Məhkəmə qərarları › İş №1(101)-1342/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1342/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1342/2023 17.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 15 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə saat 02 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun kirayə yaşadığı ünvan 3 ünvanına gələrək əvvəlcə mənzilin qapısını təpiklə vuraraq onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 özü ilə aparmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan şüşə qabla və taxta ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub sağlamlığına yüngül zərər vurmasına əsəbiləşib qisas almaq məqsədilə həmin vaxt yaşadığı mənzildən götürdüyü, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısında ön qoltuqaltı xətt üzrə X-Xİ qabırğaarası nahiyənin 01 (bir) ədəd periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qarının ön divarının 01 (bir) ədəd periton boşluğuna nüfuz etməyən, sol budun yuxarı 1/3-nin ön səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, evdə olduğu zaman qapısı döyülmüş, qapını açdıqdan sonra butulka ilə başından vurularaq yerə yıxılmış, sonra Alimi qorxutmaq üçün birtəhər gedib bıçaq götürmüşdür. Onun Alimi vurmaq niyyəti olmamışdır. Alim butulkanı qırmış və onu vurmaq istəmişdir. O, özünü müdafiə etmiş, hücum edən şəxs deyil, hücuma məruz qalan şəxs olmuşdur. 9 ildir ki, o, Gülnar xanımla yaşayır. Hər ikisinin ailəsi bundan xəbərdardır. Özü Gəncə şəhərində böyük iş adamı olmuşdur. Sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün çıxıb Bakıya gəlmişdir. Burada icarəyə kafe götürüb işlətməyə başlamış, kafedə də işləri yaxşı olmadığı üçün onu bağlamalı olmuşdur. Sonra Gülnar 9 ay Alimin yanında işləmişdir. Bakıya köçüb gələndə Gülnarla birlikdə yaşamış, hətta onun valideynləri də onlarla qalmışdır. 2 il hadisə baş verən ünvanda, yəni Süleymanov küçəsində qalmışlar. O öz ailəsindən 9-10 ildir ki, rəsmi olaraq ayrılmış, amma uşaqlar onun yanında olmuşdur. O, Gülnarla Alimin arasında nəsə olduğunu eşitmiş, Alimlə danışaraq ona əgər aranızda bir şey varsa, ona deməsini xahiş etmiş, Alim and-aman edib demişdir ki, onların arasında belə bir şey yoxdur, istəsə telefon danışıqlarına da baxa bilər. Onlar barışmışlar. Sonra “Neftçilər” metrosunun yanında restorana gəlib bir yerdə yemək yemişlər. Onu restorana Alim dəvət etmişdir. Onlar orada xəngəl yeyib, 1 böyük butulka (700 qr) araq içmişlər. Ondan sonra Alim gedib pivə içib qəlyan çəkməyi təklif etmiş, onlar Əhmədlidə “Legenda” adlı restorana gələrək yuxarı mərtəbəyə qalxmışlar. Onlar həmin restorana 3 nəfər, yəni Alim, özü və Gülnar getmişlər. Orada pivə içmişlər. O çox içməmişdir. Bir az sonra evə getmək istəmiş, o və Gülnar Alimdən ayrılaraq evə gəlmişlər. Tanışı İlham da onlara gəlməli imiş. Gülnar otaqdan çıxmamış, o isə mətbəxdə oturmuşdur. Gülnarın yanına otağa gələndə görmüşdür ki, sonuncu telefonda Alimlə danışır. Alim Gülnara telefonda İlhamın onlara gəlib qalmasına icazə verməməsini tələb etmiş, o, Gülnarın əlindən telefonu alıb Alimə “sən kimsən ki, mənim evimdən kimisə qovursan, sən nəyə görə belə bir şey edirsən” demişdir. Alim onun telefonuna dəfələrlə zəng etmiş, o, telefonu söndürüb kənara atmışdır. Aradan bir az keçdikdən sonra kimsə əli ilə qapını döymüşdür. Gözlükdən baxıb, Alimin gəldiyini görmüş, sonuncunun içkili olduğunu bildiyi üçün qapını açmamış, bir azdan qapı daha da bərk döyülməyə başlamışdır. Alim qapıya təpik vuraraq davamlı söymüşdür. O, qonşulardan ayıb olduğunu düşünmüş, ona görə də qapını açmışdır. Qapını açan kimi, Alim taxta ilə onun çənəsinə vurmuş, qızıl dişi ağzından düşərək, qan içində qalmışdır. Sonra Alim pivə butulkası ilə onu boynundan vurmuş və o, yerə yıxılmışdır. Sonra o, Alimi qorxutmaq üçün mətbəxdən pendir bıçağını götürmüşdür ki, bəlkə çıxıb gedər. Alim yenə də çıxıb getməmişdir. Başından butulka ilə vurulduğu üçün onun huşu özündə olmamışdır. Onlar mübahisə edən zaman Gülnar onları ayırmaq istəmişdir. Ondan sonra Alim Gülnarı da vurmuşdur. Gülnar onu birtəhər içəri salıb qapını bağlamışdır. Ondan sonra Alim çıxıb getmişdir. O, heç yerə şikayətə getməmişdir. Bugünkü gün onların bir-birindən şikayəti yoxdur, hətta Alim onun yanına gəlir, lazım olan şeyləri gətirir. Ona polis bölməsindən zəng gəlmişdir ki, sən Alimi bıçaqlamısan. O, 24-cü Polis bölməsinə gedərək özü təslim olmuşdur. Amma o, Alimə bıçaq vurmamış, bıçaq kimisə yaralayacaq qədər böyük olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Əliyev X8 qeyrirəsmi ər-arvad kimi yaşadığını, Alimi Əhmədlidəki kafelərin birindən tanıdığını, Gülnarın Alimi “Panaroma” adlı kafedən tanıdığını, ondan Alimin kafesində işləyə biləyəcəyini soruşduqda, Alimi tanıdığı üçün razılaşdığını, Alimin onu vurduğu taxtanın mebel taxtasına bənzədiyini, həm taxtanı, həm də butulkanı əlində hazır gətirdiyini, aralarındakı mübahisənin 3-5 dəqiqə çəkdiyini, Alimə bıçaq vurmağı yadına gəlmədiyini, bıçaqda qan olmadığını, Alimin ona bıçaq vura biləcəyi yaxınlıqda olmadığını, hər ikisinin ekspertizaya aparıldığını, Alimin 5-6 gün xəstəxanada yatıb, ağır xəsarət almadığını, sadəcə butulkanın şüşəsinin batdığını bildirmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayə yaşayır. Ailəsindən 2013-cü il tarixdə ayrılmışdır. Birgə nigahdan 2 qız övladı var. Qızının biri ailəli, digəri isə tələbədir. Şahid1 2015-ci il tarixdə Gəncə şəhərində onun rəfiqəsigildə qonaq olan zaman tanımışdır. Bir müddət bir-biri ilə mobil telefon vasitəsi ilə danışdıqda aralarında sevgi münasibətləri yaranmışdır. Həmin münasibətdən Gülnarın ailəsi narazı olduğu üçün birlikdə Bakı şəhərinə köçüb kirayədə yaşamağa başlamışlar. O, maşın alqısatqısı ilə məşğul olaraq birtəhər dolanmışmışdır. Lakin bir zamandan sonra maddi cəhətdən sıxıntı çəkdiyi üçün Gülnar da məcbur olub işləməyə başlamışdır. Zərərçəkmiş şəxs ilə şəxsi tanışlığı Gülnar onun kafesində xidmətçi işlədiyi vaxt yaranmışdır. Son vaxtlar Alim və Gülnarın bir-biri ilə səmimi olduqlarını hiss etdiyindən onların arasında nəsə baş verməsindən şübhələndiyindən o, bu barədə Gülnar və Alimə bildirdikdə onlar belə bir şeyin mümkün olmadığını demişlər. Gülnar da ona söz vermişdir ki, artıq Alim ilə görüşüb danışmayacaq. Gülnarı çox sevdiyi üçün onu bağışlamışdır. Həmin vaxtdan sonra Gülnar Alimin yanından işdən çıxmışdır. Beləliklə, 23 yanvar 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvan 6 ünvanında olan zaman Alim ona zəng etmiş, həmin vaxtı telefona Gülnar cavab vermişdir. Gülnar Alim ilə telefonda danışdıqdan sonra ona bildirmişdir ki, Alim onu “Əlinin kafesi”ndə xəngəl qonaqlığına dəvət edir. O, da etiraz etməmiş və razılıq vermişdir. Təqribən saat 20 radələrində Gülnar, o və Alim birlikdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Əlinin kafesi”ndə əyləşib xəngəl yemişlər. O və Alim həmin vaxtı spirtli içki qəbul etmişlər. Yeməkdən sonra pivə içmək qərarına gəldikləri üçün 24 yanvar 2023-cü il tarixdə saat 01 radələrində kafedən çıxıb birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Legenda” kafesinə getmişlər. Həmin kafedə Alim və o, pivə içib, qəlyan çəkmişlər. “Legenda” kafesində Alimin onun yanında əyləşən Gülnara baxdığını gördükdə onda qısqanclıq hissləri yaranmış və qəzəbli halda Alimə iradlarını bildirərək Gülnarı evə gətirmişdir. Həmin gecə saat 02 radələrində evdə olan zaman mənzilin dəmir qapısı döyüldüyündən Gülnar və o, qapıya yaxınlaşıb qapının gözlüyündən baxdıqda Alimin qapının ardında olmasını görmüşlər. O, qapını açmadıqda Alim qapını təpiklə vurmağa başlamışdır. Bu zaman o, əsəbləşib qapını açdıqda Alim əlində olan taxta parçası ilə onun sifətinin sol yan tərəfindən və baş nahiyəsindən vurmuşdur. O, dərhal Alimi qolundan tutub bayıra çıxartdıqda Alim yerdən şüşə butulkanı götürüb onun başının arxa tərəfinə zərbə ilə bir dəfə vurmuşdur. O, təkrarən butulka ilə onu vurmaq istədikdə butulkanın sınmış hissəsi sol əlinin ovuc və bilək hissəsinə dəymişdir. Bu vaxt sol əlindən qan axmağa başlamışdır. Gülnar onu sakitləşdirməyə çalışmışdır. Həmin hadisə zamanı bərk əsəbi olduğu üçün dərhal mənzilə daxil olub mətbəx mebelinin siyirməsindən tutacağı taxta materialından olan qırmızımtıl rəngdə, tiyəsinin uzunluğu təqribi 15 sm, eyni zamanda tiyəsinin kəisici yeri tilişkəli olan bıçağı götürüb mənzildən bayıra çıxmış və Alimin qarın nahiyəsindən bıçaqla vurmuşdur. Gülnar qışqıraraq Alimin üzərinin qan olmasını demiş və birlikdə mənzilə daxil olaraq qapını bağlamışlar. Alim mənzilin qapısını təkrar döyməyə başlamışdır. Onlar isə qapını açmamışlar. Bir müddət sonra binanın blokunda Alimin səsini eşitmədikdə Gülnar qapıya yaxınlaşmış və qapını açdıqda Alimin getdiyini görmüşdür. Bundan sonra Gülnar tez blokda olan şüşə qırıntılarını süpürgə ilə təmizləyib mənzilin eyvanında olan zibil qabına yığmışdır. Səhər açıldıqda Günlarla birlikdə evdən çıxıb getmişlər. Bir müddət sonra kirayə yaşadıqları evin sahibi Şahid2 onlara zəng edib polis əməkdaşlarının onları axtardıqlarını bildirmişdir. O, polislərlə danışıb Nizami RPİ-nin 24-cü Polis bölməsinə gəlmişdir (cild 1, iş vərəqi 244-248). Məhkəmədə ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs imzaların ona məxsus olduğunu, imza edərkən ifadəsini oxumadığını, yazılanların düzgün olmadığını, konflikti Alimin onların evinə gələrək yaratdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “Neapol” dairəsində yerləşən restoran işlətmiş, Gülnar da onun işlətdiyi inzibatçı kimi işləmişdir. Zauru da Gülnar vasitəsilə tanımışdır. Zaurla Gülnar uzun müddətdir ki, tanış olmuş, onlar bir ailə kimi yaşamışlar. Zaur həmin restorana müştəri kimi gəlib-getmiş, daha sonra o, “Qəbələ” adlı restoranı icarəyə götürmüşdür. Yenə də Gülnar onunla işləmişdir. X15 görə araları dəymişdir. Gülnarla həmin vaxtlar aralarında münasibət yaranmışdır. O, həmin vaxt Gülnarın Zaurla münasibəti olduğunu bilməmişdir. Gülnar ona bibisi ilə yaşadığını demişdir. Zaur bir neçə dəfə onun üstünə gələrək Gülnarı restoranda işlətməməyi demiş, belə ki, kimsə Zaura Gülnarla onun arasında münasibət olduğunu demişdir. O da Gülnarın özünə də çıxıb getməyi demişdir. O, Gülnarı işdən çıxarmış, Gülnar daha sonra yenidən Zaurla razılaşıb gəlib onunla işləmişdir. Daha sonra o, sözsöhbətin səngimədiyini görmüş, ona görə restoranı təhvil vermişdir. Daha sonra onların münasibəti düzəlmiş, zəngləşərək, “Neftçilər” stansiyasının yaxınlığında olan “Cağ Manqal” restoranına xəngəl yeməyə getmişlər. Onlar həm xəngəl yemiş, həm də Zaurla 2 butulka, 500 qramlıq və 700 qramlıq araq içmişlər. Daha sonra “Legenda” restoranına gedərək qəlyan çəkib pivə içmişlər. Zaurla Gülnar evlərinə getmiş, o, restoranda qalmışdır. Onlar evə gedəndən sonra o, Zaurla telefonda dalaşaraq, bir-birlərinə söymüşlər. O, Zaurgilin yaşadığı binaya gəlmiş, başqa şəxslər içəri girərkən içəri girib, 6-cı mərtəbəyə qalxıb qapını döymüş və Zaur qapını açmışdır. Zaurla sözləşmişlər. Həmin zaman onun əlində butulka olmuş, onu Zaurun başına vurub-vurmadığını xatırlamır. İçkili olduğu üçün təfərrüatları, necə bıçaqlandığını, ozündə taxta olub-olmadığını xatırlamır. Aradan bir müddət keçəndən sonra görmüşdür ki, ondan qan axır. Təqsirləndirilən şəxs şikayəti yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs X9 həmin vaxt əməliyyat olunduğu üçün ibtidai istintaqda nə ifadə verdiyini xatırlamadığını, hadisənin yanvarın 22-si baş verdiyini, Gülnarla münasibətinin “Qəbələ” kafesində işləyərkən yarandığını, Gülnarla Zaurun münasibəti olduğunu sonradan bildiyini, Zaurun onu Gülnara qısqandığını, Zaurgilin evinə gedərək onunla əlbəyaxa olan zaman onun əlində butulka, Zaurun əlində isə qəhvəyi rəngdə bıçaq olduğunu, Zaurla blokda dava etdiklərini, həmin an Zaurun əlində heç nə görmədiyini, Zaurun və özünün yerə yıxıldığını, özündə taxta olmadığını, davanın təfərrüatlarını dəqiqliklə xatırlamadığını, onu taksi şoferinin xəstəxanaya apardığını, hal-hazırda Zaurla barışdığını, ondan şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ötən ilin aprel ayında Alimin yanında günü 15 manata ofisiant kimi 1 il işləmişdir. Alim onu yoldan çıxartmışdır. O, Zaura ayrılmağı təklif etsə də Zaur razı olmamış, o, neçə dəfə çıxıb getsə də, Zaur ondan ayrılmamışdır. Etdiyi səhvi boynuna alır. Alim ələ almaq üçün onu döymüş, təhqir etmiş və zorlamışdır. Həmin vaxt o, Zaurla yaşamış, amma Alimin yanında işləmiş, Alim onu evə qoymamış, döyərək hədə-qorxu gəlmişdir. Zaur da Alimlə dalaşmaq istəmişdir. Sonra onlar barışıq olsun deyə restoranda çörək yemişlər. Alim onları dəvət etmiş, onlar üç nəfər orada xəngəl yemiş, Alimlə Zaur araq və pivə içmişlər. Sonra Alim saat təxminən 1-2-yə işləmiş qəlyan çəkmək üçün onlara “Legenda” kafesinə getməyi təklif etmişdir. Sonra Zaur ona zəng gəldiyini demiş və evə getməyi bildirmişdir. Onlar taksiyə minib evə gəlmişlər. Evdə olarkən Alim zəng edib onu təhqir eləmiş, Zaur telefonu alıb “bizdən nə istəyirsən, daha bəsdir” deyə bildirmiş, onlar bir-birlərinə qarşı söyüşlərdən istifadə etmişlər. Bu mübahisədən 15 dəqiqə keçəndən sonra aşağıdan kimsə söyüşlə qışqıraraq “çölə çıxın, siz çölə çıxmasanız, sizə zərər verəcəyəm” demişdir. 5 dəqiqədən sonra Alim qapıya təpik vurmağa başlamışdır. O, Zaura qapıya çıxmamağı demiş, Zaur isə onu çıxmağa qoymamış və arxada durmağı demişdir. Sonra Zaur qapını açmışdır. Alimin əlində 2 dənə Sirab butulkası və taxta olmuşdur. Alim Sirab butulkası ilə Zaurun başına vurmuşdur. Sonra o görmüşdür ki, Alim Zauru blokda arxası üstə yerə yıxmış, o, Alimlə Zauru ayırmaq üçün onların arasına girərək ayırmış, Zauru evə salmışdır. O, Alimlə liftə minəndə görmüşdür ki, Alim qan içindədir. X14 bıçaqladığını bilmiş, həmin ana qədər onun bu barədə xəbəri olmamışdır. Sonra Alim onu şillə ilə vurmuş, onun qolundan tutub “sən məni istəyirsənsə, mənimlə gəlməlisən” demişdir. O da Alimə Zauru evdə tək qoyub onunla gedə bilməyəcəyini demişdir. Alim 3 dəfə liftə minib onların qapısını döyüb, paltarlarını çıxarıb balkona tökmüşdür ki, o, Alimlə getməlidir. O da Alimin dostu Əliyə zəng edib gəlib, Alimi aparmağı xahiş etmişdir. Alim Sabunçu xəstəxanasına getmiş, sonra polislər zəng vurduqdan sonra, onlar 24-cü Polis bölməsinə getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 butulkanın Zaurun başında sındığını, Alim gələndə isə sınıq olmadığını, hər ikisinin yerə yıxıldığını, Zaurun Alimi vurmasını görmədiyini, ancaq Alimdən qan axmasını gördüyünü, hətta yod gətirib yarasına tökdüyünü, yəqin şüşənin kəsdiyini düşündüyünü, Zaur və Alimin mübahisəsinin təxminən 20 dəqiqə çəkdiyini, Zaurun mətbəxdən bıçaq gətirməsini görmədiyini, Alimi liftə salıb aparmaq istəyərkən onu yumruqla vurduğunu, hətta hadisədən 2 gün əvvəl restoranda ondan ayrılmaq istədiyini deyəndə vurub döydüyünü, Alimlə arasında olan münasibət barədə heç kimə heç nə demədiyini göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8nında ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus ünvan 9 ünvanında bir otaqlı mənzili var. Həmin mənzili 2021-ci ilin dekabr ayından Təqsirləndirilən şəxs aylıq 400 manat müqabilində kirayə vermişdir. Həmin mənzildə Zaurdan başqa arvadı Şahid1 və övladı da yaşamışlar. O, hər ay kirayə verdiyi mənzili yoxlayıb eyni zamanda kirayəyə pulunuda alırmış.Zaur və onun ailəsinin mənzildə kirayə qalması ilə bağlı qonşulardan və binanın komendant xidmətindən heç bir şikayət eşitməmişdir. 24 yanvar 2023-cü il tarixdə ona məxsus mənzilin yerləşdiyi ərazinin polis sahə inspektoru zəng edərək bildirmişdir ki, həmin mənzildə kirayə yaşayanlar arasında dava baş verib və bir nəfər bıçaqlanıb, təcili mənzilə yaxınlaşsın. O, da dərhal mənzilə gəldikdə bilmişdir ki, 24 yanvar 2023-cü il tarixdə Zaur və sonradan adını bildiyi Zərərçəkmiş şəxs arasında ona məxsus mənzildə mübahisə düşmüş və mübahisə zamanı Zaur bıçaqla Alimin bədənin müxtəlif yerlərindən vuraraq ona bədən xəsarəti yetirmişdir (cild 1, iş vərəqi 167-168). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 10 ünvanında baş vermiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 3-19). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd kofta və 1 ədəd cins şalvar ekspertizaya təqdim edilməsi üçün 3 saylı X11 götürülmüşdür (cild 1, iş vərəqi 25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsin xx.xx.1980-ci il təvəllüdlü, Naxçıvan MR, ünvan 11 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 35-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ittiham elan etmək üçün şəxsin tutulması və onun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməsi nəzərə alınaraq barəsində axtarış elan olunmuşdur (cild 1, iş vərəqi 38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində ünvan 13 ünvanı yaxınlığında tutularaq Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir (cild 1, iş vərəqi 41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 10 ünvanında təyinatı istintaqa məlum olmayan bıçaqla vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının periton boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, böyük piyliyin yaralanması, qaırnın ön divarının periton boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sol budun yuxarı 1/3-nin kəsilmiş yarası xəsarətlərini yetirmiş olduğu yeri əyani olaraq göstərmiş, hadisə zamanı Zərərçəkmiş şəxs vurmuş olduğu bıçağı mənzilin mətbəx otağında mətbəx mebelinin siyirməsindən götürüb təqim edərək məhz həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini bildirmiş, tutacağı taxta materialından olan qırmızımtıl rəngdə, tiyəsinin uzunluğu təqribi 15 sm, tiyəsinin kəsici yeri tilişkəli olan bir ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 65-69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət haqqında şifahi məlumatın qəbulu haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 25 yanvar 2023-cü il tarixdə məlumat verərək bildirmişdir ki, 24 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 15 ünvanında blokda tanışı Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq bədən xəsarəti yetirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 80). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 228 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 04:00-da 3 saylı Şəhər Kliniki Xəstəxanasından tibb bacısı Rzayeva məlumat verərək, ünvan 16 ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Nizami rayonu, Nazlı Şadlıq sarayının yaxınlığında 4 ədəd kəsilmiş-deşilmiş bıçaq zərbəsi ilə xəsarət almasını bildirmişdir (cild 1, iş vərəqi 116). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü İl tarixli, 75 saylı rəyindən görünür ki, Şahid1 sol saidin arxa və iç səthinin, sağ əlin arxa səthinin, hər iki budun ön və iç səthlərinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sol saidin arxa və iç səthinin, sağ əlin arxa səthinin qançırları qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür, hər iki budun ön və iç səthlərinin qançırlarının alınma müddətləri isə şəxsin məhkəmə-tibbi müayinəsindən 4-6 gün əvvələ uyğun gələ bilərdi. Qeyd olunan xəsarətlər həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 134-136). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 79 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş, böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısında ön qoltuqaltı xətt üzrə X-Xl qabırğaarası nahiyənin 01 (bir) ədəd periton boşluğuna nüfuz edən; qarının ön divarının 01 (bir) ədəd periton boşluğuna nüfuz etməyən; sol budun yuxarı 1/3-nin ön səthinin 01 (bir) ədəd ümumilikdə 03 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları - iti uca və kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə daxil nüfuz edən yara həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya digər yaralar isə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 137-140). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 76 saylı rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar olunmuş - ənsə nahiyəsinin sol yarısının hematoması, sifətin sol yarısının, sol çənə nahiyəsinin, sağ əlin İİ barmağının və sağ saidin arxa səthlərinin sıyrıqları, sol əlin ovuc səthinin qançır və sıyrığı, sol bazunun iç və arxa səthlərinin qançırları, sol əlin ovuc səthinin səthi kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən - ənsə nahiyəsinin sol yarısının hematoması, sifətin sol yarısının, sol çənə nahiyəsinin, sağ əlin İİ barmağının və sağ saidin arxa səthlərinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) sol əlin ovuc səthinin səthi kəsilmiş yarası - göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, digər xəsarətlər isə dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinadən demək olar ki, qeyd edilən xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir (cild 1, iş vərəqi 141-144). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 154-155). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəməkriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 64/MTKŞ-2023 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin və koftanın hər birinin ön səthinin sol yan nahiyəsində bir ədəd, hər birinin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd, cins şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, kofta, cins, şalvar) üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan xəsarətlər yerləşməsinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçə, kofta, cins şalvar) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələr, təqdim edilmiş bıçağın tiyəsinin müxtəlif dərinlikdə batması nəticəsində törənə bilər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 169-175). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-kriminalistik və bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 91/2023-MTKŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/ll/ Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qısaqol vodolazka, cins şalvar, gödəkçə üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antiogeni, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə o cümlədən ABO sistemi üzrə zərərçəkmiş X7 məxsus ola bilər. Təqdim edilən hadisə yerindən götürülmüş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı (cild 1, iş vərəqİ 176-180). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 374 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik eskpertizası qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoioji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qeyd olunan cinayət əməlini törədən anda əqli imkanlarında hər hansı dəyişiklik yaranmamış, öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs inadkarlıq, şübhəlilik, qıcığa qarşı həssaslıq, kobudluq kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fiziolji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (cild 1 iş vərəqə 181-185). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs öz ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1 iş vərəqə 194-198). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1 iş vərəqə 199). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1 iş vərəqə 200). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş və üzərində deşilmiş-kəsilmiş zədələr olan bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd kofta və qırmızımtıl rəngli taxta materialından hazırlanmış, nisbi düzbucaqlı formalı, tiyənin milinə dairəvi formalı, iki ədəd gümüşü rəngli metal millər vasitəsi ilə bərkidilmiş, dəstəyin uzunluğu 98 mm, eni əsasından sərbəst ucuna doğru tədricən artmaqla 155 mm-dən 20 mm-ə qədər, qalınlığı 10 mm olan bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 202-213). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət təqibinin rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığı səbəbindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi aparılan cinayət təqibi üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 215-224). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 270 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X5 həqiqətən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsində xx.xx.2017-ci il tarixdən 1 qrup ümumi səbəbdən əlil kimi pensiya qeydiyyatında durur və hər ay 378.63 manat pensiya alır (cild 1, iş vərəqi 239). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli xəstəlik tarixinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs anası X2 kliniki diaqnozu sol süd vəzisinin xərçəngi xəstəliyi müəyən edilmişdir (cild 1, iş vərəqi 241-242). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmaq niyyətinin olmaması, yaşadığı mənzilin qarşısındakı meydançada baş vermiş hadisə zamanı özünü müdafiə etmək və zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə gedib mənzilin mətbəxindən bıçaq götürərək yenidən hadisə yerinə qayıtması, bıçaqla zərərçəkmiş şəxsi ümumiyyətlə vurmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində zəruri müdafiə həddinin aşılıb-aşılmaması məqamının olub-olmaması məsələsini də müzakirə etmişdir. Hüquq nəzəriyyəsindən də bəlli olduğu kimi zəruri müdafiə vəziyyətinin yaranmasına səbəb olan qəsd mövcud olmalı, həmin qəsd başlanmış, davam edən və hələ başa çatmayan olmalıdır. İş materiallarından da göründüyü kimi, doğurdan da təqsirləndirilən şəxsə qarşı hücum olmuş, o, davam etmiş, lakin hadisənin müəyyən məqamında hücum başa çatmışdır. Belə ki, təqsirləndirilən şəxs hadisənin cərəyan etdiyi vaxt zərərçəkmiş şəxsi hadisə baş verən meydançada qoyaraq mənzilə daxil olmuş, burada mənzilin mətbəxinə gedərək oradan bıçaq götürmüş və hadisə yerinə qayıdaraq bıçaqlama hadisəsini törətmişdir. Bu hal onu göstərir ki, ona qarşı olmuş hücum artıq o, mənzilə daxil olana qədər başa çatmışdır və onun ümumiyyətlə hadisə yerinə qayıtmamaq kimi imkanı olmuşdur. Bu hal məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndiilən şəxsin əməlində zəruri müdafiə həddinin aşılması ilə cinayət törətməsi əlamətləri mövcud olmamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 25 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 117). Lakin, hazırkı işə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29,178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 04 iyul 2023-cü il tarixdə Samux Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmış, bu hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində isə ona bəraət verilmişdir. Samux Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində işə baxılaraq qərar qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Samux Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 29,178.2.4 maddələri ilə 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2023-cü tarixli qərarı ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hal-hazırkı tarixədək o, həmin cəzanı çəkdiyi üçün cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarına əsasən ona təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan ittiham elan etmək üçün şəxsin tutulması və onun barəsində axtarış elan edilməsi haqqında qərardan, tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməsi nəzərə alınaraq 24 yanvar 2023-cü il tarixdə barəsində axtarış elan olunmuş, o, həmin tarixdə tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində 26 yanvar 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1 iş vərəqə 38, 41, 107-110). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti saxlama kamerasında saxlanılan, cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd kofta təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Samux Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmu ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Gəncə Apellyasiya məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti saxlama kamerasında saxlanılan cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd kofta məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar