Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1335/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dilləri üzrə tərcüməçi X2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Rusiya Federasiyasının Tümen şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə silah qismində bıçaqdan istifadə edərək zərərçəkmiş şəxsin sağlamlığına dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan xəsarət yetirməklə xuliqanlıq etmişdir. Belə ki, o, 26 avqust 2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanının qarşısında ictimai yer hesab olunan yolun hərəkət hissəsində onunla Şahid3 ilə arasında yaranmış mübahisəyə müdaxilə edən və başı ilə onun qaş nahiyəsindən vuran və anası Şahid1 itələyən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə yaşadığı evə gedib evin mətbəxindən bıçaq götürüb ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla yaşadığı evin və dayanacağın qarşısında yerləşən avtomobillərin hərəkət hissəsində Zərərçəkmiş şəxs sinə nahiyəsindən mətbəx bıçağı ilə vuraraq sonuncuya hemopnevmatoraksla, sol ağciyərin və ürəyin sol qulaqcığının zədələnməsi, döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası kimi xəsarətlər yetirərək, qəsdən sağlamlığına ağır zərər vurmaqla xuliqnalıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Hadisə baş verən gün məhəllə uşağı Neyman onu çağırmış, o da sonuncuya qapının ağızında gözləməsini demişdir. Neyman onu qonşunun pəncərəsinin qabağında gözləmişdir. O, Neymandan siqaret istəmiş, sonra siqaret çəkə-çəkə dükana getmişlər. Yuxarıdakı qonşusu pəncərədən baxıb “Niyə yığışmısınız? Alver gedir burada?” deyib əsəbləşməyə başlamışdır. Onun məhəllə uşağı ilə bir az mübahisəsi düşdükdə Mehman “Bu günə kimi həmişə gəlib-getmişəm, dayanmışam, nə olub axı?” demişdir. O isə “mən neçə ildir burada qalıram, bu günə kimi eşitmisən ki mən elə bir iş görüm?” deyə bildirmişdir. O, alverlə məşğul olmadıqlarına dair and da içmiş, qonşusu isə ona qarşı artıq ifadələr işlətmişdir. Bu vaxt Fuad gəlib çatmış və heç nəyə qulaq asmadan hadisəyə müdaxilə etmək məqsədi ilə ona kəllə zərbəsi vurmuşdur. Bu hadisələr baş verdiyi vaxt anası evdə olmuşdur. Fuad ona kəllə atdıqdan sonra başı fırlanmış, hətta başından çoxlu qan gəlməyə başlamış, buna görə də əl-üzünü yumaq üçün evə getmişdir. Evə gedəndə anası onun vəziyyətini görüb “səni kim vurub” deyib çölə çıxmışdır. Onun başı çox fırlandığı üçün evdə dayanıb özünə gəlməyə çalışmışdır. Bu ərəfədə çöldən səs-küy gəlməyə başlamışdır. O, bir az özünə gəldikdən sonra evdən bıçağı götürüb belinə qoyaraq çölə çıxmışdır. Çölə çıxanda məhlədəki çoxlu ağaclar olan yerdə camaatın gah itələşib, gah ayrıldığını görmüşdür. Bu dava-dalaşın içində anasını görəndə aralanmaları üçün onların üstünə qışqırmışdır. Həmin vaxt Fuad ona baxaraq, qaça-qaça üstünə gəlmişdir. Fuadın üstünə gəlməkdə məqsədinin bıçağı almaq, yoxsa yenidən vurmaq olduğunu başa düşməmişdir. Fuad ona yaxınlaşdığı zaman Fuada bir dəfə bıçaq zərbəsi vurduqdan sonra dayanmış, sonra Fuaddan aralanmışdır. Bu əməli törətdiyi zaman özündə olmamışdır. Daha sonra Fuadın dostları onu maşına aparıb çıxıb getmişlər. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onların həyəti ümumi olduğu üçün gəlib-gedən çox olur. Neyman gələndə saat gec olmuş, ona qapının ağzında gözləməyini demişdir. O da çölə çıxanda Seyidəli narazılığını bildirmiş, mübahisə bunun üstündə başlamışdır. Özü keçmişdə narkotik vasitələrdən istifadə etdiyi üçün müalicə olmuşdur. O, siqaret istəyəndə Seyidəli elə bilmişdir ki, narkotik vasitənin alqı-satqısı ilə məşğuldur. O, balasının canına and içmişdir ki, belə bir şey mümkün deyil. Sonra Seyidəli söyüş söyəndə, o “sənə hörmət edirəm, söyüş ifadələrini işlətmək lazım deyil” demişdir. Bu zaman Fuad məsələyə müdaxilə etmiş, daha sonra isə həmin hadisələr baş vermişdir. Onlar Neymanla yüksək səslə və ya söyüşlə danışmamışlar. Seyidəlini nəyin narahat etdiyini bilməmişdir. O, qaşının üstündən zədə almışdır. Aldığı xəsarətə görə həkimə müraciət etməmiş və bununla bağlı heç bir sənədi yoxdur. Hadisədən 1-2 gün qabaq narkotik istifadə etmiş, amma həmin gün hadisədən əvvəl narkotik vasitədən istifadə etməmişdir. Fuadı məhlədə yaxşı insan kimi tanımışdır. Hazırda barışmışlar, ona qarşı heç bir tələb və ya şikayət yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 7-8 ildir ki, Aynurgilin evinin yaxınlığında obyekt işlədir. Onların aralarında əvvəllər problem olmamış, hal-hazırda da yoxdur. Hadisə olan gün işdən çıxdıqdan sonra Aynurla Seyidəli arasında mübahisə olduğunu görmüşdür. O, yaxınlaşıb Aynurdan hansı səbəbdən yaşlı adamla mübahisə etdiyini soruşaraq ona iradını bildirmişdir. Aynur onunla kobud danışdığı üçün onun sol qaş nahiyyəsindən kəllə ilə vurmuş, zərbəsinin nəticəsində Aynurun qaş nahiyyəsi partlamışdır. Daha sonra Aynur evə qaçaraq bıçaq götürüb geri gəlmişdir. Ətrafdakı məhəllə uşaqları qapını tutaraq onun çölə çıxmasının qarşısını almaq istəmişlər, amma Aynur hasardan aşaraq çölə çıxmışdır. Aynurun əlindəki bıçağı görəndən sonra bıçağı əlindən almaq üçün yaxınlaşanda Aynur bıçaqla onu vurmuşdur. Sonra məhəllədəki uşaqlar onu xəstəxanaya aparmışlar. Aynurla aralarında heç bir problem yoxdur, hal-hazırda barışmışlar, Aynuru bağışlamışdır. Belə bir hadisənin baş verməsini heç birisi istəməzdilər. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Aynurgilin evinə yaxın məsafədə işləyir. O, işə qayıdanda Aynurun yaşlı adamla mübahisə etdiyini görmüş, yaxınlaşıb müdaxilə etmişdir. Aynur ona bir bıçaq zərbəsi vurmuşdur. O, özünü müdafiə etmək üçün kəllə vurmuş, bir az başı qanamışdır. Heç bir şikayəti yoxdur. Həm Aynurun ailəsi ilə, həm də onun özü ilə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisənin baş verdiyi gün evdə olmuşdur. Aynur evə gələn kimi tez-tələsik çölə çıxmış, çöldən çoxlu səslər gəldiyinə görə nə baş verdiyini bilmək üçün o da çölə çıxmışdır. O, evdən çıxanda yolun kənarında çoxlu cavan uşaqların yığışdığını görmüşdür. O, həyətdəki adamların qapını arxadan bağladıqlarını, Aynuru isə çölə çıxmağa qoymadıqlarını görmüşdür. Qapını açmadıqlarına görə Aynur darvazanın üstündən həyətin digər tərəfinə keçmişdir. Telefonla məşğul olduğu üçün Aynur evə gələndə onun başının qanadığına fikir verməmiş, ancaq çöldə olanda Aynurun başının qanadığına fikir vermişdir. Aynuru o vəziyyətdə görəndə təlaşla “Niyə bu haldasan? Nə olub sənə?” deyə qışqırmağa başlamışdır. Həyətə toplaşanlar Fuadı göstərərək Aynuru bu vəziyyətə salanın o olduğunu demişlər. O da “Niyə uşağı bu vəziyyətə salmısan?” deyərək Fuadın üstünə getmişdir. Fuad ona heç nə deməmiş, sadəcə onu əli ilə kənara itələdikdən sonra Aynurun üstünə getmişdir. Daha sonra Aynur və Fuad dalaşmağa başlamışlar. Ondan sonra baş verən hadisələrin şahidi olmamış, bir də Fuad hadisə yerindən gedəndə özünə gəlmişdir. Bu hadisə baş verənə qədər Fuadı tanımamışdır. O, heç Aynurun Fuada bıçaq zərbəsi endirdiyini başa düşməmiş, həmin anı görməmiş, sadəcə onları ayırmağa çalışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Yaşadığı evlə Təqsirləndirilən şəxs qaldığı ev arasında məsafə qısadır. 26 avqust 2023-cü il tarixdə gecə saat 23 radələrində marketdə olarkən ona zəng gəlmiş, xatırlamadığı həmin şəxs ona Fuadın kəllə ilə Aynuru vurduğunu, Aynurun da Fuadı bıçaqladığını bildirmişdir. O, Aynurun yaşadığı ünvana getmiş, evdə Aynurun anasını görmüşdür. Hadisə barədə Aynurun anası Şahid1 soruşduqda sonuncu Fuadın Aynurun qaş nahiyəsindən kəllə ilə, Aynurun da Fuadı bıçaqla vurduğu bildirmişdir. Bir qədər sonra Aynur özü zəng etmiş və hadisə barədə ona danışmışdır. Aynur ona Neymanla qapının qarşısında dayandığını, qonşu Seyidəlinin onlara irad bildirdiyini, buna görə aralarında mübahisə olduğunu, Fuadın onlara yaxınlaşdığını, sonuncunun kəllə ilə onun qaş nahiyəsindən vurduğunu, Fuadın dostlarının da onu döydüyünü, anasının onları ayırmaq istəyərkən Fuadın onun anasını da itələdiyini, ona görə əsəbləşək gedib evdən bıçaq götürərək gəlib Fuadı sinə nahiyəsindən vurduğunu bildirmişdir. O, X3 yaxınlaşaraq təslim olmasını tələb etmişdir. Sonra Fuadla söhbət edərkən Fuad da ona 26 avqust 2023cü il tarixdə saat 22 radələrində işlədiyi bərbər salonunun yanında olarkən Seyidəli ilə Aynurun mübahisə etdiklərini gördüyünü, başı ilə Aynurun qaş nahiyəsindən vurduğunu, adını xatırlamadığı tanışlarının hadisə yerinə gəldiyini, Aynurun evə daxil olaraq bıçaq gətirib onu vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, “Laçın” ticarət mərkəzində satıcı işləyir. 26 avqust 2023-cü il tarixdə saat 22 radələrində Bülbülə qəsəbəsində yerləşən kafedən çıxaraq yaşadığı ünvana gedəndə insanların qonşu Aynurun yaşadığı evin qarşısına toplaşdığını görmüşdür. Evə yaxınlaşdıqda Təqsirləndirilən şəxs qaş nahiyəsinin dərisinin yırtıldığını, qan axdığını, dərisinin isə kənara doğru sallandığını görmüşdür. Qonşulardan hadisə barədə soruşduqda onlar Aynurla Fuadın dalaşdıqlarını, Fuadın başı ilə Aynurun qaş nahiyəsindən zərbə endirdiyini, Aynurun isə evdən bıçaq gətirərək onu bıçaqla vurduğunu bildirmişlər. O, orada olanda Fuad olmamış, uzaqdan polis əməkdaşlarının maşının gəldiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 26 avqust 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olmuşdur. Evdə televizorun səsi çox olduğundan hadisə baş verdikdə xəbəri olmamış, evdən çıxdıqda Aynurun bərbər Fuadla dalaşdığını, Fuadın başı ilə onun qaş nahiyəsindən vurduğunu, Aynurun isə bıçaqla Fuadı vurduğunu eşidib bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə saat 22 radələrində oğlugildən yaşadığı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ev 59A ünvanında yerləşən evə getmiş, həmin ünvana çatanda evinin pəncərəsinin qarşısında qonşu Təqsirləndirilən şəxsla tanımadığı şəxsin siqaret çəkdiklərini görmüş, onlara yaxınlaşarkən onların nalayiq sözlərdən istifadə etdiklərini eşitmiş, onlara evdə ailə üzvlərinin olduğunu bildirərək söyüş söyməməklərini və gedib öz evlərinin qarşısında dayanmalarını tələb etmiş, Aynur onun dediklərini qəbul edərək bir neçə metr irəliyə Əmircan istiqamətində hərəkət etmişdir. Şahid3 evin zəngini sıxmış, evə daxil olmaq istəyərkən X4 görüb onlara yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. O, Aynurla dostunun evin qarşısında dayandığını, nalayiq sözlərdən istifadə etdiklərini, onlara irad bildirdiyini və onların da üzr istəyib getdiklərini bildirmişdir. Fuad fitlə onları geri çağırmış, Fuad Aynura nəyə görə başqa adamları həmin yerə çağıraraq həmin insanları ora topladığını soruşmuşdur. Sonra Aynurun anası çölə çıxmışdır. Fuad Aynura qarşı nalayiq sözdən istifadə edərək kəllə ilə onun qaş nahiyəsindən vurmuşdur. Sonra onlar bir-birinə qarşı yumruq təpik zərbələri atmışdır. Həmin vaxt ətrafa xeyli adam yığılmışdır. Qonşular Mahmud, Ədalət, anası onları bir- birindən kənarlaşdırmaq istəmişlər. Aynur Fuadın onları ayırmaq istəyən anasını kənara itələdiyini görüb evə qaçaraq bıçaq götürmüşdür. O, anası Gülzar və Ədalət hamısı qapını tutmuşdur ki, Aynur çölə çıxa bilməsin. O, Zərərçəkmiş şəxs qaçıb getməsini bildirmişdir. Fuad həmin vaxt bərbər salonunun qarşısında dayanmışdır. Aynur evlərinin qapısının üstündən aşaraq əlindəki bıçaqla çölə çıxmışdır. Həmin vaxt küçədə onlarla adam olmuşdur. Dayanacağın qarşısında Aynurla Fuad qarşıqarşıya dayanmışdır. Aynur bıçaqla həmlələr edərək digər insanların onlara yaxınlaşmasının qarşısını almışdır. O, ayırmaq istəsə də hamı bıçağa görə qorxmuşdur. Aynur Fuada doğru bir neçə bıçaq zərbəsi atmışdır. Həmin bıçaq zərbələrinin Fuada dəyib-dəymədiyini görməmişdir. Fuad Aynura doğru ayaq zərbəsi atmışdır. Fuad Aynurun bıçaq olduğu əlini qəfildən tutaraq onu yerə yıxmışdır. Tanımadığı şəxslərdən biri bıçağı Aynurun əlindən almışdır. Aynurun əlindən bıçaq alındıqdan sonra digər insanlar artıq ona yaxınlaşmaqdan qorxmamış, onu kənarlaşdıraraq evə aparmışlar. Həmin yerdə maşın saxlamış, Fuad həmin maşına minərək uzaqlaşmışdır. Hava qaranlıq olduğu üçün həmin maşının markasını və dövlət qeydiyyat nişanını görməmişdir. Həmin hadisə 26 avqust 2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanının yaxınlığında dayanacaqla üzbəüz yolun maşınların hərəkət etdiyi hissəsində baş vermişdir. Fuad Təqsirləndirilən şəxs fitlə çağırdıqdan sonra aralarında yaranan mübahisə ilə əlaqədar onu söymüş və başı ilə Aynurun qaş nahiyəsindən vurmuşdur. O, Aynurun Fuada doğru bıçaqla həmlələr etdiyini, bıçağı Fuada doğru hərəkət etdirərək onu vurmaq istədiyini görmüşdür. X7 bıçaqla sinə nahiyəsindən vurduğunu görməmişdir.Həmin vaxt onlar bir-birilərinə qarşı uca səslə nalayiq söyüşlərdən istifadə etmişlər. Hadisə yerində Aynurun anası Gülzar, Mahmud, Ədalət və yoldan keçənlər olmuşdur. Çünki hadisə yolun hərəkət hissəsində baş verdiyindən maşınlar saxlamaq məcburiyyətində qalmış, yolun hərəkəti tamamilə dayanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başqa hər hansı şəxs və ya şəxslər döyməmişdir (cild 1, iş vərəqə 123-126). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış və götürmə keçirilməsi haqqında 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanının qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 10-14). Əşyanın tanınması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs soldan sağa nömrələnmiş 3-cü bıçağı göstərərək həmin bıçağı tanımış, həmin bıçağın ona məxsus olduğunu, yaşadığı ünvandan mətbəxdən götürərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq olduğunu və üzünü görmədiyi şəxsin həmin bıçağı əlindən aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 91-94). Məhkəmə-tibb ekspertizasının 31 avqust 2023-cü il tarixli 796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ baldırın, sağ ayağın, sağ dirsək oynağının,sol baldırın sıyrıqları, sağ qaşın iç bucağı nahiyəsinin əzilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya edilir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir (cild 1, iş vərəqə 97-98) Məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 947 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hemopnevmatoraksla, sol ağciyərin və ürəyin sol qulaqcığının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının 1 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (cild 1, iş vərəqə 139-141) Kompleks məhkəmə ballistik-trasoloji ekspertizasının 20 dekabr 2023-cü il tarixli 3/2079- 3/2099 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir; - tədqiqata təqdim edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir; - ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil; - tədqiqata təqdim edilmiş bir ədəd köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiysəinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir (cild 1, iş vərəqə 145-147). İfadənin yerində yoxlanması haqqında 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 149-153). İbtidai istintaq orqanının 20 dekabr 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 12 dekabr 2023-cü il tarixli 19614 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 137). Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 134-135). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətmədiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 48, 106-108). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 01 ədəd bıçaq və 01 ədəd qısa qol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 146). İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 29 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 01 ədəd bıçaq və 01 ədəd qısa qol köynək məhv edilsin. Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1335/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1335/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver