Məhkəmə qərarları › İş №1(101)-1334/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1334/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1334/2025 10.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, İ/B, 1 sayl evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verməklə terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 22:34 radələrində ünvan 1 ünvanda yerləşən “Baktelecom” yazıları olan, “Functıon Model F-860 S/N00023 MFG DATE0803” modelli “Taksafon”-dan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək Bakı şəhəri, Səbail rayonu, Bül-Bül prospekti 6 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətin “Sahil” stansiyasının yaxınlığındakı Zərifə Əliyeva küçəsi 23 ünvanında yerləşən “İnter-Continental-Baku” otelinin yaxınlığında partlayıcı qurğunun qoyulmasını bildirməklə terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşından ayrıldıqdan sonra mütəmadi olaraq spirtli içkilər qəbul etməyə başlamışdır. Boş plastik qablarını və digər tullantıları toplayaraq özünü dolandırmışdır. Əməli törətdiyi zaman içkili vəziyyətdə olmuşdur. Əvəllər yaşadığı evi tərk etdiyindən günü 2 manata kirayədə qalmışdır. Əlacsız vəziyyətdə qaldığından, həmçinin həmin zaman içkili vəziyyətdə olduğundan köməklik istəmək üçün taksafon vasitəsi ilə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng etmiş və “Sahil” metrostansiyasının yaxınlığında olan bir oteldə bomba quraşdırıldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablanıraraq göstərmişdir ki, azyaşlı bir övladı var. Həyat yoldaşı ilə arasında rəsmi nigah olmamış, dini nigah olmuşdur. Övladını uzun müddət görməmişdir. Səmimi peşmançılıq hissi keçirir. Uzun müddətdir ki ailəsindən ayrılmışdır. Nərgiz Cəfərova onun bacısıdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmiş və vəfat etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Vəfat edən bacısı yaşca ondan cavan olmuşdur. Narkotik vasitələrdən istifadə etmir. Bacısının əri narkotik vasitələrdən istifadə etmişdir. “Sahil” metrostansiyasının yaxınlığında gəzərkən orada otelin olduğunu görmüş və yadında saxlamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 84-87). Cinayət işinin materiallarında olan məktub və diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətdindən xx.xx.2025-ci il tarixli, 3/2-2947/25 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da (012) ***-**-** nömrəsindən “102” Xidmətinə daxil olan müraciətinin audioyazısının qeyd edildiyi 1 ədəd “CD” disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 126-127). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2025-ci il tarixli, 3/2-4136/25 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da (012) ***- **-** nömrəsindən “102” Xidmətinə daxil olan müraciətinin audioyazısının qeyd edildiyi 1 ədəd “CD” disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 140-141). Cinayət işinin materiallarında olan CD diskə baxış keçirilməsi barədə Protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətdindən xx.xx.2025-ci il tarixli, 3/2-4136/25 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da (012) ***-**-** nömrəsindən 102 Xidmətinə daxil olan müraciətinin audioyazısının qeyd edildiyi 1 ədəd CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 22:34 radələrində ünvan 1 ünvanda yerləşən “Baktelecom" yazıları olan,“Functıon Model F-860 S/N00023 MFG DATE0803” modelli “Taksafon”-dan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək Bakı şəhəri, Səbail rayonu, Bül-Bül prospekti 6 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətin “Sahil” stansiyasının yaxınlığındakı Zərifə Əliyeva küçəsi 23 ünvanında yerləşən “İnter-Continental-Baku” otelinin yaxınlığında partlayıcı qurğunun qoyulmasını bildirməklə terrorçuluq barədə bilə-bilə yalan məlumat verilməsi faktı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 159-160). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2025ci il tarixli, 2020 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hzarıda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 162-163). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 mart 2925-ci il tarixli, 880 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. X1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxsda özündən uydurmağa meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 165-167). Cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 6 may 2025-ci il tarixli, 4/299-4/319 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş aşağıda qeyd edilən yazılı mətndən ibarətdir. Q1-Salam K1-Xanım, ay xanım Ql-Bəli, eşidirəm sizi K1-Təcili sizə bir məlumatım var Ql-Bəli K1-Adımı demiyəcəm, adım məfıdi.Filan otelə bomba qoyulub.Tez özünüzü çatdırın.Əxilər qoyub. Tez olun, xahiş edirəm sizdən Q1-Hara qoyulub ? K1-Otelə, otelə Q1-Hansı otelə K1-Sahil metrosunun yanında otel yerləşir e, çıxış tərəfdə Q1-Adı nədi? K1-Adını bilmirəm, xaricilər gələn oteldi.Xahiş edirəm, tez ol Q1-Sahil metrosunun çıxışındakı otel? K1-Hə, xahiş edirəm, tez özünüzü çatdırın Q1-Adı nədir də otelib? Siz iondi onun yaxınlığmdasız? K1-Hə Q1-Adı nədir bəs? Adını deyin də K1-Adı bilmirəm, vallah, oxuya bilmirəm. Amma bilirəm ki, oteldi də bura. Xarici, pakistanlılar gəlir bura. Xahiş edirəm, tez olun. Mən sadəcə insanlıq, müsəlman borcumdu, sizə demyim. Xahiş edirəm. Q1-Sahil metrosunun çıxışındakı otel? K1-Hə, kimdən soruşsaz deyəcək Q1-Aydındı, yaxşı K1-Xahiş edirəm,.Tez olun. Günahsız adamlar öləcəy yoxsa Q1-Yaxşı K1-Çox sağ olun Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqlar telefon danışıqlarının qeyd alınması üsulu ilə əldə olunmuşdur. Mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləti müəyyən olunmadı (cild 1, iş vərəqi 170-176). Cinayət işinin materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 8 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2025-ci il tarixli, 3/2-4136/25 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da (012) ***- **-** nömrəsindən “102” Xidmətinə daxil olan müraciətinin audioyazısının qeyd edildiyi 1 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqi 187-192). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 1 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Hərbi Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2017-ci il tarixli qərarına əsasən 8 ay 3 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya Qərarı”nın 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (cild 1, iş vərəqi 115-116). Təqsirləndirilən şəxs məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 42-43). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-99). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -“102” Xidmətinə daxil olan müraciətin audioyazısının qeyd edildiyi 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: -“102” Xidmətinə daxil olan müraciətin audioyazısının qeyd edildiyi 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar