Məhkəmə qərarları › İş №1(101)-1339/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1339/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1339/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X6 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 avqust 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza Məhəmədi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza Məhəmmədi” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rza Məhəmmədi” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 12,774 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 6,236 qram çəkidə psixotrop maddə metafetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,120 qram olan 3 ədəd narkotik vasitə metadonu və 3,185 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan “Rza Məhəmmədi” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə 1 ədəd sellofan bükümdə külli miqdarda 6,236 qram çəkidə psixotrop maddə metafetamini, 2 ədəd sellofan bükümdə külli miqdarda ümumi çəkisi 12,774 qram narkotik vasitə heroini, 2 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümdə ümumi çəkisi 3,185 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,120 qram olan 3 ədəd narkotik vasitə metadonu üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 18:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 20:37-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibində olan 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən 1 ədəd sellofan bükümdə külli miqdarda 6,236 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 2 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,178 qram və 11,596 qram olmaqla ümumi çəkisi 12,774 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,507 qram, 1,455 qram, 0,919 qram və 0,304 qram olmaqla ümumi çəkisi 3,185 qram olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 3 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli əsas təsiredici maddəsinin ümumi miqdarı 0,120 qram olan narkotik vasitə metadon həbləri və həmin cibdən üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd “Constant” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən narkotik vasitə “kakos” və narkotik tərkibli həblər almışdır. 20 aprel 2022-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanında olarkən həyət qapısının döyüldüyünü eşitmişdir. Qapını açmazdan əvvəl həmin şəxsdən kim olduğunu soruşduqda, qonşusu Şahid4 oluğunu, özü ilə bir neçə it gətirdiyini, həmin itləri həyətində saxlamaq imkanı olmadığından onun həyətimdə qalmalarına icazə veməyini ondan xahiş etmişdir. O da Calalla razılaşıb qapını açdıqda bir neçə polis əməkdaşı yaşadığı evin həyətinə daxil olmuşdur. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğunu demişlər. İdarəyə getməzdən əvvəl polis əməkdaşları “şüşə” kimi tanıdığı psixotrop maddəni ona verib idarədə videoçəkilişlə həyata keçiriləcək şəxsi axtarış zamanı təqdim etməyini tələb edib, əks halda ona daha ağır ittiham irəli sürüləcəyini demişlər. Polis əməkdaşlarının həmin dediklərindən və ona fiziki təsir göstərə biləcəklərindən qorxub onlarla razılaşmışdır. İdarəyə çatdıqdan sonra otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi, gödəkcəsinin sol iç cibində olan 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, əynində olan şalvarının sağ arxa cibində olan 1 ədəd “Redmi” markalı mobil telefon, şalvarının sağ yan cibində olan 10 manat pul, gödəkcəsinin sol yan cibində olan 2 ədəd cib dəsmalı, 1 ədəd tibbi maska, 1 ədəd solfet və 1 ədəd alışqan, gödəkcəsinin sağ yan cibində olan 1 ədəd cib dəsmalı aşkar edilmişdir. Heç bir İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsi olmamışdır. Tutulan zaman üzərində təxminən 5 qram narkotik vasitə “kakos” və metadon həbləri olmuşdur. Calal tez-tez ona məxsus olan mobil telefonlardan istifadə etmişdir. Mobil telefonlarından aşkar edilmiş sms mətnləri ona məxsus olmamış, Calal tərəfindən yazılmışdır. Calal qonşusudur, “İçərişəhər”də yaşayır. Tutulan zaman evdə tək olmuşdur. Narkotik vasitə alan zaman çəkisində aldanmamaq üçün elektron tərəzidən istifadə etmişdir. dirdim. 5 qram narkotik vasitə “kakos” və metadon həblərini şəxsi istifadəsi üçün əldə etmişdir. Ola bilsin ki, Calal mobil telefonundan istifadə etməklə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamışdır. “Şüşə” polis əməkdaşları tərəfindən ona verilmişdir. Polis əməkdaşları onu daha ağır ittiham irəli sürməklə hədələdikləri üçün onlarla razılaşıb videoçəkiliş zamanı bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, çoxdandır ki, narkotik vasitənin qurudulmuş marixuana, heroin və psixotrop maddənin metafetamin növlərindən istifadə edir. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı 2010-cu ildə həbs olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2018-ci il tarixdə isə həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan bir müddət sonra yenidən psixotrop maddə və narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 2021-ci ilin noyabr ayında İnstagram sosial şəbəkəsində bir profil vasitəsi ilə ona mesaj gəlmişdir. Həmin mesaj göndərən şəxs özünü İran İslam Respublikasının vətəndaşı “Rza Məhəmmədi” kimi təqdim etmişdir. Həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi zaman narkotik vasitə göndərə biləcəyini bildirmişdir. Buna görə də onun mobil nömrəsini almışdır və İran İslam Respublikasına məxsus mobil nömrəsinə “WhatsApp” proqamı ilə öz mobil nömrəsi ilə yazmışdır. Bundan sonra ona bir neçə dəfə öz istifadəsi məqsədi ilə narkotik vasitə göndərməyini xahiş etmişdir. “Rza Məhəmmədi” adlı şəxs ilə danışanda o, ilk öncə kart göndərmiş, karta pul yüklədikdən sonra narkotik vasitə qoydurduğu yeri ona demişdir. Həmin yerdən gedib narkotik vasitəni götürüb öz istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmçinin sonuncu dəfə, yəni 18 aprel 2022-ci il tarixdə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə “Rza Məhəmmədi” adlı şəxslə əlaqə saxlamış və ona narkotik vasitələr, psixotrop maddələr və narkotik tərkibli dərman həbləri sifariş vermişdir. Narkotik vasitələrin və psixotrop maddələrin 400 manat pulunu Rza Məhəmmədi adlı şəxsin verdiyi bank hesabına köçürdükdən sonra Rza Məhəmmədi adlı şəxs ona narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən Sulutəpə dairəsi yaxınlığında ağacın yanına qoydurduğunu bildirmişdir. 19 aprel 2022-ci il tarixdə axşam vaxtı saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən Sulutəpə dairəsi yaxınlığında ağacın yanına gəlmişdir. Həmin yerdən gedib 1 ədəd sellofan torbada narkotik vasitə və psixotrop maddələri götürüb üzərində saxlamışdır. 20 aprel 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 2 ünvanının qarşısında tanışı Şahid4 ilə birlikdə dayanıb söhbət edən zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmişdir. Bundan sonra özünü təqdim etməyi xahiş edilmişdir. Özlərini təqdim edəndən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və tanışını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Şahid4 da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Baş idarədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Tanışı Şahid4 isə şübhəli şəxs qismində tutulmamışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra əynində olan gödəkcənin cibində “kakos”, “şüşə” və “ot” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan qara rəngli gödəkcənin sağ iç cibində olan 1 ədəd sellofan bağlamanı və 1 ədəd elektron tərəzini, gödəkcənin sol iç cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini, əynində olan şalvarının sağ arxa cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 10 manat pulu, gödəkcənin sol yan cibində olan 2 ədəd cib dəsmalı, 1 ədəd tibbi maskanı, 1 ədəd solfeti və 1 ədəd alışqanı, gödəkcənin sağ yan cibində olan 1 ədəd cib dəsmalı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bağlamanın içində “kakos”, “şüşə” və “ot” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bağlama açıldıqda həmin bağlamanın içərisindən 5 ədəd sellofan büküm, 2 ədəd kağız büküm və 3 ədəd dərman həbi aşkar olunmuşdur. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 1 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetamin, 2 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, 2 ədəd sellofan bükümün və 2 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra dərman həblərinə baxış zamanı üzərində “Methadone” sözü yazılmış 3 ədəd həb aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş 1 ədəd “Constant” markalı elektron tərəzidən aldığı narkotik vasitələrin və psixotrop maddələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmişdir və baxış zamanı aşkar olunmuş elektron tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı, narkotik vasitə olan heroini, psixotrop maddə metafetamini və dərman həblərini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Rza Məhəmmədi” adlı şəxsdən almışdır, həmin şəxslə təxminən 5-6 ay əvvəl sosial şəbəkədə tanış olmuş və həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitələr və psixotrop maddələr almışdır. Həmçinin sonuncu dəfə 18 aprel 2022-ci il tarixdə həmin şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitələr, psixotrop maddələr və narkotik tərkibli dərman həbləri sifariş vermişdir. Narkotik vasitələrin və psixotrop maddələrin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra 19 aprel 2022-ci il tarixdə axşam vaxtı saat 23:30 radələrində həmin şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən Sulutəpə dairəsi yaxınlığında ağacın yanında gizlədildiyi yerdən gedib götürmüş, narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşımışdır. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetamin, 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin, 2 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd dərman həbi və 1 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 10 manat pul, 1 ədəd alışqan, 3 ədəd cib dəsmalı, 1 ədəd solfet və 1 ədəd tibbi maska iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra Şahid4 üzərinə baxış keçirilməyə başlanmışdır. Şahid4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan 1 ədəd “İphone” markalı mobil telefonu, 5 manat pulu, 1 ədəd qəbzi və 2 ədəd mənzil açarını, əynində olan gödəkcəsinin sol yan cibində olan 1 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 onun ilə qonşu ünvanda yaşadığını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələr və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon, mənzil açarları, 1 ədəd alışqan, 1 ədəd qəbz və 5 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün onun tərəfindən protokol imzalanmışdır (cild 1, iş vərəqə 76-81 və 96-100). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 2 ünvanının qarşısında olduğunu öyrəndikləri üçün 20 aprel 2022-ci il tarixdə saat 18:30-da həmin ünvana gəlmişlər. Həmin yerdə 2 nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərdən biri zahiri cəhətdən Təqsirləndirilən şəxs oxşadığı üçün onlara yaxınlaşıb özlərini təqdim etmiş və onlardan anket məlumatları barədə bildirmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid4 kimi təqdim etdiyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərin heç biri etiraz etmədiyindən BMCMİ-yə gətirilmişlər. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonuncunun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Təqsirləndirilən şəxslə birlikdə gətirilən şəxs Şahid4 isə həmin şəxsi axtarışda iştirak etmiş, şübhəli şəxs qismində tutulmamış və üzərində baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibində “kakos”, “şüşə” və “ot” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibində olan 1 ədəd sellofan bağlamanı və 1 ədəd elektron tərəzini, gödəkcəsinin sol iç cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, əynində olan şalvarının sağ arxa cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 10 manat pulu, gödəkcəsinin sol yan cibində olan 2 ədəd cib dəsmalını, 1 ədəd tibbi maskanı, 1 ədəd solfeti və 1 ədəd alışqanı, gödəkcəsinin sağ yan cibində olan 1 ədəd cib dəsmalını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bağlamanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bağlama açıldıqda həmin bağlamanın içərisindən 5 ədəd sellofan büküm, 2 ədəd kağız büküm və 3 ədəd dərman həbi aşkar olunmuşdur. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 1 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetaminə oxşar maddə, 2 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddələr, 2 ədəd sellofan bükümün və 2 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə olunmuşdur. Daha sonra dərman həblərinə baxış zamanı üzərində “Methadone” sözü yazılmış 3 ədəd həb aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş elektron tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya, narkotik vasitə olan heroinə oxşar maddələri, psixotrop maddə metafetaminə oxşar maddəni və dərman həblərini digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Rza Məhəmmədi” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 5-6 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitələr və psixotrop maddələr aldığını bildirmişdir. Həmçinin sonuncu dəfə 18 aprel 2022-ci il tarixdə həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitələr, psixotrop maddələr və narkotik tərkibli dərman həbləri sifariş verdiyini, narkotik vasitələrin və psixotrop maddələrin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra 19 aprel 2022-ci il tarixdə axşam vaxtı saat 23:30 radələrində həmin şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən Sulutəpə dairəsi yaxınlığında ağacın yanında gizlədildiyi yerdən gedib götürdüyünü, narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə, 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr, 2 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 3 ədəd dərman həbi və 1 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 10 manat pul, 1 ədəd alışqan, 3 ədəd cib dəsmalı, 1 ədəd solfet və 1 ədəd tibbi maska iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlar, onun şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid4 üzərinə baxış keçirilmişdir. Şahid4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib əynində olan şalvarının sağ yan cibində olan 1 ədəd “İphone” markalı mobil telefonu, 5 manat pulu, 1 ədəd qəbzi və 2 ədəd mənzil açarını, əynində olan gödəkcəsinin sol yan cibində olan 1 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs ilə qonşu ünvanlarda yaşadığını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Şahid4 üzərində narkotik vasitələr və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon, mənzil açarları, 1 ədəd alışqan, 1 ədəd qəbz və 5 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilib ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunmuş elektron tərəzidən aldığı narkotik vasitələrin və psixotrop maddələrin çəkisinin ölçməkdə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutulan zaman tək olmamışdır. Şahid4 Təqsirləndirilən şəxslə birlikdə idarəyə aparmışlar. Şahid4 üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşdur. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onları DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. O isə şübhəli şəxs qismində tutulmamışdır və onun üzərinə ancaq baxış keçiriləcəyi bildirilmişdir. Razılıq verdikdən sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və onun üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “kakos”, “şüşə” və “ot” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibində olan 1 ədəd sellofan bağlamanı və 1 ədəd elektron tərəzini, gödəkcəsinin sol iç cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini, şalvarının sağ arxa cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu və üzərində olan digər əşyaları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlama açıldıqda içərisindən 5 ədəd sellofan büküm, 2 ədəd kağız büküm və 3 ədəd dərman həbi aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda 1 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metafetaminə, 2 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə, 2 ədəd sellofan bükümün və 2 ədəd kağız bükümün içərisindən isə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Daha sonra dərman həblərinə baxış zamanı həblərin üzərində “Methadone” sözü yazıldığı müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzidən aldığı narkotik vasitələrin və psixotrop maddələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Rza Məhəmmədi” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 5-6 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitələr və psixotrop maddələr aldığını bildirmişdir. Sonuncu dəfə 18 aprel 2022-ci il tarixdə həmin şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitələr, psixotrop maddələr və narkotik tərkibli dərman həbləri sifariş verdiyini, narkotik vasitələrin və psixotrop maddələrin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra 19 aprel 2022-ci il tarixdə axşam vaxtı saat 23:30 radələrində həmin şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən Sulutəpə dairəsi yaxınlığında ağacın yanında gizlədildiyi yerdən gedib götürdüyünü, narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş maddələr, həblər və elektron tərəzi polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlar və şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmişdir. Baxış zaman üzərində olan 1 ədəd “İphone” markalı mobil telefonu, 5 manat pulu, 1 ədəd qəbzi və 2 ədəd mənzil açarını, 1 ədəd alışqanı çıxardıb təqdim etmişdir. Baxış zamanı onun üzərindən narkotik vasitə və psixotrop maddələr aşkar edilməmişdir. Baxış zamanı üzərindən aşkar edilmiş mobil telefon, pul və digər əşyalar polis əməkdaşları tərəfindən onun özünə qaytarılmışdır. Sorğu zamanı narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 139-142). Cinayət işinin materiallarından görünür ki, 20 aprel 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 149). Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və görtürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 aprel 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 2 ünvanının qarşısında saxlanılaraq BMCMİ-yə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibində olan 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər maddə, 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 2 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 3 ədəd narkotik vasitə metadona bənzər maddə və həmin cibdən 1 ədəd “Constant” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və 1 ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 26-30). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli 7/389 saylı rəyindən görünür ki, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli, 1 ədəd ağ rəngli kağız bükümdə və 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,507 qram; 1,455 qram; 0,919 qram; 0,304 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. 1 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: marixuananın ümumi çəkisi 3,185 qram (1-4 N-li ob), tədqiqata sərf olundu 0,2 qram (hər obyektdən 0,05 qram), qalıq 2,985 qram, cild 1, iş vərəqə 52-54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli 6/2267 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri yazılmış kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,178 qram; 11,596 qram, ümumi təmiz çəkisi 12,774 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 6,236 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 3 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutu kəsiklərində 3 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edir, 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin təmiz çəkisi 6,236 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 6,186 qram). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 12,774 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 12,674 qram). Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi mehdudlaşdırılan narkotik vasitələrin”-in siyahısına (Siyahı İİ) daxildir (Qeyd: metadon həblərinin ümumi sayı 3 ədəd həb, tədqiqata sərf edildi 1 həb, qalıq 2 həb, cild 1, iş vərəqə 56-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin Ambulator X1 6 iyun 2022-ci il tarixli 3019 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etmişdir. Əvvəllər narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. Narkotik vasitəni inyeksiya yolu ilə dəri altına vurduğunu qeyd etmişdir (cild 1, iş vərəqə 184-185). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 12,674 qram olan narkotik vasitə heroin, 6,186 qram psixotrop maddə metafetamin, 2,985 narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd metadon həbi və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd “Constant” markalı elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 129-130). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Babayev X4 Ağır Cinayətlər Məhkəməsinin 2 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 143-145). Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2011-ci il tarixli hökmü ilə məhkum olunduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 17). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 120-125). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 159 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 12,674 qram olan narkotik vasitə heroin, 6,186 qram psixotrop maddə metafetamin, 2,985 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd metadon həbi və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd “Constant” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“Şəxsi axtarış, baxış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 159 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 12,674 qram olan narkotik vasitə heroin, 6,186 qram psixotrop maddə metafetamin, 2,985 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd metadon həbi və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd “Constant” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“Şəxsi axtarış, baxış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar