Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1332/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İdman Mərkəzində boks müəllimi vəzifəsində çalışmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib ünvan 2 ünvanında yerləşən “Tornado gym” idman zalına qədər üzərində gəzdirmiş, həmçinin, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 6,438 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən “Tornado gym” idman zalına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə saat 11:25-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 13:39-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 3,185 qram və 3,253 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 6,438 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-c,ü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 aprel 2021-ci il tarixdə saat 10 radələrində evdən çıxıb ünvan 2 ünvanında yerləşən “Tornado gym” idman zalına məşq etmək üçün getmişdir. Həmin dövrdə pandemiyaya görə məşq zalları bağlı olmuş, lakin o, xahiş etmişdir ki, qapını açsınlar, 1-2 saat məşq edib çıxacaqdır. Məşqi bitirənə yaxın, paltarını dəyişərkən, məşq zalının qapısı döyülmüş, o, gözlükdən qapını döyən şəxslərin təxminən 14-15 nəfər polis əməkdaşları olduqlarını görmüşdür. Həmin vaxtı o, öz-özlüyündə fikirləşmişdir ki, pandemiya dövründə zalda məşq etdiyinə görə, polislər gəlmiş, yəqin ki, onu 200 manat məbləğində cərimə edərlər. Buna baxmayaraq o, qapını açmış, polis əməkdaşları içəri daxil olduqdan sonra ona Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, onun qoluna qandal vurmuşlar. Bundan sonra onun üzərinə və məşq çantasına baxış keçirilmiş, məşq çantasının yan cibindən üstü qırılmış bıçaq çıxarılmış, onlar bıçağın nə bıçaq olduğunu soruşmuş, o da həmin bıçağın ov bıçağı olduğunu, düzəltdirmək üçün özü ilə ustaya götürdüyünü bildirmişdir. Bundan sonra onu polis əməkdaşları ordan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onun üzərindən və idman çantasından qeyri qanuni heç nə aşkar olunmadığından orda ona iki büküm narkotik vasitəni götürməyi bildirilmişlər. Həmin vaxtı o, onların bu qeyri qanuni təklifinə etiraz etmiş və onlara evində onun 4 azyaşlı oğlan övladlarının, 3 nəfər onun himayəsində olan bacısının uşaqların, qoca ata və anasının olduğunu bildirib bu ləkənin ona yaxılmasını istəmədiyini bildirmişdir. Sonra orada olan polis əməkdaşları, digər polislərə onu “aparın bunu padvala, bir şey eləyərik sonra götürər” demişlər. Bundan sonra o, onların dediklərini başa düşüb, onların qarşısında alçalmamaq üçün onların dediklərinə etiraz etməmiş, həmçinin, məhkəmənin ədalətinə güvənərək, gələcəkdə məhkəmə qarşısında həqiqətləri söyləyəcəyini düşünmüşdür. O, onların ona verdikləri iki bükümü götürüb cibinə qoymuş, çəkiliş zamanı polis əməkdaşlarının dediyi kimi cibindən iki bükümü çıxardıb onlara təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Ona qarşı bu qərəzli münasibətə səbəb odur ki, 21 aprel 2021-ci il tarixdə məhkəmədə X1 məhkəmə iclasında şahid qismində ifadə vermək üçün çağırılmış, lakin məhkəmə iclası 28 aprel 2021-ci il tarixə təxirə salınmış, sonuncu tarixdə də özü tutulmuşdur. X1 məhkəmə iclasında hansı hakimlərin iştirak etdiyini hazırda xatırlamır. Ona qarşı irəli sürülmüş narkotik vasitələrin satışı ilə məşğul olması ittihamını öz şəxsiyyətinə qarşı ləkə hesab edir. Belə ki, o, həm ölkə daxilində yüksək səviyyəli idman yarışlarında nəaliyyətlər əldə etmiş, həm də beynəlxalq yarışlarda Azərbaycanın bayrağını dalğalandırmış, hər zaman vətənə sədaqətli vətəndaş olmuşdur. Hazırda onun himayəsində gələcəyin əsgərləri olan 4 azyaşlı oğlan övladı vardır. Ona qarşı irəli sürülmüş ittiham nəinki onun həm də övladlarının adına kölgə salır. Həm idmançı kimi onun şəxsiyyəti, həm də dinə inamı, əqidəsi narkotik vasitələrə ümumiyyətlə ziddir. Eyni zamanda bacısının da 3 azyaşlı övladı onun himayəsindədir. O, ailəsinin yeganə qazanc gətirəni və qayğı göstərənidir. Bütün bunların nəzərə alınmasını və ona narkotik vasitə ilə bağlı ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 28 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da daxil edilmişdir. 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Tornado gym” idman zalında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 11:25-də idman zalının dəhlizində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən olunmuş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, o da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan iki ədəd sellofan bükümü, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bıçağı, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 50 manat pulu və əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən “fly” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm özünün və iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmiş, lakin əməliyyat tədbirləri davam etdirilsə də həmin narkotik vasitələrin satış məqsədi ilə əldə olunması öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bıçağın gümüşü tiyəsinin, qara dəstəyinin olması həmçinin, kəsici və deşici xüsusiyyətə malik olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bıçağı iki il öncə mağazadan aldığını, bıçağın təmirə eytiyacı olduğu üçün ustada təmir etdirmək məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bıçaq da kağız zərfdə qablaşdırılıb möhürlənmiş və o, həmçinin, digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Fly” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda hər hansı bir məlumat olmamış, əməliyyat məlumatında da Təqsirləndirilən şəxs narkotik vasitələrin yalnız üzərində gəzdirməsi qeyd edildiyindən, onlar onun saxlanıldığı idman zalında hər hansı axtarış aparmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmış və qrupa o da daxil edilmişdir. 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Tornado gym” idman zalında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 11:25-də idman zalının dəhlizində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən olunmuş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, o da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan iki ədəd sellofan bükümü, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bıçağı, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 50 manat pulu və əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən “fly” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmiş, lakin həmin narkotik vasitələrin satış məqsədi ilə əldə olunması öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bıçağın gümüşü tiyəsinin, qara dəstəyinin olması həmçinin, kəsici və deşici xüsusiyyətə malik olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bıçağı iki il öncə mağazadan aldığını, bıçağın təmirə eytiyacı olduğu üçün ustada təmir etdirmək məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bıçaq da kağız zərfdə qablaşdırılıb möhürlənmiş və o, həmçinin, digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Fly” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda hər hansı bir məlumat olmamış, əməliyyat məlumatında da Təqsirləndirilən şəxs narkotik vasitələrin yalnız üzərində gəzdirməsi qeyd edildiyindən, onlar onun saxlanıldığı idman zalında hər hansı axtarış aparılmamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 aprel 2021-ci il tarixli 6/1692 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs......” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,185 qram, 3,253 qram ümumi təmiz çəkisi 6,438 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə birbiri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 6,438 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 6,338 qramdır. (iş vərəqə 41-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 30 aprel 2021-ci il tarixli 3/796 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində hər hansı dəyişiklik və düzəliş edilməmişdir. (iş vərəqə 132-135) Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 31 may 2021-ci il tarixli 1664 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 136-137) DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 11:25-də ünvan 2 ünvanında yerləşən “Tornado gym” idman zalının dəhlizində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bıçaq tipli dəmir predmeti və 50 manat pulu, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “Fly” markalı mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd sellofan büküm, bıçaq tipli dəmir predmet və “Fly” markalı mobil telefon götürülmüş, 50 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 28 aprel 2021-ci il tarixdə saat 13:39-da başlamış və həmin tarixdə saat 14:01-də başa çatmışdır. (iş vərəqə 26-27) Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə 28, 163) Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,338 qram olan narkotik vasitə heroin və soyuq silah hesab edilən bıçaq maddi sübut hesab edilmiş, təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə 147-149) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə düzgün tövsif edilmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik maddəni əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və soyuq silah olan bıçağın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərini həyata keçirən orqana verilmiş 18.05.2021-ci il tarixli 007-6533-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 27.05.2021-ci il tarixli 007-6981-1221 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsi, həmçinin, üzərindən aşkar edilmiş bıçağı haradan əldə etməsi və həmin bıçaqla hər hansı bir cinayət törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 124) İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi aşkar edilməsi formal olaraq qeyd edilsə də ona dair heç bir sübut əldə edilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olub-olmamasının yoxlanılması üçün isə - əlavə heç bir əməliyyat –axtarış və ya istintaq hərəkəti aparılmamış və təbii olaraq göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə ibtidai istintaqda verdiyi izahatında qeyd etmişdir ki, narkotik vasitə olan 02 bükümdə heroini yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, başqa şəxslərin əldə etməməsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. (iş vərəqə 38-39) Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə heroini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə heç bir sübutun və məlumatın olmaması, narkotik vasitənin miqdarı da onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi olmadan əldə edib özündə saxlamış və daşımışdır. Göründüyü kimi ibtidai istintaq ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. İş üzrə polis əməkdaşları olan şahidlərin ifadələri ilə müəyyən olunur ki, daxil olmuş məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələin dövrüyyəsi ilə məşğul olması göstərilsə də, sonradan bu məlumat tərəflərindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə olan heroini yalnız külli miqdarda – 6,438 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəni qanunsuz olaraq əldə edərək saxlaması və daşıması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Lakin onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, narkotik maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq tərəfindən heç bir sübut əldə olunmamış, cinayət işi materiallarına Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik maddəni satmaq məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən hər-hansı razılığının olması barədə heç bir sübut irəli sürülməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik maddənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə istinad etmişdir. Halbuki iş materialları ilə, eləcə də ittiham tərəfinin irəli sürdüyü şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxsin narkotik maddəni satması təsdiq edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPMnin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə Təqsirləndirilən şəxs ümumiyyətlə şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə olan heroini ümumiyyətlə əldə etməməsi, saxlamaması və daşımamasına dair məhkəmədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil, 28 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və videogörüntü, Təqsirləndirilən şəxs 28 və 29 aprel 2021-ci il tarixlərdə verdiyi ifadələri, iş üzrə dindirilmiş şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, ekspert rəyləri, maddi sübut qərarı və digər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində 28 və 29 aprel 2021-ci il tarixlərdə verdiyi ifadələrində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə saat 10 radələrində evdən çıxıb ünvan 2 ünvanında yerləşən “Tornado gym” idman zalına getmişdir ki, məşq etsin. Evdən çıxan zaman ona məxsus və təmirə ehtiyacı olan ov bıçağını da üzərində götürmüşdür ki, məşqdən sonra onu aparıb təmir etdirsin. Zala gedib məşq etmiş və saat 11:25 radələrində zalın dəhlizində olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan iki ədəd sellofan bükümü, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bıçağı, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 50 manat pulu və əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən “fly” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi iki ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqdim etdiyi bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Həmçinin üzərindən aşkar edilmiş bıçaq bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul onun özünə qaytarılmışdır. Üzərindən aşkarlanmış “Fly” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. (iş vərəqə 38, 39) İş materiallarında olan, 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunan zaman onun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və təsviri hissədə qeyd edilən sənədləri imzalamaması vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan tam rədd olunmuşdur. İş materiallarında olan, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi- Azərovçu tərəfindən verilmiş 23 saylı, 31 may 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. (iş vərəqə 126) Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (iş vərəqə 107, 108) İş materiallarında olan 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 141) İş materiallarında olan, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il, 2013-cü il, 2015-ci il, 2019-cu il təvəllüdlü dörd azyaşlı uşağı vardır. (iş vərəqə 243-246) İş materiallarında olan 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, həmçinin bacısının 3 azyaşlı övladı da Təqsirləndirilən şəxs himayəsindədir. İş materiallarında olan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən və digər beynəlxalq idman qurumları tərəfindən verilmiş diplomlardan görünür ki, Təqsirləndirilən şəxs idmanın boks növü üzrə ölkə daxilində və beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, himayəsində dörd azyaşlı uşağının olmasını, bacısının da 3 azyaşlı uşaqlarının onun himayəsində olmasını, ata və anasının yaşlı olduğundan ailənin yeganə qazanc gətirəni olmasını, idmanın boks növü üzrə ölkə daxilində və beynəlxalq yarışlarda yüksən nailiyyətlərinin olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,338 qram olan narkotik vasitə heroin və soyuq silah hesab edilən 01 ədəd ov bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 129 (yüz iyirmi doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 4(005)-422/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 18; 89-93) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,338 qram olan narkotik vasitə heroin və soyuq silah hesab edilən 01 ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 129 (yüz iyirmi doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1332/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1332/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver