Məhkəmə qərarları › İş №1(101)-1325/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1325/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1325/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, 16 fevral 2022-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3,565 qram olan, psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin CAŞ-in və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 33 ünvanda yerləşən “Ağ Çiçəyim” gül dükanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-yə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram olan ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, həmin Məcəllənin 234.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə aludəçisidir, pulu olanda müxtəlif yerlərdən və üzdən tanıdığı şəxslərdən narkotik vasitə alıb qəbul edir. 16 fevral 2022-ci il tarixdə, saat 00:20-də Yasamal rayonu Alatava deyilən yerdə təsadüfən üzdən tanıdığı şəxsdən 50 manata bir büküm şəffaf selofanda “Patı” kimi bildiyi metamfetamin psixotrop maddə alıb gödəkcəsinin sağ yan cibinə qoymuş və Q.Qarayev metrostansiyası tərəfə gəzmək üçün gəlmişdir. Həmin gün təxminən saat 03:50 radələrində yaşadığı evə Nizami rayonu, Q.Qarayev prospekti ilə yolun kənarı ilə piyada qayıdarkən, “Ağ Çiçəyim” gül dükanının qarşısından keçən zaman mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu Nizami RPİ-yə dəvət etmişlər. Nizami RPİ-yə gəlmiş, xidməti otaqların birində üzərinə baxış keçirələcəyi və video çəkilişdən istifadə olunacağı izah edilmişdir. Heç bir etirazının olmadığını bildirmiş, hüquq və vəzifələri izah olunmuş, üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunuqda, qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan “Patı” kimi bildiyi metamfetamini polis əməkdaşlarına təqdim etmiş və Yasamal rayonu, Alatava deyilən ərazidə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqdim etdiyi maddəyə baxış keçirilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, ondan götürülmüş maddəni öz istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2022-ci il tarixdə, saat 03:50-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 33 ünvanda yerləşən “AğÇiçəyim” gül dükanının qarşısında saxlanılaraq Nizami RPİ-yə gətirilmişdir. Nizami RPİ-də müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülü narkotik vasitə olan “Patı” kimi tanıdığı maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni Yasamal rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata aldığınıbildirmidir. Götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş maddə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış aparılmasına dair müvafiq protokol tərtib olunmuş və şəxsi axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 16 fevral 2022-ci il tarixli 6/946 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (1-ci cild iş vərəqi 40-44). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 01 aprel 2022-ci il tarixli 1533 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 109-110). İşdə olan 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 3,515 qram metamfetamin Nizami RPİnin MSK-na təhvil verilmişdir (1-ci cild iş vərəqi 129-130). İşdə olan 16 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən şəffav sellofana bükülü 1 ədəd narkotik vasitə sayılan “Patı” kimi tanıdığı maddəni təqdim etmiş, təqdim etdiyi narkotik vasitəni Yasamal rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir (1-ci cild iş vərəqi 30-31). İşdə olan 16 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə videogörüntünün qeydə alındığı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 fevral 2022-ci il tarixdə Nizami RPİ-nin təhqiqat şöbəsində yerləşən xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində “Patı” (psixotrop maddə metamfetamin) olduğunu, həmin gün Yasamal rayonu, Alatava deyilən ərazidə 50 manata tanımadığı şəxsdən aldığını bildirmişdir (1-ci cild iş vərəqi 58). İşdə olan 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 129-130). İşdə olan 18 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, 1-ci Alatava, 22Q ünvanda yerləşən evinə keçirilərkən iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə yaşayış evinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (1-ci cild iş vərəqi 88-92). İşdə olan "xxxx" MMC-nin 08 iyun 2022-ci il tarixli, 8645/22 saylı məktubundan görünür ki, (055) ***-**-** saylı nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır (1-ci cild iş vərəqi 116). İşdə olan 25 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi, satması və üzərində gəzdirməsi barədə məlumatlar daxil olmuşdur. Lakin, onun narkotik vasitə və psixotrop maddələri kimlərə satması və əldə etdiyi mənbə barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. 16 fevral 2022-ci il tarixdə saat 03:50 radələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsi və ya şəxsləri görən hər hansı şahidlərin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində (055) ***-**-** saylı mobil nömrənin olması müəyyən edilmiş və onun başqa hər hansı cinayətdə iştirakının olması müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 102). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 28 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 107-108). İşdə olan şübhəli şəxs qismində tutulma haqqında 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 25-26). İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 75-78). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdar təşkil edən 3,565 qram psixotrop maddə metamfetamini sonuncunun məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, 23 aprel 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilsə də, qanunsuz dövriyyənin nədən ibarət olması nədər ibarət olması konkret göstərilməmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni öz istifadəsi üçün əldə etdiyini, narkomaniya xəstəliyindən opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromundan əziyyət çəkməsini bildirmiş; əməliyyat tədbiri zamanı üzərindən aşkar edilmiş psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 01 aprel 2022-ci il tarixli 1533 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etirafı olmamış, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxsn üzərindən akşar edilmiş psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmaması, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır; aşkar edilmiş psixotrop maddə metamfetamin 3,565 qram olmaqla 1 bükümdə olmuş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq psixotrop maddəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, ümumiyyətlə nə ibtidai istintaq zamanı və nə də məhkəmə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Belə ki, Təqsirləndirilən şəxs 3,565 qram psixotrop maddə metamfetamini məhs satış məqsədilə əldə etməsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 3,565 qram psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin psixotrop maddənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 3,565 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin CAŞ-in və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 33 ünvanda yerləşən “Ağ Çiçəyim” gül dükanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Vüsal Manafova narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,565 qram olsa da, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən cəmi 1,565 qram çox metamfetaminin yalnız miqdarı, onun psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki təqsirləndirilən şəxs X2 həbs müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 16 fevral 2022-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon polis idarəsində saxlanılan 3,515 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntülərin köçürüldüyü bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 3,515 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntülərin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar