Məhkəmə qərarları › İş №1(101)-1340/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1340/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1340/2023 19.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X10 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 yanvar 1983-cü ildə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş (Hacıqabul rayon məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkməmiş), məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,944 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3n Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən külli miqdarda 1 ədəd bükümdə 6,944 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki , 30 noyabr 2022-ci il tarixdə 3-cü mikrorayon bazarının yaxınlığında oteldə olarkən dostu siqaret almaq üçün yaxınlıqda olan marketə getmiş, o isə hamam otağına daxil olub yuyunmağa başlamışdır. Bir müddət keçdikdən sonra qaldığı otağın qapısının döyüldüyünü eşitmiş və qapını açmaq üçün hamamdan çıxmışdır. Qapını açanda polis əməkdaşları onu tutmuşlar. Onlar həmin oteldə qonşu otaqda qalan tanışlarının da tutulduğunu bildirib üzərinə baxış keçirmədən onu Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən BNMİ-nin inzibati binasına gətirmişlər. Həmin idarədə polis əməkdaşları ona işgəncə vermişlər. Buna baxmayaraq o, polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını və narkotik vasitələrlə ittiham olunmağı qəbul etməyəcəyini bildirmişdir. Tutulmazdan təxminən 20 gün əvvəl Hacıqabul rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Hacıqabul rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, ağciyərlərində problem olduğundan tibbi müayinədən keçmək üçün 3 günlük arayış alıb icra idarəsinə təqdim edərək Bakı şəhərinə gəlmişdir. Nicatla Ağcabədidən taksi ilə birbaşa otelə gəlmişdir. Oteldə o və Nicat eyni otaqda qalmış, Murad və Qorxmaz isə ayrı otaqda qalmışlar. Onun, Nicatın, Muradın və Qorxmazın üzərində heç bir qanunsuz əşya olmamışdır. Dostlarında odlu silah olub-olmadığını bilməmişdir. Polis əməkdaşlarının ona qarşı hansı səbəbdən qərəzli olduğunu bilməmişdir. Ona Seymur, Elşad və tanımadığı digər polis əməkdaşları fiziki təsir göstərmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşları narkotik vasitəni gödəkcəsinin sol yan cibinə atmışlar. Videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman narkotik vasitəni polis əməkdaşı cibindən götürüb masanın üzərinə qoymuşdur. Bakı İstintaq Təcridxanasında daxil olarkən avropalı müşahidəçilər orada olduğundan polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməmişdir. Murad Ağcabədidə kənddə yaşamış, otelə Qorxmazdan sonra gəlmişdir. Nicat tutulan zaman polis əməkdaşlarına onun oteldə olduğunu bildirmişdir. Polis əməkdaşları hamısının üzərinə birlikdə baxış keçirmişlər. Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham etdiklərini bilməmişdir. Nə Nicat, nə də digər şəxslər ibtidai istintaq zamanı ondan narkotik vasitə aldıqlarını deməmişlər. Saxlanılan zaman aşkar edilmiş mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Şəxsi axtarış zamanı narkotik vasitəni 1 gün əvvəl tapdığını demişdir. Şəxsi axtarış zamanı narkotik vasitəni təqdim etməmiş, polis əməkdaşları onun cibindən aşkar etmişdir. Şəxsi axtarış protokolunda narkotik vasitəni təqdim etdiyi yazılsa da, o, narkotik vasitəni təqdim etməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olanda müayinə edilərkən 1 gün əvvəl yıxıldığını bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Ona psixoloji və fiziki zor tətbiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, həmişə marixuana çəkmişdir. Ağcabədi rayonu, Avşar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2016-cı ildə X11 ilə ailə həyatı qurmuş, 2 azyaşlı övladı var. Qızı Zəhranın 5 yaşı, oğlu Əlinin isə 3 yaşı var. Rəsmi olaraq heç yerdə işləmir, yaşadığı Avşar kəndində mal-qara saxlamaqla, fərdi şəkildə kənd təsərrüfatı ilə məşğul olur. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə narkotik maddə marixuana saxladığına görə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 30 noyabr 2022-ci il tarixdə səhər saat 10-11 radələrində tanışı Nicat Cəfərovla, həmçinin öz həmyerliləri olan Murad Əliyevlə və Qorxmaz Quluzadə ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları təklif etmişlər ki, onlar da özlərini təqdim etsinlər. Onlar anket məlumatlarını bildirdikdən sonra polis əməkdaşları onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini deyərək bu barədə olan qərarla onları tanış etmişlər. Həmin vaxt onun üzərində 1 ədəd bükümdə narkotik maddə heroin olmuşdur. Heroin qəbul edən deyil, həmin bükümü 1 gün əvvəl Bakı şəhərində “Memar Əcəmi” metrosunun yanında təsadüfən yerdən tapmış, əvvəlcə tapanda elə bilmişdir ki, marixuanadır, ona görə də götürüb cibinə qoymuşdur ki, özü çəkib qəbul edər. Lakin sonra tam açıb baxanda bükümdəkinin “kakos”, yəni heroin olduğunu görmüş, ona görə də tullamaq fikri olmuş, sadəcə yadından çıxıb cibində qalmışdır. Polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmiş, şübhəli olduqları üçün üzərilərində şəxsi axtarış aparılmalı olduğunu bildirmişlər. Həmin idarəyə gələndən sonra onu, Nicatı, Muradı və Qorxmazı şübhəli şəxs kimi tutmuşlar. Sonra hüquqlarının müdafiəsi üçün vəkillər dəvət olunub onlara təqdim olunmuş, heç bir etiraz etməmişlər. Bundan sonra orada üzərilərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları Nicata təklif etmişlər ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Nicat da əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Tecno” markalı mobil telefonunu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 22 manat pulunu, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən isə 2 ədəd narkotik vasitə olduğunu bildirdiyi metadon “M40” həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı Nicatın üzərindən aşkar olunmuş həmin həbləri götürüb qablaşdırmış, mobil telefonunu və şəxsiyyət vəsiqəsini götürmüş, 22 manat pulunu isə özünə qaytarmışdır. Polis əməkdaşları Qorxmazın da üzərində şəxsi axtarış aparmış, həmin vaxt Qorxmaz polislərin təklifinə əsasən əynindəki göy rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə “kakos” kimi tanınan narkotik vasitə heroini, göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən 156 manat pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları Qorxmazın üzərindən aşkar olunmuş həmin maddəni götürüb qablaşdırmış, “Samsung” markalı mobil telefonunu isə götürmüş, pulunu isə özünə qaytarmışlar. Şəxsi axtarış prosesi zamanı polis əməkdaşlarının təklifinə əsasən Murad da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə “patı” adı ilə tanınan metafetamini, şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu, 1 ədəd avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 270 manat 40 qəpik pulunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, üzərindən 1 ədəd musiqi fleşkartı da aşkar olunmuşdur. Polis əməkdaşı həmin metafetamin maddəsinə də baxış keçirərək götürüb qablaşdırmış, “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini də götürmüş, pulu, fleşkartı və avtomobil açarını Muradən özünə qaytarmışlar. Polis əməkdaşının təklifinə əsasən onun özü də əynindəki qara cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə “kakos” kimi tanınan narkotik vasitə heroini və şalvarının sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, polis əməkdaşı həmin bükümü götürüb qablaşdırmış, həmçinin “Nokia” markalı mobil telefonunu da götürmüşdür. Sorğu-sual zamanı həmin heroin bükümünü Bakı şəhərində təsadüfən tapdığını bildirmişdir. Qorxmaz, Murad və Nicat da bildirmişlər ki, onlardan aşkar edilmiş həmin maddələri hər biri özü qəbul etmək üçün saxlamışdır. Polis əməkdaşları bu prosesi videoçəkilişlə həyata keçirmişlər. Sonra videoçəkiliş dayandırılmış, aşkar olunanlarla bağlı polis əməkdaşı tərəfindən protokol yazılıb onlara ucadan oxunmuş, özü də həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Qorxmazın üzərindən aşkar edilmiş narkotik vasitə heroini, Muradın üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini, Nicatın üzərindən aşkar edilmiş metadon həblərini onların haradan, nə vaxt, kimdən, hansı yolla əldə etmələri barədə heç nə bilmir. İstifadə etdiyi mobil nömrə ***-***-**-** nömrəsidir, həmin nömrə ilə danışıqlar aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotikfərlə Mübarizə İdarəsinə aparılarkən, orada olarkən ona, Qorxmaza, Murada və Nicata qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakılıq edilməmişdir. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən əziyyət çəkmir (cild 1, iş vərəqə 207-212). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 noyabr 2022-ci il tarixdə Baş İdarəyə əslən Ağdam rayonundan olan X8, Ağcabədi rayonundan olan Təqsirləndirilən şəxs, X2 və X3 bir-birilə qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri və Bakı şəhəri, Nəsimi rayonu ərazisində bu kimi maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etdikdən sonra həmin şəxslərin qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupu olaraq 30 noyabr 2022-ci il tarixdə keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində xarici əlamətlərinə görə Nicat Cəfərova, Təqsirləndirilən şəxs, Qorxmaz Quluzadəyə və Murad Əliyevə oxşar şəxsləri həmin gün saat 10:00 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət etdikləri zaman müəyyən edib onları dərhal saxlayıb özlərini təqdim edərək onlara da özlərini təqdim etmələrini təklif etmişdirlər. Həmin şəxslər də özlərini təqdim etmiş, onlardan birinin X15, o birinin Təqsirləndirilən şəxs, digərinin X7, digərinin isə X9 olduğu təsdiqlənmişdir. Həmin şəxslərə bildirmişdirlər ki, onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı olmuş, əməliyyat-axtarış tədbiri keçirilməkdədir və bu səbəbdən saxlanılmışdırlar. Həmçinin bu barədə qərarla da onları tanış etmişdirlər. Həmin vaxt Nicat Cəfərovdan, Təqsirləndirilən şəxs, Qorxmaz Quluzadədən və Murad Əliyevdən üzərilərində bu kimi maddələrin olub-olmadığı şifahi soruşulduqda onların hər biri etiraf edərək öz üzərində bu kimi maddələrin olduğunu bilmiş və vaxt itirmədən həmin şəxsləri dəvət edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişdirlər. Nicat Cəfərov, Təqsirləndirilən şəxs, Qorxmaz Quluzadə və Murad Əliyev Baş İdarənin təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur, onların hüquqlarının müdafiəsi üçün vəkillər dəvət olunub təqdim olunmuşdur, onların heç bir etirazları olmamışdır. Bundan sonra onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz saxladığı əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni və şalvarının sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar edilmiş 1 ədəd bükümdə heroinə bənzər maddə götürülüb qablaşdırılmış, həmçinin “Nokia” markalı mobil telefon da götürülmüşdür. Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş maddəni yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs narkotik vasitəni tutulmazdan 1 gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs və digər şəxsləri Nəsimi rayon ərazisindəki otelin qarşısında saxlamışdırlar. Daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Saxlanılan şəxslərin arasında əsas təşkilatçı X7 olmuşdur. X15, Təqsirləndirilən şəxs, X7 və X3 üzərinə eyni otaqda eyni vaxtda baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitəni təqdim edərək masanın üzərinə qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1, Şahid6 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan görünür ki, onlar Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqə 93-97, 144-148 və 176-180). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskdən görünür ki, X8, Təqsirləndirilən şəxs, X2 və X3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əvvəldən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Nicat Cəfərov, Təqsirləndirilən şəxs, Qorxmaz Quluzadə və Murad Əliyev 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3n Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən onların üzərində şəxsi axtarış aparılarkən Nicat Cəfərovun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 2 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə, həmçinin üzərindən 1 ədəd “Tecno” markalı mobil telefon aparatı, özünə aid şəxsiyyət vəsiqəsi və 22 manat pulu, Qorxmaz Quluzadənin əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə çıxarıb təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə, həmçinin üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 156 manat pulu, Murad Əliyevin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə çıxarıb təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd avtomobil açarı, özünə aid şəxsiyyət vəsiqəsi, 1 ədəd yaddaş kartı (flaşkart) və 270 manat 40 qəpik pulu, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə çıxarıb təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə, həmçinin üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilmişdir. Nicat Cəfərovdan aşkar edilmiş 2 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə, 1 ədəd “Tecno” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməklə 22 manat pul vəsaiti özünə qaytarılmış, həmçinin Qorxmaz Quluzadədən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd “Samsung” markalı mobil telefon aparatı götürülməklə 156 manat pul vəsaiti özünə qaytarılmış, Murad Əliyevdən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi götürülməklə 1 ədəd avtomobil açarı, 1 ədəd yaddaş kartı (flaşkart) və 270 manat 40 qəpik pul vəsaiti özünə qaytarılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd “Nokia” markalı mobil telefon aparatı götürülmüşdür (cild 1, iş vərəqə 101-106). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X17 Şəxsin 30 noyabr 2022-ci il tarixli 6/6838 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 3 nömrəli zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,944 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 6,944 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 6,844 qram, cild 1, iş vərəqə 125-132). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 20 fevral 2023-cü il tarixli 981 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 228-229). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 1 mart 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması haqqında 30 noyabr 2022-ci il tarixli protokola əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD disk, məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2022-ci il tarixli 6/6838 nömrəli ekspert rəyinə əsasən tədqiqatdan sonrakı üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 3 nömrəli zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,944 qram olan narkotik vasitə heroinin qalığı olan 6,844 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2 iş vərəqə 191-212). Cinayət işinin materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Hacıqabul rayon məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir (cild 3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 247-248). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 33). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 303-307). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 20,25 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6,844 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hacıqabul rayon məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 noyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 20,25 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6,844 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar