Məhkəmə qərarları › İş №1(101)-1336/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1336/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1336/2024 05.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 194, 196, 198, 200, mənzil 272-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi, nömrəsiz evdə yaşamış, 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti naməlum, İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olması ehtimal edilən “Əmir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən digər şəxslərə çatdırmaqdan ötrü “Əmir” adlı şəxsin ona deyəcəyi yerlərə yerləşdirməsi üçün istintaqa məlum olmayan vaxtda “Əmir” adlı şəxsdən qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 40,012 qram təşkil edən psixotrop maddə metamfetamini və külli miqdarda - təmiz çəkisi 100,825 qram təşkil edən narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, bundan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) və Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X2 İdarəsinin (bundan sonra: BŞBPİ-nin, KMNMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 sentyabr 2023-cü il tarixdə saat 23:40-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Sabunçu rayon X10 Şöbəsinin (bundan sonra: DYPŞ-nin) yaxınlığında olan zaman saxlanılaraq Sabunçu rayon 15-ci PB-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 bükümdə təmiz çəkisi 40,012 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 bükümdə isə təmiz çəkisi 100,825 qram təşkil edən qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən psixotrop maddə və narkotik vasitələrin satışında istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü korpuslu işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi və məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsinin qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, ara-sıra narkotik vasitələrdən istifadə etmişdir. Təxminən 1 ay əvvəl WhatsApp sosial şəbəkəsində ona tanımadığı və yadında qalmayan xarici nömrədən mesaj yazan “Əmir” adlı İran vətəndaşı ilə tanış olmuşdur. O, “Əmir” adlı şəxslə tanış olduqdan sonra ona narkotik və psixotrop maddələri onun dediyi ünvana çatdırmaqla əlaqədar iş təklif etmişdir. O, da həmin ərəfərlərdə işsiz olduğundan həmin şəxslə razılaşmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən “Əmir” adlı İran vətəndaşı narkotik vasitə və psixotrop maddələrin qoyulduğu yeri ona «konum» (burada: olduğu yer) vasitəsi ilə göndərəcək və o, da həmin şəxsin dediyi kimi həmin narkotik maddələri götürərək dediyi şəxslərə WhatsApp vasitəsi ilə «konum» ataraq dediyi yerə qoymağını bildirmişdir. Belə ki, “Əmir” adlı şəxs birinci dəfə ona Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məktəbin yaxınlığında dirəyin dibində basdırılmış halda narkotik maddə olduğunu WhatsAppda «konum» atmış və o, da həmin narkotik maddəni götürərək “Əmir” adlı şəxsin dediyi yerlərə qoymuş və narkotik maddəni deyilən yerə qoyduqdan sonra yadında qalmayan yerlərin «konum»larını “Əmir” adlı şəxsə göndərmişdir. O, sadəcə “Əmir” adlı şəxsin dediklərini etmiş və narkotik maddələri qoyulan yerlərdən kimlər tərəfindən götürülməsini bilməmişdir. Bu iş üçün “Əmir” adlı şəxs 300 manat pulu bu yaxınlarda ona məxsus 4098-5844-6071-1144 nömrəli “Leo” bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, sonuncu dəfə 11 sentyabr 2023-cü il tarixdə səhər saatlarında “Əmir” adlı iran vətəndaşının dediyi kimi yenidən Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən məktəbin yaxınlığında narkotik maddələri və psixotrop maddələri götürmüş və onların bir hissəsini “Əmir” adlı şəxsin dediyi kimi yadımda qalmayan yerlərə aparıb qoymuş və narkotik vasitə heroini və psixotrop maddənin bir hissəsi isə onda qalmışdır. Belə ki, 14 sentyabr 2023-cü il tarixdə saat 23:40-da onda qalan narkotik vasitə heroini və psixotrop maddəni deyilən ünvanlara aparmaq üçün gedən zaman Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən Sabunçu rayon DYPŞ-nin yaxınlığında olarkən 2 nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, alqı-satqısı ilə ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirib onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. O, da etiraz etməyərək polislərlə birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsinə aparılanadək olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, üzərində olan külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati otaqlarının birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə olduğu üçün müdafiəçinin bunu öz gözü ilə görməsini istəmədiyindən müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 02 ədəd şəffaf rəngli selofan bükümləri, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzini və həmin şalvarın sağ yan cibindən özünə məxsus 01 ədəd “İphone 6” markalı və 01 ədəd “Samsung A21 S” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 02 ədəd şəffaf selofan bükümlərin birinin içərisində narkotik vasitə heroin, digər ikinci selofan bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda 11 sentyabr 2023-cü il tarixdə “Əmir” adlı İran vətəndaşı ilə əvvəlcədən müəyyən edilmiş qaydada ona göndərilmiş «konum»dan yəni Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən götürdüyünü, həmin narkotik və psixotrop maddələri “Əmir” adlı şəxsin dediyi kimi deyilən yerlərə qoyduğunu və bu iş üçün “Əmir” adlı şəxsin ona pul göndərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarına təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr götürülmüş və ekspertizaya göndəriləcəyi ona izah edilmişdir. Həmçinin təqdim etdiyi 01 ədəd elektron tərəzi və özünə məxsus 01 ədəd “İphone 6” markalı və 01 ədəd “Samsung A21 S” markalı mobil telefonlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, nə narkoloji, nə vərəm, nədə ki, psixo-nevroloji dispanserdə qeydiyyatda deyildir. Heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, işsiz olduğundan “Əmir” adlı şəxs ona narkotik vasitələri və psixotrop maddələri deyilən ünvanlara qoymağı müqabilində iş təklif etmiş və o, da həmin şəxslə razılaşmışdır. Həmin ünvanlar yadında qalmamış və narkotik vasitə və psixotrop maddələrin daha sonra kim tərəfindən deyilən ünvanlardan götürülməsi barədə heç bir məlumatı yoxdur. Əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetaminin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən məlumatı olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzini “Əmir” adlı şəxsin dediyi yerdən götürmüş, “Əmir” adlı şəxsin dediyi yerlərə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoyarkən əvvəlcədən “Əmir” adlı şəxsin dediyi kimi çəkilərini qramla çəkərək deyilən ünvanlara qoymuş, elektron tərəzidən bunun üçün istifadə etmişdir. Ona məxsus “İphone 6” markalı mobil telefonun üzərində heç bir GSM mobil nömrəsi olmamış, lakin “Samsung A21 S” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM mobil nömrələr olmuşdur. Ona məxsus “İphone 6” markalı mobil telefonda ***-***-**-** saylı GSM mobil nömrənin WhatsApp danışıq proqramını işlətmişdir. İİR vətəndaşı olan “Əmir” adlı şəxsin anket məlumatlarını bilməmiş, yalnız adını bilmiş, sonuncunun istifadəsində xarici nömrə olmuş və həmin nömrə onun yadında qalmamışdır. O, istifadəsində olan «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarında ona sms yazan şəxslərin anket məlumatlarını bilməmişdir. Ona məxsus “Samsung A21 S” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olsa da, çox əvvəllər istifadə etdiyi “***-***-**-**” saylı Bakcell GSM mobil nömrəni həmin mobil telefon «WhatsApp Business» proqramında qeydiyyatdan keçmiş, “İtuns toni” adı ilə qeyd edilmiş +**********47 nömrəli mobil nömrənin sahibi İİR vətəndaşı olan “Əmir” adı ilə tanıdığı şəxs olmuşdur. “Əmir” adlı şəxsin ona göndərdiyi «konum»lardan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr götürmüş, onun dediyi yerlərə həmin narkotik vasitə və psixotrop maddələri özündə olan elektron tərəzi vasitəsi ilə çəkərək deyilən miqdarda qoymuşdur. Bu iş müqabilində sonuncu dəfə “Əmir” adlı şəxs ona 300 manat pul göndərmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır (iş vərəqə: 178-181). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, Zabrat qəsəbəsi ərazisində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ilk olaraq ad-familiyası barədə məlumatlar daxil olmuş, qalan anket məlumatlarını isə onlar özləri aydınlaşdırmışdır. Bunun üçün rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbiri keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə 14 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, və Bakı şəhər BPİ-nin Kiber X2 İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 daxil edilmişlər. Əməliyyat məlumatının daxil olması, əməliyyat-axtarış tədbiri keçirilməsi üçün müvafiq qərar qəbul edilməsi və əməliyyat qrupunun yaradılması ilə əlaqədar sənədləşmə işini o, özü icra etmişdir. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 23:40-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Sabunçu rayon DYP-nin yaxınlığında müəyyən edilmişdir. Onlar şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və alqı-satqısı ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs saxlanılıb Polis Bölməsinə gətirilməsi barədə rəhbərliyə raportla məlumat verilmiş, araşdırma təhqiqatçı X4 həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkil X6 ona vəkil kimi təqdim edilmişdir. 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs rəsmi ərizə verib, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etmişdir. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli selofana bükülmüş iki ədəd bükümü və əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzini, həmin şalvarın sağ yan cibindən 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı təqdim olunan bükümlərə baxış keçirmiş, onlardan biri qəhvəyi rəngli, iyli, digəri isə xırda kristal formalı, iysiz maddələr olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrlə bağlı izah verib, həmin maddələri 11 sentyabr 2023-cü il tarixdə “Əmir” adlı İran vətəndaşı ilə əvvəlcədən müəyyən edilmiş qaydada ona göndərilmiş “konum” yerindən, yəni Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisindən götürdüyünü və Əmir adlı şəxsin ona dediyi şəxslərə çatdırması üçün üzərində saxladığını, gördüyü işin müqabilində pul aldığını bildirmişdir. Həmçinin təqdim etdiyi elektron tərəzi vasitəsi ilə Əmir adlı şəxsin ona dediyi şəxslərə narkotik maddələri çatdırarkən çəksini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Buna görə artıq Əmirdən bir dəfə 300 manat pul almışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli selofanlara bükülmüş 02 ədəd bükümdə olan maddələr 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlə möhürlənib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzi, 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonlar da təhqiqatçı tərəfindən götürülmüşdür. Ümumi proses protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət olunub gətirilərkən və ya Bölmədə ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Məhkəm baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı Şəhər Baş Polis İdarəsinin Kiber X2 İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 analoji ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təstiq etdi, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, Zabrat qəsəbəsi ərazisində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı, əsil həqiqətdə onların idarəsinə daxil olmuş, məlumat Sabunçu rayonu ərazisini əhatə etdiyindən Sabunçu RPİ-yə ötürülmüş, sənədləşmə işi Sabunçu RPİ-nin 15-ci PB-də aparılmış və onların idarəsindən o, əməliyyatın keçirilməsində iştirak etmişdir. Tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsi təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli selofana bükülmüş iki ədəd bükümü, əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzini, həmin şalvarın sağ yan cibindən 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim olunan iki ədəd bükümdəki şübhəli maddələrə baxış keçirilmiş, bükümlərdən birində olan maddənin qəhvəyi rəngli, spesifik iyə malik olan maddə olması, digər bükümdəki maddənin xırda kristal formalı olub spesifik iyə malik olmayan maddə olması müəyyən edilmişdir. Faktiki aparılan şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyətinə malik ola biləcək başqa əşya və sənədlər aşkar edilməmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrlə bağlı izah verib, həmin maddələri 11 sentyabr 2023-cü il tarixdə “Əmir” adlı İİR vətəndaşı ilə əvvəlcədən müəyyən edilmiş qaydada ona göndərilmiş “konum”a əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən götürdüyünü və Əmir adlı şəxsin ona dediyi şəxslərə çatdırması üçün üzərində saxladığını, gördüyü işin müqabilində Əmirdən pul aldığını bildirmişdir. Təqdim etdiyi elektron tərəzi vasitəsi ilə Əmir adlı şəxsin ona dediyi şəxslərə narkotik maddələri çatdırarkən çəksini çəkib müəyyənləşdirmək üçün istifadə etmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli selofanlara bükülmüş 02 ədəd bükümdə olan şübhəli maddələr ekspertiza tədqiqatı üçün 01 ədəd kağız zərfə qablaşdırılaraq üzəri möhürlə möhürlənib götürülmüş, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzi, 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd DVD formatlı diskə həmin protokola əlavə edilmişdir (iş vərəqə: 30-31, 32). Tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, DVD formatlı diskdə videofaylda olan fideogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 sentyabr 2023-cü il tarixli protokolun məzmununu tam əhatə edir və hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir (iş vərəqə: 95). İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 149-160). Tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 3- 16-16/2-6/4888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 161” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, təmiz çəkisi 40,012 qram təşkil edir və 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və təmiz çəkisi 100,825 qram təşkil edir. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahı üzrə: heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə:39-43). Bundan başqa, tədqiq olunan daha bir məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5420 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AD DİN “Zərflər üçün № 48” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi” əl yazısı olan kağız paketdəki 01 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və təqdim olunmuş 01 bükümdəki heroin kütləsi ilə (obyekt barədə 15 sentyabr 2023-cü il tarixli 6/4888 saylı ekspert rəyi verilmişdir) eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır (iş vərəqə: 122-124). Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş açıqlamalarının qeyd edildiyi 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokol məhkəmə baxışı zamanı tədqiq edildi. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən siyahıda qeyd olunan şəxslərlə sms yazışmaları aparmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 20:41:49-da **********51 nömrədən, **********93 nömrəyə “ Aye, kişi ol ac elindeki, tema var”, xx.xx.2023-cü il tarixdə, saat 16:08:09-da **********50 nömrədən, **********93 nömrəyə “danışdım dedi var her ikisindən”, xx.xx.2023-cü il tarixdə, saat 12:01:00-da **********27 nömrədən, **********93 nömrəyə “Brat obirisinnen varsa gelim goturum ferqi yoxdu”, xx.xx.2023-cü il tarixdə, saat 21:33:13-də **********93 qömrədən, **********66nömrəyə “Qaqaw niye bele eliyirsenki bilirsen narahatam onsuzda sene desim axi vallah menim deyil camaatin yaninda biyabr oluram axi” məzmunda sms-lər yazılmışdır. Həmçinin Azercell MMC-dən daxil olmuş eyni məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrədən istifadəsi edilməmişdir (iş vərəqə: 114). Bundan başqa, Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş açıqlamalarının qeyd edildiyi 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokol məhkəmə baxışı zamanı tədqiq edildi. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin CD diskdə istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən siyahıda qeyd olunan şəxslərlə sms vasitəsi ilə danışıqlar aparmış, sms mətnlərində iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir məlumat aşkar edilməmişdir. Tədqiq olunan sənəddən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs məxsus «***- ***-**-**» saylı mobil nömrənin anten dairəsində olan məlumatlarından görünür ki, mobil nömrənin anten dairəsi xx.xx.2023-cü il tarixdə, saat 21:07:59-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şossesi, 50 saylı binanın damı göstərilmişdir (iş vərəqə: 121). İş üzrə Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlşamaları qeyd edilən 01 ədəd CD disk, həmçinin «***- ***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlamaları qeyd edilən 01 ədəd CD disk – 2 ədəd CD formatlı disk iş üzrə maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 149-160). Tədqiq olunan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli “Samsung A21 S” markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında protkoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon aparatı işlək vəziyyətdə olmaqla smartfon tiplidir, mobil telefonun «Whatsapp Business» proqramında “***-***-**-**” saylı Bakcell GSM mobil nömrəsi qeydiyyatdan keçirilmişdir. Mobil telefon aparatının «Kontaktı» başlıqlı telefon kitabçasında, həmçinin, «Jurnal» başlıqlı daxil olan, çıxan və qəbul edilməyən zənglər siyahısı bölümündə, «Mesaj» başlıqlı daxil olan və çıxan mesajlar siyahısında heç bir məlumat aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun «Whatsapp Business» başlıqlı proqramın mesajlar siyahısında “İtuns toni” adı ilə qeyd edilmiş +**********47 nömrəli mobil nömrənin sahibi ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Bakı şəhəri ərazisində qoyulduğu yerlərin ox işarəsi ilə göstərilməklə çoxlu sayda fotoşəkillər, sms yazışmaları müəyyən edilmişdir. “İtuns toni” adı ilə qeyd edilmiş +**********47 nömrəli mobil nömrənin sahibi 14 sentyabr 2023-cü il tarixdə saat 14:23 dəqiqədən 21:11 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs “7kola 7pati, 4kola, 2pati, 10kola, 5kola, 10 kola, 6 pati, Ok, nuldo, Gardaw atmisan, Gardaw Man 1 sat demisem san gerek tez cixasan, Uzon gurson zakast azaldi, Kutardin gardwe, 4kola 4 pati, 8kola 2pati, 13 kola 2 pati, 4 kola 1 pati, 6kola, Culde deyirdin, Alo” kimi məzmunda sms-lər yazmışdır. Bundan başqa, həmçinin Təqsirləndirilən şəxs “İtuns toni” adı ilə qeyd edilmiş +**********47 nömrəli mobil nömrənin sahibinə 14 sentyabr 2023-cü il tarixdə saat 14:23 dəqiqədən 21:11 dəqiqəyədək olan müddət ərzində “Hecne onda zakast var ela 15 dəq men evdeyem narahat olma, Ok eve yaxinam gedirem duzeldem arxayin ol, sen ozun yaxsisan qardawim? Ok, Mastaga gelsinler, Yazda, Men sene dememiw cixmiram qardawim, Cixmisamda yoldayam catim eraziye atiram, narahat olma 1-ci hansini, Narahat olmada men konumlari tez atacam 5 deq swbr et ard arda konumlari atiram, Qardawim atiramda, İware olan yerde 10 ko, İware olan yerde 6 p, İware qoyduğum dawin dalinda 7- 7, Dawin altinda 4-2, İware olan yerde 10 k, İware qoydugum 5 k balaca dawin altinda, Duzeldecwm, Mewtaga dede bes, men ele bilirem demisen, Qardaw men cixmiwama, Atiram konum, Dawin altinda 8-2, Mawtaga dede qardawim” kimi məzmunlu sms-lər yazmışdır. Tədqiq olunan protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs “***-***- **-**” saylı Bakcell GSM mobil nömrəsi ilə «Whatsapp Business» proqramında yalnız qeydiyyatdan keçdiyini, “İtuns toni” adı ilə qeyd edilmiş +**********47 nömrəli mobil nömrənin sahibinin İran İslam Respublikası vətəndaşı “Əmir” adlı şəxs olduğunu, “Əmir” adlı şəxsin ona göndərdiyi konumlardan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr götürdüyünü, dediyi yerlərə həmin narkotik vasitə və psixotrop maddələri özündə olan elektron tərəzi vasitəsi ilə çəkərək deyilen miqdarda qoyduğunu, bu iş müqabilində “Əmir” adlı şəxsin ona pul göndərdiyini bir daha təsdiq etmişdir (iş vərəqə: 129-145). Daha sonra tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8501№-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 147-148). Təqsirləndirilən şəxs psixi cəhətdən sağlamdır (Azərbaycan Respublikası SN-nin “Respublika Psixiatriya Xəstəxanası”nın məktubu) (iş vərəqə: 105). Məhkəməyədək icraat mərhələsində əməliyyat tapşırığına əməliyyat orqanının verdiyi cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edildiyi müəyyən edilmişdir (iş vərəqə: 125). İbtidai istintaq orqanının 29 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 40,012 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 bükümdə təmiz çəkisi 100,825 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd gümüşü korpuslu elektron tərəzi və 01 ədəd qara rəngli “Samsung A21 S” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,912 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 100,725 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü korpuslu elektron tərəzi və 01 ədəd qara rəngli “Samsung A21 S” markalı mobil telefon Sabunçu RPİ-nin maddi sübutlşarın saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 149-160, 190). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 161-162). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxs X3 üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 40,012 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və təmiz çəkisi 100,825 qram təşkil edən heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin hər ikisinin ktləsi qanunla müəyyən olunan start külli miqdar həddindən qat-qat artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və həm də psixotrop maddə əldə edərək üzərində saxlaması, daşıması, aşkar olunub götürülmüş qanunla dövriyəsi qadağan edilmiş malların növ müxtəlifliyi, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəməyədək icraat mərhələsində əməlini etiraf edib səmimi ifadələr verməsi və məhkəmə baxışı mərhələsində həmin ifadələrini müubahisələndirməməsi, narkotik vasitələrin və pisxotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əlaqəsinə girib əlbir olduğu şəxslə və qeyriləri ilə mobil əlaqələri təqsirləndirilən şəxsin həmin narkotik vasitə və pisxotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi üçün əsaslı bir dəlil gətirməmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 106-107). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tutuduğu əməldən səmimi peşiman olduğunu məhkəmənin nəzər diqqətinə çatdırdı. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını nəzərə alıb, onun ilk məhkumluğunu, həmçinin tutduğu əməldən səmimi peşimanlığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2023-cü il tarixli, 8501 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs faktiki olaraq polis əməkdaşları tərəfindən 14 sentyabr 2023-cü il tarixdə, saat 23:40-da saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, lakin 15 sentyabr 2023-cü il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Lakin məhkəmə bu hissədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli qərarı ilə razılaşmır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2023-cü il tarixdən deyil, faktiki polis tərəfindən saxlanıldığı və hüquqlarının məhdudlaşdırıldığı 14 sentyabr 2023-cü il tarixdən də hesablanmalıdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkilməsinin əvvəli polis tərəfindən faktiki saxlanıldığı 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 40,012 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 39,912 qram hissəsi, 100,825 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 100,725 qram hissəsi və 01 ədəd gümüşü korpuslu elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı, Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlşamaları qeyd edilən bir ədəd CD formatlı və «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlamaları qeyd edilən bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung A21 S” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli faktiki tutulub saxlanıldığı 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 40,012 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 39,912 qram hissəsi, 100,825 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 100,725 qram hissəsi və 01 ədəd gümüşü korpuslu elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı, Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlşamaları qeyd edilən bir ədəd CD formatlı və «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlamaları qeyd edilən bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung A21 S” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar