Məhkəmə qərarları › İş №1(101)-1332/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1332/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1332/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, evli, otra təhsilli, fərdi əməklə məşğul olan, yetkinlik yaşına çatmayan 2 uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, əvvəllər məhkum olunmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi - 6,558 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə saat 17:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində saxlanılıb Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi - 6,558 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, ittiham aktında yazılanların hamısı səhvdir. O, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi xidməti ilə məşğul olur. O evinin qaz kartını itirdiyinə görə 12 sentyabr tarixində Asan xidmətə getmiş, Asan xidmətdən çıxanda maşınının yanında iki nəfərin dayandığını görmüşdür. Həmin şəxslər maşının onun olmasını soruşmuş, xəstələrinin olduğunu, “Nevroloji” xəstəxanaya getməli olduqlarını bildirmişlər. O, əvvəl işi olduğu üçün razılaşmamış, sonra çox xahiş etdikləri üçün razılaşmışdır. Onları Xətai rayonu ərazisində yerləşən xəstəxanaya aparmış, maşını xəstəxananın həyətinə sürdürmüşlər. Həyətə çatan kimi o heç maşından düşməmiş üstünə 6-7 nəfər hücum çəkmiş, onu maşından düşürtmüş, qolunu burmuşlar. Əvvəl onların polis olduqlarını bilməmişdir, mülki geyimdə olmuşlar. Sonradan bir leytenant əlində qandal gələndə onların polis olduğunu başa düşmüşdür. Onu maşına mindirmişlər. Bu zaman o polislərə səhv etdiklərini, dindarları tutmalarını bildiyini, onların fikirləşdikləri dindarlardan olmadığını, məscidlərə də gec-gec getdiyini demişdir. O, 2018-ci ildə Kərbəlaya getmiş, heç bir dini məclislərdə iştirak etməmişdir. Onu 36-cı Polis Bölməsinə aparmış, ciblərini yoxlamışlar. Arxa cibindən yumru bir şey çıxmış, onlara qanunu pozduqlarını, bunun ona aid olmadığını demişdir. Polislər ona bunu boynuna götürməsini, götürməsə döyəcəklərini demişlər. Onu döyməsələr də, ona psixoloji təzyiq göstərmiş, boynuna almasa üzərinə başqa şeylər atacaqlarını demişlər. Bölmədə videoçəkiliş aparılmış, çəkilişdə ondan bunun nə olduğunu soruşmuşlar, o da marixuana olduğunu demişdir. Bölmədə onların dediyi kimi söyləmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını demişdir. O, heç narkotikin iyini bilmir, nəinki istfadə etmək. Üzərinə şəxsi axtarış keçirilən zaman vəkil də olmuşdur. Onun bank kartı var, həmin karta nə kimsə pul atmış, nə də o kiməsə pul göndərmişdir. Ona olunan psixoloji təzyiqlə bağlı heç yerə şikayət etməmişdir, ona demişlər ki, onun məsələsi yüngül məsələdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən bir ay bundan əvvəl Binəqədi rayonu Biləcəri qəsəbəsində olarkən əvvəllər tanımadığı şəxslə söhbət zamanı, həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, o da həmin şəxsdən narkotik vasitə alıb satmaqla pul əldə etməyi düşünmüşdür. Bununla əlaqədar həmin şəxsə ona bir bükümdə narkotik vasitə heroin verməsini istəmiş, həmin şəxsdə ona təxminən 7 qram çəkidə narkotik vasitə heroin sata biləcəyini demişdir. Bundan sonra o, həmin şəxsə 150 manat pul vermiş, lakin narkotik vasitəni sata biləcək tanışı olmadığından özündə saxlamışdır, 12 sentyabr 2023-cü il tarixdə narkotik vasitəni sata biləcəyini düşünərək əynindəki ağ rəngli şalvarın sağ yan cibinə qoyub hərəkətə başlamışdır. Təximinən saat 17:00 radələrində Xətai rayonu Ramiz Quliyev küçəsində olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmişlər, daha sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək 36-cı polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməmişdir. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif olunmuş, o da əynində olan ağ rəngli şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan kəsiyindən olan bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümü açıb baxmış, sorğu zamanı polis əməkdaşına narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları həmin bükümü bir ədəd zərfdə qablaşdırmış, o və digər iştirakçılar zərfdə imza etmiş, sonra üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolda imza etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Eldar adlı şəxsin üzərində narkotik vasitələri gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə olmuş, həmin məlumat rəisə məruzə olunmuşdur. Onlar əraziyə çıxmış, onlara daxil olmuş məlumat əsasında əlamətlərinə görə şəxsi müəyyən etmiş, Eldara yaxınlaşmış, özlərini təqdim eləmiş və onu şöbəyə dəvət etmişlər. Şəxsin saxlanılmasında 2 nəfər olmuşlar, o və Şahid2 iştirak etmişdir. Şəxsi 12 sentyabrda Xətai rayonu ərazisində küçədə saxlamışlar. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən narkotik vasitə heroin çıxmışdır. Üzərində narkotik vasitənin olmaması, narkotik vasitənin polis idarəsinə gətirildikdən sonra təzyiq edildikdən sonra üzərinə qoyulması barədə təqsirləndirilən şəxsin dedikləri yalandır. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir psixoloji və fiziki zor tətbiq olunmayıb. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla Sabunçu rayonu, Nardaran kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə 36-cı polis şöbəsinin əməliyyat müvəkkili X5 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Müseyib Hüseynov ilə birlikdə məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsinə gəlmişlər, saat 17:00 dəqiqədə göstərilən ünvanının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər, şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra o, bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. 36-cı şöbədə hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən maddənin toz şəkilli tünd qəhvəyi rəngli olmaqla narkotik vasitə heroinə oxşar olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya aşkar edilməmiş, narkotik vasitə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd heroinin ümumi çəkisi 7,05 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi kütlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və mən həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Şahid1 habelə ifadəsində göstərmişdir ki, onlarda yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrin daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə - məlumat olmuş, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətdə əməliyyat tədbirləri keçirilsədə bu barədə heç bir məlumat əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı qeyri qanuni hərəkətlərə yol verilməmiş və fiziki zor göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, şöbəyə əməliyyat məlumatı daxil olmuş, məlumat Eldar adlı şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Bu məlumat şöbə rəisinə məruzə olunmuş, şöbə rəisi məlumatın qanuni formada yoxlanılması barədə onlara tapşırıq vermişdir. Elə həmin gün 12 sentyabrda şəxsi Xətai rayonu ərazisində Ramiz Quliyev küçəsində saxlamış, şöbəyə dəvət etmişlər. Şəxs saxlanılarkən dayanmamış, hərəkətdə olmuşdur, hərəkət istiqaməti yadında deyil. Şəxsi saxlayan zaman 2 nəfər olmuşlar. Üzərinə şəxsi axtarış şöbədə müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmişdir. Videoçəkiliş zamanı o da iştirak etmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitənin olmasını etiraf etmişdir. Üzərində narkotik vasitənin olmaması, polis idarəsinə gətirildikdən sonra təzyiq ediləndən sonra üzərinə qoyulması barədə təqsirləndirilən şəxsin dedikləri yalandır. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir psixoloji və fiziki zor tətbiq olunmayıb. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə “marixuana” olduğunu, bu maddəni xatırlamadığı vaxtda Biləcəri qəsəbəsində tanımadığı şəxsdən alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə tünd qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Həmin bükülü üzərində Çin istehsalı olan elektron tərəzidə çəkilərək narkotik vasitəyə bənzər maddənin bükülü ilə birgə çəkisinin 7,05 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, heç bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/4852 nömrəli 13 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №151” dairəvi möhür əksləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,558 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 6,458 qram olan narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Xətai RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 8251 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin və ya elektron tərəzinin aşkarlanmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün xırda bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən dəlil (sübut) kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, heç vaxt narkotik vasitə (psixotrop maddə) istifadə etmədiyini, həmçinin polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bunundan başqa, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə etməsini və daşımasını (saxlamasını) ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmiş, həm də bu etirafı zamanı narkotik vasitəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan 2 (iki) uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6,458 qram olan narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Xətai RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6,458 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar