Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1323/2021 21.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Dövlət ittihamçısı, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 95, mənzil 27-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə, saat 17:30 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında sonuncunun onu söyüb-təhqir etməsi və borclu olduğu pulu verməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən qəsdən 2 dəfə vuraraq sonuncuya daxili qanitirmə, qaraciyərin və mədənin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən bir ədəd, qarnın yan divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarət yetirərək, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zeynal ilə normal münasibətləri olmuş və Zeynal ilə birlikdə müxtəlif yerlərdə fəhlə işləmişlər. Belə ki, birlikdə binaların damlarına tol vururmuşlar. 11 mart 2021-ci il tarixdə o, Zeynala zəng vuraraq işlədiyi həmin günün pulunu ondan istəmişdir. Zeynal verməli olduğu 20 manat pulun 10 manatını ona vermiş, qalan 10 manatı isə həmin gün axşam verəcəyini bildirmişdir. Zeynalla telefonla danışarkən Zeynal onu telefonda nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Həmin günü saat 17:30 radələrində o, piyada Zeynalgilin məhəlləsindən keçərkən taksi sürücüsü kimi tanıdığı İsmayılın idarə etdiyi «Opel» markalı taksi avtomobilinin küçədə dayandığını görüb ona yaxınlaşıb, avtomobilin qabağ sağ oturacağında İsmayılın yanında oturmuş və İsmayıldan kimi gözlədiyini soruşmuşdur. İsmayıl isə ona Zeynalı gözlədiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Zeynal piyada onlara tərəf gələrək onun ünvanını kobud ifadələr işlədib şəxsiyyətini alçaltmış və avtomobildən düşməyini tələb etmişdir. O, Zeynalın kobud hərəkətlərinə əsəbiləşib, evdən təmir işləri ilə əlaqədar götürdüyü və həmin vaxtı gödəkçəsinin cibində olan bıçağı çıxarıb Zeynalın qarın nahiyyəsindən 2 dəfə bıçaqla vurmuşdur. Sonra İsmayıldan xahiş etmişdir ki, Zeynalı xəstəxanaya aparsın, özü isə qorxduğundan oradan çıxıb evə getmişdir. Sonradan hadisə ilə əlaqədar polis işçilərinin onu axtardığını bildiyindən 13 mart 2021-ci il tarixdə özü könüllü olaraq Xəzər RPİ-nin 3-cü PB-nə getmiş, cinayətdə istifadə etdiyi bıçağı da polisə təqdim edərək etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Hazırda da törətmiş olduğu əməlindən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, müxtəlif binaların damlarına tol vurmaqla məşğul olur və Samir də onun yanında fəhlə işləyirmiş. O, Samirə işlədikləri sonuncu işə görə 20 manat pul verməli olmuşdur. Lakin üstündə pul az olduğundan 10 manat Samirə vermiş, 10 manatını isə borclu qalmış və axşam verəcəyini bildirmişdir. Həmin gün evə gec gəldiyindən Samirlə görüşüb ona pulu verə bilməyib, fikirləşib ki, səhər yəni 11 mart 2021-ci il tarixdə Samirlə görüşəndə onun 10 manatını verər. Həmin günü Samirlə görüşməmiş və günorta saatlarında Samir onu bir neçə dəfə mobil telefonla yığmış, o, isə yatmış olduğundan Samirin zənginə cavab verməmişdir. Aradan bir qədər keçmiş Samir yenidən ona zəng vurarkən o, zəngin səsinə yuxudan oyanıb, Samirə cavab vermişdir. Samir isə əsəbindən onu telefonda söymüşdür. O da Samirə söyüş söyməməyi və sonra danışacaqlarını bildirimişdir. Həmin gün saat 17 radələrində taksi sürücüsü kimi tanıdığı İsmayıl ona zəng vuraraq məhlədə olduğunu bildirmişdir. O da küçəyə çıxıb İsmayılın idarə etdiyi «Opel Astra» markalı avtomobilə yaxınlaşmış, həmin vaxtı İsmayılın sükan arxasında, yanında isə Samirin oturduğunu görmüşdür. O, Samir əyləşən tərəfdən avtomobilə yaxınlaşaraq qabaq sağ qapını açıb, Samirə nə üçün telefonda onu söydüyünü bildirmişdir. Həmin vaxt Samir də avtomobildən yerə düşüb və sözlə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı onun xəbəri olmadan Samir əlində olan bıçaq ilə onun qarnından və sağ böyründən vurmuş və oradan uzaqlaşmışdır. İsmayıl isə onu idarə etdiyi avtomobilə qoyaraq 3 saylı Şəhər Xəstəxanasına aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərdi ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə saat 17 radələrində o, əvvəldən tanıdığı Zeynala borclu olduğu pulu qaytarmaq məqsədilə zəng vuraraq danışmış və Zeynal ona bildirmişdir ki, «bizim məhəlləyə gəl oralarda bir yerdə görüşərik, həmdə çay içərik». O da idarə etdiyi «Opel» markalı avtomobilə minib Zeynalın yaşadığı məhəlləyə getmişdir. Məhəllədə dayanıb Zeynalı gözləyən zaman tanıdığı Samir oradan keçərkən onu görüb, yaxınlaşmış, sonra avtomobilin qabaq oturacağında onun yanında oturmuşdur. O, Samirlə söhbət edərkən aradan biraz keçmiş Zeynal onlara tərəf gəlmişdir və avtomobilə qabaq sağ tərəfdən, yəni Samir oturan tərəfdən yaxınlaşaraq qabaq qapını açıb, Samirə bildirmişdir ki, «sən niyə məni telefonda söyürdün, düş maşından keç arxa oturacaqda otur». Samir də avtomobildən yerə düşmüş və Zeynalla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar əvvəlcə sözlə mübahisə etmişlər, daha sonra isə Samir əsəbiləşib cibindən çıxartdığı bıçaqla Zeynalın qarın nahiyyəsindən vurmuşdur. O dərhal avtomobilindən düşərək onlara tərəf keçmiş, həmin vaxtı Samir Zeynalın xəsarət aldığını görüb, ondan Zeynalı xəstəxanaya aparmasını xahiş etmiş, özü isə qorxusundan qaçıb getmişdir. Bundan sonra, o, Zeynalı avtomobilinə otuzdurub xəsətəxanaya aparmışdır. Məhkəmədə elan edilərək tədqiq olunmuş 13 mart 2021-ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bıçaqla 11 mart 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2021-ci il tarixli, 249 saylı rəyindən görünür ki: 1. 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – daxili qanitirmə, qaraciyərin və mədənin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 01 ədəd; qarnın yan divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 11.03.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər; 2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi-krimininalistik və məhkəmə-kriminalistik ekspertizasının 30 aprel 2021-ci il tarixli, 206-MTKŞ/2021 saylı rəyindən görünür ki: 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində zədə aşkar edilmədi; 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - daxili qanitirmə, qaraciyərin və mədənin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 01 ədəd; qarnın yan divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yaraları Zərərçəkmiş şəxs köynək və maykasında öz əksini tapmamışdır. Bu da çox güman ki, zədənin yetirildiyi anda köynək və maykanın yuxarı qalxması və ya yerinin dəyişməsi ilə izah oluna bilər; 3. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 05 may 2021-ci il tarixli, 262/2021 MTBŞ saylı rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/; 2. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin keserosurətinə əsasən); 3. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, betə /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər; 4. Təqdim olunan bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdə tutulmuş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 13.03.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Xəzər rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd köynək və 01 ədəd mayka təsərrüfat təyinatını itirdiyindən məhv edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafəçi X2 240 (iki yüz qırx) manat miqdarında pul, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Xəzər rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd köynək və 01 ədəd mayka məhv edilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafəçi X2 240 (iki yüz qırx) manat miqdarında pul miqdarında pul, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1323/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1323/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver