Məhkəmə qərarları › İş №1(101)-135/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-135/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-135/2023 16.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə Cəlilabad rayonunun Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şorbaçı ərazi dairəsi, Şorbaçı kəndində qeydiyyatda olan və Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşamış, 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 12,118 qram təşkil edən narkotik vasitə heroini və təmiz çəkisi 4,534 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 27 yanvar 2022-ci il tarixdə, saat 13:20 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Ramana Sovxozu ərazisində yerləşən “Güvən İnşaat” tikinti materialları mağazasının yaxınlığında saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə (bundan sonra: RPİ, PŞ) gətirilərək PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi külli miqdar təşkil edən 12,118 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi külli miqdar təşkil edən 4,534 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, 2014cü ilin iyulundan 2021-ci ilin 25 noyabrına qədər ailəsi ilə birlikdə Almaniyada yaşamışam. Belə ki, 2014-cü ildə əvvəl Budapeştə, oradan da vizanın müddəti 2 həftə qalmış turist vizası ilə yaşamaq üçün Almaniyaya getmiş və Azərbaycana qayıtmaq istəməmişdir. Almaniyada vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə il yarma baxıldığına görə o, hümanitar yardımla bağlı müraciət etmişdir. Onun müraciəti siyasi müraciət olmuş, sığınacaq istəyərkən siyasi fəaliyyəti ilə bağlı Azərbaycanda incidildiyini demiş, hətta buna görə icazə ilə yaşadığı 7 il müddətində ona sosial yardımlar ödənilmişdir. O, həmçinin müraciətində dolanışığının zəif olduğunu, iş istədiyini və Azərbaycana qayıtmaq istəmədiyini bildirmişdir. Bundan sonra Suriyadakı müharibə vəziyyəti ilə bağlı onların işinə baxılması dayandırılmış, bu arada onun birinci, sonra ikinci uşağı dünyaya gəldiyindən Almaniya qanunlarına görə onlara toxunulmamışdır. Belə ki ananın hamiləliyi dövründə və uağın doğulub bir yaşına çatmasınadək icazəsiz yaşayanlara toxunulması qadağan olmuşdur. Almaniyadakı aidiyyatı qurum onun siyasi fəaliyyətinin özünə qarşı təhlükə yaratmadığını nəzərə alaraq, Azərbaycana könüllü qayıdış təklif edilmiş, o, ümumi narahatçılığını bildirsə də, bu təklifi qəbul etmişdir. Lakin pasportlarının müddəti bitdiyindən onlara möhlət verilmişdir. O, pasport üçün Berlindəki Azərbaycan konsulluğuna müraciət etmiş, amma bəzi səbəblərdən onun pasportu çox gec gəlmişdir. Bu gecikməyə görə könüllü qayıdış müqaviləsi qüvvədən düşmüşdür. Heç gözləmədikləri halda 25 noyabr 2021-ci il tarixdə onları «Readmissiya» razılaşmasına uyğun görüb Azərbaycana göndərmişlər. Amma onun Almaniyadakı milliyətcə alman olan vəkili onların bu cür göndərilməsini qanunsuz hesab etmiş və buna görə də məsələ ilə bağlı araşdırmaya başlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onlar Bakıya gələn kimi elə aeroportdan onları COVİD-19-la bağlı karantinə götürülmüş, 8 gün “Olimpiya kəndi”ndə saxlamışlar. Onlar Almaniyadan «Readmissiya» müqaviləsi ilə gəldiklərinə görə karantində qaldıqları müddətdə Baş Prokurorluqdan bir nəfər nümayəndə gəlmiş, Almaniyadan gələnləri qeydə almış, sorğu-sual aparmış və yaxınlarda Baş Prokurorluğa çağrılacaqlarını bildirmişdir. O, Bakını tanımadığından 2-3 gün öncə xəbər etmələrini xahiş etmişdir. O da «narahat olma» deyib getmişdir. Karantin bitdikdən sonra o, Cəlilabada anasıgilə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Avropaya gedənədək Azərbaycanda heç bir siyasi fəaliyyətlə məşğul olmamış, heç bir siyasi partiyanın üzvü olmamışdır. Lakin istər Macarıstana gedəndən sonra, istər Almaniyada yaşadığı müddətdə və ya istərsə də Almaniyadan Azərbaycana gəldiyi iki ay ərzində, tutulduğu günə qədər siyasi fəaliyyətlə məşğul olmağa başlamış, Azərbaycanda baş verən haqsızlıqlara qarşı öz fikrlərini yazıb «Facebook» sosial şəbəkəsindəki səhifəsində paylaşmış, Almaniyanın ayrıayrı şəhərlərində Azərbaycanda baş verən haqsızlıqlara qarşı keçirilən müxtəlif mitinqlərdə, həmçinin Almaniyanın Münxen şəhərində «Xocalıya Ədalət», Düsseldorf şəhərində «Ordumuza dəstək» adlı yürüşlərdə iştirak etmişdir. Almaniyada həm də bir firmada işləmiş, firma bağlandığından işsiz qalmış, lakin işləmədiyi dövrlərdə sosial yardımlar almışdır. Lakin heç vaxt dövlət nümayəndələrinə qarşı söyüş, söyməmiş, heç kimi təhqir etməmişdir. Məhz bu kimi, müstəqil siyasi fəaliyyətinə görə şərlənərək tutulmuşdur. Belə ki, Almaniyadan gəldiyindən iki ay sonra, 26 yanvar 2022-ci il tarixdə uşaqlarını da götürüb Bakıya Ramanı qəsəbəsinə kiçik qardaşı Rahimgilə qonaq gəlmişdir. 27 yanvar 2022-ci il tarixdə, saat 12-13 radələrində xalası oğlunun maşını ilə plitka, yəni elektrik qızdırıcı almaq məqsədilə «Sovxoz Ramanı»da yerləşən “Güvən inşaat” marketə getmişdir. «Güvən İnşaat» marketin içində olarkən naməlum adamlar onu tutmuş, marketdən çıxarıb məcbur qaydada onun qoluna qandal vurub maşina mindirmişlər. Onu marketdə tutan iki nəfər olmuş, bir nəfər isə çöldə dayanmışdır. Artıq marketdən çölə çıxarılarkən maşının da yanında 2-3 nəfərin dayandığını görmüşdür. Əli arxadan bağlı vəziyyətdə, kurtkasının kapşonunu (burada: gödəkçəsinin papaqlığı) gözünə qədər bağlayıb, böyür-başına vurmağa başlamış, guya dövlətə qarşı çıxdığını ona bildirmiş və elə həmin arada narkotiki onun cibinə qoymuşlar. Maşını, təqribi bildiyinə görə onların adını bilmədiyi rəisləri sürmüş, lakin kəndin çıxacağında maşını saxlayıb arxada, onun sol tərəfində oturanla yerlərini dəyişmişlər. Rəis deyilən şəxs onu «xoşluqla» başa salmağa çalışmış, ona «indi gedirik bölməyə, bizim dediklərimizlə razılaşacaqsan, biz də səni buraxacağıq» sözləri ilə onu istəkləri ilə razı salmaq istəmişdir. Onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmiş, guya onun cibindən ittihamda göstərilən narkotik maddəni çıxarmışlar. Şöbədə otaqda 5-6 nəfər onun başının üstündə dayanmış, ona psixoloji təsir göstərməyə başlamışlar. O, görmə ilə bağlı daima eynəklə gəzdiyindən, polisdə olarkən onu vura biləcəklərini təxmin etdiyindən, sınmaması üçün eynəyini çıxarıb cibinə qoymuşdur. Rəis onunla təkbətək danışmaq üçün digər şəxsləri çölə çıxarmış, onun videosunun çəkilməli olmasını bildirmişdir. Deməsinə görə bu tapşırıq ona yuxarıdan verilmişdir, video çəkilməlidir. Təbii ki, o, razılaşmamış. Rəis onu dilə tutmağa çalışmış, nəyə ehtiyacı olarsa, ona kömək edəcəyini, guya onu işlə təmin etmələri üçün onu rayon icra başçısına tapşıracağını demiş, yekunda videonun çəkiləcəyini qəti olaraq bildirmişdir. O da öz növbəsində qətiyyətlə imtina etdiyi üçün rəis əsəbiləşmiş, söyüşlə danışmağa başlamış, ona «Axı siz kimsiz ki, hökümətə qarşı çıxırsınız? Biz bu hökümətə müxalif olanların anasını ağlar qoymuşuq, sən də ağıllı ol» sözlərini demiş, hətta gözündən vurub xəsarət yetirmişdir. O da rəisin cavabını vermiş, «Dərəbəylik deyil, bu ölkənin qanunları var, sizin kimilər cəzasız qalmayacaqdır» demişdir. Həmin vaxt çöldəki əməkdaşlar içəri girib onun üstünə tökülüş, biri «rəis, bəlkə klbətini gətirim» biri «rəis, bəlkə toku gətirim», digəri isə «bəlkə podvala aparaq, rəis» kimi ifadələr işlətməklə ona həm psixoloji və fiziki təzyiqlər göstərmişlər. O, kəlbətinlə, tokla hər hansı təsirə məruz qalmamış, sadəcə ona psixoloji olaraq təsir edilmişdir. Sonda onu ailəsi ilə hədələdikdə, açığı çox qorxmuşdur. Belə ki, gedib onun anasının yaşadığı evdən video çəkilişlə daha çox narkotik çıxarmaq imkanlarının olduğunu, gedib ailə-uşağını gətirə biləcəklərini, ünvanı tanıdıqlarını bildirmişlər. Bu sözlərdən sonra çox qorxmuş, nə edəcəyini bilməmiş, sanki şok keçirmişdir. Bu kimi psixoloji və fiziki təzyiqlər saat təxminən 17-18-ə kimi davam etmiş və nəhayət, razılaşmaq məcburiyyətində qalmış və tələb olunan video çəkilmişdir. Bundan sonra onu hansısa tibb məntəqəsinə aparıb COVİD testi edilmiş, sonra isə müvəqqəti saxlama yerinə aparılmışdır. Hətta onun şəkilləri müvəqqəti saxlama yerində çəkilmişdir. Daha sonrası isə şou xarakterli məhkəmələr və sairlər baş vermiş, artıq 5 aydır ki, ədalət axtarışına çıxmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, onda ümumiyyətlə narkotik vasitə olmamış, o, narkotik vasitələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Onun məhkəmədən tək istəyi haqq-ədalətin bərpasıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 28 yanvar 2022-ci il və tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək məhkəmədəki ifadəsindən fərqli ifadə verib göstərmişdir ki, məhkumluğu yoxdur, orta təhsillidir, evlidir, bir ildir ki, heroindən, bəzən isə «patı»dan istifadə edir. 051 308 46 07 nömrəsini uzun müddət ərzində istifadə etmişdir. 3 ay əvvəl Almaniyadan Bakıya qayıtmışdır. 27 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana Qəsəbəsində «Güvən İnşaat» mağazasının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə olub-olmaması soruşulmuşdur. Bundan sonra o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən könüllü olaraq bir ədəd bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroini və bir bükümdə olan metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan paltardan 480 manat pul, «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 13 qram, metamfetaminin çəkisi isə 5 qram olmuşdur. Sonra pulunun hamısı ona qaytarılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında, həmçinin göstərmişdir ki, o, polisə təqdim etdiyi narkotik vasitəni və metamfetamini saxlanılmazdan bir neçə gün öncə Cəlilabad rayonunda olarkən yerdən tapmışdır. Onun üzərinə axtarış təhqiqatçı tərəfindən video çəkilişlə aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. O, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. O, heç kimlə əlbir olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 may 2022-ci il tarixli ifadəsində ilk ifadələrindən fərqli ifadə verib göstərmişdir ki, o, ikin ifadəsini təsdiq etmir, onun üzərində narkotik vasitə və psixotrop maddə olmamış, o, qanunsuz maddələrin satışıyla məşğul olmamışdır. 27 yanvar 2022-ci il tarixdə, saat 12-13 radələrində “Güvən İnşaat”ın yanında olarkən polislər onu saxlayıb döyərək, 12-ci polis şöbəsində qanunsuz maddələrin dövriyyəsiylə məşğul olmasını bildirməsinə və sənədlərə imza atmasına onu məcbur etmişlər. Polislər 12-ci PŞ-də onu ailəsiylə təhdid etmişlər. O, həyəcanlı olduğundan qalan hadisələr onun yadında qalmamışdır. Videoçəkiliş olacağı ona əvvəlcədən bildirilmiş, hansı məzmunda ifadə verəcəyi isə polisdə ona deyilmişdir. Sonrakı vaxtlarda isə polis şöbəsində videoçəkilişlə üzərinə baxış keçirilmiş, videoçəkilişdən sonra onu sərbəst buraxacaqları deyilmiş, o da buna inanmışdır (iş vərəqə: 54-57, 71-73, 178-179). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə Cəlilabad rayonu, Şorbacı kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Sabunçu rayonu ərazisində üzərində daşıması, qanunsuz dövriyyəsi və istifadəsi ilə əlaqədar etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, lakin bu xarakterdə olan məlumatlar üçün tələb olunmadığından əməliyyat işi açılmamışdır. Rəhbərlik tərəfindən razılıq verildikdən sonra əməliyyat tədbirinin keçirilməsi üçün 27 yanvar 2022-ci il tarixli müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o, əməliyyat müvəkkili Şahid3 və baş əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Barəsində əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs olduğu yer elə həmin gün müəyyən edilərək saat 13:20 radələrində müəyyən edilərək Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana sovxozunda yerləşən “Güvən İnşaat”ın yaxınlığında saxlanılmışdır. Saxlanılarkən o özü kənarda dayanmış, əməliyyatçılar Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşmış, onu saxlamış, əməliyyat tədbirinin keçirilməsi barədə qərar ona elan edildikdən sonra birlikdə həmin şəxsi yaxınlıqdakı Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra saxlanılan şəxsin əvvəllər məhkum olunmamış, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həmçinin onun hüquqlarının müdafiə olunması üçün büronun vəkillərinin siyahısı tərtib olunmuş siyahı təqdim olunmuş, o, vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd büküm aşkar edilmişdir ki, həmin bükümlər açıldıqda bükümlərin birində heroinə, digər bükümdə isə metamfetaminə bənzər kütlələr aşkar edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddələrlə bağlı sonuncu sorğu-sual edildikdə o, üzərində aşkar olunan maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotiki və metamfetamini Cəlilabad rayonunda olarkən yerdən tapdığını bildirmişdi. Üzərindən aşkar olunub götürülən maddələr təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Cfər Mirzəyevin özü tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddələr protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs hansısa siyasi fəaliyyətlə məşğul olmasından, hansısa xarici dövlətdə yaşamasından onun məlumatı olmamış, sonuncu saxlanılarkən, polis orqanına aparılarkən və ya üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı formada zorakılıq və təzyiq olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonununun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirinin keçirilməsini əhatə edən müvafiq sənədlərlə - Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən BNMİ-nin rəisinin adına ünvanlanmış 27 yanvar 2022-ci il tarixli raport, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» eyni tarixli qərar, «əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, ə-43-008-1222 saylı əmr, baş əməliyyat müvəkkili Şahid2 tərəfindən BNMİ-nin rəisinin adına ünvanlanmış 27 yanvar 2022-ci il tarixli başqa bir raport və 27 yanvar 2022-ci il tarixli 008-931-1222 və 008-931-1222 saylı məktublarla müəyyən edilmişdir ki, Cəlilabad rayonunun Şorbacı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 27 yanvar 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar BNMİ-nin rəisi tərəfindən təsdiq olunmaqla həmin qərarın surəti məlumat üçün aidiyyəti üzrə prokurorluq orqanına və qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmiş, yuxarıda tarixi və nömrəsi qeyd olunan müvafiq əmrə əsasən BNMİ-nin əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, ətrafında əməliyyat tədbiri keçirilən Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə, saat 13:20-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana sovxozunda yerləşən “Güvən İnşaat” mağazasının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin inzibati binasına aparılmışdır (iş vərəqə: cild İ, səh.6,7-8, 9,10,11,12). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası DİNnin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 27 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 76-77). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 27 yanvar 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş təhqiqatçısı Nəcəf Aburşunun rəhbərliyi ilə Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun vəkili X2 və Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 iştirakları ilə video müşaiyət altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfinldən şübhəli şəxs Təqsirləndirilən şəxs «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 27 yanvar 2022-ci il tarixli qərarla tanış edilməklə üzərində qanunsuz olaraq saxlaya biləcəyi əşyaları, o cümlədən narkotik vasitələri və ya psixotrop maddələri könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının müvafiq təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, açıldıqda heroin narkotik vasitəsinə oxşar qəhvəyi rəngli kütlə və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə oxşar, ağ rəngli kütləni çıxarıb təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış nəticəsində 480 (dörd yüz səksən) manat pul və bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Tədqiq olunan 27 yanvar 2022-ci il tarixli protokolun məzmunundan, həmçinin görünür ki, aşkar edilib götürülən naməlum kütlələr elektron tərəzidə çəkilmiş, heroin narkotik vasitəsinə oxşar qəhvəyi rəngli kütlənin çəkisinin 13 (on üç) qram, metamfetamin psixotrop maddəsinə oxşar, ağ rəngli kütləninin çəkisinin isə 5 (beş) qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmaqla götürülmüş, bütün iştirakçılar, o cümlədən müdafiəçi və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Həmçinin «Samsung» markalı mobil telefon götürülmüş, lakin 480 (dörd yüz səksən) manat pul pul qabı ilə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən şübhəli kütlələri Cəlilabad rayonunda olarkən yerdən tapdığını və üzərində saxladığını göstərmiş, başqa yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin inzibati binasında aparılmış, şəxsi axtarış “SONY» markalı videokamera vasitəsi ilə lentə alınmış və həmin videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.33- 35). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair «şəxsi axtarış aparılması və götürmə» haqqında 27 yanvar 2022-ci il tarixli protokola əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 28 yanvar 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 27 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və ziddiyyətlər müəyyən edirlməmişdir(iş vərəqə: cild İ, səh.74). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə heroin narkotik vasitəsinə oxşar qəhvəyi rəngli kütləni və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə oxşar, ağ rəngli kütləni çıxarıb təqdim edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla ondan 480 (dörd yüz səksən) manat pul və bir ədəd «Samsung» markalı mobil telefon aşkar olunması, aşkar edilib götürülən naməlum kütlələr elektron tərəzidə çəkilməklə heroin narkotik vasitəsinə oxşar qəhvəyi rəngli kütlənin çəkisinin 13 (on üç) qram, metamfetamin psixotrop maddəsinə oxşar ağ rəngli kütləninin çəkisinin isə 5 (beş) qram olması, aşkar edilmiş kütlələrin qablaşdırılmaqla götürülməsi, qablaşdırmanın bütün iştirakçılar, o cümlədən müdafiəçi və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanması, «Samsung» markalı mobil telefon götürülməsi, 480 (dörd yüz səksən) manat pulun pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən şübhəli kütlələri Cəlilabad rayonunda olarkən yerdən tapdığını və üzərində saxladığını göstərməsini bildirməsi təsdiq olunur. Tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 27 yanvar 2022-ci il tarixli protokola uyğundur (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 6/539 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketin bir ədəd bükümdə təmiz çəkisi 4,534 qram olan ağ rəngli kristalik formada maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir ədəd bükümdə təmiz çəkisi 12,118 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunan 4,534 qram psixotrop maddə metamfetamindən 0,050 qram, 12,118 qram heroin narkotik vasitəsindən isə 0,050 qram ekspertiza tədqiqatına sərf olunmuş və 4,484 qram psixotrop maddə metamfetamin, 12,068 qram heroin narkotik vasitəsi qalıq qalmışdır. Rəydən görünür ki, heroin 2005 ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısna (Siyahı İ), metamfetamin isə 2005 ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısna (Siyahı İ) daxildir(iş vərəqə: cild İ, səh.42-49). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkaloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 1944 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.128-129). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə psixiatrikpsixoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli, 1038 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində cinayət işi materialları, anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri ilə Təqsirləndirilən şəxs hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqə: cild İ, səh.167-170). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının “maddi sübut kimi tanınma haqqında” 28 yanvar 2022-ci il tarixli qərarlarına əsasən 12,118 qram çəkidə narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,534 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, eksprertiza tədqiqatlarından sonra qalıq qalmış 12,068 qram heroin narkotik vasitəsi və 4,484 qram metamfetamin psixotrop maddəsi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.135-142). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.135-142). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 12,118 qram, iki ədəd bükümdə metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə ümumilikdə 4,534 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 12,118 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 4,534 qram olmaqla külli miqdar anlayışının start miqdarından qat-qat artıq miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyin aşkar olunmamaqla onun narkotik vasitə və psixotrop maddələrdən istifadə edən şəxs olmaması, əməliyyat xidmətinin məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun üzərində heç bir növdən olan narkotik vasitəsi və ya psixotrop maddə olmamaması, qanunsuz saxlanılması və polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması, etirafedici ifadələr verməyə məcbur edilməsi və Almaniyada yaşadığı müddətdə siyasi fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasına qarşı tənqidi münasibətlər bildirməsi ilə bağlı tutulması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunan Təqsirləndirilən şəxs adına 29 yanvar 2022-ci il tarixdə açılmış 1124/2022 saylı tibbi kitabçadan görünür ki, kitabçanın 12-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumat verib xəsarət aldığını göstərsə də, 13-cü bənddə qeyd olunduğu kimi, baxış zamanı dəri səthində çapıqlar və zədələr aşkar edilməmiş, 14-cü bənddə qeyd olunduğu kimi, təcridxanada obyektiv müayinə zamanı şikayəti olmamışdır. Bundan başqa, yenə də məhkəmə sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan məhkəməyə daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 1670-xid-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı ilə bağlı Sabunçu rayon Prokurorluğuna hər hansı məlumat daxil olmamış və bu faktla bağlı araşdırma aparılmamışdır (iş materialları). Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh. 108). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2015 və 2019-cu il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və tədqiq olunan məhkəmə-narkaloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 1944 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2022-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Qaradağ RPİ-nin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 12,068 qram narkotik vasitə heroin və 4,484 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81,00 (səksən bir) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 12,068 qram narkotik vasitə heroin və 4,484 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 81,00 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar