Məhkəmə qərarları › İş №1(101)-1325/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1325/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1325/2023 09.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan «Vüsal» adlı şəxsdən satış məqəsədi ilə qanunsuz olaraq 3 (üç) ədəd kağız bükümündə ayrıayrılıqda təmiz çəkiləri külli miqdarda 3,046 qram, 3,370 qram, 3,024 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 9,440 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroin əldə edərək üzərində saxlamaqla daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi və həmin idarənin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin 3 (üç) ədəd kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 3,046 qram, 3,370 qram, 3,024 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 9,440 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli həmin narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, həmin ittihamda göstərilən saxlanılma şəraiti, yeri və vaxtı doğrudur. 12 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilərkən 0,3 qram çəkidə 02 bükümdə “kakos”, yəni heroin, 02 bükümdə çəkilə bilinməyəcək dərəcədə cüzi miqdarda “şüşə”, yəni metamfetamin və 01 bükümdə limon duzu olmaqla, ümumilikdə 05 bükümdə narkotik vasitə aşkarlanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləsə də, yalnız aşkarlanmış narkotik vasitənin çəkisi ilə razı deyil. Onun üzərində 0,3 qram çəkidə heroin olmasına baxmayaraq, təxminən 9 qram heroini satış məqsədilə əldə edib saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürülmüşdür. O, narkotik vasitələrdən istifadə etsə də, həmin vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, cəzaçəkmə müəssisəsindən 5-6 ay əvvəl çıxdığına görə yeni əldə etdiyi "xxxx" MMC-yə məxsus mobil nömrə ilə dostları ilə əlaqə saxlayıb bəzən dostlarına pay kimi narkotik vasitə vermiş, pul müqabilində satmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində Vüsal adlı şəxsdən 23 manata 05 ədəd kağız bükümdə narkotik vasitə olan heroin və metamfetamin alıb istifadə etmək üçün üzərində saxlamış, həmin gün Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində olarkən polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Həmin bölmədə şəxsiyyəti müəyyən olunub hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaların təqdim edilməsi təklif olunduğundan, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 05 ədəd kağız bükümləri təqdim edərək həmin bükümlərdən 03 bükümdə narkotik vasitə olan heroin və 02 bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, aşkarlananlar 1 ədəd zərfə qoyulub qablaşdırıldıqdan sonra möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış o, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupunun tərkibində 12 sentyabr 2022-ci il tarixdə saat 12-13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğundan, üzərində şəxsi axtarış aparılması zərurəti yarandığına görə 31-ci Polis Bölməsinə dəvət etdikdə, Təqsirləndirilən şəxs razılaşmış, həmin bölmədə hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs könüllü olaraq cins şalvarının sağ cibindən 5 büküm, sol cibindən isə mobil telefon çıxardaraq həmin bükümlərin heroin və metamfetamin olduğunu dediyindən, Təqsirləndirilən şəxs üzərində aşkarlananlar zərfə qoyulub möhürləndikdən sonra ekspertiza keçirilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 məhkəmədə verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 12:20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Vahid Xəlilov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, “Cavid” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” qərar, əmr və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməliyyat müvəkkiləri Şahid1, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-9) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(010)-627/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı geri qaytarılmışdır. (Cild 2, iş vərəqə 13-14) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 12:20 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 14; 29) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins materiallı şalvarının sağ yan cibindən 05 ədəd ağ rəngli kağıza bükülmüş maddəni təqdim etdikdən sonra həmin bükümlərdən 03 ədədinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan maddə-heroin və 02 ədədinin içərisində isə ağ rəngli kristal şəkilli, spesifik iyə malik olan maddə-metamfetamin olduğunu bildirmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılaraq, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 nömrəli möhürü ilə möhürlənmiş, habelə şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Nokia 1200” markalı mobil telefonu təqdim etmişdir. (Cild 1, iş vərəqə 31; 34-35; 60) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/5138 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,046 qram, 3,370 qram, 3,024 qram olmaqla, ümumi təmiz çəkisi 9,440 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,161 qram, 0,250 qram olmaqla, ümumi təmiz çəkisi 0,411 qram ağ rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 9,440 qram olmuş, 0,150 qram tədqiqata sərf edildikdən sonra 9,290 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 49-50) xx.xx.2022-ci il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 63-64) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 66-67) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-532/2022 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(010)-10/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 31 yanvar 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 83-85; 161-165) xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş içərisində ***-***-**-** saylı mobil nömrə olan “Nokia 1200” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. (Cild 1, iş vərəqə 90-91) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 9276 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 103) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-413/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-413/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə 113; 114-122) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 üzrə xx.xx.2022-ci il tarixli, 7658 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 125-126) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (Cild 1, iş vərəqə 205-213) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-133/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 249-252) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, həmin mobil operatora məxsus olan ***-***-**-** saylı mobil nömrənin qərarda göstərilən müddət ərzində mövcud olan zənglər və sms siyahısına, sms mətnlərinə, əhatə dairəsinə və hazırki abunəçilərə dair məlumat disk şəklində təqdim edilmişdir. (Cild 2, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, “CD” diskin SMS-lər olan faylına baxış zamanı iş üçün zəruri əhəmiyyət kəsb edən bir sıra mesajlar aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə və mobil nömrədən müxtəlif şəxslərə “qaqaş gözləyirəm də səni, səhərə yaxundu heç nə olmuyanda işə gedə bilmirəm qalırım sonra pis vəziyyətdə düzələn kimi qardaşımsan xəbər elə” məzmununda, “vay vay vay ....dedim yəqin çox gec atmaz deyə bir dənə qramın bir dənə yarımın pulunu götürmüşəm indi də pulları qaytarmağa əlim gəlmir” məzmununda, “Savid neynirsən abi Suraxanıya gəlirəm imkan olmadı sən qardaşımsan mənə bir şey təşkil elə başuva dönüm puluda sabah ya axşam olacaq heç yaxşı deyiləm sən öl” məzmununda, “25 in üstünə 3 manat da qoysan qardaşuva bir dənə kola əlavə eliyərsən? Qaqaş 3 dənə kola 1 dənə sprayt 20 manat da pulum çıxıram burdan” məzmununda, “Cavid özündə məni fırlatdın hə mən sənə qardaş dedim axı nə oldu pulu da aldın gəlmədin ehtiyacdı bir azın götür qalanını gətir aramızda inciklik olmasın” məzmununda yazıların mövcudluğu müəyyən olunmuşdur. (Cild 2, iş vərəqə 7) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin maddə ilə yenidən ittiham olunmuş, təmiz çəkisi 9,440 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,290 qram narkotik vasitə olan heroin və 01 ədəd “Nokia 1200” markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış videogörüntünün olduğu 01 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dair texniki rabitə vasitələrindən götürülmüş məlumatların olduğu 01 ədəd “CD” disk sübut növü kimi tanınmış, təqsirləndirilən şəxsin qismən etirafı, şahid ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları sübut növü kimi qəbul edilmiş, habelə 02 ədəd bükümün tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri olmadığına görə cinayət təqibinin başlanması rədd olunmuşdur. (Cild 2, iş vərəqə 17-26) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 30-31) “AZE-MİS” Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il və xx.xx.2015-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində üzərinə baxış keçirilib ümumilikdə 0,3 qram çəkidə 5 bükümdə, yəni 2 büküm heroin, 2 büküm metamfetamin və 1 büküm limon duzu olmaqla, narkotik vasitə aşkarlandığını bildirsə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət edildiyini, orada videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 5 ədəd bükümdə narkotik vasitə və psixotrop maddəyə bənzər predmetləri təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 3-cü vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:20 radələrində saxlanılmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 34-35-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarının sağ yan cibindən 5 bükümdə narkotik vasitəni təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5138 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs... sözləri, imzalar, “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksləri olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs dediyi kimi 2 ədəd heroin bükümü yox, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,046 qram, 3,370 qram və 3,024 qram olmaqla, ümumi təmiz çəkisi 9,440 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroinin təqdiqata təqdim edildiyi müəyyənləşmiş, digər 2 ədəd bükümdə, yəni ümumi təmiz çəkisi 0,411 qram olan ağ rəngli maddənin tərkibində isə narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsini əsas götürür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 9,440 qram təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində aşkarlanmış heroinin təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təxminən 63 dəfə çoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs içərisində “***-***-**-**” saylı mobil nömrə olan 1 ədəd “Nokia 1200” markalı mobil telefonu təqdim etmişdir. “AZE- MİS” Elektron informasiya sistemindən çıxarışdan görünür ki, “***-***-**-**” saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır. Həmin mobil nömrəyə dair məlumatların ələ keçirilməsi ilə bağlı məhkəmə qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskdən və həmin diskə baxış keçilməsi ilə bağlı tərtib olunmuş “CD diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə müxtəlif şəxslərlə “sms” yazışmaları aparmışdır. Belə ki, müxtəlif şəxslərin fərqli tarixlərdə onunla “qaqaş gözləyirəm də səni, səhərə yaxundu heç nə olmuyanda işə gedə bilmirəm qalırım sonra pis vəziyyətdə düzələn kimi qardaşımsan xəbər elə” məzmununda, “vay vay vay ....dedim yəqin çox gec atmaz deyə bir dənə qramın bir dənə yarımın pulunu götürmüşəm indi də pulları qaytarmağa əlim gəlmir” məzmununda, “Savid neynirsən abi Suraxanıya gəlirəm imkan olmadı sən qardaşımsan mənə bir şey təşkil elə başuva dönüm puluda sabah ya axşam olacaq heç yaxşı deyiləm sən öl” məzmununda, “25 in üstünə 3 manat da qoysan qardaşuva bir dənə kola əlavə eliyərsən? Qaqaş 3 dənə kola 1 dənə sprayt 20 manat da pulum çıxıram burdan” məzmununda, “Cavid özündə məni fırlatdın hə mən sənə qardaş dedim axı nə oldu pulu da aldın gəlmədin ehtiyacdı bir azın götür qalanını gətir aramızda inciklik olmasın” məzmununda mesaj vasitəsilə yazışmaları müəyyən edilir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin yazışmalardakı “kola” sözünün narkotik vasitə olan “heroin”-ə, “sprayt (sprite)” sözünün isə psixotrop maddə olan “metamfetamin”-ə deyildiyini bildirmişdir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmiş, istədikləri narkotik vasitə və ya psixotrop maddənin məbləğini, çəkisini və sayını yazmışlar. Habelə, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş 3 ədəd bükümdə heroinin bükümlərinin hər birinin təxmini çəkiləri 3 qram olmuş, xırda olmaqla bərabər çəkidə bükümlərə bölünmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, hazırki iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə-heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərin ondan pul müqabilində narkotik vasitə və ya psixotrop maddə istəmələrini göstərən “sms” yazışmalarının olmasına, aşkarlanmış narkotik vasitə olan heroinin bərabər çəkidə xırda bükümlərə bükülməsinə əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-413/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu müddət nəzərə alınmaqla, qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-532/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 3 (üç) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,290 qram təşkil edən heroin məhv edilməli, 01 ədəd “Nokia 1200” markalı mobil telefon təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) DVD disk və "xxxx" MMC-dən müşayiət məktubu ilə daxil olmuş 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X7 xx.xx.2022-ci il tarixli, 7658 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilən 09 (doqquz) ay hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,290 qram narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd “Nokia 1200” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) DVD disk və "xxxx" MMC-dən müşayiət məktubu ilə daxil olmuş 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar