Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1349/2025 27.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində usta köməkçisi (fəhlə) vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mebel istehsalı müəssisəsində sonuncu onu təhqir edərək üz nahiyəsinə sillə ilə vuraraq yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan səyahət bıçağı ilə zərərçəkmiş şəxsin qarının ön-sol yan divarının daxilə nüfuz edən, nazik bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya (qarın boşluğunda 350 ml qan) səbəb olmuş bir ədəd və döş qəfəsinin sol tərəfində, Vİİİ-İX qabırğalar proyeksiyasının döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ bazunun, sağ saidin və sol budun hərəsində bir ədəd olmaqla qeyd olunan nahiyələrin əzələ və yumşaq toxumalarını zədələyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisədən öncə Fəridin üzərində bıçaq gəzdirdiyini öyrənmiş, bununla bağlı çağırıb Fəridi danlamaq istəmişdir. Fikirləşmişdir ki, bundan sonra Fərid səhvini anlayıb üzr istəyəcək. Bu barədə Fəriddən soruşduqda Fərid ona “yaxşı edirəm gəzdirirəm” deyə cavab vermiş və əlini belinə atmışdır. Bu zaman o, Fəridi vurmuşdur. Fərid hadisədən sonra qaçıb getdikdən sonra yerdə qan olduğunu görmüş və anlamışdır ki, Fərid onu bıçaqla vurmuşdur, qanı görənə qədər ona xəsarət yetirildiyini bilməmişdir. Hadisə vaxtı Fəridin əlində bıçaq görməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur.
4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisədən əvvəl Fəridə zəng edərək sexə gəlməsini bildirdiyini, telefonda Fəridə “bu nə deməkdir, sən bıçaqla gəzirsən” dediyini, ona hansı məsələ ilə bağlı çağırdığını bildirdiyini, Fəridin bıçaq gəzdirməsi ilə bağlı məlumatı ikinci həyat yoldaşının oğlundan aldığını, Elgünün ona Fəridin Elgünə bıçaqla hədə-qorxu gəldiyini bildirdiyini, lakin hansı səbəbə görə bunu etdiyini demədiyini, Fəridi əsas üzərində bıçaq gəzdirməsinə görə çağırdığını, çağıran zaman səhvini anlayıb üzr istəyəcəyini fikirləşdiyini, Fəridin isə ona “bıçaqdı da, gəzdirirəm, yaxşı edirəm” dediyini, bu zaman Fəridi vurduğunu, Fəridin arxaya yıxıldığını, Fəridin üstünə getdikdə qaçdığını, bıçaq zərbəsinin konkret olaraq nə zaman vurulduğunu bilmədiyini, Fəridin bıçaq gəzdirməsi ilə bağlı Elgündən başqa kimdən məlumat eşitdiyini xatırlamadığını, Fəridin bıçaq gəzdirdiyini hadisə günündən bir gün əvvəl öyrəndiyini, Elgünün sonradan belə bir məsələ olmadığını, yəni Fəridin onu bıçaqla hədələmədiyini dediyini, onu vuran zaman Fəridin əlində bıçağı görmədiyini, ümumiyyətlə hadisə günü Fəridin əlində bıçaq görmədiyini, sadəcə əlini belinə atanda Fəridin bıçaq çıxarmaq istədiyini təxmin etdiyini, bıçaqlandığını Fərid qaçdıqdan sonra hiss etdiyini, Fəridin onu necə və hansı arada vurmasını bilmədiyini, özünün söyüşlə danışan adam olduğunu, lakin hadisə günü Fəridi söyüb-söymədiyini xatırlamadığını göstərmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, əvvəllər, yəni hadisə baş verən vaxt o, Elnurun sexində işləyirmiş. Hadisə günü, axşam saat 19:00-20:00 radələrində sexdə Elnurun qışqırıq səsini eşitmiş, yanına gedəndə Elnur qanlar içində olmuşdur. Elnura kömək etmiş və xəstəxanaya aparmışdır. Xəstəxanaya polislər gəlmişlər. Onun üstü qan içində olmuş və düşünmüşdür ki, evə gedib təmizlənsin, sonra isə xətəxanaya Elnurun yanına yenidən gəlsin. Evə qayıdan zaman İcra Hakimiyyətinin binasının qarşısında Fəridi görmüşdür. Fərid bir kənarda oturmuşdu. Fəriddən əməli törətməsinin səbəbini soruşmuş, Fərid ona dəqiq heç nə deməmişdir. Fəridin Elnuru vurduğunu Elnuru qanlar içində gördükdən sonra həkim çağıranda Elnur özü ona demişdir. O, hadisəyə şahid olmamışdır.
6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid 5 ildir ki, Fəridi tanıdığını, Elnur zəng edib Fəridi işə çağıran zaman orada olmadığını, Elnurun Fəridi təhqir etdiyini görmədiyini, Fəridin namaz qıldığını və üzərində bıçaq gəzdirdiyini görmədiyini, Elnurun oğulluğunu hərdən sexdə gördüyünü, Elgünün siqaret çəkdiyini görmədiyini, Fərid və Elgünün dialoquna şahid olmadığını, Elnuru qan içində görəndə Elnurun onu vuran şəxsin Fərid olduğunu dediyini, Elnuru görəndə onun kresloda qanlar içində tək uzandığını, Fəridi orada görmədiyini, məhlədəki qonşuların hadisədən sonra gəldiklərini, qonşuları köməyə özünün çağırdığını, həmin vaxt Fəridin orda olmadığını bildirmişdir.
7. “Baxış keçirilməsi haqqında” 17 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 2, Lallar fabriki adlanan yerin yaxınlığında yerləşən mebel sexidir. Həmin sex bir mərətəbəlidir. Sexin giriş qapısı boz rəngli dəmir qapıdır və küçəyə tərəfdir. Giriş qapısının qarşısında iki pilləli pilləkən vardır və həmin pilləkəni qalxdıqdan sonra sexə daxil olunur. Sexə daxil olunduqdan sexin sahəsi təxminən 300 kv.m. sahədən ibarətdir və içəridə taxta və dəmir materiallar vardır. Sexə daxil olunduqda yerdə qana bənzər izlər vardır. Təxminən 10-12 metr qarşıda təmir alətləri və dəzgah vardır. Girşi qapısından daxil olduqdan sonra sağ tərəfdə otaq vardır və həmin otağın qapısı yoxdur. Otağa daxil olduqda orada yerdə qana bənzər izlər və müxtəlif taxta materilallar, təmir olunmuş rəflər vardır. Həmin otaqdan digər otağa keçid vardır. Həmin keçiddən otağa daxil olunduqda otağın iş otağı olması görünür və orada rəflər yazı masası, masanın üzərində kompyuter, işə aid olan sənədlər, yerdə isə qana bənzər izlər vardır (cild 01; i.v.47-53).
8. “Götürmə aparılması haqqında” 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus mebel sexindən üzərində qanabənzər ləkələr olan 01 ədəd mələfə və 02 ədəd əski parçası götürülmüşdür (cild 01; i.v.54).
9. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 12 avqust 2024-cü il tarixli, 1694 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs adma tərtib olunmuş tibbi sənəddə göstərilmiş xəsarətlər- qarının ön sol-yan divarının daxilə nüfuz edən, nazik bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya (qarın boşluğunda 350 ml qan) səbəb olmuş bir ədəd və döş qəfəsinin sol tərəfində, Vİİİ-İX qabırğalar proyeksiyasının döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ bazunun, sağ saidin və sol budun hərəsində bir ədəd olmaqla qeyd olunan nahiyələrin əzələ və yumşaq toxumalarını zədələyən (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın şəraitdə, yəni 16 iyul 2024-cii il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə deşici-kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsində görə qarının ön solyan divarının daxilə nüfuz edən, nazik bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olmuş yarası həyat üçün təhlükəli olan sağlamlıa ağır zəzərvurmaya aiddir. Digər xəsarətlər isə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 01; i.v.147-149).
10. Məhkəmə - tibb bioloji ekspertizasının 07 avqust 2024-cü il tarixli, 481/2024- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB (İY). Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd şalvar və ona keçirilmiş kəmər, 01 (bir) ədəd köynək, 01 (bir) ədəd trusik, 01 (bir) ədəd mayka, o cümlədən hadisə yerindən götürülmüş 01 (bir) mələfə və 02(iki) ədəd qara və sarı rəngli əski parçaları üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə ABO sistemi üzrə qanın qrup mənsubiyyəti təyin olunduqda “A” və “B” antigenləri alındı. Bu antigenlərin hər ikisi ABO sisteminin “dominant” antigenləri olduqlarından və qan qrupunun formalaşmasında əsas antigenlər kimi iştirak etdiklərindən onlar qan ləkələrinin bir şəxsə məxsus olduğu halda birlikdə A/B genotipli AB(İY) qruplu qanı formalaşdırıb xarakterizə edirlər və göstərilən halda yuxarıda gösrtərilən əşyalarda olan qan ləkələri ABO sistemi üzrə eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş bıçağın tutacağı, ona bitişik tiyə hissəsi və ayrıklıqda təqdim edilmiş bölünmüş(qırılmış) tiyə fraqmenti üzərində qan aşkar olunmadı (cild 01; i.v.152- 159).
11. Məhkəmə - tibb kriminalistik ekspertizasının 13 avqust 2024-cü il tarixli, 346/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və qolsuz maykanın hər birinin ön səthinin sol yarısında, cins şalvarın və tumanın hər birinin arxa səthinin sol yarısında deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Təqdim olunmuş bıçağın tiyəsi tam köndələn sındığından müqayisəli müayinə məqsədi ilə Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində eksperimental zədələrin yetirlməsi mümkün deyil. Bununla belə, paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin konstruktiv xüsusiyətlərini, təqdim olunmuş bıçağın kostruktiv xüsusiyyətlərini və tiyəsinin ölçülərini, iz törədən alətin tiyəsinin kostruktiv xüsusiyyətləri ilə təqdim edilmiş bıçağın eyni qrup daxilində olmasım nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar kostruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan səyahət bıçağıdır və soyuq silah hesab edilmir (cild 01; i.v.162-166).
12. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 19 avqust 2024-cü il tarixli, 1505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. Onun bədən səthində aşkar olunmuş sol said nahiyyəsinin çapıqları kəsilmiş yaraların izi olmaqla kəsici kənara malik əşyanın (alətin) təsirindən müayinədən 3-6 ay əvvəl əmələ gəlmişdirlər (cild 01; i.v.169-170).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X8 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 oktyabr 2024-cü il tarixli, 3129 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəktələrinin faktiki xarakterini və ictimayi təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarmdadar. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 01; i.v.187-189).
14. “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kəmər, 01 ədəd köynək, 01 ədəd trusik, 01 ədəd mayka, hadisə yerindən götürülmüş 01 ədəd mələfə, 02 ədəd qara və sarı rəngli əski parçaları, 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan səyahət bıçağı maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 01; i.v.221- 230).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
15. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü ehsan verirlərmiş deyə işə getməmiş, bununla bağlı Elnura məlumat vermişdir. Həmin gün Elnur ona bir neçə dəfə zəng etmiş, lakin o, telefona baxa bilməmişdir. Daha sonra zəngi açmış, Elnur ona “Sea Breeze”də yerləşən evə baxmağa getdiyini, oradan qayıtdıqdan sonra axşam gəlməsini demişdir. O da Elnura gələcəyini bildirmişdir. Elnurun faktiki nikahda olduğu həyat yoldaşının oğlu arada bir sexə gəlirmiş, ondan yaşca balaca idi. Həmin oğlanın adı Elgün idi. Elgün bir-iki dəfə ondan telefonunu istəmiş, anasına zəng vurub evə yemək üçün getmək istədiyini bildirmişdir. Elgünün anası gözəllik salonunda işləyir. O, lazım olduqda telefonunu Elgünə vermiş, beləliklə münasibətləri yaranmışdır. Hadisə günündən bir gün əvvəl Elgün atası ilə sexə gəlmişdi. O, sexə daxil olduqda Elgün onun haqqında nalayiq ifadə işlətmişdi. O, həmin vaxt Elgünə onunla bu formada danışmamasını, bunun təkrarlandığı halda atasına qəlyan çəkdiyini deyəcəyini bildirmişdi. Elgün də bu halın təkrarlanmayacağını demiş, atasına qəlyan məsələsini deməməsini xahiş etmişdir. Elnur hadisə günü ona zəng edərək əsəbi formada “sən nə etmisən, gəl səninlə söhbət edəcəyik” deyərək sexə gəlməsini bildirdi. Elnur ondan yaşca böyük və fiziki baxımdan canlı olduğundan Elnurdan ehtiyat edib qorxduğundan özümü müdafiə etmək məqsədilə özü ilə bıçaq götürmüşdür. Sexə “salam əmi” deyərək daxil olmuşdur. Elnurun otağı çox balaca idi. O, otağa daxil olub salamlaşdıqdan sonra Elnur onun və valideynlərinin ünvanına nalayiq ifadə işlətməyə başlamışdır. O, əyləşən kimi Elnur yerindən durub onu vurmuş, o, oturduğu yerdə arxaya yıxılmışdır. Bundan sonra Elnur onu yumruqla vurmağa başlamışdır. Elnur onu yumruqla vuran zaman dişləri qırılmış, burnu qanamışdır. Elnur onun başına vuran zaman o, özünü itirmiş və özünü müdafiə etmək üçün Elnura bıçaqla xəsarət yetirmişdir. Bıçaq zərbələrini necə vurduğunu bilmir, həmin vaxt özündə olmamışdır. Elnur onunla söyüşlə danışaraq, valideynlərinin ünvanına nalayiq ifadələr işləmişdir. Elnuru vurmaqda məqsədi Elnurun ondan aralanması olmuşdur. Elnur ondan güclüdür və çəkisi də çoxdur, bu səbəbdən özünü müdafiə etmək istəmişdir. Əməlimdən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır.
16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs normal halda üzərində heç vaxt bıçaq gəzdirmədiyini, hadisənin onun Elgünə qəlyan çəkməsini atasına deyəcəyini bildirməsindən təxminən bir gün sonra baş verdiyini, hadisə günü işə getmədiyini və bu barədə öncədən Elnura məlumat verdiyini, hadisə günü Elnur ona zəng edən zaman təxminən axşam, saat 19 radələri olduğunu, Elnurun zənginə cavab verəndə Elnurun ona “axşam səni yığacam gələrsən, mən sənə başa salacam nəyin əldən gedib” dediyini, Elnurun telefonla danışan zaman da onu təhqir etdiyini və söyüşlə danışdığını, Elnurun danışan zaman səs tonundan qorxaraq bıçağı özü ilə götürdüyünü, sexə qorxu içində getdiyini, qəza keçirdiyindən başında ağırlar olduğunu, bu səbəbdən Elnur onun başına vurduğu üçün özünü itirdiyini və Elnuru vurduğunu, ilk zərbəni Elnurun onun başından vurduğunu, bu zaman arxaya yıxıldığını, bundan sonra Elnurun onu yumruqla vurmağa davam etdiyini, bıçağın şalvarının arxa cibində olduğunu, Elnura ilk zərbəni ayağından vurduğunu, daha sonra qoluna vurduğunu, ondan sonra hansı nahiyələrinə vurduğunu xatırlamadığını, Elnura xəsarət yetirən zaman Elnurun onu yumruqla vurmağa davam etdiyini, Elnur ondan aralandığı üçün daha onu vurmadığını və hadisə yerindən qaçdığını, zərbə vurduğu yerin qanadığını gördükdə qorxub qaçdığını, hadisə vaxtı hadisə yerində heç kəsin olmadığını, daha sonra qaçarkən qonşuların gəlməsini gördüyünü, hadisə zamanı başından zərbələr aldığını və dişlərinin qırıldığını, ekspertə təqdim edilən zaman xəsarətlərini bildirdiyini göstərmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. 126.2.4-cü maddəsinə əsasən eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
19. “Tutma haqqında” 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə, saat 21:30-da tutulmuşdur (cild 01; i.v.26).
20. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(001)- 531/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.105-110).
21. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 4(001)-692/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 17 noyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.130-132).
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 12 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.191-192).
23. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 02 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 01; i.v.194).
24. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 4(001)- 876/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, barəsində 17 yanvar 2025-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 01; i.v.209-220).
25. “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.263-265).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
28. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;
29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;
30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
33. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
34. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
35. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPMin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
36. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əsassız olaraq AR CM-nin 126.2.4-cü maddəsi ilə ittiham verilmiş, nəticədə onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış, onun əməlində AR CM-nin 126.2.4-cü maddəsinin deyil, AR CM-nin 126.1-ci maddəsinin tərkibinin olması həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxs və şahid ifadələri, o cümlədən, iş materiallarında olan sübutlarla təsdiq olunduğundan Təqsirləndirilən şəxs əməli AR CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir.
37. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir.
38. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir.
40. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir.
41. Təqsirləndirilən şəxs AR CM-nin 126.2.4-cü maddəsi ilə ittiham verilərkən istintaq orqanı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, zərərçəkmiş şəxsin onun üzünə sillə vurmasını bəhanə edərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərək onun sağlamlığına ağır zərər vurmasına istinad etmişdir.
42. Lakin hazırki işin hallarından, həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmasına səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə kobud danışıb üzünə sillə vuraraq onu yerə yıxması olmuş, onun cinayəti törətməsinin motivini xuliqanlıq niyyəti təşkil etməmiş, başqa sözlə, Təqsirləndirilən şəxs bilərəkdən (qəsdən) ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməmiş, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntuları onun şüuru ilə əhatə olunmamışdır.
43. İstintaq orqanı tərəfindən verilmiş ittihamdan da görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs cinayəti törətməsinin səbəbinin olmasını qəbul etmiş, sadəcə həmin səbəbi öz şəxsi mülahizələri əsasında əsaslı olmayan səbəb kimi qiymətləndirmişdir.
44. Maraqlıdır ki, cinayət işi başlandıqdan sonra (17 iyul 2025-ci il tarixdən 30 oktyabr 2024-cü il tarixədək) uzun müddət ərzində ibtidai istintaq AR CM-nin 126.1-ci maddəsi ilə aparılmış, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın mahiyyəti “təqsiriləndirilən şəxsin zərərçəkmiş şəxsi aralarında yaranmış mübahisə zamanı bıçaqla vuraraq onun sağlamlığına ağır zərər vurması” kimi qəbul edilmiş, 30 oktyabr 2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla heç bir yeni hal aşkar olunmadan, hər hansı əsaslandırılma aparılmadan təqsirləndirilən şəxsin əməli AR CM-nin 126.2.4-cü maddəsinə tövsif edilmiş, müstəntiq öz şəxsi mülahizələri əsasında “zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin üz nahiyyəsinə sillə vurmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan onun zərərçəkmiş şəxsin sağlamlığına üzərində gəzdirdiyi bıçaqla ağır zərər vurması” qənaətinə gələrək 07 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmişdir.
45. Halbuki, AR 126.2.4-cü maddəsi (Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi) xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir.
46. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Elnurun hadisə günü ona zəng edərək əsəbi formada “sən nə etmisən, gəl səninlə söhbət edəcəyik, sənə göstərəcəm nəyin əldən gedib” deyərək sexə gəlməsini bildirdiyini, Elnur ondan yaşca böyük və fiziki baxımdan canlı olduğundan Elnurdan ehtiyat edib qorxduğundan lazım olarsa özünü müdafiə etmək məqsədilə özü ilə bıçaq götürdüyünü, sexə “salam əmi” deyərək daxil olduğunu, otağa daxil olub salamlaşdıqdan sonra Elnurun onun və valideynlərinin ünvanına nalayiq ifadə işlətməyə başladığını, əyləşən kimi Elnurun yerindən durub onu vurduğunu, həmin vaxt oturduğu yerdən arxaya yıxıldığını, bundan sonra Elnurun onu yumruqla vurmağa başladığını, Elnur onu yumruqla vuran zaman dişlərinin qırıldığını və burnunun qanadığını, Elnurun onun başına vuran zaman özünü itirdiyini və özünü müdafiə etmək üçün Elnura bıçaqla xəsarət yetirdiyini, Elnuru vurmaqda məqsədinin Elnurun ondan aralanması olduğunu göstərmiş, ona ünvanlanmış suallara cavab olaraq Elnurun zənginə cavab verəndə Elnurun ona “axşam səni yığacam gələrsən, mən sənə başa salacam nəyin əldən gedib” dediyini, Elnurun telefonla danışan zaman da onu təhqir etdiyini və söyüşlə danışdığını, Elnurun danışan zaman səs tonundan qorxaraq bıçağı özü ilə götürdüyünü, hadisə günü Elnurun otağında Elnurla ikisinin olduğunu, hadisəyə hər hansı şəxsin şahid olmadığını bildirmişdir.
47. İş materiallarında olan “şübhəli şəxsin dindirilməsi”nə dair 17 iyul 2024-cü il tarixli protokoldan (cild 01; i.v.34-39) görünür ki, Təqsirləndirilən şəxs həmin ifadəsində də məhkəmə iclasında verdiyi ifadənin məzmununa uyğun ifadə vermişdir.
48. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində hadisədən öncə Fəridin üzərində bıçaq gəzdirdiyini öyrəndiyini, bununla bağlı çağırıb Fəridi danlamaq istədiyini, bununla bağlı Fəridi çağırıb soruşduqda Fəridin ona “yaxşı edirəm gəzdirirəm” deyə cavab verdiyini və əlini belinə atdığını, bu zaman Fəridi vurduğunu, Fərid hadisədən sonra qaçıb getdikdən sonra yerdə qan olduğunu gördüyünü və bu zaman Fəridin onu bıçaqla vurduğunu anladığını, qanı görənə qədər ona xəsarət yetirildiyini bilmədiyini, hadisə vaxtı Fəridin əlində bıçaq görmədiyini bildirmiş, ona ünvanlanmış suallara cavab olaraq hadisədən əvvəl Fəridə zəng edərək sexə gəlməsini bildirdiyini, telefonda Fəridə “bu nə deməkdir, sən bıçaqla gəzirsən” dediyini, hansı məsələ ilə bağlı çağırdığını bildirdiyini, Fəridin bıçaq gəzdirməsi ilə bağlı məlumatı ikinci həyat yoldaşının oğlundan aldığını, Elgünün ona Fəridin Elgünə bıçaqla hədə-qorxu gəldiyini bildirdiyini, lakin hansı səbəbə görə bunu etdiyini demədiyini, Fəridi əsas üzərində bıçaq gəzdirməsinə görə çağırdığını, çağıran zaman səhvini anlayıb üzr istəyəcəyini fikirləşdiyini, Fəridin isə ona “bıçaqdı da, gəzdirirəm, yaxşı edirəm” dediyini, bu zaman Fəridi vurduğunu, Fəridin arxaya yıxıldığını, Fəridin üstünə getdikdə qaçdığını, bıçaq zərbəsinin konkret olaraq nə zaman vurulduğunu bilmədiyini, onu vuran zaman Fəridin əlində bıçağı görmədiyini, ümumiyyətlə hadisə günü Fəridin əlində bıçaq görmədiyini, bıçaqlandığını Fərid qaçdıqdan sonra hiss etdiyini, Fəridin onu necə və hansı arada vurmasını bilmədiyini, özünün söyüşlə danışan adam olduğunu, lakin hadisə günü Fəridi söyüb-söymədiyini xatırlamadığını göstərmişdir.
49. İş materiallarında olan zərərçəkmiş şəxsin dindirilməsinə dair protokoldan (cild 01; i.v.75-77) görünür ki, o, həmin ifadəsində Təqsirləndirilən şəxs ona “bıçaqdı da gəzdirirəm” deyərək cavab qaytarması səbəbindən yerindən qalxaraq Fəridə tərəf getdiyini, bir dəfə onun sol üz nahiyyəsindən vurduğunu, bu zaman Fəridin aşağı oturduğunu, anidən ayağa qalxaraq ona tərəf gəldiyini və bu zaman Fəridin əlində bıçaq gördüyünü, əlindən bıçağı almağa çalışarkən Fəridin onu bıçaqla vuraraq ona xəsarətlər yetirdiyini bildirmişdir.
50. İş materiallarında olan zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin üzləşdirilməsinə dair (cild 01; i.v.140-145) protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs müstəntiqin sualına cavab olaraq Təqsirləndirilən şəxs valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsə də, onun özünü təhqir etdiyini və bir dəfə üz nahiyyəsinə sillə vurduğunu bildirmişdir.
51. Göstərilən bu hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin səbəbsiz olmamasına, onun zərərçəkmiş şəxsin onu təhqir edərək üzündən sillə vuraraq onu yerə yıxması səbəbindən zərərçəkmiş şəxsi vurmasına dəlalət etməklə onun davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq niyyəti ilə, yəni xuliqanlıq motivi ilə cinayət törətməsini ümumiyyətlə istisna edir.
52. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin zəngindən sonra sexə gedən zaman üzərində bıçaq götürməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclası zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxs üzərində bıçaq götürməsinin səbəbini Elnurun ondan yaşca böyük, fiziki cəhətdən güclü olması, onu döyəcəyi təqdirdə (nəzərə alınsa ki, Elnur telefonla Fəridi yanına çağıran zaman onunla əsəbi formada danışmışdır) bıçağı nümayiş etdirərək əlindən qaçmaq məqsədinin olduğunu bildirmiş, onun sexə gedən zaman bıçağı götürməkdə məqsədinin zərərçəkmiş şəxsi bıçaqla vuraraq ona xəsarət yetirmək olmasını təsdiq edən sübutlar iş materiallarında olmamaqla məhkəmə istintaqı zamanı da müəyyən edilməmiş, əksinə onun zərərçəkmişlə aralarında yaranmış mübahisə əsnasında zərərçəkmiş şəxsin onu təhqir etməsi (belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə üzləşdirilən zaman onu təhqir etdiyini etiraf etmiş, məhkəmə istintaqı zamanı söyüşlə danışan adam olduğunu, Fəridi hadisə günü söyüb-söymədiyini xatırlamadığını bildirmişdir) və onu vuraraq yerə yıxması səbəbindən Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır.
53. Məlumdur ki, təqsir şəxsin öz əməlinə olan şüurlu münasibətidir. Hazırki halda ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərilməsi, başqa sözlə, kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntularının Təqsirləndirilən şəxs şüuru ilə əhatə olunmaması açıq-aşkar müəyyən edildiyi halda onun əməlində xuliqanlıq niyyətinin olmasından söhbət gedə bilməz.
54. Qanunvericiliyin tələbindən və yuxarıda sadalanan Plenum qərarlarından görünür ki, əməlin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi üçün ilk növbədə xuliqanlıq niyyətinin konkret cinayətin motivi kimi özünü biruzə verməsi, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla həmin cinayəti törətməsi, xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunması tələb olunur.
55. Məhkəmə qeyd edir ki, mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü və onun təqsirləndirilən şəxslə kobud rəftarı və onu təhqir etməsi nəticəsində başlaması, mübahisə əsnasında zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin üz nahiyyəsinə vurmaqla onu yerə yıxması, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli zərərçəkmiş şəxsin qanunsuz davranışlarına cavab olaraq (onu təhqir edərək üzündən sillə vuraraq yerə yıxması) törətməsi, hadisə yerində təqsirləndirilən və zərərçəkmiş şəxsdən başqa hər hansı kənar şəxsin olmaması təqsirləndirilən şəxsin bilərəkdən ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməsini, həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını, onun cinayəti ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsini, bununla da xuliqanlıq niyyətinin cinayətin motivi yəni, cinayəti törətməyə sövq edən, hərəkətverici amil olmasını istisna edir.
56. Təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasına hüquqi qiymət verilərkən ən vacib məqam hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) və şəxsin məqsədinə lazımi əhəmiyyət verilməsidir.
57. Məlumdur ki, niyyət sözünün mənası məqsəd, məram, xuliqanlıq sözünün mənası isə ictimai qayda, nizam-intizamın, əxlaqın normalarının pozulması, cəmiyyətə hörmət etməmə deməkdir. Belə olan halda şəxsin əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün ən önəmli meyar da onun cinayəti məhz xuliqanlıq məqsədi ilə törətməsinin müəyyən edilməsidir ki, hazırki iş üzrə məhkəmə iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onu həmin əməli törətməyə sövq edən amilin, yəni hərəkətverici qüvvənin xuliqanlıq niyyətinin olmaması və belə olan halda onun cinayəti də xuliqanlıq niyyəti olmadan, yuxarıda göstərilən səbəblə törətməsi qənaətinə gəlir.
58. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən zərər vurmaq niyyətinin olmadığını, zərərçəkmiş şəxsin onu döydüyünü və çoxsaylı xəsarətlər yetirdiyini, dişlərinin qırıldığını, zərərçəkmiş şəxs ondan yaşca böyük və fiziki cəhətdən güclü olduğundan onun zərbələrindən qurtulmaq üçün ona bıçaqla xəsarət yetirdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilini əsassız və iş materialları ilə uzlaşmayan dəlil kimi qiymətləndirir.
59. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs üz nahiyyəsinə sillə vuraraq onu yerə yıxması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapsa da, onun zərərçəkmiş şəxs tərəfindən döyülməsi və xəsarətlər alması iş materiallarına əlavə edilmiş və xəsarətlərin müəyyən olunmasında başlıca sübut hesab olunan məhkəmə-tibb ekspertizasının rəyi ilə təkzib olunmuşdur.
60. Belə ki, məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 19 avqust 2024-cü il tarixli, 1505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. Onun bədən səthində aşkar olunmuş sol said nahiyyəsinin çapıqları kəsilmiş yaraların izi olmaqla kəsici kənara malik əşyanın (alətin) təsirindən müayinədən 3-6 ay əvvəl əmələ gəlmişdirlər (cild 01; i.v.169-170).
61. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsnin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər.
62. Göstərilən bu hallar təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmaqda qəsdinin olmamasına, sadəcə döyüldüyündən özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsin zərbələrindən qurtulmaq məqsədi ilə onu vurmasına dair dəlilinin işin həqiqi halları ilə uzlaşmamasına və özünümüdafiə xarakterli dəlil olmasına dəlalət edir.
63. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalıdır.
64. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
65. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
66. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
67. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlandığı müddətlər ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kəmər, 01 ədəd köynək, 01 ədəd trusik, 01 ədəd mayka, hadisə yerindən götürülmüş 01 ədəd mələfə, 02 ədəd qara və sarı rəngli əski parçaları, 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan səyahət bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.
68. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
69. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
70. İş üzrə mülki iddia yoxdur.
71. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
72. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdən 17 yanvar 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 06 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübutlar-Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kəmər, 01 ədəd köynək, 01 ədəd trusik, 01 ədəd mayka, hadisə yerindən götürülmüş 01 ədəd mələfə, 02 ədəd qara və sarı rəngli əski parçaları, 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan səyahət bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov