Məhkəmə qərarları › İş №1(101)-1345/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1345/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1345/2021 29.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun; zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin nümayəndəsi: Səfərov Vüsal Kazım oğlunun iştirakları ilə, 16 avqust 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın dəhlizində həmin ünvanda yaşayan qonşusu Zərərçəkmiş şəxs bloka yığdığı taxtaların az yaşlı oğlu Şahid3 tərəfindən götürülməsinə irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməmiş küt alət və əl ayağı ilə onu vuraraq sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə və ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşib qisas almaq məqsədilə yaşadığı mənzilin dəhlizində ayaqqabı rəfinin üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədən nahiyyəsindən vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi, sağ əlin V barmağın ovuc səthinin səthi kəsilmiş yaraları, V barmağının bayır səthinin qançırı xəsarətlərini yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. 22 fevral 2021-ci il tarixdə o, evə gələn zaman yolda olarkən qonşu Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng etmişdir, lakin telefonunun cərəyanı bitdiyindən o, Nadirlə danışa bilməmişdir. Sonra təxminən saat 22 radələrində o, işdən evə gedərək arvadı Amınaya bildirmişdir ki, yolda olarkən qonşu Nadir onun mobil nömrəsinə zəng etmişdir. Bu zaman Amına ona demişdir ki, bu gün saat təxminən 20 radələrində blokdan uşaqların səsi gəlməsi üçün oğlu Şahid3 evdən bloka çıxmış, lakin bir neçə dəqiqədən sonra geri qayıdıb anası Amınaya bildirmişdir ki, həyətdə olan uşaqlar qonşu Nadirə məxsus taxtaları qarşıdan gəlməli Novruz bayramı münasibəti ilə tonqal qalamaq üçün götürmək istədikdə, Nadir onlara taxtaları götürməməyi deyib iradını bildirərək, blokdan onları və eləcə də onların yanında dayanmış oğulları Rəhmanı qovmuşdur. Amına da Rəhmana heç nə deməyib, Nadirdən uzaq durmasını xahiş etmişdir. Həmin gün Amınanın ad günündən bir gün əvvəl olduğundan ad gününü qeyd etmək üçün hazırlıq işləri gedirdi. Bundan sonra o, mobil telefonunu cərəyana qoşmuş, bu zaman qonşu Nadir yenə də ona zəng etmişdir. Nadir onun oğlu Rəhmanın uşaqları yığıb blokdan taxtaları götürməyə cəhd etməsini deyərək, onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Daha sonra Nadir telefonu söndürərək mənzillərinin giriş qapısını döyməyə başlamışdır. Arvadı Amına qapını açmamağını desə də, o, uzun müddətdir ki, Nadiri tanıdığını və qapını açacağını deyərək, gedib qapını açmışdır. O, qapını açdıqda Nadir gözlənilmədən əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə onun baş nahiyyəsindən vurmuş, o, giriş qapısnın qarşısında blokda yerə yıxılan zaman arvadı Amına yanında olduğundan onu tutmuşdur. Bundan sonra Nadir əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə, əli və ayağı ilə nalayiq söyüşlər söyə-söyə onun baş və bədəninin müxtəlif yerlərindən ona zərbələr yetirməyə başlamışdır. Həmin zaman açıqaydın görünürdü ki, Nadir spirtli içki qəbul etmiş vəziyyətdədir. Arvadı bunu gördükdə onların yanında dayanmış iki az yaşlı övladlarını mənzilin içərisinə aparmışdır. Lakin Nadir onu döyməyə davam etmişdir. Arvadı mobil telefonla Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat verərək, polis əməkdaşlarının hadisə yerinə göndərilməsini xahiş etmişdir. Nadirin onu öz ailəsinin gözü önündə yəni arvadı və iki az yaşlı övladlarının yanında döyərək ona xəsarətlər yetirməsi və bununla kifayətlənməyərək döyərkən də ona və ailəsinə qarşı nalayiq söyüşlər söyməsi ona çox pis təsir etmiş, o, ümüdsüz və çarəsiz utanc verici vəziyyətə düşmüşdür. Buna görə də, ayaqqabı rəfinin üzərində olan mətbəx bıçağını götürərək Nadiri sakitləşdirmək üçün onu bıçaqla vurmuşdur. Lakin Nadir ondan fiziki olaraq güclü olduğundan əlindən bıçağı almış və sol budundan həmin bıçaqla vurmuşdur. Nadir onu vurarkən o, huşunu itirərək yerə yıxılıb uzanqılı vəziyyətdə qalmışdır. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım qrupu ilə xəstəxanaya aparılmış və orada tibbi yardım almışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ağır xəsarət yetirmək məqsədilə deyil, onu sakitləşdirmək məqsədilə vurmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 fevral 2021-ci il tarixdə o, evdə olan mebelləri, eləcədə qapı, pəncələrləri düzəltmək və dəyişmək üçün sökmüş və taxtalarını yaşadığı mənzilin qarşısına bloka yığmışdır. Həmin vaxt saat təxminən 20 radələrində o, evdə iş görən zaman blokdan səslər eşitmiş və çölə çıxdıqda qonşusu İlqarın oğlu və onun yanında uşaqları görmüşdür. Onlar ona məxsus mebellərin və qapı pəncərələrin taxtalarını “çərşəmbə” üçün yığıb yandırmaq üçün aparmaq istədiklərini demişlər. O, İlqarın oğlu Rəhmana və uşaqlara acıqlanıb nəyə görə icazəsiz nəyisə götürdüklərini demişdir. Rəhman və onun yanında olan uşaqlar ona heçnə deməyib çıxıb getmişlər. O da, öz yaşadığı mənzilə daxil olub işlərini görməyə davam etmişdir. Saat təxminən 22 radələrində yaşadığı evin qapısı döyülmüş və o, qapını açan zaman İlqar onun əlindəki bıçaqla sol yan nahiyəsindən vurmuşdur. Buna baxmayaraq həmin bıçaq ona batmamışdır. Bu zaman İlqar bıçağı bir dəfə də onun sol yanından vurmuş və o, bıçaqdan tutub bıçağı bədənindən çıxartmışdır. Həmin vaxt İlqar artıq onun evinin içərisində olmuş və bıçaq ona batdığından onun qanı yerə tökülmüşdür. İlqar həmin bıçağı yenə də ona vurmaq istəmişdir. Lakin o, bıçağı əli ilə tutmuşdur ki, İlqar sakitləşsin. Həmin vaxt onun əlləri də əsirdi. İlqar əlini sağa və sola doğru itələyirdi və bu zaman o, ağrıdan onu ayağı ilə itələyib bıçağı onun əlindən alıb yerə atmışdır və İlqar yıxılmışdır. Bu zaman o, İlqarı evindən bloka çıxartmış və qonşu Vitalik bloka çıxmışdır. O, qonşusu Təqsirləndirilən şəxs vurmamış və İlqara heç bir xəsarət yetirməmişdir. Bu barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır və həqiqiətə uyğun deyildir. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs işlətdiyi mobil telefon nömrəsinə zəng etmişdir. Onun Təqsirləndirilən şəxs zəng etmə səbəbi isə blokun içərisində ona məxsus taxtaların Təqsirləndirilən şəxs oğlu Rəhmanın qarışdırdığı üçün yığışdırmağını xahiş etməyi olmuşdur. Belə ki, İlqarın oğlu həmin gün taxtaları götürmək istəyirmiş və o, irad bildirdikdən sonra yerinə qoymayıb blokun ortasında atıb getmişdir, nəticədə taxtaları yığışdırmamış, həmin taxtalar bloka giriş-çıxışı məhdudlaşdırmışdır. O, qonşusu Təqsirləndirilən şəxs üç dəfə zəng etmişdir. Təqsirləndirilən şəxs üçüncü zəngə cavab vermiş və o, İlqar Qürdətova “gəl taxtaları yığışdır get” bildirib zəngi sonlandırmışdır. Onun İlqarla mobil telefon vasitəsi ilə digər söhbəti olmamışdır. Hadisə vaxtı onun əlində heç bir iti, küt və ya digər alət olmamışdır. Belə ki, o, İlqarı vurmamış, İlqarın əlindən bıçağı almağa çalışdığı zaman, İlqar bıçaqdan bərk-bərk yapışıb buraxmırdı və o, məcbur olub İlqarın bıçaq olan əlindən tutub divara sürtüb çırparaq əlini buraxmasını qışqırmışdır. Qapıların və divarların üzərlərində çoxlu çıxıntılar, kələ-kötürlər olduğu üçün İlqar onlara qol, baş və qulaq nahiyələri ilə dəymişdir. O, Təqsirləndirilən şəxs nə mobil telefonla, nə də ki həyatda söyüb təhqir etməmişdir. O, qonşusu Təqsirləndirilən şəxs evinə ümumiyyətlə getməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onlarla qonşulaqda yaşayır. 22 fevral 2021-ci il tarixdə təxminən saat 20 radələrində oğlu Rəhman geri qayıdıb bildirmişdir ki, həyətdə olan uşaqlar qonşu Nadirə məxsus taxtaları qarşıdan gəlməli Novruz bahar bayramı münasibəti ilə tonqal qalamaq üçün götürmək istədikdə, Nadir onlara taxtaları götürməməyi deyib iradını bildirərək blokdan onları və eləcədə onların yanında dayanmış onun oğlu Rəhmanı qovmuşdur. O da, oğlu Rəhmana heç nə deməyib, Nadirdən uzaq durmasını xahiş etmişdir. Təxminən saat 22 radələrində əri İlqar işdən evə gələrək ona bildirmişdir ki, yolda olarkən qonşu Nadir onun mobil nömrəsinə zəng etmiş, lakin telefonun cərəyanı bitdiyindən o, Nadirlə danışa bilməmişdir. Əri İlqar mənzildə telefonunu cərəyana qoşmuş, bu zaman qonşu Nadir əri İlqara zəng etmiş və oğlu Rəhmanın uşaqları yığıb blokdan taxtaları götürməyə cəhd etməsini deyərək əri İlqarı nalayiq söyüşlərlə söyməyə başlamışdır. Daha sonra Nadir telefonu söndürərək mənzillərinin giriş qapısını döyməyə başlamışdır. O, İlqara qapını açmamasını desə də, İlqar uzun müddətdir ki, Nadiri tanıdığını və qapını açacağını deyərək gedib qapını açmışdır. İlqar qapını açdıqda Nadir gözlənilmədən əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alət ilə İlqarın baş nahiyyəsindən vurmuş, İlqar yerə yıxılan zaman o, İlqarın yanında olduğundan İlqarı tutmaq istəsə də İlqar yerə yıxılmış, sonra Nadir əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə, əli və ayağı ilə nalayiq söyüşlər söyə-söyə İlqarın baş və bədəninin müxtəlif yerlərindən İlqara zərbələr yetirməyə başlamış, sonra isə İlqar yerdən qalxmışdır. Həmin zaman açıq-aydın görünürdü ki, Nadir spirtli içki qəbul etmiş vəziyyətdədir. O, bunu gördükdə onların yanında dayanmış iki az yaşlı övladlarını mənzilin içərisinə aparmışdır. X6 döyməyə davam etmişdir. O, mobil telefonla Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat verərək polis əməkdaşlarının hadisə yerinə göndərilməsini xahiş etmişdir. Bundan sonra Nadir nalayiq söyüşlər söyməyə davam edərkən İlqar ayaqqabı rəfinin üzərində olan bıçağı götürüb Nadiri vurmuşdur. Lakin Nadir ondan fiziki olaraq güclü olduğundan əlindən bıçağı almış və sol budundan həmin bıçaqla vurmuşdur. Nadir vurduqdan sonra İlqar huşunu itirərək yerə yıxılıb uzanqılı vəziyyətdə qalmışdır. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım qrupu ilə xəstəxanaya aparılmış və orada tibbi yardım almışdır. Məhkəmədə şahid qismində ifadələri elan edilmiş yetkinlik yaşına çatmamış Şahid2 və Şahid3 ifadələri şahid Amlna Gudratovanın ifadəsi ilə eyni məznumlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onunla qonşuluqda, yəni 8-ci mərtəbədə yerləşən 99 və 101 saylı mənzillərdə Nadir və İlqar adlı şəxslər uzun illərdir ki yaşayırlar. Onların biri-biriləri ilə heç vaxt aralarında mübahisələri və yaxud ədavəti olmamışdır. 22 fevral 2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində o, yaşadığı evdə hamamdan çıxmış və evdən blokda olan səs küyü eşitmişdir. Bu zaman o, blokda olan səs küyə evdən bloka çıxmış və orada Nadir ona İlqarın onu bıçaqla vurduğunu demişdir. O, İlqara baxdıqda İlqarı Nadirin yaşadığı evin qapısının qarşısında yerdə uzandığını görmüşdür. Bu zaman o, dərhal təcili yardım stansiyasına zəng etmiş və tez bir zamanda hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. O, hadisənin baş verməsinə səbəbin nə olmasını bilmir. Hadisə zamanı o, bıçaqla kimin kimi vurmasını bilmir. Belə ki, o, evdən çıxdıqda Nadirdən nə olmasını soruşduqda Nadir ona İlqarın onu kürək nahiyəsindən bıçaqla vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşuluqda yaşayan şəxslər kimi uşaqlıq illərindən tanıyır. 22 fevral 2021-ci il tarixdə axşam saatlarında o, evdə olan zaman blokdan səs-küy olduğunu eşitmiş və yuxarı 8-ci mərtəbəyə qalxmışdır. 7-ci mərtəbədən 8-ci mərtəbəyə qalxan zaman orada çoxsayda taxtaların olduğunu görmüş və bir təhər taxtaları aralayıb 8-ci mərtəbəsinin dəhlizinə qalxmışdır. X3 evinin içində uzanıqlı vəziyyətdə olduğunu və Nadirin də ayağının onun boyun nahiyəsində olduğunu görmüşdür. Həmin vaxt Nadir ayağını onun sinə nahiyəsinə qoymuşdu və o, Nadirə nə baş verdiyini soruşduqda Nadir İlqarın yerdən durub yenidən onu vurmaması üçün tutub saxladığını demişdir. O, onlara yaxınlaşdıqda Nadirin qanin içində olduğunu görmüşdür. İlqar isə həmin vaxt yerdə səssiz uzanmışdır. O, Nadirdən nə baş verdiyini soruşduqda Nadir ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qapısını döyüb onu bıçaqla vurub xəsarət yetirmişdir və o bıçağı İlqarın əlindən almışdır. O yerə atdığı bıçağı göstərərək İlqarın onu həmin bıçaqla vurduğunu bildirmişdir. Bu zaman o, İlqarın yaşadığı qapıya baxdıqda orada İlqarın həyat yoldaşı Amınanın dayanıb onlara tamaşa etdiyini görmüşdür. İlqar Nadirə “Nadir qələt eləmişəm, burax gedim” bildirmişdir. Nadir də evimi tərk elə, çıx get deyərək ayağını onun üzərindən götürmüşdür. İlqar isə yerindən durmamışdır. Həmin vaxt Nadir İlqarın çiyinindən tutub evindən çıxartmış və blokun ortasında qoymuş, Nadir bir daha İlqara ayağa durmasını demişdir. O, Nadirin bədəninə baxdıqda onun bütovlüklə qan içində olduğunu, hebelə Nadirin evinin giriş hissəsində qan izlərinin olduğunu görmüşdür. O, İlqara da baxdıqda onun sifətində qan izlərinin olduğunu görmüş, lakin İlqarın sifətində olan qan izləri Nadirdə olan izlərə baxdıqda çox az olmuşdur. Həmin vaxt təcili tibbi yardım stansiyasının həkimləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 11 mart 2021-ci il tarixli “əşyanın tanımaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş əşyaları nəzərdən keçirib soldan sağa 03 nömrəsi altında olan əlamətlərinə görə məişət təyinatlı mətbəx bıçağını tanıyaraq, həmin bıçaqla onunla qonşulqda yaşayan Təqsirləndirilən şəxs onu qəsdən vuraraq ona xəsarətlər yetirməsini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs ünvan 4 ünvanın dəhlizində Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdiyini əyani şəkildə yerində göstərib təsvir etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək, yaşadığı mənzilin dəhlizində məişət təyinatlı mətbəx bıçağı ilə vurduğunu bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri qismən təsdiq etməklə törətmiş olduğu hadisəni etiraf etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27 fevral 2021-ci il tarixli 162 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər –sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi, sağ əlin V barmağın ovuc səthinin səthi kəsilmiş yaraları, sağ əlin V barmağının bayır səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, ola bilər ki, bıçağın; səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın; qançır isə bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.02.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə -tibbi ekspertizasının 27 fevral 2021-ci il tarixli 163 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sol budun ön səthinin deşilmiş-kəsilmiş, sol qulaq seyvanının şişkinlik halında əzilməsi və sol epitimpanumun (təbil pərdəsinin yuxarı hissəsi) qansızması ilə müşayiət olunan qulaq seyvanı-gicgah nahiyəsi sərhəddi və sol qaşın əzilməsi yaraları, sağ sağrının aşağı-iç kvadratını və sol budun arxa səthinin hematomaları, sol qulaqönü nahiyə, sol qulaq seyvanının arxa səthi, hər iki gözətrafı nahiyə, sağ bazunun arxa səthi, sol əlin arxa səthi, sağ qabırğaaltı nahiyənin qançırları, sağ qaşın iç bucağına yaxın sahə, qaşarası nahiyə, sağ alın-gicgah nahiyəsi, sol qulaq seyvanının ön səthi, sağ saidin arxa və bayır səthi, sağ əlin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, ola bilər ki, bıçağın; digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.02.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə deşilmiş-kəsilmiş və əzilmiş yaralar, hematomalar həm ayrıayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya; digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks məhkəmə-tibbi, məhkəmə kriminalistik, məhkəmə - bioloji ekspertizasının 21 may 2021-ci il tarixli 231-2021/MTKŞ nömrəli rəyində göstərilmişdir ki,

1. Ekpsertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, cəmi 03 ədəd deşilmiş kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir.

2. Ekpsertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində aşkar olunmuş deşici-kəsici zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur.

3. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi və sağ əlin V barmağının ovuc səthində olan səthi kəsilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik olan digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.

4. Ekpsertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində aşkar olunmuş 2 №-li zədə, onun bədəni üzərində olan hemopnevmotoraksla müşayiət olunan sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerdəyişməsinə görə nisbi olaraq üst-üstə düşürlər.

5. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi, sağ əlin V barmağının ovuc səthinin səthi kəsilmiş yaraları; sağ əlin V barmağının bayır səthinin qançırı xəsarətləri geyim əşyaları ilə örtülmədiyinə görə bu xəsarətlər gödəkçənin üzərində öz əksini tapmamışdır.

6. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs İmsayıl oğluna məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 1 №-li zədə və arxa səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 3 №-li zədə, onun bədəni üzərində öz əksini tapmamışdır.

7. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq solah hesab olunmur. Bıçaq üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və ya dəyişiklik edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 21 may 2021-ci il tarixli 1081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləti aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə -tibbi-bioloji ekspertizasının 26 may 2021-ci il tarixli 319/2021 -MTBŞ nömrəli rəyində göstərilmişdir ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/İV/.

2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus gödəkçə, bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən maddi sübutlar üzərində olan izləri götürmək üçün nəzərdə tutulmuş plastmass çubuqların bir azad uclarına sarınmış pambıq üzərində hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədiqiq olunduqda A və B antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB /İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, zərər çəkmiş şəxsə ağır xəsarət yetirmək niyyətində olmamasını göstərsə də, onun ifadəsində bununla bağlı göstərmiş olduğu xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, ibtidai istintaq zamanı özünün ifadəsi yerində yoxlanılarkən və üzləşdirilmə keçirilməsi zamanı vermiş olduğu ifadələrlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizamı rayon Məhkəməsinin 13.03.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 11.03.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılmalı, mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqları izah edilməlidir. Cinayət işi üzrə məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizamı rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı və Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə təsərrüfat təyinatını itirdiyindən məhv edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılmalı, mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizamı rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı və Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə məhv edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar