Məhkəmə qərarları › İş №1(101)-1344/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1344/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1344/2025 24.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X12 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X5 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 oktyabr 2025-ci il tarixdə, saat 17:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 7,599 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 3 mart 2025ci il tarixdə, saat 17:34-də qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən bir bükümdə külli miqdarda təmiz çəkisi 7,599 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona verilən ittihamın birbaşa sifariş məqsədi daşımasını hesab edir. Belə ki, nə onun, nə də ailə üzvlərinin narkotik vasitə və ya psixotrop maddələrlə, o cümlədən həmin qanunsuz predmetlərin satışı ilə heç bir əlaqəsi olmamışdır və yoxdur. X24 “İ Qarabağ müharibəsi” veteranı, qardaşı Ramal Həkimli və əmisi oğlu Məqsəd Həkimov isə “İİ Qarabağ müharibəsi”nin (Vətən Müharibəsi) qazisidirlər. Onun böyüdüyü ailədə narkotik vasitə və psixotrop maddə istifadəçilərinə qarşı müsbət mövqe olmamış, buna görə də uşaqlıqdan müxtəlif professional idman növləri ilə məşğul olmaqla dövlət bayrağını idman arenalarında yüksəklərə qaldırmışdır. Polis əməkdaşı tərəfindən tutularkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, əgər həqiqətən də onun üzərində narkotik vasitə olsaydı, həmçinin yaşadığı evə də baxış keçirilərdi. Qeyd olunan faktın özü polisin əsas məqsədinin onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını aydınlaşdırmaq deyil, məhz sifarişli tutulma olmasını bir daha təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadəsini qorxu, fiziki və mənəvi təzyiq altında vermiş, bu səbəbdən həmin ifadələrini təsdiq etmir. Ona ya silahı, ya da yüngül formada narkotik vasitə istifadəçiliyindən ibarət iki seçim təklif edilmiş, guya o, kriminal həyat tərzi yaşamışdır. Polis idarəsinə daxil olduğu andan ambulator məhkəmə-narkoloji ekspertizasına getdiyi anadək polis əməkdaşları tərəfindən döyülmüş, zahirən görünməyən xəsarətlər almış, həmin hal yalnız ittiham aktının 5-ci səhifəsində məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən sol dizinin sıyrığının aşkar edilməsi ilə sübut olunur. Qanından metamfetamin çıxmasının səbəbi isə ona verilən çay və qənd olmuş, həmin çayı içdikdən təxminən 30-40 dəqiqə sonra ondan tər axmağa başlamış, müvazinətini itirmiş, habelə təzyiqi aşağı düşməklə halsız vəziyyətə düşmüş, qarnının (mədəsinin) normal fəaliyyəti isə pozulmuşdur. Videoçəkilişlə üzərinə şəxsi axtarış istintaq hərəkətinə başlanmazdan əvvəl polis əməkdaşı ona məxsus olması iddia olunan narkotik vasitəni ona verərək cibinə qoymasını tapşırmış, qeyd olunan proses 2 dəfə baş vermişdir. Tutulduğu günün axşamı və səhər yenidən vəkilin iştirakı ilə üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmış, 2 dəfə üzərindən polislərin verdiyi narkotik vasitə çıxarılmış, həmçinin vəkil də ilk dəfə kostyum-şalvar, növbəti gün isə açıq cins şalvar və qollu köynəkdə olmaqla 2 dəfə müxtəlif paltarlarda olmuşdur.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, əvvəllər də polis əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. O hər hansı yerdə işləməmiş, yalnız güləş idman növü ilə məşğul olmuş, ölkədaxili yarışlarda iştirak etmiş, 3 dəfə 18 yaşlı gənclər arasında Azərbaycan çempionu olmuşdur. Hazırkı hadisə ilə bağlı tutulmazdan əvvəl ona “Kapital Bank” adı ilə zəng gəlmiş, Təqsirləndirilən şəxs olması dəqiqləşdirilərək “Kapital Bank”dan 5.000 manatlıq kart qazanması, lakin ilkin olaraq 500 manat təklif edilərək yarısının çıxılmaqla 380 manat pul qalacağı, eləcə də hər ay ödəmək şərti ilə kartı əldə edə biləcəyi bildirilmiş, o da həmin təkliflə razılaşmış və 15 dəqiqəyə onunla əlaqə saxlayacaqlarını demişlər. 15 dəqiqə sonra yenidən zəng edərək yolda olduğunu, binanın qarşısına düşməsi bildirildikdə o, mənzilin qarşısına gəlməsini deməsinə baxmayaraq sonuncu sifarişlərinin çox olduğunu deyib onun aşağı düşüb götürməsini təkid etmişdir. O, binanın qarşısına düşüb bir qədər gözləmiş, həmin vaxt 3 nəfər polis əməkdaşı yaxınlaşaraq onu maşına mindirib idarəyə aparmış, fiziki təzyiq göstərmiş, istintaq təcridxanasına daxil olarkən xəsarətləri barədə qeyd edilmiş, lakin təzyiqə məruz qalması barədə heç bir orqana şikayət etməmiş, o cümlədən barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə bu barədə bildirməmiş, yalnız üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını demişdir. Videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti idarəyə gətirildiyi günün axşamı və növbəti günün səhəri olmaqla iki dəfə aparılmışdır. O, ittihamda göstərilən tarixdə və yerdə, yəni 3 mart 2025-ci il tarixdə, saat 17:34-də S.S.Axundov küçəsində yaşadığı ünvanda tutulmuş, polislər əvvəlcədən orada yaşamasını bilmiş, saxlanılarkən üzərində idman forması və krasovka olmuş, tutulduqdan dərhal sonra maşına mindirilmiş, qaldığı evə isə ümumiyyətlə baxış keçirilməmişdir. Polislər onu tutarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunmasını bildirdikdə o, üzərində narkotik vasitəni olmamasını, nə səbəbə tutulmasını soruşub etiraz etmişdir. Saxlanılarkən üzərində mobil telefonlar olmuşdur. Şəxsi axtarış istintaq hərəkəti 1-ci dəfə aparılarkən tarix səhv olduğundan günorta vaxtı aparılmış, həmçinin otağın içərisi və pəncərələr çəkilişin əlverişli şəraitdə aparılmasının təmin edilməsi üçün qaraldılmışdır. Polislər videoçəkilişdən əvvəl sinəsinə və belinə yumruqla vurmuşdur. O, ibtidai istintaq zamanı aşkar olunan psixotrop maddənin ona məxsus olmasını deməmiş, polislərin təzyiqi və təkidi ilə məcbur olub guya həmin predmetin ona məxsus olmasını boynuna almışdır. Polisin inzibati binasında yuxarı qalxanda lift açılan kimi polislərdən biri “Rəvan budur?” dedikdə digərləri təsdiqləmiş, həmin anda onun qarnına yumruq dəymiş, daha sonra isə başqa otağa salıb döymüş, sorğu sual edib aşağı aparmışlar.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, ********** mobil telefon nömrəsi X24a məxsusdur. Saxlanıldığı gün polis əməkdaşları bilmədiyi səbəbdən atasının nömrəsini ondan istəmişdir. O, belindəki problemlə əlaqədar hərbi xidmətdə olmamışdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizası zamanı guya 25 yaşından narkotik vasitə istifadə etməsinə dair hər hansı ifadə işlətməmişdir. Əvvəllər də polis əməkdaşları tərəfindən kiminləsə mübahisə etdiyinə görə saxlanılmış, lakin mübahisə etdiyi şəxslə polis əməkdaşlarının əlaqəsi olmamış, polislər ona dava-dalaş etməməyi tapşırmışdır. “Şəxsi axtarış və götürmə aparılmasına dair” protokola əlavə edilmiş videogörüntüdə görünən psixotrop maddə ona məxsus olmamışdır. O, rəsmi işləməmiş, idman zalına gedib müəlliminə kömək etmişdir. Videoçəkiliş iki dəfə aparılmış, iş materiallarına əlavə edilmiş videoçəkiliş isə səhər saatlarında ikinci dəfə həyata keçirilən görüntüdür. O, birinci çəkilişdə də etiraf etmiş, lakin polis əməkdaşları hansısa səhvlik yarandığını deyib yenidən videoçəkiliş aparılmalı olduğunu bildirmişdir. O, məhkəmə iclasında şahid qismində dindirilmiş Ramil Səlimovu ilk dəfədir görür, sonuncunu həmçinin ibtidai istintaq dövründə də görməmiş, şəxsi axtarışın aparılmasına dair videoçəkilişdə də iştirak etməmişdir. “Şəxsi axtarış və götürmə aparılmasına dair” protokola əlavə edilmiş videogörüntüdə görünən ağ köynəkli polis əməkdaşı onun saxlanılmasında iştirak etmiş, lakin görünən digər polis əməkdaşı iştirak etməmişdir. Üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən videoçəkilişi həyata keçirən şəxsi tanımır və həmin şəxs Ramil Səlimov olmamışdır. Dizindəki xəsarət BMCMİ-nin inzibati binasında olarkən yaranmış, polis əməkdaşları onu orada iki dəfə döymüşdür. Onu saxlayanlardan biri də Şahid1 olmuş, lakin sonuncu onu atası və qardaşının tutulması ilə hədələməmişdir. Onu ümumilikdə dörd nəfər polis əməkdaşı saxlamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərli vərdişlərdən uzaq olduğunu, yaşayış yeri üzrə şəxsiyyətinin daim müsbət xarakterizə olunduğunu, güləş idman növü ilə məşğul olmaqla dəfələrlə keçirilmiş yarışlarda uğurlu nailiyyətər əldə etdiyini, atasının müharibə veteranı, qardaşının isə qazi olduğunu, hər hansı cinayət əməli törətmədiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 3 mart 2025-ci il tarixdə əlyazma ilə verdiyi izahat, 4 mart 2025-ci il tarixdə şübhəli, 5 mart 2025 və 6 may 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tutulduğu gün, yəni 3 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 50 manata şəxsi istifadə məqsədi ilə əldə edib üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən istifadə etməmiş, psixotrop maddəni aldığını heç kimə deməmiş, əldə etdiyi psixotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Qeyd etdiyi, içərisində psixotrop maddə olan bükümü üzərində daşımış və 3 mart 2025-ci il tarixdə, saat 17:34-də ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində patı olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-yə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərində narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “patı” kimi tanıdığı maddə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd bükümü, həmin şalvarın sağ yan cibindən 2(iki) ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk öncə təqdim etdiyi bükümə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə polis əməkdaşı tərəfindən 1(bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Şifahi sorğu zamanı üstündən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddəni 3 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 50 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, həmçinin özünün 1(bir) ildir narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi “İphone" markalı mobil telefonlara baxış keçirilmişdir. Həmin mobil telefonlardan birinin içərisində ***-***-**-** mobil nömrəsinin, digərinin içərisində isə ***-***-**-** mobil nömrəsinin olmasını bildirmişdir. Təqdim etdiyi 2 ədəd mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. O, nə saxlanılarkən, nə də üzərində şəxsi axtarış aparılarkən heç bir fiziki və ya psixi təyziqə məruz qalmamış, o cümlədən tutularkən heç bir xəsarət almamışdır. (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 33-35; 63-66; 79-82; 215-218;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

8. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 3 mart 2025-ci il tarixdə BMCMİ-yə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 3 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri Binəqədi rayonuna getmişlər. 3 mart 2025-ci il tarixdə, saat 17:34-də ünvan 2 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində "patı” olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən müşayiətləri altında saxlanıldığı yerdən BMCMİ-nin inzibati binasına gəlmişdir. BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Əli Ağayev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 3 mart 2025-ci il tarixdə, saat 19 radələrində BMCMİ-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı maddə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən iki ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddəni tutulduğu gün, yəni 3 mart 2025-ci il tarixində, səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 50 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, həmçinin özünün bir ildir narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan, polis idarəsinə gətirilən və polis idarəsində olan zaman ona hər hansı fiziki və psixi təzyiq edilməmişdir.

9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və külli miqdarda narkotik vasitəni əldə edərək saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tək halda ünvan 3 ünvanında tərəflərindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə pul qarşılığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən hər hansı etirazını bildirməmiş, yalnız səmimi olaraq üzərində qanunsuz maddə olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana xidməti zərurət olmadığından baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə gediş-gəlişin çox olması, kənardan insanların müdaxilə edə bilmələri ehtimal edildiyindən yerində üzərinə şəxsi axtarış keçirilməsi mümkün olmamışdır. Həmçinin saxlanıldığı ərazi avtomobillə Baş İdarədən təxminən 15-20 dəqiqəlik məsafədə yerləşdiyindən Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilməsi qərara alınmış və olduqları avtomobili əməliyyat qrupunun üvzlərindən biri idarə etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı məlumat olmasına baxmayaraq, satış faktı öz təsdiqini tapmamış, bununla bağlı hər hansı hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını bilmiş, lakin sonuncunun hər hansı kriminal qruplaşmanın üzvü olması və ya şəxsiyyətinə dair digər hallarla bağlı məlumatı yoxdur.

10. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X14 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və Şahid1 ifadəsi ilə əsasən oxşar məzmunlu ifadələr verərək əlavə olaraq göstərdilər ki, Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, o cümlədən istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş predmetə dair hər hansı etirazını bildirməmiş, ona qarşı tərəflərindən və ya hər hansı şəxs tərəfindən fiziki, psixi və sair zorakılıq tətbiq olunmamış, pis rəftara məruz qalmamışdır. Şahid Ramil Səlimov əlavə olaraq verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılaraq Baş İdarəyə gətirilməsində şəxsən iştirak etdiyini, sonuncunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən videoçəkilişin özü tərəfindən həyata keçirildiyini bildirdi.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 3 mart 2025-ci il tarixdə, saat 17:34-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlanılaraq BMCMİ-yə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman ondan bir bükümdə külli miqdarda təmiz çəkisi 7,599 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi polis baş leytenantı X1 tərəfindən 4 mart 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 3 mart 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən xx xxxx 1998-ci ildə anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X14 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 3 mart 2025-ci il tarixdə, saat 17:34 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılmış, saxlanılarkən üstünə axtarış və götürmə keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlanıldığı yerdən həmin Baş İdarəyə gətirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti qaydasında aidiyyəti məhkəməyə müvafiq məlumatlar verilmişdir (Cild 1, i.v. 5-10; 39-40;).

14. “Şübhəli şəxsin tutulması haqqında” 3 mart 2025-ci il tarixli qərar, protokol və əlavə edilmiş müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə BMCMİ-nin İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis leytenantı X23 tərəfindən həmin tarixdə, saat 18:49-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri ətraflı izah edilmişdir. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs 3 mart 2025-ci il tarixdə, saat 17:34-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmışdır (Cild 1, i.v.18-25;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 mart 2025-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 19:14-dən 19:25-dək BMCMİnin İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis peytenantı Ə.Z.Ağayev tərəfindən həmin Baş İdarənin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X10, əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1 və Şahid2, müdafiəçi X2 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair qərar ilə tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı maddə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 2(iki) ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1(bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni 3 mart 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 50 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, həmçinin özünün 1(bir) ildir narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd mobil telefona baxış zamanı hər ikisinin “İphone” markalı olması müəyyən edilmişdir. Təqdim edilən 2 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə “Sony” markalı videokamera vasitəsilə X14 tərəfindən videoçəkiliş aparılmaqla xidməti iş otağında həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti axşam vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Bu barədə həmin tarixdə, saat 19:33-dən 19:59-dək protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 26-29;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 mart 2025-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 11 dəqiqə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olaraq suallara rahat şəkildə cavab verməklə fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 30;)

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə)” ekspertizasının 3-16-16/2-6/941 saylı, 4 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən...” sözləri olan zərfi açdıqda bir ədəd bükümdə təmiz çəkisi 7,599 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi - 7,599 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 7,499 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır (Cild 1, i.v. 41-45;).

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli, 4(005)- 278/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 mart 2025ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi X8 Təqsirləndirilən şəxs hüquqlarını fəal şəkildə müdafiə etməklə həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmiş, Təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bildiyini, 50 manat qarşılığında tanımadığı şəxsdən narkotik maddəni şəxsi istifadəsi üçün alıb üzərində daşıdığını, əməlindən səmimi peşman olmasını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 97-101;).

19. “Maddi sübut hesab edilməsi haqqında” 7 mart 2025-ci il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,599 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 7,499 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.103-105;).

20. “Mobil telefona baxış keçirilməsi haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, müstəntiq Süleyman Süleymanov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 118;).

21. BMCMİ-nin rəis müavini vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Hətəm Əliyev tərəfindən həmin İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi polis polkovniki Rəhman Kərimova ünvanlanmış 3 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v.124;).

22. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 7 aprel 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 127;).

23. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamə və “Azemis” elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi X24, anası Rahilə Həkimova və qardaşı Ramal Həkimlidən ibarət olmaqla Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı yer üzrə müsbət xarakterizə olunur (Cild 1, i.v. 129-131; Cild 2;).

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli məhkumluq haqqında tələbnamədən, müvafiq hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(101)-582/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1(103)-1558/2022 saylı qərarı ilə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 19 (on doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v.132-172;).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 tərəfindən təqdim edilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.173;).

26. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 4 mart 2025-ci il tarixli, 1286 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində PGB(+), AMP(+), MET(+), THC(+), BZO(+) aşkar edilmişdir. Müayinə zamanı deməsinə görə 25 yaşından narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədi ilə saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrə qarşı patoloji meyl formalaşmışdır. Narkotik vasitə və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır (Cild 1, i.v.174-175;).

27. “Maddi sübutların ekspertizası”nın 17 mart 2025-ci il tarixli, 975/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan amfetamin və metmafetamin aşkar edilmişdir (Cild 1, i.v. 177-179;).

28. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 4 aprel 2025-ci il tarixli 120/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş sol bazunun yanıq izi olan çapığı müayinədən təxminən 1-2 il əvvələ, sol dizinin sıyrığı müayinədən (xx.xx.2025-ci il tarixdən) 5-7 gün əvvələ uyğun gəlir. Bədən səthində qərarda göstərilən şəraitə və 03xx.xx.2025-ci tarixlərə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Özünün deməsinə görə sol qolunun üzərində olan yanıq izini təxminən bir neçə il əvvəl ehtiyatsızlıdan yanmış və sol diz nahiyəsində olan kəsik izi isə təxminən 10 gün əvvəl ehtiyatsızlıqdan yıxılaraq yaranmışdır (Cild 1, i.v. 180-183;).

29. “Sübutların qiymətləndirilməsi haqqında” 6 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspert tədqiqatlarına sərf olunduqdan sonra qalıq çəkisi 7,499 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin mənbə xüsusatı ilə bağlı ayrıca icraata material ayrılması, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri əks etdirən 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilməsi, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD diskin sübut növü kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd “İphone” markalı mobil telefonların ailə üzvlərinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 184-196;).

30. “Təqsirləndirilən şəxsə yenidən ittiham olunması haqqında” 6 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən müdafiəçisi X2 iştirakı ilə ittiham elan edilməklə itihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 202-203;).

31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq S.X.Süleymanov tərəfindən 14 may 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 may 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.235-242;).

32. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 2155/2025 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2025-ci il tarixdə istintaq təcridxanasına gətirilmiş, tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, sol diz nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara aşkar olunmuşdur (Cild 2;).

34. Müdafiə tərəfindən təqdim edilmiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs idmanın yunan-roma güləş növü üzrə dəfələrlə Azərbaycan Respublikası çempionatlarında və başqa titullu yarışlarda idman nailiyyətləri ilə əlaqədar xüsusi medal və diplomlarla təltif olunmuşdur (Cild 2;).

35. Müdafiə tərəfindən təqdim edilmiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Medalının İ-2792 nömrəli və İ-2944 nömrəli vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X16 “Vətən Müharibəsi” iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli və 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli sərəncamları ilə “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir (Cild 2;).

36. Müdafiə tərəfindən təqdim edilmiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş 24 fevral 2002-ci il tarixli 037663 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası Həkimov (Akimov) Molla Maksim oğlu İ Qarabağ müharibəsində iştirakına görə Azərbaycan Respublikasının müharibə veteranı olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan müddətsiz istifadə etmək hüququna malikdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

37. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

40. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilərinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

45. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

46. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

47. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

48. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

50. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

51. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, psixotrop maddələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

52. Bundan başqa, istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin xeyli miqdarından təxminən 50 dəfə, külli miqdarından təxminən 3,7 dəfədən çoxdur....Bundan başqa,....Şahid1 tərəfindən tərtib olunmuş raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vaistələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə....məlumatın daxil olduğunu qeyd etmişdir... Bütün bunlar Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib üzərində saxladığını təsdiq edir” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

53. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız psixotrop maddənin külli miqdarda olmasına, o cümlədən daxil olmuş qeyri-müəyyən əməliyyat məlumatlarına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

54. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi məqsədilə anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat qarşılığında əldə etdiyini, habelə hər hansı şəxsə satmaq və ya bağışlamaq niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.

55. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 21-ci bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir.

56. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1, Ramil Səlimov və Şahid2 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır.

57. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

58. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

59. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

60. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

61. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

62. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

63. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

64. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

65. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

66. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

67. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

68. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

69. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

70. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

71. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

72. X20 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

73. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

74. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

75. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

76. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.

77. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

78. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

79. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

80. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

81. Məhkəmə, Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməməsi, sifariş əsasında polis əməkdaşları tərəfindən aldadılaraq saxlanılması, saxlanıldıqdan sonra psixi və fiziki təzyiqlərə məruz qalması ilə əlaqədar qorxduğundan həm ibtidai istintaq zamanı dindirilərkən, həm də barəsində qətimkan tədbiri məsələsinə məhkəmədə baxılarkən həqiqətə tam uyğun olmayan ilkin ifadə və izahatlar verməsi, idarədə olarkən ona təqdim edilmiş çay və qəndin tərkibinə narkotik vasitə və ya psixotrop maddə əlavə edilməsi ilə əlaqədar ekspertiza tədqiqatları zamanı ondan götürülmüş nümunələrin tərkibində psixotrop maddə aşkar edilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə iki dəfə müxtəlif vaxtlarda aparılması, X10 ümumiyyətlə əməliyyat tədbirində və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iştirak etməməsi və sair ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyini bildirsə də, aparılmış ekspert təqiqatlarının nəticəsində onda kannabinoidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, habelə ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində PGB(+), AMP(+), MET(+), THC(+), BZO(+) olması (bax hökmün 27-ci bəndi) müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın ilkin mərhələsindən son mərhələsinədək özünü qismən, yəni CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmiş, cinayət işinin materiallarına əlavə olunmuş əksər sənədlərə bu barədə müvafiq qeydlər aparmaqla ona verilmiş ittihamı qətiyyətlə qəbul etməyərək üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini məhz şəxsi istifadəsi məqsədilə əldə etdiyini dəfələrlə vurğulamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı israrlı özünümüdafiə xarakterli davranışlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında təkidlə hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etməməsi, ümumiyyətlə üzərindən aşkar olunması iddia olunan psixotrop maddə metamfetaminin ona məxsus olmamasını bildirməsi ağlabatan olmamaqla inandırıcı hesab olunmur.

82. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

83. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

84. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

85. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 15-16 və 18-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 15-16, 18, 28 və 33-cu bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və üzərinə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsini xüsusi vurğulayaraq fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş, o cümlədən ibtidai istintaq orqanına aktiv etirazına baxmayaraq guya fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı hüquq-mühafizə orqanına və ya barəsində qətimkan tədibiri məsələsini həll edən məhkəməyə məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.

86. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

87. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

88. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

89. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

90. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

91. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

92. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 27 yaşında olmaqla cavan olmasını, idmanın yunan-roma güləş növü üzrə dəfələrlə Azərbaycan Respublikası çempionatlarında və başqa titullu yarışlarda idman nailiyyətləri ilə əlaqədar xüsusi medal və diplomlarla təltif olunmasını, atasının İ Qarabağ müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının müharibə veteranı olmasını, qardaşının “Vətən Müharibəsi” iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini, qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

93. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

94. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

95. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

96. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

97. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 3 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 3 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

98. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 mart 2025-ci il tarixdən hesablanmalıdır.

99. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

100. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

101. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 7,499 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk olmaqla, cəmi 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

102. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

103. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

104. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

105. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

107. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 3 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 7,499 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar