Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1349/2023 06.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda fərdi yaşayış evində yaşayan, barəsində Suraxanı rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə gəldikləri razılığa əsasən İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsin göndərdiyi və sonuncunun “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə bildirdiyi 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zabrat qəsəbəsində ümumi təmiz çəkisi 12,779 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 1130,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı sonuncunun bildirəcəyi ünvanlara çatdırmaq məqsədilə əldə edərək, narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 4 ünvanda saxlamış, narkotik vasitə olan heroini isə üzərində saxlamaqla daşımış, 17 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində "Toğrul market”in yaxınlığında saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nə gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli gödəkcəsinin sol yan cibindən dörd ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,918 qram, 4,554 qram, 2,192 qram, 2,115 qram olmaqla, ümumi təmiz çəkisi 12,779 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və həmin günü yaşadığı ünvan 4 ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin həyətyanı sahəsində anbar kimi istifadə olunan bir otaqlı tikilidən bir ədəd sellofan torbada təmiz çəkisi 1130,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək 17 yanvar 2023-cü il tarixdə tutulmasını mübahisələndirmədən göstərmişdir ki, “Toğrul” marketin yaxınlığında yaşasa da həmin ərazidə deyil, həmin gün axşam təxminən saat 8-9 radələrində Hövsan qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmışdır. Sonra köhnə park deyilən yerdən iki nəfər polis əməkdaşı ilə avtomobilə mindirilərək 30-cu polis şöbəsinə gətirilmişdir. Gecəni orada qaldıqdan sonra, səhəri günü axşam saat 5 radələrində barəsində şəxsi axtarış həyata keçirimişdir. Narkotik vasitə istifadəçisidir. 30cu polis bölməsində videoçəkiliş aparılmazdan əvvəl üzərində yalnız 2 ədəd boş şpritsdən savayı heç nə aşkar edilməmişdir. Videoçəkiliş zamanı psixi təzyiqə məruz qaldığı üçün narkotik vasitənin ona aid olmasını və İran vətəndaşından əldə etdiyini bildirmişdir. Psixi təzyiqə məruz qalması barədə barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi, saxlanması və satışı barəsində dəfələrlə əməliyyat məlumatı daxil olmuş, sonuncu məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilməsi üçün raportla rəisə müraciət olunmuş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, günorta saatlarında təqsirləndirilən şəxs “Hövsan” qəsəbəsində Toğrul marketin yaxınlığında saxlanılaraq Polis Bölməsinə gətirilmiş, barəsində müdafiəçinin iştirakı təmin edilməklə şəxsi axtarış istintaq hərəkətinin həyata keçirilməsində iştirak etmiş, şəxsi axtarış zamanı o, üzərindəki narkotik vasitəni təqdim etmiş, evində hər hansı narkotik vasitənin olub-olmadığı barədə verilmiş sualı isə sonuncu evində narkotik vasitə saxlaması ilə cavablandırmışdır. Şəxsin öz icazəsi ilə evinə baxış keçirilmiş və evindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin evindən aşkar edilən narkotik vasitə böyük bükümdə olmuş, sonuncu narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Tərəflərindən saxlanılan 4-5 nəfər şəxs narkotik vasitəni Ramin adlı şəxsdən əlbəəl aldıqlarını bildirmişdirlər. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində onunla birgə Şahid2 iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş 30-cu Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. Lakin şəxs barəsində əməliyyat axtarış tədbirləri həyata keçirilsə də sonuncu bu barədə məlumatlanaraq gizlənmişdir. Sonuncu məlumat tərəflərindən yoxlanıldığı üçün təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmasından əmin olmuşdurlar. Əməliyyat qrupunda o və Ruslan adlı əməliyyat müvəkkili iştirak etmişdir. Həm təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, həm də yaşadığı evə keçirilən baxış istintaq hərəkətlərinin keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən üzərindən, evinə baxış keçirildikdə isə evindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsin evindən aşkar olunan narkotik vasitənin növü “marixuana” olmuş, təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin növü isə yadında qalmamışdır. Onlar şəxsin evinə gedərkən evdə təqsirləndirilən şəxsin həyat yoldaşından savayı heç kim olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, müəyyənləşdirmək məqsədilə “X2 haqqında” Qanununa uyğun olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən sonuncunun cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələnin və cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5). 17 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən içərisində siqaret dənələri olan bir ədəd "Palmall" markalı siqaret qutusunu, gödəkcəsinin sol yan cibindən içərisində qəhvəyi rəngli maddələr olan 04 (dörd) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Şifahi verilən suallara cavab verərkən isə o, həmin maddələrin kakos olduğunu, İran vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamaqla Zabrat qəsəbəsindən tərəfindən götürüldüyünü, müvafiq pul məbləği müqabilində sonuncunun deyəcəyi ünvanlara qoyması barədə razılaşdığını və yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir (Cild 1, iş vərəqə 31-32). 17 yanvar 2023-cü il tarixli “Həyətyanı sahəyə baxış keçirmə və götürmə haqqında” protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yazılı ərizəsi əsasında yaşadığı mənzilin həyətyanı sahəsinə baxış keçirilən zaman yaşadığı evin sol hissəsində yerləşən bir otaqlı anbar kimi istifadə olunan otağa girişdə üzbəüz divarın sağ künc hissəsində göy rəngli tentin arxasından içərisində yaşıl rəngli, quru halda bitki mənşəli kütlə olan bir ədəd göy rəngli sellofan torba aşkar olunaraq götürülmüşdür. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran vətəndaşının ona "Whatsapp" sosial şəbəkəsində yerini göndərməklə Zabrat qəsəbəsindən götürdüyünü, zəng gəlməli olduğunu və həmin zəngdən sonra aparıb deyilən ünvana qoyub bunun müqabilində 1000 manata yaxın pul alacağını bildirmişdir (Cild 1, iş vərəqə 36). 18 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194" dairəvi möhür əksi, "ş/ş" Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə..." sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,918 qram, 4,554 qram, 2,192 qram, 2,115 qram, ümumi təmiz çəkisi 12,779 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 12,579 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 47-50). 18 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...." yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli sellofan torbadakı bir ədəd sellofanda təmiz çəkisi 1130,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 1129,95 qram təşkil etmişdir ( cild 1, iş vərəqə 52-54). “Diskə baxış keçirilməsi barədə” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən fayllara baxış keçirilərkən sonuncu həmin şəxsin özü olduğunu bildirmişdir (cild 1, iş vərəqə 35-36). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2012-ci il tarixində cəzanın sonu ilə azad edilmişdir (Cild 1, iş vərəqə 113-114; 120-121) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Cinayət Məcəlləsi 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və ondan artıq çəkidə narkotik vasitə heroin və həmin siyahıların 1-ci Siyahısının 12-ci bəndinə əsasən – qurudulmuş halda 500 ( beş yüz) qram və ondan artıq çəkidə narkotik vasitə marixuana külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, ümumiyyətlə şəxsi axtarış və götürmə, həyətyanı sahəyə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik maddələrin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini, məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti psixi təzyiqə məruz qalması ilə məzmununda izahlarını, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində 17 yanvar 2023- cü il tarixdə video-çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən özünün “kokos” adlandırdığı narkotik maddə, yaşadığı evə həyətyanı sahəsinə baxış keçirilməsi zamanı yaşıl rəngli ota bənzər kütlə aşkar edilmiş, o həmin maddənin “narkotik vasitə” olduğunu, hər iki narkotik vasitəni İran vətəndaşı kimi şəxsin dediyi yerdən, yəni Zabrat qəsəbəsindən götürdüyünü, sonuncunun göstərişi ilə deyəcəyi yerlərə yerləşdirəcəyini bildirmişdir. Məhkəmə əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs psixi təzyiqə məruz qalmasına görə şəxsi axtarış və götürmə, habelə həyətyanı sahəyə baxış keçirilməsi zamanı həmin narkotik vasitənin ona aid olduğunu bildirdiyini qeyd etsə də psixi təzyiqə məruz qalması barədə heç bir dövlət orqanına müraciət etməmiş, habelə məhkəmə iclasında da həmin psixi təzyiqin nədə ifadə olunmasını izah edə bilməmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən təqdimatda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, ona narkotik vasitələri qara sellofonda Bakı şəhəri, Zabrat qəsəbəsində tanımadığı İran vətəndaşı vermiş, həmin İran vətəndaşının qohumu ilə o, cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş, pul müqabilində tanımadığı şəxslərə verilməsi üçün əldə etdikdən sonra həmin narkotik vasitələri 3 gün evində saxlamışdır (Cild 1, iş vərəqə 93-96). Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, həyətyanı sahəyə istintaq hərəkətinin nəticələrini özündə əks etdirən protokollar və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən CD diskdə əks edilən məlumatların mötəbərliliyinin şübhə altına alınması üçün Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroin və marixuana bükümlərinin ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evin həyətyanı sahəsindən müxtəlif növdə narkotik vasitələrin aşkar edilərək götürülməsini, 4 büküm narkotik vasitə olan heroin bükümlərini 13 yanvar 2023-cü il tarixdə əldə etməsinə baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılana qədər üzərində saxlayaraq daşımasını, üzərindən aşkar edilən heroinin şəxsi istehlakı miqdarının son həddindən 85 dəfə artıq olmasını, həyətyanı sahədən aşkar edilən qurudulmuş marixuananın şəxsi istehlakı miqdarının son həddindən 100 dəfə artıq olmasını,şəxsi axtarış və götürmə, habelə həyətyanı sahəyə baxış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən həmin narkotik vasitələri 1000 manat müqabilində İran vətəndaşının göstərişi ilə ayrı-ayrı ünvanlara çatdıracağını bildirməsini, barəsində həbs qətimkan tədbiri həyata keçirilərkən verdiyi ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 19), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 93-96). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 17 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 124 -125). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. 25 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən çəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 12, 779 qram narkotik vasitə olan heroin və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 1130,0 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 12, 579 qram narkotik vasitə olan heroinin və 1129,95 qram narkotik vasitə olan qurudulmuş marixuananın saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə verilməsi, şəxsi axtarış və götürmə, həyətyanı sahəyə baxış keçirmə və götürmə keçirilməsinə dair video görüntülər olan 1 ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12, 579 qram təşkil edən narkotik vasitə heroin və 1129,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə, həyətyanı sahəyə baxış keçirmə və götürmə keçirilməsinə dair video görüntüləri özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 48,53). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12, 579 qram təşkil edən narkotik vasitə heroin və 1129,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həyətyanı sahəyə baxış keçirmə və götürmə keçirilməsinə dair video görüntüləri özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1349/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1349/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver