Məhkəmə qərarları › İş №1(101)-1341/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1341/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1341/2022 18.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili X2, Azərbaycan-rus dillərinin tərcüməçisi X3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1993-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, İmişli şəhəri, M.Rahim küçəsi, ev 46-da qeydiyyatda olmaqla, faktiki Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 1, mənzil 5-də yaşamış, 10 yanvar 2022-ci il tarixdə barəsində əvvəli 08 yanvar 2022-ci İl tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətindən 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, yəni külli miqdarda, ümumilikdə təmiz çəkisi 2,936 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu «İmam Həsən» məsçidinin qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, ümumilikdə təmiz çəkisi 2,936 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin maddəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində tanımadığı şəxslərdən narkotik vasitələrin kakos kimi tanıdığı növündən alaraq istifadə edir. Sonuncu dəfə 07 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manata 04 ədəd siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə narkotik vasitə heroin almış, istifadə etməsi üçün üzərində saxlamışdır. 08 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozundakı «İmam Həsən» məscidinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əmkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onu sorğu-sual etmiş, üzərində narkotik vasitə olduğuna görə özünü itirmiş həyəcanlanmışdır. Həyəcanlı olduğunu biruzə verdiyindən bunun səbəbini üzərində narkotik vasitə olması ilə izah etmiş, narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları onu PŞ-nə dəvət etmişlər. PŞ-nin izibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, narkotik vasitə, psixotrop maddə eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, o da əynindəki cins şalvarının sağ yan cibində saxlayıb daşıdığı içərisində narkotik vasitə olan 04 ədəd bükümü təqdim etmiş, təqdim etdiyi dörd bükümdə olan narkotik vasitəni 07 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi dörd bükümdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Törətdiyi əməldən peşimandır. Şahid1 ifadələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərdi ki, 08 yanvar 2022-ci İl tarixdə İmişli rayon sakini, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. Bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə edib, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Şöbə rəisinin əmri ilə ondan və polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlandı. 08 yanvar 2022cİ il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozundakı «İmam Həsən» məscidinin yaxınlığında olduğunu müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, ona narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildiridikdə Təqsirləndirilən şəxs verilən suallara qarışıq cavablar verdi, onunla bir qədər söhbət etdikdən sonra üzərində narkotik vasitə olduğunu, narkotik vasitəni təqdim edə biləcəyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. PŞ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilib narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümləri çıxarıb təqdim etdi, bükümlərin arasında kakos kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni 07 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manata alıb özü istifadə etməsi üçün üzərində saxladığını bildirdi. Bükümlər açılıb baxıldıqda bükümlərinin arasında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi dörd bükümdən başqa heç nə aşkar edilməmiş, 04 (dörd) bükümdə narkotik vasitə heroinə oxşar kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olaraq Təqsirləndirilən şəxs və onlar möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Şahid2 Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib Şahid1 ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə olunmuş 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümləri çıxardıb təqdim edərək həmin bükümlərin içərisində kakos kimi tanıdığı narkotik vasitə olduğunu, təqdim etdiyi narkotik vasitəni 07 yanvar 2022-cİ il tarixdə saat 22:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunmuş 04 (dörd) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması video diskə alınmış və videogörüntü alınmış disk cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2022-ci il tarixli 6/110 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.. «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qr, 0,796 qr, 0,603 qr, 0,825 qr, ümumilikdə təmiz çəkisi 2,936 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi-2,936 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq- 2,836 qram. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,936 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,836 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, yəni üzərindən aşkar edilmiş 4 ədəd bükümdə olan külli miqdarda narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib, üzərində saxlayaraq daşıması barədə göstərdiyi dəlillər məhkəmədə öz təsdiqini tapmadı. Bu səbədən də məhkəmə, onun bu ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tütlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirilməsi qənaətinə gəlib onun əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətlərinə uyğun hesab edib onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili X6 tərəfindən 30(otuz saat) hüqüqi yardım gstərilməsi və bu səbəbdən də ona 180(yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləqləri məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı sayır. Çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,936 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,836 qram olan narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv olunmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işnin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması, törətdiyi əməldən peşiman olub ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətrafl ifadələr veməsi, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 8 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 10 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilərək hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2749 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs lham oğlunda opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstəriyi hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləqlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,936 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,836 qram olan narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin, bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar