Məhkəmə qərarları › İş №1(101)-1319/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1319/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1319/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımış, bundan başqa qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 14 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Papanin” adlı ərazidə istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,435 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlayaraq daşımış, 14 avqust 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq 7-ci Polis Bölməsinə aparılmış, orada saat 19:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki narıncı rəngli şalvarın qabaq sağ yan cibindən şəffaf sellefona bükülmüş təmiz çəkisi 0,435 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa 06 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədilə qanunsuz olaraq 0,610 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 1,974 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda - 2,557 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı ünvana daşımış, 07 sentyabr 2023-cü il tarixdə saat 12:20-də yaşadığı ünvan 3 ünvanında baş vermiş hadisə ilə əlaqədar alınmış məlumat əsasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı dolabın üzərində olan qara rəngli dəri çantanın içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,610 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,869 qram və 0,105 qram olmaqla ümumi təmiz çəkisi 1,974 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 06 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,475 qram, 0,460 qram, 0,430 qram, 0,410 qram və 0,356 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 2,557 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi, 01 ədəd üzərində metamfetamin izləri olan qara rəngli elektron tərəzi və 02 ədəd içərisində metamfetamin izləri olan şüşə predmetlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin istifadəçisi olmuş, onda asılılıq yaranmışdır. Birinci dəfə “Kubinka”dan narkotik vasitə əldə etmiş, yaşadığı evə yaxınlaşanda polislər onu saxlamışlar. Həmin vaxt onun üstündən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə çıxmışdır. Daha sonra isə yaşadığı evdə iki nəfər dostunun arasında qısqanclıq üstündə mübahisə düşmüşdür. Polislər baş vermiş hadisə ilə əlaqədar evə gəlmiş, evdən istifadə etdiyi narkotik vasitəni aşkar etmişlər. Borca götürdüklərini evdən aşkar olunan dəftərə yazmışdır. Tərəzini isə həm narkotik alanda, həm də istifadə edəndə “peredoz” olmasın deyə çəkisini ölçmək üçün istifadə etmişdir. Gündə 1 qram “kola”, 1 qram “patı” istifadə etmişdir. Evdən çıxan narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, tutulmazdan əvvəl “Bolt”da taksi fəaliyyəti ilə məşğul olmuş, gündə 40, 50, 60 manat pul qazanmışdır. Narkotikə 30-40 manat xərcləmişdir. Birinci dəfə, yəni 14 avqust tarixində təxminən 0,435 qram “kola”nı əldə etmişdir. İkinci dəfə isə 7 sentyabr tarixində evindən aşkar edilmişdir. Evində narkotik vasitənin bir neçə bükümdə aşkar olunmasını onunla izah edir ki, narkotikdən çox istifadə edəndə, “peredoz” olur deyə ayırıb qoymuşdur. Evində olan mübahisəyə görə “102” xidmətinə özü zəng vurmuşdur. Evində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Polislər tərəfindən ona hər hansı təzyiq, təsir olmamışdır. Samir və Orxanla yoldaş kimi münasibəti olmuşdur.Evdə tək yaşamış, həyat yoldaşı və uşaqları rayonda olmuşlar. Tanışı Samirin qalmağa yeri olmamış, o da gecə vaxtı olduğu üçün etiraz etməmişdir. Aytən Samirin tanışı olmuş, sonra Orxan gəlib mübahisə etmişdir. Nisyə götürdüyü narkotikləri dəftərə yazmışdır. Kitab bəzən onda bəzən də başqa adamda qalmış, başqa şəxslərdə qeydlər aparmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər cinayət Məcəlləsinin 221.2.1 -ci maddəsi ilə məhkum olunmuş, 2018-ci ildə azadlığa buraxılmışdır. Uzun müddət taksi sürücüsü kimi işləyib gündəlik tələbatlarını ödəmişdir. 14 avqust 2023cü il tarixdə səhər saatlarında şəxsi istifadəsinə görə narkotik vasitə heroin əldə etmək üçün Nəsimi rayonunda yerləşən “Papanin” adlanan əraziyə getmişdir. Orada tanımadığı bir şəxsdən 15 manat müqabilində bir bükümdə narkotik vasitə heroin əldə etmiş və əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında yaşadığı binanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparmışlar. O da heç bir etiraz etmədən onlarla birlikdə getmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, axtarış prosesinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb narıncı rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 14 avqust 2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar da imzalarla protokolun doğruluğu təsdiq etmişlər. Bundan başqa 07 sentyabr 2023-cü il tarixdə saat 08-09 radələrində yaşadığı ünvanın qapısı döyülmüş, qapını açanda tanışı Orxan içəri daxil olmaq istəmişdir. O da anasının evdə olduğunu və yatdığını bildirmişdir. Orxan ondan Samirin evdə olub-olmadığını soruşmuş, o da Samirin evdə olmadığını demişdir. Daha sonra Aytənin evdə olub-olmadığını soruşmuşdur. O da olmadığını deyəndə Orxan qapını itələyib zorla içəri keçmiş və yataq otağına girmişdir. Orxan içəri daxil olan kimi söyüş söyməyə başlamış və Samirdən Aytənə toxunub-toxunmadığını, aralarında intim əlaqə olub-olmadığını soruşmuşdur. Samir inkar etməyə başalayanda Orxan özü ilə gətirdiyi bıçaqla Samirə xəsarətlər yetirməyə, Aytəni də yumruqla vurmağa başlamışdır. O da qorxduğu üçün onların yanından aralaşıb “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə qısqanclıq zəminində baş vermişdir. Belə ki, 07 sentyabr 2023cü il tarixdə saat gecə 04 radələrində evdə olarkən Aytən onların evinə gəlib, qalmağa yerinin olmadığını bildirmişdir. Aytən Samirin tanışı olduğu üçün onun evə daxil olmasına etiraz etməmişdir. Səhər saat 08-09 radələrində də Orxan gəlmiş və onları bir otaqda gördüyü üçün Samirə bıçaqla xəsarət yetirmişdir. Hadisə zamanı evdə o, Aytən, Samir və Orxan olmuşdur. Mənzildə olan tərəziləri narkotik vasitələrin çəkisi ilə bağlı istifadə etmişdir. Yaşadığı ünvanda da narkotik vasitə olduğunu və könüllü təqdim edə biləcəyini bildirmişdir. Yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları və müdafiəçinin iştirakı ilə yaşadığı mənzilə daxil olmuş və qonaq otağında olan şkafın üzərindəki qara rəngli dəri çantanı açmış, içərisindəki kiçik qara rəngli qabı və 02 ədəd şüşə borucuğu çıxarıb təqdim etmişdir. Baxış zamanı kiçik qutu açılmış və içərisindən 06 ədəd şəffaf sellfona bükülmüş bükümlərdə metamfetamin, 01 ədəd şəffaf sellofanda 2.04 qram heroin, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0.18 qram heroin, 01 ədəd şəffaf sellfona bükülmüş 0.79 qram bitki tərkibli maddə aşkar edilmişdir. Həmin maddələr, şüşə borucuqlar və tərəzilər qablaşdırılmışdır. Həmin narkotik vasitəni “Kubinka” adlanan ərazidən bükümünü 20 manat olmaqla Samir adlı şəxsdən almışdır. O, narkotik vasitələrdən istifadə etsə də, bəzən həmin vasitələri satır. Mənzildə olan dəftərdə narkotik vasitə satdığı şəxslərin adı və ona olan borcları əks olunmuşdur (cild 1, iş vərəqə 321- 324). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 avqust tarixində ona Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşıması, gəzdirilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, həmin məlumatı dərhal rəhbərliyə məruzə etmiş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 14 avqust 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 5 ünvanının qarşısında zahiri görkəminə görə Təqsirləndirilən şəxs oxşayan şəxslə rastlaşmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib, ona yaxınlaşmalarının səbəbi izah edib onu 7-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş nəsə varsa, təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki 01 ədəd bükümdə narkotik vasitə heroini könüllü təqdim etmişdir. 17 sentyabr 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs evində bıçaqlaşma hadisəsinin baş verməsi ilə bağlı yeni məlumat daxil olmuşdur. Onlar ünvana yaxınlaşmış, Orxan adlı şəxsin Samir adlı şəxsi bıçaqlayıb qaçmasını müəyyən etmişlər. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs 7-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs evinə vəkilin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı evindən narkotik vasitələr və elektron tərəzilər aşkar olmuşdur. Bölmədə Təqsirləndirilən şəxs elektron tərəzilərdən narkotik vasitələrin çəkisini hesablamaq üçün istifadə etdiyini etiraf etmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, birinci hadisə ilə bağlı əməliyyat məlumatı ona daxil olmuş, ikinci hadisə ilə bağlı əməliyyat tədbirində isə o, təsadüfən iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini özü etiraf etmiş, səmimi olaraq evində narkotik vasitələrinin olmasını bildirmişdir. Hər iki hadisə zamanı vəkilin iştirakı təmin olunmuşdur. Təqsirləndirilən şəxs özü evində bıçaqlaşma hadisəsi baş verməsi barədə “102” xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 256-258). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki narıncı rəngli şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin olduğunu, bükümü “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 15 manata əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 128-130, 146). Baxış keçirilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına sonuncunun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzilin qonaq otağında şkafın üzərində qara rəngli dəri çantanın içərisində narkotik vasitələrin olduğunu bildirmiş və onları könüllü təqdim etmişdir. Baxış zamanı çantanın içərisindən 02 ədəd şüşə borucuq və 09 ədəd büküm aşkar edilmişdir. Bundan başqa qonaq otağında yerləşən masanın üzərindən 02 ədəd elektron tərəzi və 01 ədəd qeydiyyat kitabçası – bloknot da aşkar edilmişdir. Şüşə borucuqlar və 02 ədəd elektron tərəzilər qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. (iş vərəqə 41-42, 72) Baxış keçirilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd qeydiyyat kitabçasına keçirilmiş baxış zamanı kitabın vərəqlərində əlyazma üsulu ilə müxtəlif şəxslərin adları, müxtəlif rəqəmlər, borc, qalıq, köhnə, təzə, kola, torpaq, daş və digər çoxlu sayda yazıların olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin yazılarda olan müxtəlif şəxslərin hansı miqdarda narkotik vasitə və psixotrop maddə verməsi və bunun müqabilində kimdən nə qədər pul alması, kimin hansı məbləğdə borcunun qalması kimi məlumatları qeyd etdiyini bildirmişdir (cild 1, iş vərəqə 74-78). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №176” dairəvi möhür əksi olan soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,385 qram təşkil etmişdir (cild 1, iş vərəqə 132-136). Məhkəmə-bioloji ekspertizasının 07 sentyabr 2023-cü il 3-16-16/2-7/1259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza...” yazı və imza olan zərfdə 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 0,610 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 0,560 qram təşkil etmişdir (cild 1, iş vərəqə 49-52). Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4756 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs İmza...” yazı və imzalar olan zərfdə, içərisində 1 ədəd sellofan kəsiyi bükümdə və 1 ədəd gümüşü kağız kəsiyi bükümündəki hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,869 qram və 0,105 qram olmaqla, ümumi çəkisi 1,974 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 06 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,426 qram, 0,475 qram, 0,460 qram, 0,430 qram, 0,410 qram və 0,356 qram olmaqla, ümumi çəkisi 2,557 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs İmza” yazı və imzalar olan digər zərfdə 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, 01 ədəd qara rəngli elektron tərəzinin və 2 ədəd içərisində izlər olan şüşə predmetlərin içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və təqdim edilmiş maddələrlə eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqarının sonra heroinin qalıq çəkisi 1,874 qram, metamfetaminin qalıq çəkisi 2,257 qram təşkil etmişdir. (cild 1, iş vərəqə 53-58) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 avqust 2023-cü il tarixli 5276 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 173-175). Ambulator məhkəmə psixiatrik ekspertizasının 06 noyabr 2023-cü il tarixli 3084 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 272-274). Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 21 noyabr 2023-cü il tarixli ********* nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur (cild 1, iş vərəqə 259). İbtidai istintaq orqanının 12 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 296-299). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2011ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqə 177-179, 180-193). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü tam təqsirli bilərək səmimi peşman olmasını, hazırda məhkumluğunun olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 32-33, 219-224). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həm də Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,385 qram təşkil edən heroin, 1,874 qram təşkil edən heroin, 2,257 qram təşkil edən metamfetamin, 0,560 qram təşkil edən qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi və 02 ədəd şüşə predmet məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk və yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd qeydiyyat kitabçası – bloknot cinayət işinin materiallarında saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 223 (iki yüz iyirmi üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 50, 54,133). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 5 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,385 qram təşkil edən heroin, 1,874 qram təşkil edən heroin, 2,257 qram təşkil edən metamfetamin, 0,560 qram təşkil edən qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi və 02 ədəd şüşə predmet məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk və yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd qeydiyyat kitabçası – bloknot cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 223 (iki yüz iyirmi üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar