Məhkəmə qərarları › İş №1(101)-1334/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1334/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1334/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Saatlı rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında atasının müalicəsi ilə bağlı İran İslam Respublikasında olarkən tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Baba» adlı şəxslə və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə Azərbaycan Respublikasına qayıtdıqdan sonra “Baba” adlı şəxsin tapşırığına əsasən istifadəsində olan mobil telefondakı WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə sonuncu ilə əlaqə yaradaraq “Baba” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan şəxslə (şəxslərlə) göndərərək həmin tətbiq vasitəsi ilə paylaşdığı lakin istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4.126,999 qram narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla həmin narkotik vasitənin 4.054,149 qramını evin yataq otağındakı dolabın qarşısındakı idman çantasının içərisində, 72,850 qramını isə üzərində saxlamış, 22 fevral 2021-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaşadığı evin qarşısında saxlanılaraq BNMİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sol arxa cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 72,850 qram, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşayış evinə baxış zamanı isə evin yataq otağındakı dolabın qarşısındakı bir ədəd idman çantasına yerləşdirilmiş 12 ədəd sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 1.440,6 qram, 346,9 qram, 476,5 qram,148,2 qram, 624,1 qram, 58, 212 qram, 211,715 qram, 48,111 qram, 8,451 qram, 1.045 qram, 48,315 qram və 642,0 qram olmaqla cəmi 4.054,149 qram, ümumi təmiz çəkisi 4.126,999 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitənin qalıqları olan bir ədəd “Kinlee” marakalı elektron tərəzi və metal xörək qaşığı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir il öncə İran İslam Respublikasında olarkən adını “Baba” kimi bildiyi İran İslam Respublikasının vətəndaşı ona göndərəcəyi narkotik vasitəni onun deyəcəyi yerdən götürərək deyəcəyi ünvana qoymaqla pul qazanmağı təklif etmiş və bunun üçün bildirdiyi ünvana daşıyacağı narkotik madənin hər bir kiloqramına 500 manat pul verəcəyini, pulu da adına açdığı hesab kartına göndərəcəyini bildirmişdir. 21 fevral 2021-ci il tarixdə “Baba” onun istifadə etdiyi (051) ***-**-** saylı mobil nömrəsinə WatsAppla yazaraq göndərmiş olduğu narkotik vasitəni Bakı şəhər, Sabunçu rayonu ərazisində yerləşən piyada keçidinin yaxınlığından götürməsini və həmin maddəni ona deyiləcək yerə qoymasını bildirmişdir. O Baba ilə əlaqəsindən sonra 21 fevral 2021-ci il tarixdə Babanın bildirdiyi ünvana gedib Sabunçu rayonu ərazisində yerləşən piyada keçidinin yaxınlığında dirəyin altında gizlədilmiş içərisində narkotik vasitə heroin olan idman çantasını götürüb Sabunçu qəsəbəsində kirayədə yaşadığı evə gətirmişdir. 22 fevral 2021-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə 2 ünvanın qarşısında, kirayədə yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etmişilər. Polis əməkdaşları ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmiş ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra əynində olan boz rəngli şalvarının sol arxa cibindən bir ədəd sellofan bükümü, bir ədəd göy rəngli "Redmi" markalı mobil telefonu, sağ yan cibindən bir ədəd açarı, 500 manat nağd pulu, sağ arxa cibindən bir ədəd qara rəngli, "Redmi" markalı mobil telefonunu, ona məxsus şəxsiyyət vəsiqəsini və 3 ədəd “Kapital Banka” məxsus plastik kartı çıxarıb təqdim etmiş və üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi yaşadığı evin açarı, içərisində 10 ədəd siqaret olan siqaret qutusu ona qaytarılmış, şəxsiyyət vəsiqəsi, iki ədəd "Redmi" markalı mobil telefonu, plastik kartlar götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 74 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 500 manat məbləğində pulu narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini bildirmişdir. Həmin pul vəsaiti də sayıldqdan sonra bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqdim etdiyi narkotik vasitənin qalan hissəsinin kirayədə yaşadığı evində olduğunu, həmin evdə saxladığı narkotik maddələri təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə heç bir etriazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona yaşadığı ünvanda saxladığı narkotik maddəni təqdim etməyi təklif etmiş, bir ədəd qara rəngli idman çantasını təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmiş, həmin qara rəngli idman çantasına baxış keçirilərkən içərisində bir ədəd elektron tərəzi, həmin tərəziyə aid bir ədəd qab, dörd ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalara da baxış keçirilmiş, polis əməkdaşlarına sellofan torbaların hər birinin içərisində narkotik maddə heroin olduğunu bildirmişdir. 3-cü sellofan torbanın içərisində əlavə olaraq bir ədəd qaşıq da aşkar edilmiş, həmin qaşığı narkotik maddələri çəkərkən istifadə etdiyini bildirmişdir. Təqdim etdiyi sellofan torbada olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və həmin dörd ədəd sellofan bağalama, bir ədəd elektron tərəzi və həmin tərəzinin qabı aşkar edildiyi qara rəngli idman çantasına qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. 2 aya yaxın bu işlə məşğul olmuş, yaşadığı evdə saxladığı narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 500 manat pulu təqdim etdikdən sonra bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Narkotik vasitələrin konkret satışı ilə məşğul olmamış, ona deyilən yerdən narkotik vasitəni götürərək başqa bir yerə qoymuş və bu fəaliyyətinə görə pul əldə etmişdir. 21 fevral 2021-ci il tarixdə Baba adlı şəxsin tapşırığı ilə götürmüş olduğu külli miqdarda narkotik vasitəni sonuncunun haradan əldə edilməsindən məlumatı olmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, sonuncunun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. 22 fevral 2021-ci il tarixdə saat 01:10 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2 ünvanın yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası DİN-nin BNMİ-nə gətirilmişdir. Polis idarəsində narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış edildikdən sonra ona üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu etiraz etmədən əynində olan boz rəngli şalvarının sol arxa cibindən bir ədəd sellofan bükümü, bir ədəd göy rəngli "Redmi" markalı mobil telefonu, sağ yan cibindən bir ədəd açarı, 500 manat nağd pulu, sağ arxa cibindən bir ədəd qara rəngli "Redmi" markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və üç ədəd “Kapital Banka” məxsus plastik kartı təqdim etmiş və üzərində başqa heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan yaşadığı evin açarı, içərisində 10 ədəd siqaret olan siqaret qutusu ona qaytarılmış, şəxsiyyət vəsiqəsi, 2 ədəd "Redmi" markalı mobil telefon, plastik kartlar götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin olması müəyyən edilmiş, həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 500 manat pulun narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini bildirmişdir. Həmin pul vəsaiti sayıldqdan sonra bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu və 1 il öncə İran İslam Respublikasına gedərkən tanış olduğu və "Baba" kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün öncə Bakı şəhər, Sabunçu rayonu ərazisində yerləşən piyada keçidinin yaxınlığından götürdüyünü, həmin maddəni götürməkdə məqsədi ona deyiləcək yerlərə qoymaqla pul əldə etmək olduğunu, aralarında olan razılaşmaya əsasən "Baba" adlı şəxsin onun payladığı hər 1 kq narkotikə görə 500 manat pul verdiyini, həmin pulların üzərindən aşkar edilmiş plastik kartlara göndərildiyini, bu işlə təxminən 2 aya yaxın müddət məşğul olduğunu, təqdim etdiyi narkotikin qalan hissəsinin kirayədə yaşadığı evində olduğunu, həmin evdə saxladığı narkotik maddələri təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxsla bərabər onun yaşadığı ünvana baxış keçirmiş və saxladığı narkotik maddəni təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bir ədəd qara rəngli idman çantası təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin qara rəngli idman çantasına baxış keçirilərkən içərisində bir ədəd elektron tərəzi, həmin tərəziyə aid bir ədəd qab, dörd ədəd sellofan bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs sellofan torbaların hər birinin içərisində narkotik maddə heroin olduğunu bildirmiş, sonuncu 3-cü sellofan torbanın içərisində əlavə olaraq aşkar edilmiş bir ədəd metal qaşığı narkotk maddələri çəkərkən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, həmin dörd ədəd sellofan bağalama, bir ədəd elektron tərəzi və həmin tərəzinin qabı aşkar edildiyi qara rəngli idman çantasına qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik maddələri 1 gün öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü və həmin yerə narkotikin qoyulmasını ona İran İslam Respublikasının vətəndaşı kimi bildiyi Baba adlı şəxsin dediyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı və narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 500 manat pulu təqdim etmiş və həmin məbləğ bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokolu iştirakçılar və Təqsirləndirilən şəxs etiraz etmədən imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid X1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 fevral 2021 -ci il tarixli 8Y779 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” və s.yazılar, imzalar olan idman çantasındakı 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.440,6 qram, 346.9 qram, 476,5 qram,148,2 qram, 624,1 qram, 58, 212 qram, 211,715 qram, 48,111 qram, 8,451 qram, 1.045 qram, 48,315 qram, 642,0 qram, ümumi təmiz çəkisi 4.054,149 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (1-12 №-li obyektlər); 01 ədəd metal xörək qaşığının və “Kinlee” markalı elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin az miqdarda olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. «Üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” və s.yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 72,850 qram (13 №-li obyekt) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspert tərəfindən 13 sayla işarə olunmuş heroin kütləsi ilə yaşadığı evdən aşkar olunmuş ekspert tərəfindən 11 və 7 sayla işarə olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş ekspert tərəfindən 1,2,3,4,5,6,9, 10,12 saylarla işarə olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, habelə 8,7 saylı heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 40-46). İşdə olan məhkəmə-narkoloji ekspertizanın 15 mart 2021-ci il tarixli 791 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 147-148). İşdə olan 22 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması “Sony” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə 1 nəfər şəxs və mülki geyimdə olan dörd nəfər şəxs görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü Azərbaycan Respublikası DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev kimi təqdim edir və DİN BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 22 fevral 02-30 dəqiqədə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda DİN BNMİ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X2 polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan boz rəngli şalvarının sol arxa cibindən bir ədəd sellofan bükümü, bir ədəd göy rəngli ''Redmi" markalı mobil telefonu, sağ yan cibindən bir ədəd açarı, 500 manat nağd pulu, sağ arxa cibindən bir ədəd qara rəngli, "Redmi” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və üç ədəd Kapital Banka məxsus plastik kartı çıxardaraq təqdim edir və təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilmir. Təqdim etdiyi əşyalardan Təqsirləndirilən şəxs məxsus yaşadığı evin açarı, siqaret qutusu ona qaytarılır, şəxsiyyət vəsiqəsi 2 ədəd "Redmi" markalı mobil telefon, plastik kartlar götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin olması müəyyən edilir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir və təxmini çəkisinin 74 qram olması müəyyən edilir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 500 manat məbləğində pulun da narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini bildirir. Həmin pul vəasiti də sayıldqdan sonra bir ədəd kağız zərfə qoyulur, üzəri möhürlənir, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu həmin maddəni 1 il bundan öncə İran İslam Respublikasına gedərkən tanış olduğu adını "Baba" kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün öncə Bakı şəhər, Sabunçu rayonu ərazisində yerləşən piyada keçidinin yaxınlığından götürdüyünü, həmin maddəni götürməkdə məqsədi ona deyiləcək yerlərə qoymaqla pul əldə etmək olduğunu, aralarında olan razılaşmaya əsasən "Baba" adlı şəxsin onun payladığı hər 1 kq narkotikə görə 500 manat pul verdiyini, həmin pulların üzərindən aşkar edilmiş plastik kartlara göndərildiyini, bu fəaliyyətlə təxminən 2 aya yaxın müddətdir ki, məşğul olduğunu, təqdim etdiyi narkotikin qalan hissəsinin kirayədə yaşadığı evində olduğunu, həmin evdə saxladığı narkotik maddələri təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 65). İşdə olan 22 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə baxışın aparılması “Sony” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda yaşayış evində xüsusi geyimində 1 nəfər şəxs və mülki geyimdə olan dörd nəfər şəxs görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində 1 nəfər şəxs və mülki geyimdə olan dörd nəfər şəxs görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü Azərbaycan Respublikası DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev kimi təqdim edir və DİN BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evə 22.02.2021-ci il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda DİN BNMİ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X2 polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı bir ədəd qara rəngli idman çantasını təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirir. Həmin qara rəngli idman çantasına baxış keçirilərkən içərisində bir ədəd elektron tərəzi, həmin tərəziyə aid bir ədəd qab, dörd ədəd sellofan bağlama aşkar edilir. Həmin sellofan bağlamalara da baxış keçirilir. Təqsirləndirilən şəxs sellofan torbaların hər birinin içərisində narkotik maddə heroin olduğunu bildirir. 3-cü sellofan torbanın içərisində əlavə olaraq bir ədəd qaşıq da aşkar edilir. Təqsirləndirilən şəxs həmin qaşığı narkotk maddələri çəkərkən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilir. Həmin dörd ədəd sellofan bağalama, bir ədəd elektron tərəzi və həmin tərəzinin qabı aşkar edildikləri qara rəngli idman çantasına qoyularaq qablaşdırılır və bundan sonra üzəri möhürlənməklə iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələri 1 gün öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotikin qoyulmasını ona İran İslam Respublikasının vətəndaşı kimi bildiyi Baba adlı şəxsin bildirdiyini, həmin narkotiklərin 1 kiloqramını ona deyilən yerlərə qoyması müqabilində 500 maant pul əldə etdiyini, 2 aya yaxındır ki, bu fəaliyyətlə məşğul olduğunu bildirir. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 500 manat pul saxladığını və həmin pulu da təqdim edə biləcəyini bildirir. Təqsirləndirilən şəxs həmin 500 manat pulu təqdim etdikdən sonra pul bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılır və götürülür. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 67). İşdə olan 22 fevral 2021-ci il tarix şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 22 fevral 2021-ci il tarixdə saat 01:10 radələrində ünvan 6 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol arxa cibindən bir ədəd sellofan bükümdə 72,850 qram çəkidə heroin aşkar olunuraq götürülmüşdür. Tərtib olunmuş protokol sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 27-29). İşdə olan 22 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən tərib olunmuş baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, 22 fevral 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına video çəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı 4.054,149 qram çəkidə bir ədəd idman çantasına yerləşdirilmiş 12 ədəd sellofan bükümlərə qablaşdırılmış heroin aşkar olunuraq götürülmüşdür. Tərtib olunmuş protokol sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi, 32-33). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 72,850 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşayış evinə baxış zamanı isə 4.054,149 qram çəkidə bir ədəd idman çantasına yerləşdirilmiş 12 ədəd sellofan bükümlərə qablaşdırılmış heroin, 01 ədəd “Kinlee” markalı elektron tərəzi, bir ədəd metal xörək qaşığı və Təqsirləndirilən şəxs cinayət əməlindən əldə etdiyi 1000 manat pul cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir (1-ci cild iş vərəqi 158). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabirabad rayon məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4, 229.4, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, 19 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild iş vərəqi 98-99). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-in 228.4, 229.4, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 22 fevral 2021-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 2 il 7 ay 3 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 11). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 22 fevral 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 71-95). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 4.126,999 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 22 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 22 fevral 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə narkoloji ekspertizanın 15 mart 2021-ci il tarixli 791 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 147-148). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutularkən üzərindən aşkar edilmiş 1.000 manat pulu narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etmişdir. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən 1.000 manat pul xüsusi müsadirə edilməli və məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalan cəmi 13 ədəd sellofan bükümlərə qablaşdırılmış 4126,819 qram çəkidə heroin, bir ədəd “Kinlee” markalı elektron tərəzi və bir ədəd metal xörək qaşığı məhv edilməli, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalan cəmi 13 ədəd sellofan bükümlərə qablaşdırılmış 4126,819 qram çəkidə heroin, bir ədəd “Kinlee” markalı elektron tərəzi və bir ədəd metal xörək qaşığı məhv edilsin, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil vermiş 1.000 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin və məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza tədqiqatın dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar