Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1340/2025 06.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 128 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:35-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,202 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yanvar 2025-ci il tarixdə saat 13:10-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,373 qram, 0,601 qram, 0,349 qram, 0,471 qram və 0,408 qram olmaqla ümumi təmiz çəkisi 2,202 qram təşkil edən, kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, onu ayın 20-də səhər tezdən “28 May” ərazisində aptekin qarşısında saxlamışlar və saxlanılan vaxt onu dərmanla tutmuşlar. Dərmanın təsiri altında olmuş və çəkiliş etmədən bölməyə aparmışlar. Orada onu döyərək, beş büküm və tərəzini qabağına qoyub ona aid olduğunu demişlər. Bundan sonra müdafiəçi ilə təmin edilərək çəkiliş aparılmış və polislər onu döydükləri üçün çəkilişdə narkotikin ona aid olduğunu etiraf etmişdir. Onun üzərində narkotik olmamış, üzəridə dərman olmuşdur. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Polislər ona yaxınlaşıb heç bir söz deməmişlər, aptekə getdiyi yerdə arxadan tutub saxlamışlar. Resepti ona Yasamal rayonunda Narkolojidə olan həkim Pərvanə xanım yazmışdır. Təcridxanaya qəbul edəndə üzərini yoxlayaraq xəsarətlərini yazmışlar. Telefonunda olan səs yazıları və mesajlarda uşaqlar ondan dərman istəmiş, lakin satmamış, köməklik etmişdir. Həmin dərmanlardan ancaq Vüqara vermiş, digər şəxsləri ümumiyyətlə tanımamışdır. O, Vüqara bir dəfə “Tramadol” vermiş və dərmanın əvəzində Vüqar ona pul verməmişdir. Vüqarın resepti olduğunu bilmiş və digərlərini tanımamış, Vüqarın resepti qurtardığı üçün dərmanı ona demişdir. Əvəllər narkotik vasitələrdən istifadə etsə də hazırda istifadə etmir. Anası rəhmətə gedəndən sonra, yəni iki il olar narkotik istifadə etmir. İbtidai istintaq dövründəki ifadəsində olan imza ona məxsusdur. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitələrdən istifadə edir. 19 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə olan zaman tanımadığı 40-45 yaşlı kişidən özü istifadə etmək üçün 5 ədəd sellofan bükümündə «kakos» kimi tanıdığı narkotik vasitə heroini 40 manata alaraq əldə edib şalvarının cibinə qoyaraq saxlamışdır, 20 yanvar 2025-ci il tarixdə saat 13:10 radələrində ünvan 5 ünvanının qarşısında olarkən ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmış, polis vəsiqələrini göstərməklə özlərini Nəsimi rayon polis idarəsinin əməkdaşları kimi təqdim etmişlər və onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özü barədə polis əməkdaşlarına məlumat verdikdən sonra onlar onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək bildirmişlər ki, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Buna görə də polis əməkdaşları təklif etmişlər ki, onlarla birlikdə Nəsimi rayon polis idarəsinə getsin. O, etiraz etməyərək polis əməkdaşları ilə avtomobilə əyləşib Nəsimi rayon polis idarəsinə gəlmişdir. Orada izah edilmişdir ki, üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar şübhəli şəxs qismində tutulur. Ona müdafiəçilərin siyahısı təqdim edilmiş, həmin siyahı ilə tanış olaraq siyahıda olan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etirazı olmadığını bildirmişdir. Sonra polis idarəsinə vəkil dəvət edilərək ona təqdim edimiş, o, isə vəkilə etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra isə otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona təklif edilmişdir ki, üzərində olan əşyaları özü könüllü olaraq təqdim etsin. O, əynində olan gödəkçənin cibində olan «Samsung» markalı mobil telefonunu, şalvarının sol cibində olan, sellofan bükümündə saxladığı 5 ədəd ayrı-ayrı sellofan bükümlərində olan narkotik vasitə heroini, şalvarının sağ arxa cibində olan 29 manat pulu və şalvarının sağ cibində olan elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı onun təqdim etdiyi narkotik vasitə heroin bükümlərini açıb yoxlayaraq içərisində olan tünd qəhvəyi rəngli heroini iştirakçılara nümayiş etmişdir. Ondan həmin narkotik vasitə barədə soruşulduqda bildirmişdir ki, həmin heroin bükümlərini özü istifadə etmək üçün 19 yanvar 2025-ci il tarixdə «Papanin» kimi adlanan ərazidə tanımadığı şəxsdən 40 manata alıb üzərində saxlayır. Bundan sonra polis əməkdaşı tərəfindən onun paltarları, ayağında olan ayaqqabılar yoxlanılmış, əlavə heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı onun təqdim etdiyi 5 bükümdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi zərfə qoyulub möhürlənmişdir. Həmçinin ona məxsus «Samsung» markalı mobil telefon da digər zərfin içərisinə qoyulub möhürlənmişdir. Hər iki zərfin üzərinə şəxsi axtarışda iştirak edən bütün iştirakçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi 29 manat pul isə özünə qaytarılmışdır. Sonra protokol tərtib edilməsi üçün videoçəkiliş dayandırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş və hamı tərəfindən imzalanmışdır (İ cild, səh. 82-86). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İman adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirində üç nəfər iştirak etmişlər və sonra saat bir radələrində Süleyman Rüstəm küçəsində İman adlı şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra Nəsimi Rayon Polis İdarəsində təhqiqatçının otağında dövlət büdcəsi hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə vidoeçəkiliş aparılmaqla şəxsin üzərinə baxış keçirilmiş və cibindən bir ədəd bağlamanın içərisində beş bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Saxlanılan zaman şəxsin ayağında yara olmuş, şəxs onu maşın və ya motosiklet vurduğunu bildirdmişdir. Təqsirləndirilən şəxsin üzərində heç bir narkotik vasitə olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə dedikləri yalandır. Yerində çəkilişlə bağlı qərar hələ ki, onlara verilmədiyindən şəxsi axtarışı yerində deyil, idarədə aparmışlar. Təqsirləndirilən şəxsdə hansısa əqli geriliyin olduğunu bilməmişlər. Onlar Şahid3 və Şahid4 müstəntiqin çağırışı ilə gətirmişlər. O, adıçəkilən şəxslərin dindirilməsində iştirak etmiş və onlar narkotiki İmandan aldıqlarını bildirmişlər. Saxlanılan zaman, idarədə Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 yanvar 2025-ci il tarixdə İman adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması üçün rayon polis idarəsinin rəisinə məruzə olunmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icarə verildikdən sonra müvafiq qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 20 yanvar 2025-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupunun üzvləri olan polis əməkdaşları Şahid2 və Elnur Səfərli ilə birlikdə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində əməliyyat-axtarış tədbirləri keçirərkən saat 13:10-da əməliyyat məlumatında qeyd edilən «İman» adlı şəxsi Süleyman Rüstəm küçəsi 29 ünvanının qarşısında saxlamışlar. Özlərini təqdim edib şəxsiyyətini müəyyənləşdirərək onun Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirdikdən sonra keçirilən əməliyyat-axtarış tədbiri barədə ona məlumat vermişlər və rayon polis idarəsinə dəvət etmişlər. Nəsimi Rayon Polis İdarəsinə gəldikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi barədə idarə rəisinə məruzə etmiş, araşdırma aparılması təhqiqatçı Muxtar Həsənova həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunduqdan sonra rayon polis idarəsinin xidməti otaqlarının birində videoçəklişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən mobil telefonu, şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümünü, bir ədəd elektron tərəzini və 29 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan paltarları, cibləri, ayaqqabıları yoxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümü açıldıqda içərisində 5 ədəd ayrı-ayrı sellofan bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək üçün 19 yanvar 2025-ci il tarixdə «Papanın» deyilən yerdə tanımadığı şəxsdən 40 manata almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd bükümlərdə olan narkotik vasitəyə oxşayan maddələr, elektron tərəzi, həmçinin mobil telefon ayrı-ayrı zərflərdə qablaşdırılıb möhürlənərək götürülmüş, 29 manat pul isə ona qaytarılmışdır. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılara oxunmuş və hamı tərəfidən imzalanmışdır (İ cild, səh. 120-123). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 20 yanvar 2025-ci il tarixdə İman adlı şəxsin narkotiki üzərində saxlayıb daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumat daxil olmuş, sonra saat 13 radələrində o, iki əməkdaşla birlikdə Süleyman Rüstəm küçəsində İmana yaxınlaşmışlar və özlərini təqdim edib qərarla tanış etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək bölməyə dəvət etmişlər. Bundan sonra təhqiqatçının iştirakı ilə onun üzərinə baxış keçirilmiş və İman könüllü olaraq üzərində olan beş bükümdə narkotiki təqdim etmişdir. Şəxsi axtarış zamanı müdafiəçi təmin edilmiş və videoçəkiliş aparılmışdır. Aşkar edilmiş narkotik vasitələri özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ola bilsin ki, hava şəraiti ilə bağlı çəkilişi çöldə etməmişlər. Əməliyyat məlumatı səhv etmirsə iş yoldaşına daxil olmuş, əməliyyat tədbirində o, Elnur və Bilal iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərində narkotik olmaması, özünə dərman alması üçün aptekə yaxınlaşdığı vaxt polis əməkdaşları tərəfindən saxlanılması barədə dedikləri yalandır. İman saxlanıldığı vaxt onlara qarşı heç bir müqavimət göstərməmişdir. Saxlayarkən səhv etmirsə şəxsin əlində zədə izləri olmuş və hətta istifadə etməsi üçün şəxsə dərman da vermişdir. Təqsirləndirilən şəxsə qarşı onun tərəfindən hansısa zor və təzyiq olmamış, kiminsə təqsirləndirilən şəxsi döyməsinin şahidi olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 145-148). 9.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, İmanı məhəllərindən tanımış, o, İmandan bir dəfə narkotik, bundan sonra isə davamlı şəkildə dərman almışdır. Aldığı narkotik bir bükümdə olmuş və bir dəfə istifadə üçün nəzərdə tutulmuş miqdarda heroini on manata almışdır. O, İmanla telefonla yazışıb əlaqə saxlamış və istintaq dövründə də müstəntiq onu telefonunda olan yazışma ilə bağlı çağırmışdır. İmandan “tramadol” həbləri almış və ümumilikdə 3-4 dəfər İmandan dərmanlar almışdır. O, İmandan dərmanları 4-5 dəfə pul qarşılığında almışdır. 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2024-cü ilin mart ayından narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, heroindən falqada yandırıb çəkmək üsulu ilə istifadə etmişdir. 2024-cü ilin sentyabr ayında heroindən istifadə etməyi dayandırsa da bədənində ağrılar olduğuna görə özünü sakitləşdirmək üçün «tramadol» dərmanı qəbul etməyə başlamışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayından tanıyır, onunla yaşadığı məhəllədə tanış olmuşdur. Belə ki, İman onun yaşadığı məhəllədə yerləşən zibilxanadan metal və kauçuk tullantıları yığmışdır. Tanış olandan sonra İman ona bildirmişdir ki, özü də «tramadol» dərmanından istifadə edir və lazım olanda tanışlarına da satır. İlk dəfə 2024-cü ilin oktyabr ayında İman ona bir list, yəni 10 ədəd «tramadol» dərmanı15 manata satmışdır. Ona dərman lazım olanda İmanla özünün 055 ***-**-** mobil nömrəsi olan «WhatsApp» proqramı ilə İmanın 070 ***-**-** mobil nömrəsi ilə işləyən «WhatsApp»ına zəng edib görüşmüş, pul verərək İmandan «tramadol» dərmanı almışdır. İmanla əsasən yaşadığı məhəllədə, həmçinin 3-cü mikrorayon dairəsi yaxınlığında görüşərək ondan 10, bəzən 15 manata «tramadol» dərmanı almışdır. İmanla tanış olandan sonra o, bildirmişdir ki, onda «tramadol» dərmanından başqa narkotik vasitə heroin də olur. 2024-cü ilin dekabr ayının ortalarında 3-cü mikrorayon dairəsi yaxınlığında İman ona bir bükümdə narkotik vasitə heroini 10 manata satmışdır. O, İmandan aldığı narkotik vasitə heroini istifadə etmişdir. Sonuncu dəfə 2025-ci ilin yanvar ayının ortalarında İmandan «tramadol» dərmanı almış, lakin sonradan telefona cavab vermədiyinə görə İmanla əlaqə saxlaya bilməmişdir (İ cild, səh. 137-139). 11.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tutulmazdan 6-7 ay əvvəldən tanımış, İmanla tanışlığı “28 may” ərazisində olan aptekdən olmuş və İmandan dərmanlar almışdır. Aptekə gedəndə təqsirləndirilən şəxsin özü dərmanları alması üçün ona tanışlıq vermişdir. Aptekin qarşısında şəxslərin özləri reseptlə dayanaraq satış təklif etmişlər və həmin vaxt İmanın özü ona resepti təklif etmişdir. Tutulana kimi İmandan təxminən on dəfə dərmanlar almışdır. Aldığı dərmanların qarşılığında ödənişlər dəyişmiş, 3-4, 10 manata kimi ödənişlər etmiş və sonuncu dəfə iyirmi manat ödəniş etmişdir. O, təqsirləndirilən şəxslə həm zəng, həm də “whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsdən aldığı “tramadol” və “lirika” adlı dərmanlar olmuşdur. O, dərmandan başqa narkotikdən istifadə etməmişdir. 12.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 2 il olar ki, «tramadol» və «lirika» adlı psixotrop dərman vasitələrindən istifadə edir. Həmin dərman vasitələrini qəbul etməyə başlayarkən əvvəl-əvvəl keflənmə baş versə də sonradan həmin dərmanlara asılılıq yaranmış və bu səbəbdən bədənində yaranmış ağrıları sakitləşdirmək üçün «tramadol» və «lirika» dərmanlarından istifadə etməyə davam etmişdir. Həmin dərman vasitələrini əvvəllər Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən pulla alıb istifadə etmiş olsa da, 2024-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ilə tanış olandan sonra «tramadol» və «lirika» dərmanlarını ondan almağa başlamış, sonuncu dəfə İmandan 20 yanvar 2025-ci il tarixdə saat 11-12 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Slavyan Universitetinin yaxınlığında yerləşlən «SAB» aptekin yanında 5 manata 1 ədəd «lirika» dərmanı almış, həmin vaxtdan sonra isə İmanı görməmişdir. 2024-cü ilin iyul ayının ortalarından 20 yanvar 2025-ci il tarixə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs 10-15 dəfə «tramadol» və «lirika» dərmanları almışdır. İman «tramadol» dərmanının 1 listini, yəni 10 tabletkasını ona 10 manata, 1 ədəd «lirika» dərmanı isə 5 manata satmışdır. 2025-ci ilin yanvar ayının əvvəllərində İman ona psixotrop dərmanlardan başqa, narkotik vasitə olan «kakos» da təklif etmişdir. İman narkotik vasitənin də psixotrop dərmanlar kimi adamı kefləndirdiyini bildirdiyinə görə onda maraq yaranmış və 10 manat pul verərək İmandan bir ədəd sellofan bükümündə «kakos» almış, İman ona «kakosun» istifadə etmək qaydasını izah etmişdir. O, aldığı «kakos»un yarı hisssini istifadə etmək istəmiş, lakin xoşuna gəlmədiyinə görə qalan «kakos»u atmışdır. Sonradan İmana bildirmişdir ki, «kakos»dan xoşu gəlmir, dərmanlardan istifadə etmək daha yaxşıdır. O, «tramadol» və «lirika» dərmanlarını almaqla bağlı 2024-ci ilin iyul ayından başlayaraq İmanla «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayıb onunla müxtəlif yerlərdə, əsasən də «28 May» metrostansiyasının yaxınlığında görüşmüşdür (İ cild, səh. 107-110). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 6/283nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən narkotik maddəyə bənzər bükümlər...” yazılan olan zərfin içərisndə 5(beş) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,373 qram, 0,601 qram, 0,349 qram, 0,471 qram, 0,408 qram, ümumi təmiz çəkisi 2,202 qram açıq qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə - heroinə məxsus izlər müəyyən edilmişdir. Heroin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 52-56). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 21 yanvar 2025-ci il tarixli, 323nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 90-91). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli, 297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi vaxtda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (İ cild, səh. 157-158). 16.«Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında» 20 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarının sol cibindən isə bir ədəd şəffaf sellofan bükümü, sağ qabaq cibindən bir ədəd elektron tərəzini və sağ arxa cibindən 29 manat pulu çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində 5 ədəd bükümlərdə tünd qəhvəyi rəngli, spesfik iyi olan maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə «kakos» olduğunu, həmin maddəni 19 yanvar 2025-ci il tarixdə Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı, adını bilmədiyi şəxsdən 40 manat pul ödəməklə öz şəxsi istifadəsi üçün alaraq saxlamaqla daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd xırda sellofan bükümlərdə olan narotik vasitə heroinə bənzər maddə, 1 ədəd elektron tərəzi və 1 ədəd «Samsung» markalı mobil telefon ayrı-ayrı zərflərə qoyulub möhürlənərək götürülmüşdür (İ cild, səh. 42-43). 17.«Mobil telefona baxış keçirilməsi haqqında» 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 20 yanvar 2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş «Samsung» markalı «SM-G850F» modellİ mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun «WhatsApp» ani mesajlaşma proqramında müxtəlif nömrələrlə qeydiyyatdan keçirilmiş «WhatsApp» ani mesajlaşma proqramı istifadəçiləri ilə güclü təsir edən dərman preparatları və narkotik vasitələrin alqısatqısı ilə bağlı mətn və səsli mesajların olması müəyyən edilmişdir (İ cild, səh. 101). 18.«Sübutların qiymətləndirilməsi haqqında» 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,202 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və üzərində 070 ***-**-** nömrə kartı olan «Samsung» markalı «SM- G850F» modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 2,002 qram heroin, 1 ədəd elektron tərəzi və üzərində 070 ***-**-** nömrə kartı olan «Samsung» markalı «SM-G850F» modelli mobil telefon məhkəmənin yekun hökmünədək saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarında saxlanılmışdır (İ cild, səh. 177-184). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol əlin İİ, İİİ, V barmaqlarının arxa səthində, sol budun bayır səthində üzəri qərtməkli yaralar aşkar olunmamışdır. 20.«Cinayət işi başlanmasının hissəvi rədd edilməsi və materialların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət almasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penİtensiar Xidmətin İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq toplanmış 130-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 161-163). 21.«Şübhəli şəxsin tutulması haqqında» 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 27-28). 22.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 4(006)- 46/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 yanvar 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 99-100). 23.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 132). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 34.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 35.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 36.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 37.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş «Samsung» markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı «WhatsApp» ani mesajlaşma proqramında müxtəlif nömrələrlə qeydiyyatdan keçirilmiş «WhatsApp» ani mesajlaşma proqramı istifadəçiləri ilə güclü təsir edən dərman preparatları və narkotik vasitələrin alqı-satqısı ilə bağlı mətn və səsli mesajların müəyyən edilməsi, eyni zamanda mövcud şahid ifadələri təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 38.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Cinayət işi başlanmasının hissəvi rədd edilməsi və materialların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət almasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penİtensiar Xidmətin İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq toplanmış 130-C- 25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 41.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında» 20 yanvar 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 42.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 43.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 44.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 45.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 46.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 47.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 48.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 51.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 53.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 54.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 55.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 20 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,002 qram çəkidə narkotik vasitə heroinin və bir ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı «SM-G850F» modelli mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 69.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 495 (dörd yüz doxsan beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Alyans» Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 20 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi oğluna ödənilməsi üçün dövlət büdcəsindən 495 (dörd yüz doxsan beş) manat Bakı şəhəri «Alyans» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,002 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı «SM-G850F» modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev