Məhkəmə qərarları › İş №1(101)-133/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-133/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-133/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Rüstəmov Zaur Zakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasanın üzvləri, “Verdiktum” Vəkil Bürosunun vəkili X3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasanın üzvü 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 “İşin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması” barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə yazılı vəsatət təqdim edərək, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyəti ilə adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə, qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayətin əlamətlərinin mövcudluğunu nəzərə alaraq, ona daha ağır ittihamın verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən binanın 1 -ci mərtəbəsində olan “Premium Gym” trenajor zalında məşq edərkən həmin zalda idman edən Zərərçəkmiş şəxs ilə bir-birinə baxmağı qarşılıqlı olaraq irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürməkdən ötrü xx.xx.2021-ci il tarixində saat 13 radələrində ünvan 1 ünvanında yerləşən binanın 1 -ci mərtəbəsində olan “Premium Gym” trenajor zalında üstündə gəzdirdiyi bıçaq ilə sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən iki dəfə vuraraq canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərinə malik döş qəfəsinin sol yan səthi nahiyəsində, sol ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədə dəri və dərialtı yumşaq toxumaları zədələyən, lakin daxilə - döş və ya qarın boşluqlarına nüfuz etməyən bir ədəd kəsilmiş səthi dəri yarası xəsarəti və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yan səthi nahiyəsindən, sol ön qoltuqaltı xətt üzrə, sol Vİ-Vİİ qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri zədələyən, kəskin çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara kimi xəsarət yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221, 120.2.2 və 120.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətinin müəyyən edilmədiyi əsaslandırılarkən göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən Zərərçəkmiş şəxsla Şahid1 qardaş olduqlarını bilməmişdir. Şahid1 da ifadəsində göstərmişdir ki, o, qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurulduğu anı görməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi prosesində Şahid1 xüsusi əzab verməsi niyyətinin olmadığı qənaətinə gəlinmişdir. Lakin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o da “Premium Gym” trenajor zalında olmuş və Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurmasını görmüş, həmin vaxt onlara yaxınlaşmış və Təqsirləndirilən şəxs onu da bıçaqla vurmaq istəyən zaman o, Təqsirləndirilən şəxs təpiklə vuraraq sonuncudan uzaqlaşmışdır. Hadisənin baş verdiyi yerlə onun arasındakı məsafə təxminən 10 metr olmuşdur. İbtidai istintaq zamanı Əlinin Bəxtiyarı bıçaqla vurma anını və Əlinin əlində hansı bıçağın olduğunu görməməsi barədə verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsinin arasında olan ziddiyəti ibtidai istintaq zamanı ifadə verərkən psixoloji sarsıntı altında olması ilə əsaslandırmışdır. Eyni zamanda cinayət işinin materiallarında olan 06 may 2021-ci il və 14 iyun 2021-ci il tarixlərdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs dindirilməsi protokollarından görünür ki, Bəxtiyarla mübahisə vaxtı sonradan adının Vüsal olduğu və Bəxtiyarın qardaşı olduğunu bildiyi oğlan başına döyərək, “indi bu şakalı cırıq –cırıq edəcəm” deyərək onu nalayiq söyüşlə söymüşdür. Məhkəmə, verilmiş vəsatətin dəlillərini nəzərdən keçirib, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçilərinin həmin vəsatətin əsassız olmaqla təmin edilməməsi barədə münasibətlərini dinləyərək hesab edir ki, vəsatət təmin edilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansıqzlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının bəndlərinin müvafiq müddəalarına əsasən qəsdən adam öldürmə cinayətlərinin ictimaitəhlükəlilik dərəcəsi nəzərə alınaraq törədilmiş cinayət hadisəsi hərtərəfli, tam və obyektiv araşdırmalı, bu kimi cinayət işləri üzrə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 hazırki vəsatətində göstərdiyi xüsusatlar istintaq orqanı tərəfindən ibtidai istintaq zamanıtam, dolğun və ətraflı şəkildə araşdırılmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılnasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs Əli Abbsovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Göründüyü kimi, məhkəmənin hazırki qərarı ilə cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alındığından, eyni zamanda Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət əməllərini törətməkdə təqsirləndirildiyindən, hazırki mərhələdə cinayət işi üzrə ibtidai istintaqın həyata keçirilməsi zərurəti vardır, eyni zamanda təqsirləndirilən şəxs Əli Abbsov barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əli Abbsovun həbsdə saxlanılma müddəti CPM-in 159.2, 159.10 və 318.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla 01 (bir) ay müddətinə, yəni 29 may 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 159, 318.2, 318.2-1 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 29 may 2022-ci il tarixədək uzadılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar