Məhkəmə qərarları › İş №1(101)-1322/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1322/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1322/2021 02.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad rayonunun Ocaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, mühafizəçi işləmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 avqust 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluqları ödənilmiş, Cəlilabad rayonunun Ocaqlı kəndində qeydiyyatda olan, faktiki Abşeron rayonunun Hökməli qəsəbəsində yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki o, 15 mart 2021-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsindəki 77 saylı evin 44-cü mənzilinin mətbəx hissəsində Zərərçəkmiş şəxs bacısı Şahid1 yaşadığı mənzilə gəlmə səbəbini müəyyənləşdirərkən baş vermiş mübahisə zamanı üzərində gətirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya hemorragik şok, qaraciyər arteriyasının və aşağı boş venanın zədələmələri və qaraciyərin dəlib keçən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şahid1 onun doğma bacısıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, barəsində eşitməmişdir. 15 mart 2021-ci il tarixdə saat 09 radələrində işdən çıxaraq evə getmişdir. Evdə istirahət etdiyi zaman saat 15 radələrində bacısının həyat yoldaşı Cavid ona zəng edərək yaşadıqları mənzildə bacısını tanımadığı kişi ilə birlikdə evdə tutduğunu bildirmişdir. Bunu eşidən kimi evdə olan özünə məxsus bıçağı götürərək bacısının yaşadığı Nərimanov rayonundakı mənzilə getmişdir. İçəriyə daxil olduğu zaman orada qardaşı Vüsal, bacısı Fəridə, yeznəsi Cavid və tanımadığı bir şəxs olmuşdur. O, qəzəbli şəkildə məsələni aydınlaşdırmaq məqsədi ilə bacısının üstünə doğru getmiş, amma qohumları araya girib ona yaxınlaşmasına imkan verməmişlər. Ona görə də dönüb həmin tanımadığı şəxsə doğru getmişdir. Çox qəzəbli və həyəcanlı vəziyyətdə adını sonradan bildiyi Zahirin qarın hissəsinə bir dəfə bıçaqla vurmuşdur. O anda qardaşı Vüsal onun əlindən bıçağı alıb yerə atmışdır. Sanki birdən özünə gəlmiş və vəziyyətin yaxşı olmadığını görərək qohumlarından Zahiri xəstəxanaya çatdırmalarını xahiş etmiş, özü isə mənzildə qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Törətdiyi əməldən çox peşmandır. Hadisədən sonra Zahirlə barışmışdır, sonuncu onu bağışlamışdır. Zahirə müalicəsi ilə bağlı bütün lazımi köməkliyi də göstərmişlər. Zərərçəkmiş şəxsin hal-hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də bütün bu halların, habelə himayəsində körpə uşağının olmasının nəzərə alınıb ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1 ilə onun həyat yoldaşı Şölənin aralarında dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs, Şahid2, Şahid5 və Şahid3 əvvəldən tanımamışdır. 14 mart 2021-ci il tarixdə Şölə Fəridəyə zəng edərək X5 “Necə kamil namaz qılaq?” kitabını onun vasitəsilə səhəri gün hədiyyə olaraq Fəridəyə göndərəcəyini bildirmişdir. 15 mart 2021-ci il tarixdə saat 15 radələrində Fəridə evdə olanda o, həmin kitabı Fəridəyə aparmışdır. Həmin vaxtı Fəridənin həyat yoldaşı Cavid evə gəlmişdir. Fəridə Cavidin məsələni səhv başa düşəcəyindən qorxub, ondan qabları və bankaları saxladıqları yerə keçməyini istəmişdir ki, həyat yoldaşı evə keçdikdən sonra çıxıb gedər. O, əvvəlcə belə bir şey etmək istəməsə də, Fəridə təkid etdiyindən məcbur olub razılaşaraq, saxlanc yerinə keçib oranın qapısını bağlamışdır. Daha sonra isə Cavid saxlanc yerinin qapısını açaraq ondan orada nə etdiyini soruşmuşdur. O isə ailəyə yaxın adam olmağını bildirmişdir. Cavid ondan mənzilə keçərək gözləməyini istəmişdir. Cavidə onun Fəridə üçün kitab gətirməsini deməklərinə baxmayaraq Cavid buna inanmayaraq qayınlarına və qardaşına zəng edərək ora gəlmələrini istəmişdir. Təxminən 25 dəqiqə sonra Fəridənin qardaşı Vüsal evə gəlmiş və nə baş verdiyini soruşduqda Fəridə hadisəni olduğu kimi Vüsala deyərək onun sadəcə Fəridə üçün həyat yoldaşının göndərdiyi kitabı gətirdiyini bildirmişdir. Həmin vaxtı Vüsal Şöləyə zəng edərək Şölə ilə danışıb Fəridəyə kitab göndərib-göndərmədiyini soruşmuşdur. Şölə isə kitab göndərdiyini bildirmişdir. Bundan sonra isə Fəridənin balaca qardaşı Saday mənzilə daxil olmuş, Saday ilk olaraq Fəridəyə doğru gəlmək istədiyi zaman Vüsal və X7 hər hansı xəsarət yetirə biləcəyindən qorxub Sadayı saxlamışlar. Bu zaman Saday geriyə çəkilib onun üzərinə gedərək, əlindəki bıçaqla onun qarın hissəsinə bir dəfə bıçaqla vurmuşdur. Vurduqdan sonra Saday onu dərhal xəstəxanaya aparmaqlarını orada olanlara bildirmişdir. Fəridə və Vüsal onu xəstəxanaya aparmaq məqsədi ilə qapının qarşısına çıxartdıqları zaman Cavidin qardaşı Kamal gələrək onu xəstəxanaya aparmışdır. Halhazırda Sadayla barışmış və onu bağışlamışdır. Müalicəsi ilə bağlı lazımi köməklik də göstərilmişdir. Bu səbəbdən Sadaya qarşı heç bir şikayət və ya tələbi yoxdur. Ona görə də Sadaya cəza təyin edərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs əvvəldən tanımamış, Zahirin həyat yoldaşı ilə aralarında dostluq münasibətləri olmuşdur. 14 mart 2021-ci il tarixdə Şölə xanım ona zəng edərək X5 “Necə kamil namaz qılaq?” kitabını hayat yoldaşı Zahirin vasitəsilə ona hədiyyə olaraq göndərəcəyini bildirmişdir. 15 mart 2021-ci il tarixdə saat 15 radələrində evdə olarkən Zahir ona həmin kitabı gətirmişdir. Həmin vaxtı həyat yoldaşı Cavid evə gəlmişdir. O, Cavidin məsələni səhv başa düşəcəyindən qorxub, Zahirdən qablar və bankaları saxladıqları yerə keçməsini istəmişdir ki, həyat yoldaşı evə keçdikdən sonra çıxıb gedər. Zahir oraya keçmişdir. Həyat yoldaşı Zahiri görüb və onun evdə gözləməyini istəmişdir. Onlar həyat yoldaşına Zahirin kitab gətirməyini demələrinə baxmayaraq Cavid buna inanmayıb qardaşlarına zəng edərək onlara gəlmələrini istəmişdir. Təxminən 30 dəqiqə sonra böyük qardaşı Vüsal yaşadıqları mənzilə gəlmiş və ondan nə baş verdiyini soruşduqda o, hadisəni olduğu kimi Vüsala deyərək Zahirin sadəcə onun üçün həyat yoldaşı Şölə xanımın göndərdiyi kitabı gətirdiyini bildirmişdir. Həmin vaxtı Vüsal Şöləyə zəng edərək Şölə ilə danışıb ona kitab göndəribgöndərmədiyini soruşmuşdur. Şölə isə kitab göndərdiyini bildirmişdir. Bundan sonra isə balaca qardaşı Saday mənzilə daxil olmuş, Saday ilk olaraq ona doğru getmək istədiyi zaman Vüsal və Cavid Sadayın ona hər hansı xəsarət yetirə biləcəyindən qorxub Sadayı saxlamışlar. Bu zaman Saday geriyə çəkilib Zahirin üzərinə gedərək, üzərində olan bıçaqla Zahirin qarın hissəsinə bir dəfə bıçaqla vurmuşdur. Həmin zaman Vüsal Sadayın əlindən bıçağı alıb yerə atmışdır. Bu zaman Saday Zahiri xəstəxanaya aparmaqlarını xahiş etmişdir. O və Vüsal Zahiri xətəxanaya aparmaq məqsədi ilə qapının qarşısına çıxdıqları zaman Cavidin qardaşı Kamal gəlmişdir. Zahiri Kamalla yola salmışlar. Sonra o və Vüsal xəstəxanaya getmişlər. Saday və Cavid evdə qalıb polisin gəlməsini gözləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Şahid1 onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs isə əvvəldən tanımamışdır. 15 mart 2021-ci il tarixdə saat 15 radələrində işdən çıxaraq yaşadıqları ünvan 1 ünvana getmişdir. Binanın blokunda mənzilə doğru gedərkən səs eşitmişdir. Eşitdiyi səsin qabları və bankaları saxladıqları yerin qapısının səsi olduğunu bilib, kiminsə ora keçə biləcəyindən şübhələnərək saxlanc yerinə gedərək oranın qapısını açmışdır. Qapını açdıqda adını sonradan bildiyi Zahiri görmüşdür. O, Zahirdən kim olduğunu soruşduqda ailəyə yaxın adam olmasını bildirmişdir. Zahiri yaşadığı mənzilə dəvət edib mənzildə gözləməyini istəmişdir. Bundan sonra o, qayınları Vüsal və Sadaya zəng edərək bacılarının tanımadığı kişi ilə birlikdə olduğunu və həmin kişinin də hal-hazırda evdə olmağını bildirmişdir. Bundan başqa o, qardaşı Kamala da zəng edərək onlara gəlməsini istəmişdir. Təxminən 30 dəqiqə sonra böyük qaynı Vüsal yaşadıqları mənzilə gəlmişdir. Vüsal ilk olaraq məsələni aydınlaşdırmaq məqsədi ilə Fəridənin yanına gedib Fəridə ilə söhbət etmişdir. Vüsal Fəridədən həmin şəxsin nə səbəbdən burada olduğunu soruşduqda Fəridə Zahirin həyat yoldaşı Şölə xanımın dini kitab göndərdiyini, Zahirin də kitabı gətirməyini bildirərək Vüsalı buna inandırmışdır. Vüsal Şöləyə zəng edərək Fəridəyə kitab göndərib-göndərmədiyini soruşmuşdur. Lakin, Şölə xanımın Vüsala nə deməyi onun yadında qalmamışdır. Bundan sonra isə mənzilə Kamal ardıyca da Saday daxil olmuşdur. Saday ilk olaraq Fəridəyə doğru getmək istədiyi zaman o və X8 hər-hansı bir xəsarət yetirə biləcəyindən qorxub Sadayı saxlamışlar. Bu zaman Saday geriyə çəkilib Zahirin üzərinə gedərək, üzərində olan bıçaqla Zahirin qarın hissəsinə bir dəfə bıçaqla vurmuşdur. Həmin zaman Vüsal Sadayın əlindən bıçağı alıb yerə atmışdır. Saday Zahiri xəstəxanaya aparmaqlarını xahiş etmişdir. X11 xəstəxanaya aparmış, sonra Vüsal və Fəridə Kamalın arxasıyca getmişdir. O və Saday isə evdə qalıb polisin gəlməsini gözləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 15 mart 2021-ci il tarixdə saat 15 radələrində o, “Binə” ticarət mərkəzində olduğu zaman bacısı Fəridənin həyat yoldaşı Cavid ona zəng edərək yaşadıqları mənzildə bacısını tanımadığı kişi ilə birlikdə evdə tutduğunu bildirmişdir. Ona görə də bacısının yaşadığı ünvana gəlmişdir. İçəriyə daxil olduğu zaman orada bacısı Fəridə, həyat yoldaşı Cavid və tanımadığı bir şəxs olmuşdur. O, ilk olaraq məsələni aydınlaşdırmaq məqsədi ilə bacısının yanına gedib onunla söhbət etmişdir. O, bacısından həmin şəxsin nə səbəbdən burada olduğunu soruşduqda, bacısı ona Zahirin həyat yoldaşı Şölə xanımın dini kitab göndərdiyini bildirmişdir. Həmin vaxt o, Şöləyə zəng edərək onunla danışıb Fəridəyə kitab göndərib-göndərmədiyini soruşmuşdur. Şölə isə kitab göndərdiyini bildirmişdir. Daha sonra mənzilə qardaşı Saday daxil olmuşdur. Çünki, Cavid bu barədə qardaşı Sadaya zəng edərək bildirmişdir. O, yolda olduğu zaman qardaşı Sadayla danışıb ondan təmkinli olmasını istəmişdir. Saday bacısının üzərinə getmək istədiyi zaman o və Cavid Sadayın bacısına hər hansı xəsarət yetirə biləcəyindən qorxub Sadayı saxlamışlar. Bu zaman Saday geriyə çəkilib Zahirin üzərinə gedərək, üzərində olan bıçaqla Zahirin qarın hissəsinə bir dəfə bıçaqla vurmuşdur. Həmin zaman o, Sadayın əlindən bıçağı alıb yerə atmışdır. Bu zaman Saday Zahiri xəstəxanaya aparmaqlarını xahiş etmişdir. O və bacısı Zahiri xətəxanaya aparmaq məqsədi ilə qapının qarşısına çıxdıqları zaman Cavidin qardaşı Kamal gəlmişdir. Zahiri Kamalla yola salmışdır. Sonra Kamalın arxasıyca getmişdir. Saday və Cavid isə evdə qalıb polisin gəlməsini gözləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Şahid5 onun qardaşıdır. 15 mart 2021-ci il tarixdə saat 15 radələrində o, yaşadığı mənzildə olarkən qardaşı ona zəng edərək tez yaşadıqları mənzilə gəlməyini istəmişdir. O, qardaşıgilin evinə gəlib içəriyə daxil olanda orada Cavid, Fəridə, Vüsal və Zahir olmuşdur. Ondan təxminən 2-3 dəqiqə sonra mənzilə Saday daxil olmuşdur. Həmin zaman o, qonaq otağında olan kresloda əyləşmişdir. O, Sadayın Zahiri vurmasını görməmiş, hər şey ani olaraq baş vermişdir. Zahir yaralı vəziyyətdə mətbəxdən çıxmışdır. Bu zaman Saday Zahiri xəstəxanaya aparmaqlarını xahiş etmişdir. O, Zahiri yaxınlıqda yerləşən “Medical Plaza”ya aparmışdır. Fəridə onunla birlikdə xəstəxanaya gəlmiş, daha sonra isə Vüsal gəlmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Şahid1 ilə isə aralarında dostluq münasibətləri vardır. 14.03.2021-ci il tarixdə o, Fəridəyə zəng edərək X5 “Necə kamil namaz qılaq?” kitabını həyat yoldaşı Zahirlə sabah hədiyə olaraq göndərəcəyini bildirmişdir. 15.03.2021-ci il tarixdə həyat yoldaşı Zahir Fəridə evdə olduğu zaman həmin kitabı Fəridəyə aparmışdır. Təxminən saat 16 radələrində adı sonradan ona məlum olan Vüsal zəng edərək Fəridənin qardaşı olmasını və ondan da Fəridəni tanıyıb-tanımadığını soruşmuşdur. O, Fəridəni tanıdığını və aralarında dostluq münasibətlərinin olmasını bildirmişdir. Bundan başqa Vüsal ondan Fəridəyə kitab göndərib-göndərmədiyini də soruşmuşdur. O isə Fəridəyə X5 kitabını həyat yoldaşı Zahirlə göndərməyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Fəridənin qardaşı Saday məsələni səhv başa düşüb Zahiri vuraraq ağır xəsarət yetirmişdir (cild 1, iş vərəqə 133- 135). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Baxış keçirilməsi haqqında 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 77, 44 saylı mənzilə baxış keçirilmiş, qapının qarşısında qan ləkələri aşkar edilmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 3-11). Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi küt, digər tərəfi kəsici xassəyə malik olan bıçağı könüllü olaraq təqdim etmişdir. Həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bıçağa baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi küt, digər tərəfi kəsici xassəyə malikdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 15-16). İfadənin yerində yoxlanılması haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki baş vermə hallarını və yerini əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 55-56). Geyim əşyalarının götürülməsi və baxış keçirilməsi haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus və məlum hadisə zamanı onun əynində olmuş 1 ədəd ağ rəngli uzunqol kişi köynəyi və 1 ədəd kişi maykası 3 nömrəli şəhər klinik xəstəxanasından götürülmüş və geyim əşyalarına baxış keçirilmişdir. Paltarlara baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd ağ rəngli uzunqol kişi köynəyi və 1 ədəd kişi maykasının üzərində qan ləkələri mövcuddur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 60-62). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 16 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 131-132). Məhkəmə-tibbi ekspertizasının 08 aprel 2021-ci il tarixli 207 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - hemorragik şok, qaraciyər arteriyasının və aşağı boş venanın zədələmələri və qaraciyərin dəlib keçən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, o cümlədən ekspertizaya təqdim olunan bıçağın və bu tipli digər bıçaqların təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 15 mart 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 136- 138). Məhkəmə-psixiatrik ekspertizasının 09 aprel 2021-ci il tarixli 752 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 159-161). Məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 may 2021-ci il tarixli 236-2021/MTBŞ saylı rəyindən görünür ki: - ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti ülgücü, iti ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir; - Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş köynəyin və maykanın ön səthinin sağ yarısının orta hissəsində aşkar olunmuş bir ədəd zədə, onun bədəni üzərində olan qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür; - zərbə endirilən anda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər. Zərbə ən azı bir dəfə olmaqla, öndən arxaya doğru endirilmişdir; - müvafiq elmi-metodiki vasitə olmadığına görə, endirilmiş zərbənin gücü barədə fikir söyləmək mümkün deyildir (cild 1, iş vərəqə 163-167). Məhkəmə-ballistik ekspertrizasının 27 may 2021-ci il tarixli 3/894 saylı saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən düzəlişlər edilməmişdir (cild 1, iş vərəqə 168-170). Məhkəmə-tibbi bioloji ekspertizasının 27 may 2021-ci il tarixli 329/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta /İİ/-dir (təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək və mayka üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup gösəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 172-175). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin 17 avqust 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qərarı ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 iyul 2008-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 112-115, 140-142, 153-156, 157-158). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 30-32, 103-104). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 01 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus və hadisə zamanı onun əynində olan geyim əşyaları məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 169, 236). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 01 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus və hadisə zamanı onun əynində olan geyim əşyaları məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar