Məhkəmə qərarları › İş №1(101)-1321/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1321/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1321/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların qanuni nümayənəsi Qanuni nümayəndə, psixoloq-mütəxəssis X4, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli qərarı İlə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 150.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etməyə cəhd etmiş və təkrar aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Ə.Bağırov küçəsi nömrəsiz fərdi evin qarşısında onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs qonşusu xx xxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmək məqsədi ilə azyaşlı olduğundan özünü müdafiə edə və müqavimət göstərə bilməyən Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə etməklə sol qolundan tutub ona sol mil-bilək oynağının sıyrığı və sol baldırın qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək müqavimətini qırıb zorla yaşadığı evin qarşısında küçədə yerləşən hamam otağına dartıb aparan zaman qonşusu Şahid2 onun hərəkətlərini görüb azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətini başa düşdüyünü dərk edərək artıq ifşa olunduğundan Zərərçəkmiş şəxs2 əlindən buraxmaq məcburiyyətində qalıb və Şahid2 buna dərhal müdaxilə edərək Zərərçəkmiş şəxs2 qorumaq üçün öz yaşadığı evinə apardığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətini başa çatdıra bilməyərək aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törətməklə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 30 may 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 nömrəsiz fərdi evin qarşısında seksual xarakterli zorakılıq hərəkətlər etmək məqsədi ilə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs, qonşusu 02 noyabr 2011-ci il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 yanına çağıraraq qolundan bərk tutub hüəyətin aşağı tərəfinə heç kim olmayan yerə apararaq, özü yerə oturub qolundan və bədənindən tutaraq azyaşlı olduğundan özünü müdafiə edə və müqavimət göstərə bilməyən Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə fiziki güc tətbiq etməklə zorla qucağına otuzdurub arxasını öz qabağına basıb sıxaraq, sol əli ilə bədənindən tutub sağ əli ilə isə şalvarının qabağını açıb əlini Qanuni nümayəndə şalvarının və alt paltarının içərisinə salaraq arxa 1 yan hissəsini ovxalayıb tumarlayaraq etdiyi seksual xarakterli zorakılıq hərəkətləri ilə kifayətlənməyərək onunla qeyri təbi yolla cinsi əlaqədə olmaq arzusunda olduğunu bildirərək təkrarən aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törətməklə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər ailəsi ilə birlikdə rayonda yaşamış, Bakıya işlə bağlı gəlmişdır. Bir il yarım əvvəl hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış uşaqların atası İlkinin anasının işlədiyi kafedə sonuncunun onu təhqir etməsinə görə aralarında mübahisə olmuş, mübahisə nəticəsində İlkinə pivə bakalı ilə xəsarətlər yetirmiş, həmin xəsarətlərin aradan qaldırılması üçün maddi cəhətdən İlkinə köməklik göstərmiş, əlavə olaraq ondan şikayət etməməsi üçün pul verməsi səbəbindən barəsində hər hansı cinayət işi açılmamışdır. İlkin baş verən hadisədən bir ay öncə ondan qaldığı ərazini tərk etməsini tələb etmiş, sonuncu İlkinə getməyəcəyini bildirdikdə İlkin onun başına oyun açacağını bildirmişdir. Hadisə günü İlkin yenidən qaldığı ərazini tərk etməyini istədikdə sonuncu ona rədd olmasını bildirmiş, bir-iki saat gəzdikdən sonra yaşadığı evə gəlmişdir. Evində birlikdə yaşadığı şəxs polis əməkdaşlarının sonuncunu axtardığını, həmçinin mobil telefonunun da İlkinin anası tərəfindən götürüldüyünü bildirmişdir. Sonuncu 12-ci Polis Bölməsinə getmiş, orada polis əməkdaşları tərəfindən iki gün saxlanılmışdır. Baş verən hadisə ilə bağlı hər hansı bir təqsiri yoxdur, uşaqlar atası tərəfindən ona qarşı ifadə verməyə məcbur edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, yay aylarında səhər saatlarında balaca bacısı Zəhra tək qorxduğu üçün onunla birlikdə qonşuya kömək etmək məqsədilə gedən qardaşları Samiri çağırmaq üçün getməyi təklif etmişdir. Samiri çağırmağa gedərkən təqsirləndirilən şəxs onun sol qolundan tutaraq hamam istiqamətində aparmaq istəmiş, lakin ətrafdan kömək istəyən zaman qardaşı və Rəsmiyyə xanım onun səsinə gələrək təqsirləndirilən şəxsin əlindən onu almışdırlar. Rəsmiyyə xanıma təqsirləndirilən şəxs guya onun tualetə getmək istədiyini bildirsə də o sonuncuya təqsirləndirilən şəxsin yalan danışdığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, qonşuları Rəsmiyyə xanımgildə olarkən ev isti olduğu üçün həyətə çıxmış, təqsirləndirilən şəxs onu çağıraraq sözünün olduğunu bildirmiş, qolundan tutaraq heç kimin olmadığı yerə aparmış, onu öz üzərində otuzdurmuş, bədənindən tutaraq müqavimət göstərmək imkanlarının qarşısını almış, ona “Əminin balası bunu heç kim bilməyəcək” sözlərini söyləyərək onun şalvarının düyməsini açıb əlini arxa nahiyyəsinə vurmuşdur. Rəsmiyyə xanımın qızı Nəcibə onu çağırdıqda təqsirləndirilən şəxs bu hadisəni heç kimə deməməsini, atasının bu hadisəni biləcəyi təqdirdə mübahisə yaranacağını bildirmişdir. Həmin gündə təqsirləndirilən şəxs həmçinin onun bacısını hamama salmaq istəyərkən onu təqsirləndirilən şəxsin əlindən almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, Kəmalla əvvəllər aralarında mübahisə olmuş, kafedə pivə içərkən Kəmal onu pivə bakalı ilə vurmuş və hadisə yerində qoyub qaçmışdır. Lakin hər ikisi içkili olduğu üçün Kəmaldan şikayətçi olmamışdır. İşdə olarkən ona arvadının vəziyyətinin pis olduğu və evə gəlməli olduğu bildirilmiş, arvadının vəziyyətinin pis olmasına səbəb balaca qızının itməsi nəticəsində arvadının həyəcanlanması olmuşdur. Qızı tapıldıqdan sonra arvadını təcili tibbi yardımla xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən dayısı oğluna zəng edərək hesab kartını xəstəxanaya gətirməsini bildirmişdir. Dayısı oğlu xəstəxanaya gələn zaman ona Kəmalın 3-4 dəfə qapılarına gəldiyini demişdir. Evə gəldikdən sonra oğlu ona bacısına çölə çıxmamasını bildirməsini xahiş etmişdir. Bunun səbəbini oğlundan soruşduqda o, Kəmal əminin tez-tez gəlib bacısını çağırıb çölə apardığını bildirmişdir. Kəmala uşaqlarını çölə çağırmamasını, çağırdığı təqdirdə onu didərgin salacağını bildirmişdir. Kəmalın içkili vəziyyətdə Məryəmin qolundan tutub ayaqyoluna aparmaq istəməsini, ona “gəl babanın yanına” deməsini sonradan Kəmalın Samiri də özü ilə aparmasını eşitmişdir. Bunları eşitdikdən sonra uşaqlarla danışmadan Kəmalın üzərinə gələrək onunla dalaşmış, lakin ətrafdakı insanlar onları ayırmış, daha sonra bu barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Kəmal onun qonşusu olmuşdur. Axşam radələrində uşaq səsi eşitmiş və səsin gəldiyi istiqamətə getmişdir. Həmin anda Kəmalın Zərərçəkmiş şəxs2 əlindən tutub özünə tərəf dartdığını görmüş, Kəmal onu gördükdən sonra uşağı buraxmışdır. Kəmalın özünü idarə edə bilmədiyinə görə içkili olduğunu güman etmişdir. Kəmal Məryəmin qolundan tutub aparmaq istəmişdir. Kəmala uşaqla nə işi olduğunu soruşduqda Kəmal cavab olaraq uşağın babasının olduğunu və burada heç nə olmadığını bildirmişdir. Məryəm Kəmalın onu məcburi şəkildə hamam otağına aparmaq istədiyini bildirmişdir. Daha sonra Kəmal Samiri yanına çağıraraq evlərin arasında boş sahəyə aparmışdır. Daha sonra Samirin gec gəldiyindən şübhələnmiş və qızı Nəcibəni Samirin arxasınca getməsi üçün göndərmişdir. Bütün bunlara baxmayaraq Samir yenə də onların yanına gəlməmişdir. Nəcibə Samirə atasının onu çağırdığını dedikdən sonra Samir yanlarına gəlmişdir. Samir onlara Kəmalın onun şalvarını aşağı endirdiyini və hədələdiyini demiş, həmin anda hətta Samirin rəngi də ağarmışdır. Uşaqlar baş verən hadisə haqqında atalarına məlumat vermişlər. Zərərçəkmiş şəxslərin ailəsini heç kəslə problemi olmayan, sakit ailə olaraq tanımışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 30 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri hesab olunan yer Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsinə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilməmişdir. ( cild 1, iş vərəqi 6-9). 3 iyun 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol mil-bilək oynağı nahiyəsinin sıyrığı və sol baldır nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 30 may 2023-cü il tarixinə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.Lokalizasiyasma və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(cild 2, iş vərəqi 118-119). 5 iyun 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol mil-bilək oynağının sıyrığı və sol baldırın qançırı müəyyən edilmişdir. Bu xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 7-9 gün əvvələ yəni, 30 may 2023-cü il tarixə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmişdir.Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqəda olmanı göstərən əlamətlər aşkar olunmamışdır. Zərərçəkmiş şəxs2 qəbizlikdən əziyyət çəkmir və bununla bağlı hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik qurluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir( cild 2, iş vərəqi 123-125). 5 iyun 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 02 noyabr 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi, arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər, anal dəlik və onun ətrafında hər hansı bir xəsarət, xəsarət izi aşkar olunmamışdır ( cild 2, iş vərəq 127-128). 5 iyun 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilmədi. Təqsirləndirilən şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi(cild 2, iş vərəqi 130-132). 5 iyun 2023-cü il tarixli Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Məhkəmə-psixoloji ekspertizası rəyinin motivləşdirici hissəsi ilə onun idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir.Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə olaraq cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəliyin qeyd olunmaması, törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməməsi, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olması, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malik olması barədə nəticəyə gəlinmişdir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.Məhkəmə-psixoloji ekspertizası yekun hissə olaraq Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması, gerilik əlamətləri aşkar edilməməsi, öz hərəkətlərini idarə etmək iqtidarında olması, inadkarlıq, söz götürməmək, əsəbilik, hövsələsizlik kimi fərdi- psixi xüsusiyyətlərə malik olması, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyilliliyin müəyyən edilməməsi, ona ittiham olunan əməl zamanı fizioloji affekt vəziyyətində, şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmaması barədə nəticəyə gəlinmişdir ( cild 2, iş vərəqi 134-137). 20 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi cəhətdən normal inkişaf etmişdir. Fəallıq, ünsiyyətçillik, adaptivlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Qeyd edilən xüsusiyyətlərin ona qarşı hüquqazidd hərəkətlər edilərkən müsbət təzahürü istisna edilmir. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri ilə əlaqədar onunla edilən hərəkətlərin xarakter və mənasını tam həcmdə anlamaq qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətlər zamanı və həmin hərəkətlərdən birbaşa sonra psixi-emosional halında qorxu hissi yaranmışdır. Qeyd edilmiş hadisədən əvvəl Zərərçəkmiş şəxs2 psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs2 yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 hadisə zamanı ekstremal psixi vəziyyət yaranmamışdır. Zərərçəkmiş şəxs2 hadisə zamanı psixi-emosional halında qorxu hissi yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Belə ki, qeyd edilən halın yaranması Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi.Zərərçəkmiş şəxs2 psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini öz yaş xüsusiyyətlərinə uyğun səviyyədə dərk edə və davranışının mümkün nəticələrini görə bilər.Zərərçəkmiş şəxs2 başqalarının təsiri altında yalan danışmağa meyillilik əlamətləri müşahidə edilmədi ( cild 2, iş vərəqi 170-172). 20 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi cəhətdən normal inkişaf etmişdir. Ünsiyyətçillik, adaptivlik, cəsurluq, özünü müdafiə etməkdə çətinlik çəkməmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Qeyd edilən xüsusiyyətlərin ona qarşı hüquqazidd hərəkətlər edilərkən müsbət təzahürü istisna edilmir. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı psixi-emosional həyəcan yaranmışdır. Hadisədən əvvəl və hadisədən sonra Zərərçəkmiş şəxs1 psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs1 yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 hadisə zamanı ekstremal psixi vəziyyət yaranmamışdır. Hadisə zamanı psixi-emosional halında həyacan yaranmış, həmin halm yaranması situasiya ilə şərtləşmişdir. Qeyd edilən halın yaranması Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilməmiş, psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi. Onda başqalarının təsiri altında yalan danışmağa meyillilik əlamətləri müşahidə edilməmişdir (cild 2, iş vərəqi 173- 175). Cinayət işi materiallarına əlavə edilmiş 17 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Fətullazadə X1 Vilayəti Karasuksi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 avqust 2008-ci ildə X5 rayon Məhkəməsinin 20 avqust 2008-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən 1 il 4 ay 2 gün vaxtından əvvəl şərti azad olunmuşdur.(cild 1 iş vərəqi 156-157). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, zərərçəmiş şəxs və onun qanuni nümayəndəsinin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 150.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən baş çatdıra bilməməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 münasibətdə yol verdiyi əməlləri başa çatmış cinayətdir. Təsnifata görə həmin əməllər xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 150.3.3 və 150.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 29, 150.3.3-cü maddəsi ilə, habelə həmin Məcəllənin 150.3.3-cü maddəsi ilə ayrı-ayrılıqda cəza təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılması yolu ilə sonuncuya qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 1 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 1 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 106- 111). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 1 iyun 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 150.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsi ilə 15 (on beş) il azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 150.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəzaların qismən toplanılması yolu ilə ona qəti olaraq 17 ( on yeddi il ) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 1 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar