Məhkəmə qərarları › İş №1(101)-135/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-135/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-135/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X7 iştirakı ilə 2 fevral 1988-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: təqsirləndirilən şəxs X12 məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti məlum olmayan "Mirzə" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bır qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində 500 manat pul əldə edəcəyi qarşılığında "Mirzə" adlı şəxs ilə razılaşdıqdan sonra, sonuncu dəfə 19 oktyabr 2022-ci il tarixdə Mirzə adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən narkotik vasitəni salmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməlıyyat məlumatına əsasən 19 oktyabr 2022-ci il tarixdə saat 23:30-da Bakı şəhəri Binəqədi rayonu, Füzuli küçəsi, 115 saylı evin yaxınlığında Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş, xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki rəngli torbadan külli miqdarda olmaqla 1 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş 43,125 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 19 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər - narkotik vasitə metadon, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 310 qram və 2 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 32,433 qram, 18,999 qram, ümumi çəkisi 361,432 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu X3 ilə eyni ünvanda olarkən, həmin evdən saat 16-17 radələrində, günorta saatlarında çıxıb həyətdəki «Araz» marketə daxil olmaq istəyərkən 2 ay əvvəl onu saxlayan polis əməkdaşlarını görüb onlara yaxınlaşmışdır. Polis əməkdaşları ona maşınına oturmağı təklif etmiş, bunu eşidən kimi bir az kənara çəkilərək qaçmaq istəmişdir. Qaçmaq istəyərkən onu yerə yıxmış, döyməyə başlamışlar. Ətrafdakı insanlar onu döyməsinin səbəbini soruşduqda, polis əməkdaşları guya narkotik satan şəxs olduğunu demişlər. Polis əməkdaşları ətrafa yığışan insanları uzaqlaşdırıb, qoluna qandal vuraraq avtomobilə mindirmişlər. Maşında da onu döymüş, şəklini çəkərək, yaşadığı ünvana qalxmışlar. Evin qapısının döyərək: «Qüdrəti bıçaqlayıblar»,- deyərək qapını açmalarını tələb etmişlər. Evdə cəmi 170-180 qram çəkidə marixuana olmuş, həmin narkotik vasitəni öz şəxsi istfiadəsi üçün alıb saxlamışdır. Daha sonra onu polis idarəsinə apararaq, orada onu saatlarla döyüb fiziki təzyiqlər etmişlər. İdarədə Fariz adlı polis əməkdaşı narkotik vasitələri boynuna götürməyəcəyi təqdirdə yaşadığı qadını da polis idarəsinə gətirib eyni ittihamla həbs edəcəkləri ilə hədə-qorxu gəlməyə başlamış, ona edilən fiziki və psixi təzyiqlərə dözməyərək məcbur olub narkotik vasitələrin guya ona məxsus olmasını etiraf etmiş, və sənədləri oxumadan imza etmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsində yazılanlar hamısı yalandır. Əgər narkotik vasitənin satışı ilə məşğul olmuş olsaydı telefonundan bir dənə şəkil, bir SMS aşkar olunardı. Polis əməkdaşları ona guya Günəşlidən gedib nakotik vasitən götürməsini bildirmişlər, lakin polis əməkdaşlarının dediyi kimi Günəşliyə getmiş olsaydı mobil telefonunda olan anten dairəsindən müəyyən olunardı. O marixuanadan başqa heç bir narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitələrin satışını həyata keçirməmiş, Mirzə adlı tanışı olmamışdır. Onda olan marixuananı tutulmamışdan 1 ay qabaq “İnstagram” sosial şəbəkəsindən İran səhifəsi ilə danışıb almış, pulu da kartlarına yükləmişdir, onlar da narkotik vasitəni bir yerə atmış, o da götürmüşdür. Onu Fariz və Əlid adlı polis əməkdaşları və bir cavan oğlan tutmuş, saxlanılan zaman Vüsal adlı polis əməkdaşı orada olmamış, Vüsalı ancaq polis idarəsində görmüş, Fariz onu tutmağının səbəbini bununla əsaslandırmışdır ki, 2 ay qabaq o buraxılanda polis yoldaşları elə zənn etmişlər ki, Fariz ondan 8.000 manat pul alaraq onun buraxılmağına kömək edib və bunun olmadığını yoldaşlarına sübut etmək üçün onu yenidən tutmuşdur. O müstəntiqə ifadəsini dəyişəcəyini dedikdə, müstəntiq ifadəsini dəyişəcəyi təqdirdə qeyri-rəsmi yaşaığı qadını da məsuliyyətə cəlb edəcəklərini bildirmişdir. Polis əməkdaşları onu döyərkən başına çoxsaylı zərbələr endirmişlər. Polislər onu dayanmadan başından, gözündən, ayağından vurmuş, yerə yıxaraq təpik yumruqla vurmağı davam etmişlər. Videoçəkiliş aparılanadək döyülmüş, ondan sonra döyülməmişdir. Videoçəkiliş zamanı döyülməsini dedikdə, çəkilişi dayandırıb təzədən çəkirdilər. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə döyülməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs X12 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Mirzə adlı şəxslə tanış olmuşdur. Mirzə adlı şəxs Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin köməkliyi ilə ölkə ərazisində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə ona məlumat vermişdir. O, bu işdən yaxşı gəlir əldə olunacağını bildiyindən həmçinin bir işi olmadığı üçün Mirzə ilə işləmək istəmişdir. Bu səbəbdən, 2022-ci ilin sentyabr ayında WhatsApp sosial şəbəkəsi vasitəsi ilə Mirzə adlı şəxsin nömrəsinə zəng edərək, Mirzə ilə əlaqə saxlamışdır. Onlar Azərbaycan dilində danışmışlar. O, Mirzəyə birlikdə iş görmək istəməyini bildirmişdir. Mirzə isə narkotik vasitə istifadəçisi olubolmadığını soruşmuşdur. O, Mirzəyə narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Çünki, bildiyinə görə bu işlə məşğul olan zaman narkotik vasitə istifadəçisi olmağını bildirməməlisən əks halda satmaq üçün narkotik vasitə verməyəcəklər. Onların görəcəkləri iş prinsipinə əsasən Mirzənin ona demiş olduğu miqdarda narkotik vasitəni istənilən bir yerə aparıb qoyaraq həmin yer barəsində Mirzəyə məlumat verməkdən ibarət olmuşdur. O, həmişə narkotik vasitəni Bakı şəhərində öz istədiyi yerə qoymuşdur. Həmçinin Mirzə də, narkotik vasitəni göndərən zaman yenə eyni qaydada narkotik vasitənin hara qoyulmasını ona demiş, o da gedib həmin yerdən götürmüşdür. Mirzə ona birinci dəfə göndərmiş olduğu narkotik vasitəni Pirallahı rayonu, Dübəndi kəndində hazırda ünvanını dəqiq xatırlamadığı yerdən götürmüşdür. Bundan sonra, aralarında etibar yarandığı üçün, Mirzə ona inanaraq sonuncu dəfə 19 oktyabr 2022-ci il tarixdə bir torbada müxtəlif növ narkotik vasitələr göndərmişdir. Həmin torbanı Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən götürmüşdür. O, həmin narkotik vasitələri tək gedib götürmüş və bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. O, narkotik vasitələri Mirzə ilə birlikdə satmışdır. Çünki, onların qaydalarına əsasən, o, narkotik vasitələri öz istədiyi başqa şəxslərə sata bilməzmiş. Onlar bu qaydada işlədiklərindən narkotik vasitələri götürən şəxsin kim olduğunu bilməmişdir. Narkotik vasitəni alan şəxslər də Mirzə ilə danışıb razılaşaraq pulu sonuncunun kartına göndərmişlər. Pulu isə ona Mirzənin özü göndərirmiş. Belə ki, aralarında olan razılaşmaya əsasən, hər dəfə göndərmiş olduğu narkotik vasitəni satdıqdan sonra Mirzə ona 500 manat pul göndərməliymiş. Razılaşmalarına müvafiq olaraq, Mirzə birinci dəfə onun istifadəsində olan "xxxx" ASC-nə məxsus bank kartına 500 manat pul göndərmişdir. İstifadəsində olan həmin kart onun öz adınadır. 19 oktyabr 2022ci il tarixdə o, qeyd etdiyi yerdən təxminən saat 16 radələrində içərisində narkotik vasitə olan torbanı götürüb, saat 23 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Füzuli küçəsində yerləşən ünvana aparan zaman, Bakı şəhəri Binəqədi rayonu, ünvan 4a olarkən, 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİyə dəvət etmişlər. O, dərhal oradan qaçmışdır. Qaçan zaman yerə yıxılmış və polis əməkdaşları onu saxlamışlar. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-yə gəlmişdir. İdarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra, onun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığından sağ əlində olan, içərisində narkotik vasitə heroin, metadon və marixuana olan torbanı könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, sol əlində olan, “Samsung” markalı, “J6” və “S 10” modelli mobil telefonlarını, üzərində olan boz rəngli şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, istifadəsində olan "xxxx" ASC-nə məxsus bank kartını, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nərmin İsmayılovanın istifasində olan "xxxx"ASC-nə məxsus bank kartını və 1 manat pulu təqdim etmişdir. Şalvarının sağ yan cibindən isə domofon kilid açarını təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra, Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçisi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır (cild 1, iş vərəqi 87-91) Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə Qüdrət adlı şəxsin Binəqədi rayonunun ərazisində külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında saat 23:30 radələrində Qüdrət adlı şəxsi görmüş, ona yaxınlaşıb özlərini təqdim edərkən Qüdrət Mönsümov qaçmağa başlamış, qaçarkən yerə yıxılmış, özünü avtomobilin altına salmış, həmin vaxt əlində olan iki ədəd mobil telefonu yerə sıxaraq ortadan əyib qatlayaraq bilərəkdən yararsız hala salmış, onlara müqavimət göstərməyə başlamışdır; onlar da Qüdrət Mönsümovu zərərsizləşdirmiş, avtomobilə əyləşdirərək Nərimanov rayon Polis İdarəsinə gətirmişlər. İdarədə üzərinə baxış keçirilən zaman marixuana, heroin və metadon aşkar edilmişdir. Qüdrət Mönsümov saxlanılan zaman üzərinə baxış keçirilməmiş, axtarış tədqiqatçının otağında aparılmışdır, Qüdrət Mövsümov polis idarəsində təhqiqatçıya etirazını bildirmiş, guya onu döymələrini bildirmişdir, sorğu zamanı Qüdrət narkotik vasitəni Yeni Günəşli qəsəbəsində Mirzə adlı şəxsdən götürdüyünü demiş, Qüdrət Mönsümovu digər polis əmkədaşı Farizlə birlikdə saxlamış, onlar 2 nəfər olmuşlar, Qüdrət Mönsümovun birlikdə yaşadığı qadını polis idarəsinə dəvət etməmişlər, Qüdrət Mönsümova fiziki və psixi təzyiqlər edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Qüdrət adlı şəxsin Binəqədi rayonu ərazisində, «Faxralı» kafesinin yanında, kiminləsə narkotik vasitələrin alış-verişini həyata keçirəcəyi barədə məlumat daxil olmuşdur. Həmin əraziyə yollandıqda, təsadüfən Qüdrət adlı şəxslə qarşılaşmış, onu polis idarəsinə dəvət etmişlər. Özlərini təqdim etdikdə Qüdrət Mönsümov qaçmağa başlamış, yerə yıxılmış, maşının altına girərək əlində olan torbanı maşının altına atmışdır. Qüdrəti avtomobilin altından çıxartdıqda, onlara əl-qol atmış, dişləmək istəmiş, məcbur qalıb Qüdrətin qolunu qandallayaraq avtomobilə əyləşdirib Nərimanov RPİ-yə aparmışlar. İdarədə Qüdrətin üzərinə baxış keçirilmiş, mariuxana, siqaret qutusunun içərisində heroin və 2 «list» metadon aşkar edilmişdir. Sorğu zamanı Qüdrət narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından götürüb, görüşəcəyi adama aparıb verəcəyini bildirmiş, əməliyyat tədbirində Şahid1la birlikdə olmuşdur. Qüdrətlə əvvəllər münasibətləri olmamışdır. Qüdrət Mönsümova fiziki və psixi təzyiqlər edilməmişdir. Nərimanov və Yasamal rayonu ərazisindən Qüdrət barədə mütəmadi olaraq məlumat daxil olmuş, 2 ay əvvəl onu tutmamış və idarəyə gətirməmişlər. Qüdrət deyir ki, guya onu döymüşlər, amma müvəqqəti saxlama yerinə onu təhvil verib çıxıb gedərkən onlara qarşı hər hansı etirazının olmadığını bildirmiş, Qüdrətin döyülməsini deməsi onlarda təəccüb doğurmuşdur. Qüdrət Mönsümovun yaşadığı evə daxil olmamışlar, Qüdrət Mönsümovun birlikdə yaşadığı Nərmin adlı qadını polis idarəyə gətirməmişdir, Qüdrət özünə məxsus mobil telefonunu yerə sıxaraq ortadan əyib sındırmışdır. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Qüdrət Mönsümovla qeyri-rəsmi ər-arvad münasibətində olmuş, 19 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları Qüdrətlə birlikdə evə daxil olmuş, daha sonra Qüdrəti polis bölməsinə aparmışlar. Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək onu da polis bölməsinə aparmış, orada bir neçə saat saxladıqdan sonra buraxmışlar. Qüdrət Mönsümovun narkotik vasitələridən istifadə etdiyini görməmişdir. Qüdrət onun yanında heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Polis əməkdaşları Qüdrətlə evə daxil olmuş, evi axtarmış, lakin qanunsuz heç nə tapmadıqlarından çıxıb getmişlər. Qüdrət tutulduğu gün saat 15-16 radələrində çörək almaq üçün marketə düşmüşdür. Bir neçə saatdan sonra polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Polis əməkdaşı Qüdrətin şəklini göstərərək onu döydüyünü, evdə nə varsa verməli olduğunu demiş, lakin evdə heç nə olmadığından təqdim edə bilməmişdir. Polis bölməsində ondan narkotik vasitələri gizlətdiyini, buna görə rahat olduğunu bildiklərini demiş və narkotik vasitələrin yerini soruşmuşlar. Polis əməkdaşları Qüdrətə sənədlərə imza etməsə onu da tutacaqlarını dediklərini bildirmiş, bir müddət sonra isə Qüdrətin imza etdiyini bildirirək onu sərbəst buraxmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X12 tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 16-20). Nərimanov Rayon Məhkəməsinin 21 okyabr 2022-ci il tarixli qərarından görünür ki, X7 barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 100- 104). Şəxsi axtarış və götürmə aparılması haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X4 və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, sağ əlində olan içərisində narkotik vasitə heroin, metadon və marixuanana olan 1 ədəd torbanı könüllü olaraq təqdim etmiş, sol əlində olan “Samsung” markalı “J6” və “S 10” modelli mobil telefonları, üzərində olan boz rəngli şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, "xxxx" ASC və "xxxx"ASC-nə məxsus bank kartlarını və 1 manat pulunu təqdim etmiş, şalvarının sağ yan cibindən isə domofon kilid açarını təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri 19 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində "Mirzə" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən götürdüyünü və "Mirzə" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində isə həmin narkotik vasitələrdən gəlir əldə edəcəyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 26-28). Məhkəmə-bioloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 7/1198 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs ...... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan polietilen bağlamada təmiz çəkisi 310 qram və həmin bağlamada 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 32,433 qram; 18,999 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 41-44). Məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 6/6090 saylı eskpert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan zərfdə 1 ədəd siqaret qutusunun içərisində 1 ədəd bükümdə təmiz çəkisi 43,125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40” göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 19 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, metadon həblərinin təsir maddəsinin ümumi miqdarı 0,760 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir (cild 1, iş vərəqi 45-51). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 7273 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 206-207). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyn edilmiş azadlıqdan məhrum etmə cəzasına şərti hesab olunmuş və 1 il sınaq müddəti müəyyən edilmişdir; xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2 və 39.2-ci maddələri ilə xitam verilməsi haqqında qərar qəbul olunmuşdur (cild 1, iş vərəqi 141-143). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs Qüdrət Mönsümovun polis əməkdaşları tərəfindən 19 oktyabr 2022-ci il tarixdə 3 nəfər polis əməkdaşı tərəfindən saat 16-17 radələrində saxlanılması, polis əməkdaşı tərəfindən yaşadığı mənzilə baxış keçirilməsi, evində də yalnız cəmi 170-180 qram çəkidə marixuana olması, həmin narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün əldə etməsi, Mirzə adlı şəxslə əlaqəsinin olmaması, polis əməkdaşları tərəfindən həm saxlanılarkən, həm də polis bölməsində olarkən döyülməsi, polis əməkdaşlarının onu əvvəlki xitam verilmiş cinayət işi üzrə saxlayan polis əməkdaşları olması və bu səbəbdən aralarındakı ədavət səbəbindən onu təkrarən tutmaları, polis əməkdaşları tərəfindən üzərinə külli miqdarda narkotik vasitələr qoyulması, narkotik vasitələri boynuna götürməyəcəyi təqdirdə birgə yaşadığı qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu X2 həbs edəcəkləri ilə hədə-qorxu gəlmələri, onu polis idarəsinə gətirib orada saxlamaları, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və təzyiqlər nəticəsində etirafedici ifadələr verməsi, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində Qüdrət Mönsümovun polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra evə daxil olmalarını, evdə axtarış keçirmələrini, polis əməkdaşları tərəfindən Qüdrət Mönsümovun döyülməsini, Qüdrət Mönsümovu polis idarəsinə apardıqdan sonra onu da idarəyə aparıb orada saxlamalarını və yalnız Qüdrət Mönsümova etirafedici sənədlərə imza etdirdikdən sonra polis idarəsindən sərbəst buraxmalarını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs Qüdrət Mönsümov məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. İlkin izahat və ifadələrində, o cümlədən 20 oktyabr 2022-ci il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 20 oktyabr 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Qüdrət Mönsümovun polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən təqsirləndirilən şəxs Qüdrət Mönsümovun sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən təqsirləndirilən şəxs X9 19 oktyabr 2022-ci il tarixdə saat 23:30da Bakı şəhəri Binəqədi rayonu, Füzuli küçəsi, ev 115 saylı ünvanın yaxınlığında saxladıqlarını, sonuncunu saxlayarkən yalnız 2 nəfər olmalarını, Qüdrət Mönsümovun yaşadığı evə daxil olmamaları və orada axtarış aparılmadığını, sonuncunu əvvəldən tanımadıqlarını, hansısa başqa cinayət işi üzrə heç vaxt saxlamadıqlarını, aralarında heç bir ədavət və ya münasibət olmadığını, Qüdrət Mönsümovun birgə yaşadığı və Qüdrətin qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu X1 həbs edəcəkləri ilə hədə-qorxu gəlmədiklərini, sonuncunu polis idarəsinə gətirib orada saxlamadıqlarını, ümumiyyətlə Qüdrət Mönsümova qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis idarəsində heç bir fiziki və ya psixi təsir edilmədiyini, sadəcə olaraq Qüdrət Mönsümovun saxlanılarkən qaçmağa və üzərində olan narkotik vasitəni atmağa cəhd göstərməsini, qaçarkən yerə yıxılmasını, onların səyləri nəticəsində xüsusi fəndlərdən istifadə edərək onu zərərsizləşdirdikləri və avtomobilə əyləşdirərək polis idarəsinə gətirdiklərini bildirmişlər. Nərimanov RPİ-nin MSY-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X12 müvəqqəti saxlama yerinə daxil olarkən sağ gözünün üst hissəsində qançır, sıyrıq və qaraltılar və əlinin cızılmış yarası aşkar edilmiş, sonuncunun şikayəti olmamış və həmin xəsarətləri tutulmamışdan qabaq aldığını bildirmişdir. 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X12 təcridxanaya daxil olarkən sağ dirsək, sol əlin İV və V barmaqlarında, sağ əlin İ barmağında, sol böyrək nahiyyəsində qərtməkli yara, sağ kürək nahiyyəsində sarımtıl bənövşəyi rəngli qançır, sağ gözün sklerasında qırmızımtıl rəngli qançır aşkar edilmişdir. X7 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Qüdrət Mönsümov onu döyən polis əməkdaşlarını əvvəllər tanımadığını, düşmənçilikləri və ədavəti olmadığını bildirmiş; araşdırma zamanı polis əməkdaşlarının təqsirləndirilən şəxs Qüdrət Mönsümova zor tətbiq etmələri, döymələri sübuta yetirilməmiş; polis əməkdaşlarının ifadələri və araşdırmanın digər halları nəzərə alınaraq toplanmış material üzrə Azərbaycan Respublublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa müdafiə tərəfi təqsirləndirilən şəxs X7 Mirzə adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bır qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində 500 manat pul almasına dair ittihamda göstərilənlərin yalnız təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində təzyiqlər altında verdiyi ifadəyə əsaslandığını, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" ASC tərəfindən verilmiş 5522-0993-5100-4767 nömrəli bank kartına 19 sentyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci tarixədək olan müddət ərzində 500 manat məbləğində pulun köçürülmədiyini bildirmiş və ittihamın həmin hissədə əsassız olmasına dair iddia irəli sürmüşlər. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş 09 iyul 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 5522-0993-5100-4767 nömrəli bank kartı X8 məxsusdur, 19 sentyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci tarixədək olan müddət ərzində həmin karta müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil olmuşdur. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxs Qüdrət Mönsümovun Bakı şəhərində Günəşli qəsəbəsi ərazisində olmaması, həmin əraziyə narkotik vasitələr əldə etməsi üçün getməməsi barədə iddia irəli sürərək, təqsirləndirilən şəxsin istifadəsində olmuş (055) ***-**-** nömrəli mobil telefon nömrəsi ilə bağlı anten məlumatlarının, SMS mətnləri və sair məlumatların əldə edilməsinə dair ibtidai istintaq zamanı Nərimanov Rayon Məhkəməsi tərəfindən qərar qəbul edildiyini, lakin icrasının cavabı alınmadan əsassız ittiham irəli sürüldüyünü bildirmişdir. Bakcell MMC tərəfindən məhkəməyə daxil olmuş 17 iyul 2024-cü il tarixli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, həmin nömrəyə dair anten məlumatları əksər tarixlərdə eyni əraziləri əhatə etmişdir, diskdə olan SMS mətnlərində iki nəfər qadın arasında işlə aidiyyəti olmayan yazışmalar aparılmışdır, həmin nömrənin Qüdrət Mönvsümov tərəifndən istifadə edilməsi barədə heç bir məlumat aşkar olunmamışdır. Qeyd edilənlər həmin mobil telefon nömrəsinin faktiki olaraq başqa şəxsin (qadın olması ehtimal edilən şəxsin) istifadəsində olmasını göstərir. Məhkəmədə təqsirləndirilən şəxs Qdürət Mönsümov qeyd olunan halla bağlı həmin nömrənin daha çox birlikdə yaşadığı qadın tərəfindən istifadə edildiyi və həmin qadının da mütəmadi olaraq eyni evdə olduğunu bildirmişdir. Məhkəmə nəzərə alır ki, Qüdrət Mönsümov 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Füzuli küçəsi, ev 115 saylı ünvanın yaxınlığında saxlanıldığı halda qeyd edilən mobil telefon nömrəsinin 19 oktyabr 2022-ci il tarixdə anten məlumatları Binəqədi rayonu ərazisinə aid olmamışdır, bununla da müdafiə tərəfinin israrla irəli sürdüyü və Qüdrət Mönsümovun istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten dairələri və sms məlumatları əldə ediləcəyi təqdirdə ittihamın əsaslı olması şübhə altına alınacağı barədə fikirləri öz təsdiqini tapmamışdır. Bununla da təqsirləndirilən şəxsin faktiki istifadəsində olmamış mobil nömrəyə dair anten məlumatları müdafiə tərəfinin iddiasının doğruluğunu təsdiq edə bilməz. Belə olan halda müdafiə tərəfinin bu mövqeyi sadəcə məhkəmənin diqqətini başqa istiqamətə yönləndirməyə xidmət edən müdafiə taktikası olaraq qiymətləndirilir. 27 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Qüdrət Mönsümov saxlanılarkən istifadəsində Samsung markalı J6 və S10 modelli mobil telefonlar olmuş, lakin mobil telefonlar sınıq vəziyyətində olduğundan baxış keçirilməsi mümkün olmamışdır. İş üzrə şahid ifadələri və işin hallarından müəyyən olunur ki, Qüdrət Mönsümov saxlanılarkən polis əməkdaşlarından qaçmağa cəhd göstərmiş, qaçarkən yerə yıxılmış və avtomobilin altına girərək polis əməkdaşlarından yayınmaq istəmiş, polis əməkdaşlarının əlinə keçməməsi üçün özündə olan mobil telefonları yerə sıxaraq ortadan əyib yararsız hala gətirmiş və sındırmış, bununla da həmin mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək sübutları məhv etməyə yönələn hərəkətlər etmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş 09 iyul 2024-cü il tarixli məktuba və ona əlavə edilmiş sənədlərə, Bakcell MMC tərəfindən məhkəməyə daxil olmuş 17 iyul 2024-cü il tarixli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilən zaman aşkar edilən məlumatlara əsasən məhkəmə hesab edir ki, müdafiə tərəfinin təqsirləndirilən şəxsin təqsirsizliyini sübut etmək üçün irəli sürdüyü qeyd edilən dəlillər işin faktiki hallarına uyğun deyildir Beləliklə məhkəmə, cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, təqsirləndirilən şəxs Qüdrət Mönsümovun 19 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Füzuli küçəsi, ev 115 saylı ünvanın yaxınlığında 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılması, videoçəkilişlə aparılan şəxsi axatrış zamanı əlindəki rəngli torbadan külli miqdarda olmaqla 1 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş 43,125 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 19 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə metadon, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 310 qram və 2 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 32.433 qram; 18,999 qram, ümumi çəkisi 361,432 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilməsini və həmin narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir . Qeyd olunanlara əsasən məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Qüdrət Mönsümovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə metadonun külli miqdarının aşağı həddi 1,6 qram, marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; X7 üzərindən aşkar edilmiş 43,125 qram çəkidə narkotik vasitə heroin külli miqdar, 361,432 qram çəkidə marixuana və 0,760 qram narkotik vasitə metadon isə şəxsi istehlak miqdarından artıq təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən X7 himayəsində bir azyaşlı uşağıın olması onun cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən X7 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs X10 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 cəza çəkməsinin başlanğıcı tutulduğu 19 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası X10 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 19 oktyabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası X7 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizaları üzrə ekspert rəylərinə əsasən X7 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sonra qalıq qalan 43,025 qram narkotik vasitə heroin, 361,372 qram qurudulmuş marixuana məhv edilməli, 17 həb metadon Azərbaycan Respbilkası Səhiyyə Nazirliyinə təhvil verilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 127 (yüz iyirmi yeddi) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. hökmetdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 oktyabr 2022ci il tarixdən hesablansın. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 43,025 qram narkotik vasitə heroin, 361,372 qram qurudulmuş marixuana məhv edilsin, 17 həb metadon Azərbaycan Respbilkası Səhiyyə Nazirliyinə təhvil verilsin, şəxsi axtarış və gütürmə zamanı aparılmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatının dəyəri 72 (yetmiş iki) manat və məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 55 (əlli beş) manat, cəmi 127 (yüz iyirmi yeddi) manat X5 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxs X10 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar