Məhkəmə qərarları › İş №1(101)-1335/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1335/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1335/2021 09.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində azyaşlı 2 uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,867qram, 0,887 qram, 0,958 qram, 0,813 qram, 0,920 qram, 0,892 qram olmaqla külli miqdarda 5,337 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 mart 2021-ci il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 50 saylı binanın yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı sarı rəngli plastik qabın içərisində 06 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,867qram, 0,887 qram, 0,958 qram, 0,813 qram, 0,920 qram, 0,892 qram olmaqla külli miqdarda 5,337 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, faktiki olaraq ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü bir neçə il olar ki, narkotik vasitə istifadəçisidir. Əlinə pul düşdükcə narkotik vasitə əldə edib istifadə edir. 29 may 2014-cü il tarixdə o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum edilmişdir. 27 yanvar 2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar olaraq cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra bir müddət narkotik vasitələrdən uzaq olmuşdur. Amma köhnə tanışları gördükdən sonra son 1 il olar ki, narkotik vasitələr istifadə etməyə başlamışdır. Çox vaxt narkotik vasitəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən tanımadığı şəxsdən almışdır. 20 mart 2021-ci il tarixdə axşam saatlarında evdən çıxıb narkotik vasitə almaq üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişdir. Bu dəfə üstündə pul çox olduğundan narkotik vasitə almaq qərarına gəlmişdir. O, 100 manat müqabilində 4 bükümdə narkotik vasitə olan heroin almışdır. Bükümlərin ümumi çəkisi 5 qramdan artıq olmamışdır. Narkotik vasitəni əldə etdikdən sonra yaşadığı ünvana gəlmişdir. Evdə anası ilə yaşadığından anasının yanında narkotik vasitələrdən istifadə etməmişdir. 21 mart 2021-ci il tarixdə aldığı narkotik vasitədən istifadə etmək üçün binanın həyətinə düşən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində olarkən vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın cibindən 5 ədəd bükümdə olan heroini təqdim etmişdir. Həmin bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 100 manat müqabilində təxminən 5-6 qram narkotik vasitə olan heroin almış, saxlanılandan sonra dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşlarının müvafiq təklifinə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sarı rəngli plastik qabın içərisində 06 ədəd şəffaf polietilen bükümləri çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlərdə nə olduğu soruşulduqda o, orada narkotik vasitə heroin olduğunu bildirmişdir (cild 1, iş vərəqi 64-66). Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin çəkisi və bükümlərin sayı ilə bağlı onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr məhkəmə zamanı araşdırılmış sübutlarla tam təsdiq olunduğundan həmin ifadələri sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsininn 35-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Elvin birlikdə məlumat əsasında saat 20:50 radələrində ünvan 4 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Nazimin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1975-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6nvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Nazimə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Nazimi saxlayaraq Xətai Rayon Polis İdarəsinin 35ci Polis bölməsinə dəvət etmişlər. Nazim də buna etiraz etmədikdən sonra sonuncunu PBnə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Hüseyn Novruzluya təhvil vermişlər. X3 Qurbanovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Nazimi şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Nazimə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Nazim də əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı oyuncaq “kinder” qutusunun içərisində olan 06 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə heroin olmasını, həmin heroini 20 mart 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata aldığını bildirmişdir. Sonra Nazimin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Nazimin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Nazimin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Nazim tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini tam təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21.03.2021-ci il tarixli protokoldan görünür ki, üstünə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən oyuncaq kinderin qutusunu açaraq içərisində olan şəffaf rəngli sellofana bükülmüş 06 ədəd içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə oxşar maddələr olan bükümü çıxarıb təqdim edərək həmin bükümdəki maddələrin narkotik vasitə hesab edilən heroin olduğunu, 20 mart 2021-ci il tarixdə saat 22 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını, 21 mart 2021-ci il tarixdə saat 20:50-də ünvan 7 ünvanda olan zaman həmin narkotik vasitəni istifadə etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin çəkisini müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman şəffaf rəngli sellofana bükülmüş maddələrin ümumi çəkisinin 5,71 qram olması müəyyən edilmiş, həmin büküm kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22.03.2021-ci il tarixli, 6/1148 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 5,337 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 39-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 01.06.2021-ci il tarixli, 1686 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127- 128). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı oyuncaq kinder qutusunun içərisindən 06 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni 20 mart 2021-ci il tarixdə 100 manata tanımadığı şəxsdən almasını bildirməsi, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması müşahidə olunur. Həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi videogörüntü zamanı qeydə alınır (cild 1, iş vərəqi 50-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 07.05.2021-ci il tarixli, 3851 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xətai RPİ 35-ci Polis bölməsinin müstəntiqin əməliyyat tapşırığına 01.06.2021-ci il tarixli, 103-3981-1221 saylı cavab məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur (cild 1, iş vərəqi 126). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 10.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,137 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü özündə əks etdirən 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən götürülmüş 1 ədəd "CD" formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 133- 140). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 5(011)-234/2021 saylı qərarından görünür ki, Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi Rəhman İsmayılov tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında 21 mart 2021-cu il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 98). İşdə olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 10.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 142-143). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin az olması, aşkar edilmiş narkotik vasitəni isə satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.01.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 107-108, 112-115). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs azad edildiyi tarixdən qanunda nəzərdə tutulmuş müddət keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və bu səbəbdən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 23 mart 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 mart 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 77-79). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,137 qram heroin məhv edilməli, digər maddi sübutlar, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk və "xxxx" MMCdən götürülmüş bir ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,137 qram heroin məhv edilsin; şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,137 qram heroin məhv edilsin; - şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar