vərəqə 46-48, 63-65). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün rəhbərliyə məruzə edilmiş, müvafiq qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində o, qrupun üzvü - baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 27ci Polis Bölməsinə aparmışlar. Bölmədə təhqiqatçı tərəfindən onun, Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 250 manat müqabilində təxminən 7 gün əvvəl özünün şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Onların tərəfindən saxlanarkən və Polis Bölməsinə aparıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiq edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı ilkin əməliyyat məlumatında daxil olmuş satışla bağlı məqam təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin aidiyyəti olması barədə heç bir təsdiqedici məlumat alınmamışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisidir, narkomaniyadan əziyyət çəkir. Özü şəxsən dəqiqləşdirmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə yaşadığı evdən də məhəlləyə, həyətə çox çıxmır, bütün günü əsasən evdə olur və yaşadığı evdə də narkotik vasitə qəbul edir. Sakit və fağır birisi kimi tanınır. Təcrübəyə əsasən bilir ki, adətən narkotik vasitə satan şəxslərin evlərinə müəyyən gediş-gəlişlər müşahidə olunur. Qonşular arasında aparılmış sorğular zamanı da Nurlanın məhz narkotik istifadəçisi kimi tanındığı, evlərinə kənar kimsənin gediş-gəlişinin də müşahidə olunmadığı dəqiqləşdirilmişdir. Öz xidməti fəaliyyəti ilə bağlı Nurlanın hazırda həbsdə olan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cəza almış atasını da tanıyır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, 11 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində İran İslam Respublikası vətəndaşı olan Nikham adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, bunun müqabilində 250 manat pulu Nikhamın dediyi karta göndərdiyini, üç ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, dosttanışları istəyən zaman onlara pay kimi narkotik vasitə verdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-32,107). Məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli 6/314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və sair. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 22,816 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 22,716 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-42). Məhkəmə kompüter-texniki ekspertizasının 24 fevral 2023-cü il tarixli 5/110 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “SM-A107F/DS” modelli “3509xx/xx/663043/9” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.Təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “SM- A107F/DS” modelli mobil smartfona istifadəçisi tərəfindən tətbiq edilmiş “Qrafik açar”la mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlanması üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin "Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “SM-A107F/DS” modelli mobil smartfona istifadəçisi tərəfindən tətbiq edilmiş ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.Təqdim edilmiş mobil smartfonun daxilində olan “Nar” mobil operatoruna məxsus “**********734270345” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir.Beləliklə, təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “SM-A107F/DS” modelli mobil smartfonun daxilindəki “Nar” mobil operatoruna məxsus “**********734270345” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşından (05 ədəd kontakt, 30 ədəd zəng qeydi) məlumatlar müəyyən olundu (cild 1, iş vərəqə 128-132). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 aprel 2023-cü il tarixli 1849 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 133-134). Ambulator məhkəmə psixiatrik ekspertizasının 10 aprel 2023-cü il tarixli 948 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 135-137). Bakı şəhəri Yasamal rayon Polis İdarsinin 27-ci Polis Bölməsinin 25 aprel 2023-cü il tarixli 3-12/1-1824/2023 və 3-12/1-1825/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin mənbəyinin, həmin şəxsdən narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmçinin şəxsiyyəti istintaqa məlum olmayan Nikham adlı şəxsin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 138,139). İbtidai istintaq orqanının 25 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 154-155). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 104). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların əldə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS yazışmalarının mətnlərinin, daxil olan və çıxan zənglərə aid abonentlərin anket məlumatlarının və həmin zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi barədə vəsatətlə, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx"a məxsus hesab kartının balansında 19 yanvar 2023-cü il tarixədək ümumilikdə hansı məbləğdə pul vəsaitinin olmasını, həmin kartın balansından hansı hesablara nə qədər məbləğdə pul köçürmələri və ya ödəmələrinin həyata keçirilməsi, həmin karta kimlər tərəfindən və nə qədər pulların köçürülməsi haqqında məlumatların əldə edilməsi üçün "xxxx" ASC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20 fevral 2023-cü il tarixli qərarları ilə vəsatətlər təmin edilmiş, ibtidai istintaq orqanı tərəfindən həmin qərarlar icra üçün göndərilmişdir. Amma bu istiqamətdə aparılan araşdırma sona çatdırılmamış, müvafiq cavablar alınmamış, tədqiq edilməmişdir. Bu vəziyyətdə ibtidai istintaq orqanı 25 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda “"xxxx" MMC-dən və "xxxx" ASC-dən cavab daxil olan təqdirdə ayrılacaq cinayət işində həmin xüsusatlar araşdırılmalı və əmələ hüquqi qiymət verilməlidir” kimi mövqe ifadə edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı müvafiq sorğuların nəticəsi bəlli olmadan, eləcə də zəruri olan araşdırmanı aparmadan hazırki cinayət işi ilə bağlı əmələ ayrılacaq cinayət işində hüquqi qiymət verilməli olduğunu göstərmiş, ehtimallara və fərziyyələrə əsaslanaraq əməlin törədilməsinin birbaşa təsdiqinə yönəlməyən sübutlara istinad edilməklə, heç bir mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələri ilə ittiham elan etmişdir. Hətta təqsirləndirilən şəxs qismində dindirilərkən tərtib edilmiş protokolun əvvəlində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamdə təsqsirli bildiyi göstərilsə də, ifadənin məzmununda bu əməllərin törədilməsinə, satışla bağlı hər hansı hərəkətin etirafına dəlalət edən heç bir məqam mövcud deyildir. İbtidai istintaq orqanı da təqsirliliklə bağlı mövqe ilə faktiki verilən ifadə arasındakı bu ziddiyyətli vəziyyətlə bağlı hər hansı hüquqi qiymət verilməmiş, hətta təqsirləndirilən şəxsə sual belə ünvanlanmamışdır (cild 1, iş vərəqə 63-65). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs külli miqdarda - təmiz çəkisi 22,816 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitəyə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da məhkəmədə verdikləri ifadələrində birmənalı mövqe ifadə edərək göstərmişlər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, şəxsin barəsində satışla bağlı daxil olmuş ilkin məlumatdakı məqam heç bir halda təsdiqini tapmamışdır. Əməliyyat məlumatını əldə etmiş və sonradan əməliyyat qrupununa rəhbərlik etmiş polis əməkdaşı - Şahid1 ətraflı ifadə verərək Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş hərtərəfli əməliyyat tədbirlərinin nəticəsi olaraq həmin şəxsin yalnız narkotik istifadəçisi olduğunun müəyyənləşdirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarının az olması, habelə polis əməkdaşlarının təzyiqi nəticəsində üstündən çıxmamış, onun olmayan külli miqdarda narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur edilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə bu nəticəyə gələrkən həm də Təqsirləndirilən şəxs saxlamış və şəxsi axtarışında iştirak etmiş polis əməkdaşlarının onun barəsindəki satışla bağlı məlumatların sonradan heç birinin təsdiqini tapmaması, Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi kimi müəyyənləşdirilməsi barədə obyektiv ifadələrini də nəzərə alır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailə vəziyyətini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 73-75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 22,716 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk və 01 ədəd "xxxx"a aid plastik kart cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 163 (bir yüz altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39, 129, 178). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən ) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 22,716 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk və 01 ədəd "xxxx"a aid plastik kart cinayət işinin materiallarında saxlanılsın; - 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 163 (bir yüz altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən ) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1319/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1319/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver