Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1344/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-ci il tarixdə Xaçmaz rayonunun Digahoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Köhnə Xudat ərazi dairəsi, Digahoba kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 702,692 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımış, həmin narkotik vasitənin bir hissəsini 04 ədəd kibrit qutusuna yerləşdirərək üzərində, digər hissəsini yaşadığı evdə saxlamış, 23 fevral 2021ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın yaxınlığında saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,674 qram, 2,804 qram, 3,929 qram və 3,285 qram, ümumi təmiz çəkisi 12,692 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürüldükdən sonra həmin tarixdə saat 05:30-da yaşadığı ünvan 3 ünvanında baxış keçirilərkən evin yataq otağında yerləşən çarpayının yanında 01 ədəd sellofan torbanın içərisində külli miqdarda - təmiz çəkisi 690,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonunda qeydiyyatda olsa da, tutulmazdan az əvvəldən başlayaraq Binəqədi rayonu, Binəqədi kəndi, Binəqədi şosesi, 2-ci mədən, ev 73 ünvanında müvəqqəti olaraq tək kirayədə yaşamışdır. 2020-ci ilin oktyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində yerləşən meşəlik ərazidə gəzərkən çətənə kollarını aşkar etmişdir. Kimə məxsus olmasını bilmədiyi həmin kolların yerini dəqiq yadda saxlayıb oradan uzaqlaşmışdır. Bundan təxminən 2 gün sonra o, yenidən həmin yerə gedərək oradakı 3 ədəd çətənə kollarını toplayıb torbaya yığmış, gətirib yaşadığı evin yaxınlığıda olan gilas bağında gizlətmişdir. Həmin kolları orada qurudub torbaya yığıb həmin yerdə torpağa basdırmışdır. 2021-ci ilin fevral ayının əvvəllərində isə qurutduğu çətənə kollarını, yəni marixuananı şəxsi istifadəsi üçün Bakıya gətirmişdir. Gətirdiyi qurudulmuş marixuananı kirayə yaşadığı mənzildə gizlətmişdir. O, gündəlik olaraq həmin marixuanadan az-az götürüb özü tək istifadə etmişdir. Onda qurudulmuş marixuana olması barədə heç kimin məlumatı olmamışdır. 23 fevral 2021-ci il tarixdə saat 02 radələrində evdə olan zaman qəfildən səs eşitmiş və kim olduqlarını bilmədiyi bir neçə şəxsin onun həyətimə daxil olduğunu görmüşdür. Kim olduqlarını soruşduqda həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərdən biri ondan narkotik vasitənin harada olmasını soruşmuşdur. Onda narkotik vasitə olmadığını bildirmiş, amma polis əməkdaşlarından biri yataq otağında olan çarpayının yanından çantanın içərisindən torbanı çıxarmış və həmin torba açıldıqda içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin idarədə marixuananı meşəlik ərazidən tapdığını və öz istifadəsi üçün qurutduğunu bildirmişdir. Daha sonra vəkil dəvət edilmiş və polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilərək üzərinə və yaşadığı evə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən 4 ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuana aşkar edilmiş, yaşadığı evdən də çarpayının yanında çantanın içərisində torbaya yığılmış qurudulmuş marixuana və elektron tərəzi aşkar olunaraq götürülmüşdür. O polislərə həmin 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana və 1 ədəd elektron tərəzinin ona məxsus olmadığını demiş, marixuana satışı ilə də məşğul olmadığını, həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmişdir. Əməlindən çox peşmandır, bu hərəkəti ilə maddi sıxıntı içərisində yaşayan ailəsini də çox acınacaqlı vəziyyətə salmışdır. Ona görə də bütün bu halların nəzərə alınaraq onun əməlinin düzgün qiymətləndirilməsini, istifadəçi kimi təqsirli bilinməsini, cəza təyin edilərkən isə ailə vəziyyətinin, bir azyaşlı övladının olmasının və səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o Sehranla birlikdə məlumat əsasında 23 fevral 2021-ci il tarixdə saat 02 radələrində Binəqədi rayonu, Binəqədi kəndi, Binəqədi şossesi, ev 86 ünvanın yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onu Baş Narkotiklərlə Mübarizə İdarəsininə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. İdarədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti tam müəyyən edildikdə həmin şəxsin həqiqətən Xaçmaz rayonu, Köhnə Xudat ərazi dairəsi, Digahoba kəndində qeydiyyatda olan və Binəqədi rayonu, Binəqədi şosesi, 2-ci mədən, ev 73-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs dəvət edilmiş vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçrilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd kibrit qutusunda, yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 11 manat pul, 1 ədəd qara rəngli pul qabı aşkar olunmuşdur. Sonra həmin qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılmış, içi boş olan ağ rəngli zərfə qoyulmuş və möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, açar, pul və pulqabı Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərində aşkar olunmuş qurudulmuş marixuananı Xaçmaz rayonu, Digahoba kəndində kultivasiya etdiyi çətənə kollarından satış məqsədi ilə əldə etdiyini, bir kibrit qutusunda qurudulmuş marixuananı 50-60 manata satdığını, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs, müdafiəçi və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana getmişlər. Orada olan zaman yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin yataq otağındaki çarpayının yanında saxladığı 1 ədəd sellofan torbanı təqdim etmişdir. Torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün yataq otağındakı stolun üzərinə qoyulmuş, onun içindən açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Daxil olan əməliyyat məlumatları Təqsirləndirilən şəxs narkotik vasitələrin məhz satışı ilə məşğul olması barədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 Təqsirləndirilən şəxs yalan dediyini, məsuliyyətdən boyun qaçırmaq üçün ifadəsini dəyişdiyini, onun üzərindən və yaşadığı evdən narkotik vasitə olan qurudulmuş marixuananın və tərəzinin aşkar edilərək götürülməsinin videoçəkilişdə əks etdirdiyini üzünə qarşı bir daha bildirmişdir (cild 1, iş vərəqə 173-177). Məhkəmə-bioloji ekspertizasının 23 fevral 2021-ci il tarixli, 7/213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2,674 qram, 2,804 qram, 3,929 qram, 3,285 qram və bir ədəd sellofan torbada təmiz çəkisi 690,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 702,692 qramdır. Tədqiqata 0,1 qram sərf edilmişdir və qalıq çəki 702,592 qram təşkil edir (cild 1, iş vərəqə 43-47). Məhkəmə-narkoloji ekspertizasının 31 may 2021-ci il tarixli, 1652 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi iə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 144-145). Şəxsi axtarış və götürmə aparılması barədə 23 fevral 2021-ci il tarixli protokoldan və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 30-32, 99-100). Evə baxış keçirilməsi və götürmə barədə 23 fevral 2021-ci il tarixli protokoldan və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında baxış və götürmə aparılan zaman narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 35-36, 108-109). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********88 saylı mobil telefon nömrəsi ilə ayrı-ayrı şəxslərlə narkotik vasitənin alqı-satqısına dair çoxsaylı danışıqlar və yazışmalar aparmışdır. Həmin yazışmaların məzmunu təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını birbaşa təsdiq edən dəlillərdir (cild 1, iş vərəqə 158-171). 25 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş **********63680 və **********63682 imei kodlu qara rəngli “Samsung” markalı mobil telefonuna baxış keçirilmiş və onun narkotik vasitənin satışı ilə məşğul olmasını əks etdirən mesaj mətni A4 formatlı kağıza köçürülərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir (cild 1,iş vərəqə 110-111). Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 18 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 190-191). Köhnə-Xudat kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlu yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 151). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11.01.2021-ci il təvəllüdlü azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 130-131). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ Siyahısının 12-ci bəndinə əsasən təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixiana külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını həmin Məcəllənin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 23 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 88-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 702,592 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, habelə 1 ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon isə ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş sms yazışmalarını və telefon danışıqlarının statistik açıqlamalarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44, 226). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində iş hüquqi yardımla bağlı X3 vəkil işlədiyi 13 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 201,211). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 702,592 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, habelə 1 ədəd elektron tərəzi məhv edilsin; - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş sms yazışmalarını və telefon danışıqlarının statistik açıqlamalarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1344/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1344/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver