Məhkəmə qərarları › İş №1(101)-1320/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1320/2022

18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1320/2022 18.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 1995-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, üzərində ödənilməmiş məhkumluğu olan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri, xx xxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29, 177.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29, 177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilirlər. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 yazılı vəsatətlə məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə baxılmasına xitam verilməsini və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi1 yazılı vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən onun hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində toplanmış sübutların həqiqiliyinə ciddi şübhələr var, sözügedən sübutlar əsasında Təqsirləndirilən şəxs1 əməllərinin cinayət əməlləri kimi qiymətləndirilməsi mümkün deyil, bununla bağlı müdafiəçi ibtidai istintaq zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş, xx.xx.2022-ci il tarixdə onun şikayətinə cavab verilərək bildirilmişdir ki, şikayətinə baxılması üçün Bakı şəhər Prokurorluğuna göndərilmiş, halhazıradək müdafiəçi tərəfindən verilmiş şikayət üzrə qərar qəbul edilməmiş, ibtidai istintaqı həyata keçirən orqan isə şikayətin nəticəsini gözləmədən cinayət işinə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmiş, nəticədə isə ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə Müdafiəçi1 tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş yazılı vəsatətdə göstərilmiş dəlilləri araşdırıb, qeyd edilən vəsatətlə bağlı cinayət prosesi tərəflərinin fikirlərini öyrənib və cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb, belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı çoxsaylı kobud qanun pozuntularına yol verildiyindən, nəticədə isə ayrı-ayrılıqda təqsirləndirilən şəxslərin yüksək təminat altına alınmış müdafiə hüquqları pozulduğundan Müdafiəçi1 tərəfindən verilmiş yazılı vəsatət təmin edilməli və aşağıda şərh edilən əsaslara görə qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, eləcə də kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 52-ci maddəsinə əsasən sübut qismində əldə olunmuş və işə əlavə edilmiş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Həmin Məcəllənin 134-cü maddəsinin tələbinə görə qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Cinayət işinin materialları CPM-nin 298.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, 2 (iki) cilddən ibarət olan cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı qəbul edilmiş prosessual qərarlar və həyata keçirilmiş istintaq hərəkətlərinə dair protokollar, o cümlədən təqsirləndirilən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittihamın irəli sürülməsi, bununla əlaqədar tərtib edilmiş prosessual sənədlər, habelə təqsirləndirilən şəxsin dindirilməsi, şahidlərin dindirilməsi, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanması, üzləşdirmə keçirilməsi və sair kimi mühüm sübut əhəmiyyətinə malik olan istintaq hərəkəti protokolları və qərarları (Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaqı aparılmış və xx.xx.2022-ci il tarixdə hazırki cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işinin materialları istisna olmaqla) ümumiyyətlə qeydiyyatdan keçirilməmiş və cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarda göstərilən məsələlərə heç bir hüquqi qiymət verilməmişdir. Bu da qeyd olunan istintaq hərəkətlərinin qanuna müvafiq yerinə yetirilməsi və prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokollara dair ciddi şübhələrin yaranmasına əsas verir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən CPM-nin sübutların əldə edilməsinə dair norması kobud şəkildə və məhkəmə qaydasında aradan qaldırıla bilməyən formada pozulmuşdur. Qeyd edilən hallar isə bilavasitə təqsirləndirilən şəxslərin müdafiə hüququnun kobud şəkildə pozulması hallarını təşkil edir. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə hadisə yeri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair protokol diyircəkli qələmlə yazılmaqla tərtib edilmiş və baxış zamanı 2 (iki) nəfər hal şahidinin həmin prosessual hərəkətdə iştirak etməsi görünür. Lakin qeyd edilən protokolda göstərilmiş hal şahidlərinin imzaları yoxdur. Bu isə o deməkdir ki, xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokol qanunsuzdur və ittihamın qiymətləndirilməsi zamanı mötəbər sübut qismində çıxış edə bilməz. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin Azərbaycan Respublikası DİN-in KTİ-nin rəisi, polis polkovniki Gündüz Sadıxova ünvanladığı xx.xx.2021-ci il tarixli, 059-47176-1221 nömrəli məktubdan görünür ki, yuxarıda qeyd edilən fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı 12 (on iki) ədəd əl izi yoxlanılması üçün götürülmüşdür (Cild 1, iş vərəqəsi 28). Lakin məsələ ondan ibarətdir ki, həmin məktubda Bakı şəhəri Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin imzası olmamaqla yanaşı, hadisə yerinə baxış keçirilməsi barədə protokolda qeyd edilən əl izlərinin götürülməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Bundan başqa, cinayət işinin materiallarında Bakı şəhəri Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin adından tərtib edilmiş, lakin üzərində polis polkovniki Musa Musayevin imzası olmayan çoxlu sayda məktublar var (Cild 1, iş vərəqəsi 26-28). Göstərilənlər ona dəlalət edir ki, həmin məktublar formal olaraq tərtib edilərək işə əlavə edilmişlər və məktubda göstərilmiş məsələlərin həll edilməsinə ümumiyyətlə yönəlməmişlər. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin Azərbaycan Respublikası DİN-in KTİ-nin rəisi, polis polkovniki Gündüz Sadıxova ünvanladığı xx.xx.2021-ci il tarixli, 059-48112-1221 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin təkrar müayinəsi zamanı 2 (iki) ədəd gödəkçə, 2 (iki) ədəd içki qabının başlıq hissəsi və 2 (iki) ədəd əlcək DNT analizinin keçirilməsi və DNT məlumat bankında müqayisəli yoxlanılması üçün götürülmüşdür (Cild 1, iş vərəqə 26-27). Bu məktubda da Bakı şəhəri Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin imzası olmamaqla yanaşı, qeyd edilən 2 (iki) ədəd gödəkçə, 2 (iki) ədəd içki qabının başlıq hissəsi və 2 (iki) ədəd əlcəyin götürülməsi ilə bağlı yuxarıda qeyd edilən hadisə yerinə baxış keçiirlməsi barədə protokolda da hər hansı qeydin aparılması müəyyən edilməmişdir. Ümumiyyətlə iş materiallarında hər hansı hadisə yerinin təkrar müayinəsinin aparılmasını göstərən protokolun olmaması ilə yanaşı, həqiqətən də belə bir prosessual hərəkətin aparılıbaparılmamasını təsdiq edə biləcək hər hansı bir sübut yoxdur. Başqa sözlə, cinayət işinin materiallarına əsasən hadisə yerinin təkrar müayinəsinin aparılması təsdiq olunmur. İş materiallarındakı Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 21/1865a nömrəli arayışından görünür ki, DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd “Bonagua”, 1 (bir) ədəd “Kəhriz” plastik içki qabının başlıq hissəsi və 2 (iki) ədəd əlcək üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir (ən azı iki şəxs) və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. Analiz nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bej rəngli gödəkçə üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır (Cild 1, iş vərəqə 141-142). Göstərilən məsələlər Azərbaycan Respublikası CPM-in 124-125,128-132,138-146-cı maddələrinin tələblərinin kobud şəkildə pozulmasını təşkil etməklə yanaşı, həmçinin iş materiallarında olan ittihamın əsası kimi təqdim edilən sübutlara dair ciddi şübhələr yaradır. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Bundan başqa, məhkəmə hazırki cinayət işi üzrə iş materiallarını məhkəmənin hazırlıq iclasında öyrənərkən iş üzrə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin qeyri-mümkün olmasını müəyyən etmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək oğurluq hadisəsi baş vermiş evdə olmamış, onun oğlu Rəşad isə sonuncu dəfə həmin evdə xx.xx.2021-ci il tarixdə olmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxovun xx.xx.2021-ci il tarixli, 011-11940-1221 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 1 (bir) ədədi xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş X1 əlini böyük, digər 1 (bir) ədədi isə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X2 əlinin adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir (Cild 1, iş vərəqə 138). Buna baxmayaraq, ibtidai istintaq orqanı ümumiyyətlə hadisədən əvvəl evdə kimin (kimlərin) olub-olmamasını aydınlaşdırmamış, habelə X6 və X4 ümumiyyətlə ifadələrini almamış, qeyd edilən şəxslərin sonuncu dəfə həmin evdə nə vaxt olmalarını və bu hissədə iş üçün digər mühüm halları aydınlaşdırmağa cəhb belə etməmişdir. Halbuki obyektiv həqiqəti müəyyən etmək üçün X6 və X4 ifadələri mütləq qaydada alınmalı və qeyd edilən şəxslərin ifadələri toplanmış bütün sübutların məcmusu üzrə qiymətləndirilməli idi. Məsələ ondan ibarətdir ki, hadisə yerində təqsirləndirilən şəxslərə məxsus əl-barmaq izlərinin aşkar edilmədiyi, bunun əksinə olaraq zərərçəkmiş şəxsin övladları olan X6 və X4 əl izlərinin aşkar edildiyi halda, məhkəməyə məlum olmayan səbəblərdən ibtidai istintaq orqanı bu kimi əhəmiyyət kəsb edən halları ümumiyyətlə araşdırmamış, yəni göstərilən məsələlərlə əlaqədar X6 və X4 ifadəsini almamışdır. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Namiq Acalovun həmin idarənin İŞ-nin rəisi, polis polkovnik-leytenantı Müşviq Qubadova ünvanladığı xx.xx.2021-ci il tarixli, 059-48114-174 məktubda yuxarıda qeyd edilən ünvanda oğurluq hadisəsinin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq istintaq hərəkətlərinin aparılması üçün təqdim olunmuşdur. Həmin məktuba qeyd edilən şəxslərə məxsus “Samsung – A30” markalı və “Huavei” markalı mobil telefonlar da təqdim edilmişdir (Cild 1, iş vərəqə 29). Lakin iş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma, dindirmə və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci ildə deyil, xx.xx.2021-ci il tarixdə tutularaq istintaqa cəlb edilmişlər. Təqsirləndirilən şəxslər xx.xx.2021-ci il tarixdə tutulduqları halda, xx.xx.2021-ci il tarixdə onlara məxsus mobil telefonların götürülməsi və işə əlavə edilməsi qanunilik baxımından mümkün və ağlabatan deyil. Belə ki, qeyd edilən mobil telefonların xx.xx.2021-ci il tarixdə götürülməsi faktı öz təsdiqini taparsa, bu hallar cinayət işi üzrə aparılmış prosessual hərəkətlərin, həmin hərəkətlərin nəticələrinə dair tərtib edilmiş protokolların və iş üzrə qəbul edilmiş prosessual qərarların qanuniliyinə bütövlükdə ciddi şübhələr yaradacaq. Bu səbəbdən də təqsirləndirilən şəxslərə məxsus mobil telefonların hansı tarixdə, hansı şəraitdə, kimin tərəfindən və hansı əsaslarla götürülməsi məsələsinə mütləq qaydada ibtidai istintaq zamanı aydınlaşdırılmalı və bu kimi hallara lazımi hüquqi qiymət verilməlidir. Bundan başqa, iş materiallarındakı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli şübhəli şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o, ifadəsində qeyd edilən oğurluq hadisəsini tək törətdiyini bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o, öz ifadəsində qeyd edilən oğurluq hadisəsini törətmədiyini bildirmişdir (Cild 1, iş vərəqə 48-49, 64-66). Eyni zamanda iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, ifadəsi yerində yoxlanılarkən qeyd edilən oğurluğu törətmədiyini bildirmiş və protokolu da imzalamaqdan imtina etmişdir. İbtidai istintaq orqanı isə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda göstərdikləri xüsusatları yoxlamadan və araşdırmadan hər iki şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətmələri nəticəsinə gəlmişdir. Həmçinin həmin protokolda fotoşəkillərin çəkilməsi barədə qeyd aparılsa da, həmin protokolun əlavəsi kimi göstərilmiş fotoşəkillər cinayət işinə əlavə edilməmişdir (Cild 1, iş vərəqə 73-74). Bundan başqa, iş materiallarındakı Təqsirləndirilən şəxs2 sonrakı bütün ifadələrində o, qeyd edilən oğurluq hadisəsini törətmədiyini və şübhəli şəxs qismində ilkin ifadəsi zamanı polis əməkdaşlarının ona təzyiq etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə bütün ifadələrində eyni məzmunlu ifadələr verməklə törədilmiş oğurluq cinayət hadisəsində iştirakının olmamasını və həmin cinayətə aidiyyətinin olmamasını bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə dindirilərkən ittiham olunduğu Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə əlaqadər Zərərçəkmiş şəxs1 borclu olduğu pulun 15.000 ABŞ dolları hissəsini icra sənədini icra edən müvafiq icra məmuruna verdiyini göstərmişdir (Cild 2, iş vərəqə 271). Lakin qeyd edilən xüsusatlar, yəni Təqsirləndirilən şəxs2 tutularkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, işgəncə nəticəsində etirafedici ifadəsinin alınması, Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətməməsi, qeyd edilən cinayətə aidiyyətinin olmaması, habelə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə nisbətdə irəli sürülmüş ittihamla əlaqədar onun 15.000 ABŞ dolları məbləğində pulu müvafiq icra məmuruna verib-verməməsi, verdiyi halda həmin pul vəsaitinin müqəddəratı kimi ciddi məsələlər ibtidai istintaq orqanı tərəfindən ümumiyyətlə araşdırılmamış, eləcə də göstərilən hallara lazımi hüquqi qiymət verilməmişdir. Bu hissədə məhkəmə xüsusilə qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin tutularkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb-qalmamaları, polis əməkdaşları tərəfindən onlara işgəncə verilib-verilməməsi, zorakılıq nəticəsində ilkin etirafedici ifadələrinin alınıb-alınmaması, İstintaq Təcridxanasına qəbul edilərkən xəsarət alıb-almamaları, aldıqları halda həmin xəsarətlərin nədən ibarət olması və kimin tərəfindən yetirilməsi halları, ilkin ifadələri ilə sonraki ifadələri arasında yaranmış ziddiyyətlər ayrı-ayrı prosessual hərəkətlər və müvafiq ekspertizalar (döyülmə, xəsarət və bu qəbildən olan sair hallar) vasitəsilə müəyyən edilməlidir. Eyni zamanda ibtidai istintaqın əvvəlindən təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətmədiklərini iddia etsələr və ibtidai istintaq orqanı tərəfindən onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsi ilə bağlı ittiham irəli sürsə də, Təqsirləndirilən şəxs1 törədilmiş oğurluq cinayətinə aidiyyətinin olması, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında aktiv hərəkətlər etmələrinin nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, Təqsirləndirilən şəxs1 törədilmiş oğurluq cinayətində iştirakının xarakteri və cinayətin törədilməsindəki rolu ümumiyyətlə araşdırılmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070-8885-71-81 mobil telefon nömrəsinin anten məlumatlarını əldə edərək qeyd edilən mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə, saat 22:00-23:00 radələrində oğurluq hadisəsinin baş verdiyi ünvanın yaxınlığında olması və həmin vaxt ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə qarışılıqlı şəkildə zəngləşməsi və danışıq aparmasına istinad edərək onların oğurluq cinayətini birlikdə törətmələri qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamı ibtidai istintaq zamanı bütövlükdə mübahisələndirsələr də, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinin anten məlumatları ilə bağlı heç bir araşdırma aparmamış, yəni oğurluq cinayəti törədilən zaman onun harada olmasını, eləcə də oğurluq hadisəsi baş verən zaman həmin hadisə yerində olmasını müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 oğurluq cinayəti törədilən zaman həmin yerdə olmamasını iddia etdiyi, habelə onun cinayət törədilən yerdə olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, Təqsirləndirilən şəxs1 həqiqətən də hadisə vaxtı orada olmasına və oğurluq cinayətini törətməsinə dair ciddi şübhələr yaradır. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı göstərilən məsələ ilə bağlı nəyinki heç bir araşdırma aparmamış, ümumiyyətlə araşdırma aparmağa cəhd belə etməmiş, əvəzində isə formal mülahizələr əsasında Təqsirləndirilən şəxs1 qarşı ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Bu hissədə sübutetmə yükü - ittiham tərəfi olaraq ibtidai istintaq orqanının üzərinə düşür. Bu səbəbdən də əlavə ibtidai istintaq zamanı ibtidai istintaq orqanı göstərilən məsələləri, yəni Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməsi barədə harada və nə zaman razılıq əldə etməsini, oğurluq cinayəti törədilən zaman anten məlumatları əsasında Təqsirləndirilən şəxs1 hadisə yerində olubolmamasını, sözügedən oğurluq cinayətində iştirak edib-etməməsini, oğurluq cinayətin törədilməsində iştirak etdiyi halda onun rolunun nədən ibarət olmasını və nədə ifadə olunmasını, başqa sözlə, irəli sürülmüş ittihamla bağlı cinayətin obyektiv tərəfini icra edib-etməməsini, etdiyi halda hansı əməlləri törətməsini mütləq qaydada yoxlayaraq mötəbər sübutlar əsasında araşdırmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 177.3.2. və 29, 177.3.2-ci maddəsi ilə qiymətləndirilməsi üçün kifayət etmir. Bundan başqa, iş materiallarındakı xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, X10 və X14 102 zəng xidmətinə zəng edərək özlərinə məxsus “Dodge” markalı, **-RN- *** dövlət qeydiyyat nişanlı avtomobilin “Rent-a-Car” şirkətindən müştəriyə icarəyə verilməsi, həmin müştərinin başqa avtomobillə oğurluq etdikdən sonra səbəbsiz yerə onlara məxsus avtomobilin xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin Ülvi Abdullayev adlı əməkdaşı tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin həyətinə-duracağa aparılması, dəfələrlə müraciət etsə də avtomobili səbəb olmadan geri-qaytarmadığını göstərmişdir. İş materiallarından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müxtəlif avtomobilləri icarə şirkətlərindən icarəyə götürüb idarə etmələri müəyyən olunsa da, qeyd edilən xüsusatlar istintaq orqanı tərəfindən ümumiyyətlə araşdırılmamış, həmin avtomobillərin “GPS” siqnal məlumatları əsasında onların hadisə vaxtı harada olmaları aydınlaşdırılmamışdır. Halbuki qeyd edilən üsullar əsasında təqsirləndirilən şəxslərin oğurluq cinayətinə aidiyyətlarının olub-olmamasını müəyyən etmək mümkün olardı. Bundan başqa, təqsirləndirilən şəxsi və onun hüquqlarının müdafiəçisini cinayət işi materialları ilə tanış etmə haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə 1 (bir) ədəd zubil, 1 (bir) ədəd çəkic və 2 (iki) ədəd seyf də maddi sübut kimi tanış olmaları üçün təqdim edilmişdir. Habelə iş materiallarındakı sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 1 (bir) ədəd zubil, 1 (bir) ədəd çəkic və 2 (iki) ədəd seyf maddi sübut kimi tanınmışdır. Lakin işin maraq doğuran tərəfi odur ki, göstərilən predmetlərin, yəni 1 (bir) ədəd zubilin və 1 (bir) ədəd çəkicin hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülməsi, habelə saxlanılması üçün zərərçəkmiş şəxsə verilməsi cinayət işinə əlavə edilmiş protokoldan görünmür. Yəni 1 (bir) ədəd zubilin və 1 (bir) ədəd çəkicin haradan, nə zaman, kimin tərəfindən götürülməsini cinayət işinin materialları əsasında müəyyən etmək mümkün deyil. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, cinayət işinin materiallarının bu vəziyyətdə olması (müəyyən səhifələrinin nömrələnməməsi, səhifələrin ard-arda düzülməməsi, imzasız sənədlərin olması, iş üzrə ən mühüm halların araşdırılmaması, çoxlu sayda ziddiyyətlər olduğu halda bu ziddiyyətlərə aydınlıq gətirilməməsi və bu qəbildən olan sair hallar bilavasitə ibtidai istintaqın natamam, qüsurlu və keyfiyyətsiz şəkildə aparılmasının göstəricisidir. Məhkəmə bu halları təəssüf hissi ilə qeyd edir. Bundan başqa, cinayət işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün xx.xx.2021-ci il tarixdə yeni müdafiəçinin order təqdim etməklə işə buraxılmasını xahiş etməsinə baxmayaraq, həmin müdafiəçi yalnız uzun müddətdən sonra, yəni 2 (iki) aydan sonra (xx.xx.2022-ci il tarixdə) təqsirləndirilən şəxsə təqdim edilmişdir. Göstərilən bu hal da ibtidai istintaq orqanının kobud səhvi kimi qiymətləndirilməlidir. Bu isə təqsirləndirlən şəxsin müdafiəçi ilə təmin olunması və keyfiyyətli müdafiə hüququnun həyata keçirilməsinə şübhə yaradır. Göründüyü kimi ibtidai istintaq tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının, zəruri sənədlərin və dəlillərin əldə edilməməsinin nəticəsi olaraq, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin üsulu, mexanizmi, motivi və digər mühüm halları qeyri-müəyyən olaraq qalmış və bunun nəticəsində istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinə düzgün olmayan hüquqi qiymət vermişdir. Bu hal ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxslərin təqsirliliyi və əməllərinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanı tərəfindən yol verilmiş kobud qanun pozuntularını təqsirləndirilən şəxslərin müdafiə hüququnun kobud şəkildə pozuntusu və müdafiə hüququna qəsd kimi qiymətləndirir. Başqa nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilmədi. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərinin tövsifində də ibtidai istintaq orqanı tərəfindən ciddi səhvə yol verilmişdir. Əvvəla ittiham aktında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın mahiyyəti aydın və başa düşülən deyil. Belə halda onun müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi də mümkün deyil. Bundan başqa, təqsirləndirilən şəxslərə eyni tarixdə və eyni məkanda oğurluq cinayətinin törədilməsi ilə bağlı ittiham irəli sürülsə də, onların əməllərinin bəziləri başa çatmış cinayət əməli kimi, bəziləri isə başa çatmamış cinayət əməli kimi qiymətləndirilmişdir. Halbuki ittiham aktından görünür ki, oğurluq cinayəti eyni tarixdə və eyni məkanda törədilmiş, bəzi predmetlər gizli şəkildə talanmış, bəzi predmetlərin talanması isə mümkün olmamışdır. Belə olduğu halda ibtidai istintaq orqanı törədilmiş cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini müəyyən etməklə yanaşı, təqsirkar şəxslərin əməllərini də dəqiq şəkildə tövsif etməli idi. Eyni anda və eyni məkanda törədilmiş bir əmələ görə şəxsin eyni əməlini eyni vaxtda həm başa çatmış cinayət əməli üzrə, həm də başa çatmamış cinayət əməli üzrə tövsif edilməsi qanunazidd və əsassızdır. Göründüyü kimi cinayət işinin materialları bütövlükdə şübhə doğurur və məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı qanuni əsaslarla deyil, məhz subyektiv yanaşma və formal mülahizələr əsasında hər iki təqsirləndirilən şəxsə ağır cinayətlərin törədilməsi ilə bağlı qeyrimüəyyən ittiham irəli sürmüşdür. Bundan başqa, cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 92 nömrəli vəkil orderindən görünür ki, həmin order Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq orqanında müdafiə etmək məqsədi ilə verilmişdir. Belə bir vəkil orderinin verilməsi ağlabatandır. Lakin maraqlısı odur ki, Müdafiəçi1 bu order xx.xx.2022-ci il tarixdə verilsə də, ibtidai istintaqı aparan müstəntiq xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müdafiə hüququ ilə sıx bağlı olan bir sıra prosessual hərəkətlər aparmış (yeni müdafiəçinin işə buraxılması, digər müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi, təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi ilə bağlı ərizəsinin alınması, təqsirləndirilən şəxslərin arasında üzləşdirmə keçirilməsi və sair), bununla da kobud qanun pozuntusuna yol vermişdir (Cild 1, iş vərəqə 174-188). Mübahisəsiz məsələdir ki, xx.xx.2022-ci il tarixdə vəkil orderini almış müdafiəçi xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1lə bağlı prosessual hərəkətlərdə iştirak edə bilməzdi. Göstərilən müdafiəçinin həmin tarixlərdə prosessual hərəkətlərdə iştirak etməsi isə qanuni və əsaslı sayıla bilməz. İbtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularını daha çox sadalamaq mümkündür. Lakin yuxarıda sadalanmış və mahiyyəti izah olunmuş pozuntular həmin pozuntuların kobud qanun pozuntusu kimi qiymətləndirilməsi üçün kifayətdir və bütün bunların nəticəsində məhkəmə hesab edir ki, belə bir qüsurlu və natamam aparılmış cinayət işinə məhkəmədə obyektiv baxılması, eləcə də məhkəmə araşdırması zamanı göstərilən şübhələrin, ziddiyyətlərin və qeyrimüəyyənliklərin aradan qaldırılması da mümkün deyil. Məhkəmənin hazırlıq iclasında müdafiəçi tərəfindən verilmiş yazılı vəsatətə gəldikdə isə, məhkəmə hesab edir ki, vəsatətdə göstərilən dəlillər yuxarıda göstərilən qanun pozuntularını tam şəkildə ehtiva edir və bu səbəbdən də hazırki qərarda göstərilmiş məsələlərə əlavə ibtidai istintaq zamanı qiymət verildiyi halda vəsatətdə göstərilmiş dəlillərə də aydınlıq gətiriləcək. Bundan başqa, əlavə ibtidai istintaq zamanı müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilən məsələyə də aydınlıq gətirilməli, yəni müdafiəçinin yuxarı prokuror nəzarəti qaydasında verdiyi şikayətin nəticəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Bundan başqa, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X9 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Adolf Avstriyaya qarşı” iş üzrə 26 mart 1982-ci il tarixli qərarında göstərmişdir ki, “cinayət ittihamı”nın anlayışının üzv dövlətlərin milli hüquq sistemlərindəki təsnifatlardan asılı olmayan müstəqil mənası var. Ümumiyyətlə, Avropa Məhkəməsinin mövqeyinə görə “ittiham” anlayışına Konvensiyanın mənasında baxılmalıdır. Bundan başqa, məlum olduğu kimi, cinayət qanunvericiliyinə əsasən, cinayətin törədilməsi üsulu ictimai təhlükəli əməli törədərkən təqsirkarın istifadə etdiyi yanaşma qaydaları və metodlarıdır. Əməlin törədilməsində seçilən üsul onun məzmunu konkretləşdirməyə imkan verir. Buna görə də cinayətin obyektiv cəhətinin bu elementini xarakterizə edən əlamətlər qüvvədə olan cinayət qanunvericiliyinin xeyli tərkiblərinə daxil edilmişdir. Qanunverici orqan müəyyən hallarda cinayətin edilmə üsulunu xarakterizə edən əlamətləri tərkibə daxil etməklə cinayət sayılan əməlləri cinayət sayılmayan əməllərdən, eləcə də oxşar cinayətləri bir-birindən fərqləndirir, habelə müəyyən növ əməllərə görə məsuliyyətin daha ədalətli diferensiasiyasına nail olunur. CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, şərh olunanlar kobud qanun pozuntularıdır və buna görə də Müdafiəçi1 tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş yazılı vəsatəti bu qərarda göstərilən hüquqi məsələlər və əsaslar kontekstində təmin edilməli və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı pozulmuş müdafiə hüquqları mümkün qədər bərpa olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və təqsirləndirilən şəxslərin həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti uzadılmalıdır. İnsan hüquqları üzrə Avroma Məhkəməsi “Smirnova Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski, barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski, şəxsin ictimai qaydanı pozması riski və şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərə kifayət qədər ağır cinayətləri törətməkdə təqsirləndirilmələrini, onların azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298- 300, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

1. Müdafiəçi1 tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş yazılı vəsatət təmin edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılsın.

4. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar