Məhkəmə qərarları › İş №1(101)-132/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-132/2020

08.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-132/2020 08.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Abasov Əliövsəd Məzahir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, Dövlət ittihamçısı və x2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi Q. Salahov küçəsi ev 17də qeydiyyatla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş , Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 14 yanvar 2019cu il tarixdə saat 03:00 radələrində ünvan 1 ünvanında yerləşən evin qarşısından Zərərçəkmiş şəxs məxsus dəyəri 62000 manat olan «Hidromek HMK 102 B» markalı, 90 H 574 dövlət qeydiyyat nişanlı 5769 m/s (iş saatı) ekskavator yükləyicisini ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o traktorist olaraq çalışıb ailəsin dolandırır. 08 yanvar 2019-cu il tarixdə tanışı Namiq adlı şəxs ondan “Hidromek HMK 102 B” markalı texnika qaçırdıb sonra ona pulla satmağını istəmişdir. O da belə bir texnikanın tapıb qaçıracağını ona söz vermişdir. 14 yanvar 2019-cu il tarixdə gecə saat 03:00 radələrində o Namiqin ondan istədiyi “Hidromek HMK 102 B” markalı texnikanı ünvan 2 ünvanda dayanmış vəziyyətdə görmüşdür. Həmin zaman spirtli içki qəbul etdiyindən sərxoş imiş. Yadına Namiqə verdiyi vəd düşmüş və o, vədinə əməl edərək «Hidromek HMK 102 B» markalı, 90 H 574 dövlət qeydiyyat nişanlı traktora qapısını itələyib açaraq minib sonradan elektrik naqillərin calayaraq traktoru işə salıb yaşadığı ünvan 3 ünvana sürərək gətirmişdir. O heç kimə traktorun oğurluq olduğunu deməmiş və ailədə, eləcədə digər görən adamlara traktoru icarəyə götürdüyünü deyirmiş. Yalnız Namiqə həmin traktorun onun sifariş verdiyi kimi oğurladığını və ona satmağa hazır olduğunu bildirmişdir. Səhəri gün Namiq onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən evinə gəlmişdir. O traktora baxmış, bəyənmiş və traktoru ondan 500 manata alacağına dair vəd vermişdir. Bundan sonra Namiq həmin traktoru onun yaşadığı ünvan 4 ünvanına gətirməyini xahiş etmişdir. O həmin traktoru Namiqin yaşadığı ünvana Namiqlə birgə sürüb gətirmişdir. Namiq ona traktora görə söz verdiyi 500 manatı vermişdir. Sonradan onu Namiq geri Balaxanı qəsəbəsinə öz avtomobili ilə aparmışdır. Üstündən bir gun sonra ona məlum olmuşdur ki, o evdə olmayan zaman evə polislər gəlmiş onu soruşmuşlar. O Namiqin onu ifşa etməsindən şübhələnmiş və ona bu barədə xəbər vermişdir. Namiq onun barəsində heç kəsə bir söz demədiyini və ona Türkan qəsəbəsində görüş verib məsələni müzakirə etməyə çağırmışdır. 21 yanvar 2019-cu il tarixdə saat 19:00 radələrində o Namiqlə Türkan qəsəbəsinə görüşə gəlmişdir. Orada Namiqdən başqa tanımadığı şəxslər də var imiş. Mülki geyimli şəxslər ona özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və onu özləri ilə Xəzər rayon polis idarəsinə dəvət etmişlər. O onların dəvətin qəbul etmiş onlarla birgə Xəzər RPİ 1-ci PŞ-nə gəlmişdir. Polis Şöbəsində o olanları olduğu kimi danışmışdır. Sonradan onu İstintaq Şöbəsinə təhvil vermişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 2018-ci ilin iyun ayında o şəxsi istifadəsi üçün “Hidromek HMK 102 B” markalı 90 H 574 dövlət qeydiyyat nişanlı traktoru almışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 14 yanvar 2019-cu il tarixdə səhər saat 08:00 radələrində məhəllədə saxladığı “Hidromek HMK 102 B” markalı 90 H 574 dövlət qeydiyyat nişanlı traktora baxmaq üçün çıxmışdır. Məhəlləyə çıxdıqda traktoru yerində tapmamışdır. Ona məlum olmuş ki, traktor özgə şəxs tərəfindən qaçırılmışdır. Dərhal DİN-in 102 xidmətinə zəng vurmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə xəbər vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları oun ərizəsini almış və o orada Xəzər RPİ 1-ci PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şəhriyar Əhmədova qaçırılmış traktorun şəklin təqdim etmişdir. O, iş üzrə verdiyi əlavə ifadəsində bildirmişdir ki, oğurluq nəticəsində ona 62.000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən traktorçu kimi tanıyır. 08 yanvar 2019-cu il tarixdə o Ramildən bank girovunda olan “Hidromek HMK 102 B” markalı texnika olsa almaq üçün ona xəbər verməsini istəmişdir. Ramil ona belə bir texnikanın tapacağını söz vermişdir. 15.01.2019-cu il tarixdə ona Ramil belə bir texnikanı tapdığını və onda olduğun demişdir. O isə Ramilin yaşadığı ünvan 3 ünvana getmiş və orada istədiyi ağ rəngli “Hidromek HMK 102 B” markalı traktoru görmüşdür. Ramil ona bildirmişdir ki, həmin traktor bank girovundadır və texnika 20000 manata satılır. O da həmin traktoru 5000 manat ilkin ödəniş olmaqla ayda 1000 manat ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. Ramillə onlar pul məsələsində razılığa gəlmişlər. 16.01.2019-cu il tarixdə Ramil ona traktoru ilkin ödəniş 5000 manat olmaqla ayda 1000 manat oldənişlə cəmi 20000 manata satmağa razı olduğunu bildirmişdir. O da Sabunçu rayonu Balaxanı qəsəbəsinə gələrək Ramillə görüşmüşdür. Ramil ondan 500 manat traktorun sahibinə beh olaraq vermək lazım olduğunu bildirmişdir. O isə səhəri gün həmin 500 manatı Ramilə çatdıracağına dair söz vermişdir. Səhəri gün yəni 17.01.2019-cu il tarixdə o həmin 500 manatı ünvan 3 ünvanda Ramilə vermişdir. Sonradan Ramildən həmin traktoru yaşadığı Türkan qəsəbəsinə sürüb gətirməyi xahiş etmişdir. Ramil onunla birgə həmin traktoru onun yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi, ev 1 ünvanda yerləşən evin məhləsinə sürüb gətirmişdir. 18.01.2019-cu il tarixdə o Şüvəlan qəsəbəsindən “Hidromek HMK 102 B” markalı traktorun oğurlandığı barədə kənddə yayılmış söz-söhbətdən məlumat almışdır. Onun ağlına Ramilin ona satmaq istədiyi traktor gəlmişdir. O dərhal traktor barədə ərazinin əməliyyat müvəkklili olan Şəhriyara xəbər vermişdir. Şəhriyar ona oğurlanmış traktorun şəklin göstərmişdir. O şəkildəki traktorun dəqiq olaraq Ramilin ona satmaq istədiyi traktor olduğun bildirmişdir. O Şəhriyara həmin traktorun yerinin bildiyini və həmin traktorun onun yaşadığı evin məhləsində olduğunu qeyd etmişdir. Şəhriyar iş yoldaşı Həsənlə birgə gəlib sözügedən traktora baxmış və traktorun qaçırılmış olan “Hidromek HMK 102 B” markalı 90 H 574 dövlət qeydiyyat nişanlı traktor olduğunu təsdiqləmişdir. Sonradan o Şəhriyara traktoru kimdən aldığı barədə xəbər vermiş və həmin şəxsin tapılmasında onlara köməklik edə biləcəyini söyləmişdir. 19.01.2019-cu il tarixdə o Şəhriyarla və onun iş yoldaşı Həsənlə Balaxanı qəsəbəsinə getmişlər. Ramili evində tapmamışlar. Həmin günün axşamı Ramil onun yaşadığı Türkan qəsəbəsinə gəlmiş və ona evinə polislərin gəldiyini və onu axtardığını bildirmişdir. Sonradan o ondan 1000 manat pul daha istəmiş və bildirmiş ki, həmin pulu traktorun sahibi istəyir. Üstündə pul olmadığını və Ramildən səhəri günü Türkan qəsəbəsinə gəlməsini istəmişdir. Ramil ondan az aralaşan kimi o bu barədə ərazinin əməliyyat müvəkkili olan Şəhriyara xəbər vermişdir. x5 gəldikdə Ramil artıq onlara məlum olmayan istiqamətə uzaqlaşmışdır. O Şəhriyara səhəri gün yenidən Ramilə görüş verdiyini demişdir. Səhəri gün Ramil Türkana gəlməmişdir. Lakin 21.01.2019-cu il tarixdə Türkanda Ramilə görüş verə bilmişdir. Ramil ora gəlmişdir. Ramil gəlməsini gözlədiyi üçün bu barədə ərazinin əməliyyat müvəkkillərin Şəhriyarla Həsəni ora qabaqcadan çağırmışdır. Orada o ona həmin traktorun oğurluq olduğunu da bildirmişdir. Orada olan Şəhriyar və Həsən adlı polis işçisi Ramili Xəzər RPİ-nin 1-ci PŞ-yə dəvət etmişlər. Şahid ifadəsində həmçinin bildirmişdir ki, onun həmin iş üzrə Təqsirləndirilən şəxs, eləcə də hər hansı bir digər şəxsə qarşı heç bir şikayət, vəsatət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının 05 mart 2019-cu il tarixli, 6042 saylı rəyindən görünür ki, Respublikada yerləşən avtobazalarda mövcüd olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş texniki şəhadətnaməsinə əsasən ağ-qara rəngli texniki şəhadətnaməsinə əasən 2012-ci il buraxışlı, “Hidromek HMK 102 B” markalı, 90 H 574 dövlət qeydiyyat nişanlı 5769 m/s ( iş saatı) ekskavator yükləyicinin yuxarıda qeyd olunan xüsusatları nəzərə alınmaqla hazırkı vəziyyətdə 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 62000,00 manat müəyyən olunur. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsi və himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.01.2019-cu il tarixdən 23.01.2019-cu il tarixədək, həmçinin 13.03.2019-cu il tarixdən 28.05.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün təyin edilmiş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçi x3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün təyin edilmiş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2020-ci il tarixdən hesablansın. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək iltizam" qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbs edilsin. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından x3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Əliövsəd Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar