Məhkəmə qərarları › İş №1(101)-1343/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1343/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1343/2025 05.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ali təhsilli, ailəli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,828 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 03 fevral 2025-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,828 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqla müəyyən olunmamış mənbədən əldə edib üzərində saxlamaqla həmin tarixdə ünvan 2 ünvanına daşımış, 03 fevral 2025-ci il tarixdə, saat 21:29 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,828 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4).

4. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə Nərimanov RPİ-nin 17-ci PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 7-8).

5. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan, DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofandan olan büküm çıxararaq təqdim etmiş, daha sonra həmin büküm açılmış, içərisində ağ rəngli kristallik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 70 manat müqabilində əldə etdiyini bildirmişdir. Həmin bükümün çəkisi elektron tərəzidə yoxlanıldıqda çəkisinin 3.2 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd alışqan və 1 ədəd “Keno” markalı siqaret qutusu aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş həmin büküm bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş mobil telefon və alışqan isə ayrıca zərfə qablaşdırılmışdır. Aşkar edilmiş 1 ədəd qutuda “Keno” markalı siqaret əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (cild 1, iş vərəqi 12-13, 127-128).

6. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan, DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, təqdim olunan 2 (iki) ədəd ağ rəngli zərfə baxış keçirilən zaman üzərində yazılar və imzalar olan möhürlənmiş zərfin içərisindən bir ədəd qara rəngli, içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan “patı” adlanan maddənin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün İran vətəndaşından 70 manat pula əldə etdiyini bildirmiş, daha sonra ikinci zərfə baxış keçirilmiş və həmin zərfin içərisindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd alışqan aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bir ədəd qara rəngli, içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 3 qram təşkil etdiyi müəyyən olunmuşdur. Daha sonra təqdim edilmiş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı diskdə olan videogörüntülərdə təhqiqata təqdim olunan əşya və maddələrin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs üzərindən həmçinin 1 ədəd qutuda “Keno” markalı siqaretin də aşkar edildiyi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin siqaret qutusu sonradan onun özünə qaytarılmışdır. Bundan sonra təqdim olunmuş bir ədəd qara rəngli, içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm, eləcə də bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd alışqan ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərflərə qablaşdırılmışdır (cild 1, iş vərəqi 15-16, 129).

7. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/470 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd büküm...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,828 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 41-45).

8. Maddi sübut kimi tanınması haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 2,828 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra 2,778 qram çəkidə olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 124-125).

9. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 472 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 130-132).

10. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2379 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” (opioidlərin və psixostimulyatorların birgə qəbulu) diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 1, iş vərəqi 133-134).

11. 14.05.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi İran İslam Respublikası vətəndaşı olan şəxsin yerinin və şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 153-153).

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fevral ayının əvvələrində şəxsin narkotik vasitələrin qanunsuz saxlanılması və daşınması ilə bağlı məlumat daxil olmuş, “Ulduz” metrosunun yaxınlığında Araz küçəsi 7 ünvanında şəxsi saxlamış, üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməsini təklif etmiş, üzərinə video çəkilişlə baxış keçirmiş, əynində olan şalvarın yan cibindən qara bükümdə narkotik vasitə aşkar olunmuşdur. Şəxs həmin maddənin narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi bölməyə gətirib raport yazaraq təhqiqata təhvil vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyatda o, Şahid2 və Şahid3 Əliniyaz oğlu iştirak etmişlər. Narkotik vasitəni çəkiliş zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etmişdir. Məlumat digər əməkdaşa daxil olmuşdur. Məlumat narkotik vasitənin daşınması ilə bağlı idi. Şəxsi saxladıqdan sonra üzərində qanunsuz əşya varsa təqdim etməsini tələb edirlər, sonra çəkilişlə üzərinə şəxsi axtarış keçirirlər. Çəkilişdən qabaq şəxsin üzərinə şəxsi axtarış keçirilmir. Şəxsi axşam radələrində saxlamışlar, saat yadında deyil. Təqsirləndirilən şəxsin dedikləri həqiqətə uyğun deyil, o, istintaqda verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı fiziki təzyiq göstərilməmiş, o, bunun şahidi olmamışdır.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçmişdir, Vüqar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Səfalı və Elçin adlı əməkdaşlarla əməliyyat tədbirləri keçirilmiş, tədbir nəticəsində Vüqar adlı şəxs ünvan 5 ünvanda saxlanılmış, tədbir videoçəkilişlə keçirilmiş, şəxs saxlanıldıqdan sonra üzərindən kristal şəkilli narkotikə bənzər maddə aşkar olunmuşdur. Həmin maddənin narkotik olmasını şəxs özü də təsdiq eləmiş, bununla bağlı sənədləşmə aparılaraq narkotik vasitəni qablaşdırılmış və şəxsi təhqiqatçıya təqdim etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri özü olmamışdır. Vüqar narkotik vasitəni tanımadığı şəxsdən 60-70 manata aldığını bildirmişdir. Şəxsi çəkiliş gedə-gedə saxlamışlar. Çəkilişi o, aparmamış, kimin aparması yadında deyil. Məlumat şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı idi. Şəxsə qarşı hər hansı bir fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərində alışqanı, telefonu da var idi . İstintaqda verdiyi ifadəni təsdiq edir.

14. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 Əliniyaz oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-in CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat müvəkkiləri Şahid2 və Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə, saat 21:29 radələrində Təqsirləndirilən şəxs Nərimanov rayonu, Araz küçəsi 7 ünvanının qarşısında tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra həmin şəxsin paltarında, əşyalarında və bədənində qanunla qadağan edilmiş narkotik vasitələrin və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasının ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü çəkiliş vasitəsilə yoxlamağa başlamışlar. Bundan sonra həmin şəxsə üzərində olan hər hansı bir qeyri-qanuni əşya və predmetin təqdim olunması xahiş edildiyi zaman, həmin şəxs də əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə kristallik quruluşa malik ağ rəngli, kristalşəkilli maddə olan narkotik vasitəyə bənzər olan maddəni video çəkiliş vasitəsilə könüllü olaraq təqdim etmişdir. Həmin bükümü açan zaman içərisində ağ rəngli, kristalşəkilli maddənin olmasını aşkar etmişdir. Həmin maddənin nə olduğunu soruşanda isə o, bildirmişdir ki, həmin maddə “patı”dır və onu 70 manata tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Daha sonra həmin büküm onların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən “Keno” markalı siqareti, 01 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs 17-ci polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar tərəfindən şöbə rəsinin adına raport tərtib edilərək təhqiqata təhvil verilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümə və sonuncunun üzərində axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntülərə baxış keçirilmişdir. Bundan sonra aşkar olunmuş büküm iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılıb möhürlə möhürlənmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən protokol imzalanmışdır.

15. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 10 il müddət olar ki, narkotik vasitələrdən istifadə edir. Həmin maddələri İran vətəndaşı olan tanımadığı şəxsdən əldə etmişdir. 03.02,2025-ci il tarixdə həmin şəxslə “vhatsap” proqramı üzərindən əlaqə yaratmış və sonuncudan 2 qram metamfetamin istəmiş, o da bunun üçün ondan 70 manat pul istəmişdir. O, da onun təqdim etdiyi kart hesabına 70 manat göndərmişdir. Bundan sonra həmin şəxs ona bir ədəd bükümdə metamfetamini gizlətdiyi ünvanı və şəklini proqram vasitəsi ilə göndərib və o, həmin gün saat 21:28 radələrində mobil xəritə üzrə həmin ünvana gəlmiş, gizlədilmiş həmin metamfetamini taparaq əlinə götürmüşdür. O, piyada 10-15 metr irəli gedib oradan uzaqlaşmaq istədiyi zaman, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməyini xahiş ediblər. Bütün bu proseslər zamanı videoçəkiliş aparılmışdır. O, özünü təqdim etdikdən sonra həmin şəxslər onun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanmasına və daşınmasında şübhəli olduğunu bildiriblər və üzərində qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməyini xahiş ediblər. Bundan sonra o, əynində olan cins şalvarın sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə olan metamfetamini təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3.2 qram olduğu müəyyən olunmuşdur. Sonra büküm zərfə qablaşdırılmış və zərf möhürlənmişdir. Bundan başqa üzərindən ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd qutuda “Keno” markalı siqaret və 1 ədəd alışqan aşkar edilərək götürülmüş, həmin siqaret qutusu isə əhəmiyyət kəsb etmədiyinə görə sonradan özünə qaytarılmışdır. Bundan sonra o, polis şöbəsinə aparılmış və orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrim izah edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 03 fevral 2025-ci il tarixdə M.Araz adlanan küçəyə getmişdir. 2 qram narkotik vasitə heroin əldə etmək üçün 70 manat pul atmışdır. Narkotik vasitəni götürməyə getdiyi yerə çatanda ab-hava heç xoşuna gəlməmişdir. Həmin yerdən çıxıb getmək istəyəndə qabağında olan yolun bağlı yol olduğunu görmüş, fırlanıb geri qayıdan zaman 1 nəfər əməliyyatçı gizlənib çəkiliş edirdi. Həmin adamı görüb salamlaşmışdır. Həmin adam olduğu yerin zavod ərazisi olduğunu, qorunan ərazi olduğunu və özü də oranın mühafizəçisi olduğunu demişdir. O da həmin adama yolu itirərək bura gəldiyini demişdir. Geri qayıdan da 8 nəfər polis əməkdaşı qabağına çıxmışdır. Onu çox incitmiş, döymüş, ünvanına nalayiq sözlər işlətmişlər. Sonra təxminən çəkisi 7-8 kiloqram içərisində narkotik vasitə olan iri büküm çıxardıb ona aid olmağını deməyini tələb etmişlər. O, dedikləri ilə razılaşmamışdır. Saat yarım ona işgəncə vermişlər, sonunda polis əməkdaşlarından biri qonşusu çıxmış və ona balaca ölçüdə büküm çıxardıb vermiş və bunu boynuna almalı olduğunu demişdir. Onun taqəti artıq qalmamış, qonşusu Səfalıya özünü təqsirli olduğunu demiş, çünki narkotik vasitə istifadəçisi idi. Səfalı ilə nəyin arxasınca gəlmişdi, yəni CM-in 234.1-ci maddəsi ilə sənədləşməyinə razılaşmışdır. Səfalı bükümü açmış və içərisindəkini ona göstərmişdir. Özüdə bükümün içərisində az olduğunu görmüşdür. Səfalı ilə razılaşmışdır. Səfalı ona bükümün kağızının çox olduğunu, amma içərisində 2 qramdan çox olmadığını demişdir. Özü də bükümü açaraq baxmış və həqiqətən də içərisində narkotik vasitənin az olduğunu görmüşdür. Videoçəkiliş zamanı, ya da 17-ci PŞ-də dəyişdirdiklərini bilməmişdir. Narkotik vasitə ekspertizaya göndərilmiş və rəy gəldikdən sonra içərisində 3 qram narkotik vasitə olduğu müəyyən olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə əldə etməyi üçün İran İslam Respublikasının vətəndaşının kartına 70 manat atmağını etiraf edir. 70 manat müqabilində 2 qrama yaxın narkotik vasitə heroin əldə edəcəkdi. Narkotik vasitənin heroin növündən istifadə edirdi, əvvəllər də heroin növündən istifadə etmişdir. Əvvəlki məhkumluqların narkotik vasitə heroinin istifadəsi ilə bağlı olmuşdur. Hadisə günü narkotik vasitə götürməyə getmiş, amma götürməmişdir. Getdiyi yer xoşuna gəlmədi, pusku olduğunu, tutulma ehtimalının olduğunu fikirləşdiyi üçün narkotik vasitəni götürməmişdir. Bəlkə də əlini atıb götürsəydi həmin yerdən 10 kiloqram narkotik vasitə çıxacaqdı. Saxlanıldığı vaxt qış ayları olduğu üçün hava qaranlıq idi. Onu elə həmin yerdə də polis əməkdaşları saxlamışlar. Ondan ifadə almamışlar, özləri qurduqları kimi yazmışlar. O, 17-ci PŞ-də 20 dəqiqədən artıq olmamışdır. Səfalı ona narahat olmamağını demişdir. O da CM-in 234.1-ci maddəsi ilə sənədləşməyinə razılaşmış, amma heç bir narkotik vasitə belə götürməmişdir. Heç yerə şikayət etməmiş, prokurorluğa müraciət etməmişdir. Sadəcə istintaq təcridxanalarına prokurorluqdan gəlirlər. Qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxarılan zaman onu sorğu-sual etməmişlər, özü də məhkəməyə müraciət etməmişdir. O, incəlikləri bilmir, amma real nədir onu danışır. O, hadisə yerinə axşam 19-20:00 radələrində çatmışdır. 17-ci PŞ-yə isə təxminən 22:00 radələrində gətirilmişdir. O, saxlanıldığı yerə 2 qramdan çox olmayan, yəni atdığı 70 manat müqabilində narkotik vasitə heroin götürməyə getmişdir. Əməliyyatçılar onu heç nə götürməyib çıxıb getdikdən sonra saxlamışlar. Getdiyi yerin ab-havası xoşuna gəlmədiyi üçün oradan çıxıb getmişdir. Getdiyi yer tələyə, sanki onun üçün pusku qurulan yerə oxşayırdı. Ona bədənində xəsarətlər qalmayan işgəncələr vermişlər. Şahid1 onun saxlanılmağında iştirak etmişdir. Səfalı onu döyməmiş, amma Səfalının yanında onu vurmuşlar. Onu 03 fevral 2025-ci il tarixdə, axşam saat 8-də “Ulduz” metrostansiyası yaxınlığında zavodların yanında saxlamışlar. Saxlanıldığı ərazi Məmməd Araz 7 kimi adlanır. 2 qram heroin üçün getmiş, həmin əraziyə çatmış, çatanda fikrindən yayınmış, evə qayıtmaq istəmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O, həmin yerə getmiş, sonra fikirindən dönmüşdür ki, qayıtsın dala, qarşıdan çıxmaq istəmiş, getmiş qabağa tərəf görmüşdür ki, qabaqda yol yoxdur, geri qayıdanda görmüşdür ki, Səfalı gizlənib çəkiliş aparır,qayıdanda 7-8 nəfər üstünə gələrək onu saxlamışlar. Ona işgəncə vermişlər. O, saxlanılan zaman Şahid2 də orada idi . Vəkilinin dedikləri ilə razıdır, ittihamda qeyd olunan narkotik vasitə onun deyil, o, heroin istifadə edir, patı istifadə etmir. Məhkəmədən bütün bu halları və himayəsində iki uşağının olmasını nəzərə almasını xahiş edir.

17. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 337/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmiş, xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir.

18. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əliyev X3 Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar olunmamışdır.

19. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış 175-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxilı işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

20. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

26. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

27. Maddələr 18.1., 18.4.4. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

30. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

32. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

33. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

36. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

37. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

38. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

39. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

42. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

43. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

44. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

45. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

46. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

47. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar külli miqdarda psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

48. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 29-cu bəndi).

49. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır (bax: qərarın 39-41-ci bəndləri).

50. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımasına dair ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,828 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımışdır.

51. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamasını, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, narkotik vasitəni öz üzərinə götürməməyinə görə döyüldüyünü bildirərək özünü təqsirli bilməmişdir.

52. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilərkən və ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əliyev X3 Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar olunmamışdır.Bundan başqa Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 337/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmiş, xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış 175-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxilı işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

53. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 30, 42, 43, 44, 45-ci bəndlərindəki normativ aktlara əsasən).

54. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzərində psixotrop maddənin olmasını səmimi şəkildə etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.

55. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir (qərarın 28-ci bəndi).

56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 21, 22, 23, 24-cü bəndləri).

58. Cinayət işinin materiallarında olan Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X6 adında yetkinlik yaşına çatmayan uşağı vardır (cild 2).

59. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

60. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

61. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-462/2021 saylı hökmündən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-in 76.3.1-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə həmin Məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 07 gün hissəsi 07 ay 18 gün müddət azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 102-111).

62. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 27-ci bəndi).

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir.

64. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 25-ci bəndi).

65. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 05 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27, 79-82). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 26, 32 və 33-cü bəndləri).

66. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 03 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

68. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra 2,778 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 34-cü bəndi).

69. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o,ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 35-ci bəndi).

71. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir (qərarın 36, 37-ci bəndləri).

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra 2,778 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar