Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1350/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Beyləqan rayonunun Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonunun 2-ci Şahsevən kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nişanlısı Şahid3 Azər qızına söz ataraq sataşdığı üçün 25 mart 2021-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs yaşadığı Bakışəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən nömrəsiz fərdi evin qarşısına gedib sonuncu ilə mübahisə edib dalaşaraq idarə etdiyi “Daweo Gentra” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapısının cib hissəsində olan cərrah bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona Vİ qabırğanın kəsilməsi, sol ağciyərin zədələnməsi və boynun və sol saidin kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vuran, sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, anası, bacısı, bacısının iki azyaşlı uşaqları və həyat yoldaşı Şahid3 Azər qızı ilə birlikdə kirayə yaşayır. Rövnaz onun ikinci həyat yoldaşıdır və məlum hadisə vaxtı nişanlı olmuş, hazırda isə artıq ailə qurmuşlar. Birinci nikahından bir azyaşlı övladı vardı və həmin uşağına görə aliment ödəyir. Lizinq yolu ilə “Daweo Gentra” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Hazırkı həyat yoldaşı Şahid3 Azər qızı onların qonşuluğunda yaşamışdır və onunla hələ 2019-cu ilin yanvar ayında nişanlamışdır. Rövnaz anası Təhminə ilə birlikdə yaşamışdır. Nişanlanandan sonra Rövnazgilin evlərinə gedib-gəlməyə başlamış, hətta bəzən onların evində gecələmişdir. Nişanlısı Rövnaz metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Dönər evi”ndə kassir işləmiş, hər gün saat 08:30 radələrində işə gedib 21:30 radələrində evə qayıtmışdır. O, həmin vaxtlar həm nişanlısı Rövnazın, həm də özünün mobil telefonuna xüsusi bir proqram yükləmişdir. Həmin proqram vasitəsilə telefonunda internet olduğu zaman Rövnazın ətrafında olan səsləri eşitmək və ətrafın görüntüsünü görmək mümkün olmuşdur. 24 mart 2021-ci il tarixdə saat 21:30 radələrində Rövnazla telefonla danışmış və nişanlısı işdən çıxıb evə getdiyini bildirmişdir. Həmin vaxt o proqramı işə salıb nişanlısının ətrafına baxmaq istəmiş, amma hava qaranlıq olduğundan görüntünü görmək mümkün olmamışdır. Bununla belə Rövnaza kişi səsilə kiminsə “bir dəqiqə dayan, nə olub niyə belə edirsən, özünü niyə göylə aparırsan” sözlərini deməsini eşitmişdir. Bir neçə dəqiqə sonra Rövnazın həyət qapılarının səsini və həyətdə itlərinin hürməsini eşidib onun artıq evə çatdığını başa düşmüşdür. O, Rövnaza proqram vasitəsi ilə ona deyilən sözləri eşitdiyini deyərək bunun nə məsələ olduğunu soruşmuş, sonuncu da eyni məhəllədə yaşayan, adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsin ona sataşıb söz atdığını, həmin şəxsin bunu artıq bir neçə dəfədir etdiyini bildirmişdir. O, həmin şəxsin harada yaşadığını soruşduqda Rövnaz onun yaşadığı evi dəqiq tanımadığını, amma avtomobilini hansı evin qarşısında saxıladığını bildiyini demişdir. Bundan sonra o, Rövnazla birlikdə özünün idarə etdiyi avtomobillə həmin şəxsin evinə gedərək qapını döyüb ev sahibini səsləmiş və qapıya bir qadın çıxmışdır. O, həmin qadından orada dayanan ağ maşının sürücüsünün kim olduğunu soruşmuş, qadın da həmin şəxsin onun həyat yoldaşı olduğunu bildirmişdir. O, taksi lazım olduğunu deyərək qadından həyat yoldaşının nömrəsini istəmiş, sonuncu da ona hazırda xatırlamadığı bir nömrə vermişdir. O, bir neçə dəfə həmin nömrəyə zəng etsə də cavab verən olmamışdır. Növbəti gün, yəni 25 mart 2021-ci il tarixdə saat təxminən 21:30 radələrində Rövnazla əlaqə saxlayaraq harada olduğunu soruşmuş, Rövnaz da evə getdiyini, ona sataşan oğlanın avtomobillə yolda dayandığını, avtomobillə onun yanından keçib bir az qarşıda saxlayıb düşərək ona “mənim qapıma oğlanla gəlmisən” deyərək irad tutduğunu, həmin şəxsin onun nişanlısı olduğunu deyərək nişanlı olduğu üçün bir daha ona sataşmamasını dediyini bildirmişdir. Bu vəziyyət bir kişi kimi onun qüruruna toxunmuş, nişanlı olduğunu bilə-bilə artıq davamlı şəkildə Rövnaza sataşan həmin şəxsə qarşı qəzəb yaranmış, həmin şəxslə görüşüb bir daha belə hərəkət etməməsi üçün xəbərdarlıq etmək qərarına gəlmişdir. Ona görə də telefonla danışandan sonra dərhal Rövnazgilə gəlmiş və bir qədər sonra öz avtomobili ilə saat təxminən 23:20 radələrində adı sonradan ona məlum olan Sahilin yaşadığı evə getmişdir. Sahilgilin qapısını döymüş və sonuncu çölə çıxmışdır. Sahilin arxasınca arvadı, bir azyaşlı uşağı və anası da çölə çıxmışdır. O Sahilə “avtomobilə əyləş, gedib söhbət edək, səninlə işim var” deyə bildirdikdə gözləmədiyi halda sonuncu onun boğazından tutub yumruq ataraq yerə yıxmağa çalışmışdır. O, Sahili sakit olmağa dəvət edərək ailəsi yanında olduğu üçün belə bir hərəkət etməsinin ayıb olduğunu bildirsə də sonuncu buna məhəl qoymayıb ona zərbələr vurmaqda davam etmişdir. Bu vaxt nişanlısı Rövnaz da ora gəlib çatmış və Sahilin onu döydüyünü görüb “kömək edin” deyə qışqırmağa başlamışdır. Həmin vaxtı Sahil fənd ataraq onu avtomobilinin yanında yerə çırpmış və yerdə uzanıqlı vəziyyətdə ona zərbələr vurmaqda davam etmişdir. Artıq fiziki baxımdan Sahilə gücü çatmadığını başa düşmüşdür. Avtomobilində bacısı gözəllik salonunda işlədiyi vaxtlardan sonuncudan götürdüyü skalpel tipli cərrah bıçağı olmuş, həmin bıçaqdan özünün dırnaqlarını təmizləmək və kəsmək, habelə avtomobildə elektrik naqillərinin təmizlənməsi üçün istifadə etmişdir. Həm nişanlısına sataşılmaqla namusuna, qüruruna toxunulması, bu azmış kimi həmin hərəkətləri etmiş Sahil tərəfindən döyülməsi onu sarsıtmış, həmin məqamda özünü müdafiə edib vəziyyətdən çıxmaq üçün birtəhər imkan tapıb avtomobilinin açıq vəziyyətdə olan sürücü tərəfdəki qabaq qapısının cibliyinə əl ataraq orada olan kiçik skalpel bıçağı götürmüş və özü yerdə uzanıqlı, Sahil isə üzərində olduğu vəziyyətdə sağ əli ilə Sahilin boyun nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra Sahili onun üzərindən qaldırmışlar. Buna baxmayaraq Sahil yenə də onun üstünə hücum çəkməyə başlamış və onlar yenidən əlbəyaxa olmuşlar. Həmin vaxt əlindəki bıçaqla qorxutmaq üçün Sahilin sol böyrünə tərəf yüngül şəkildə vurmuşdur. Dava-dalaşın gedişində bıçağın Sahilin başqa hansısa nahiyəsinə dəyib xəsarət yetirib-yetirmədiyini xatırlamır. Bütün bunlara baxmayaraq Sahilin ondan əl çəkmədiyini, mübahisənin daha da pis nəticə verəcəyini görüb əlində olan bıçağı yerə tullamış və nişanlısını da avtomobilə əyləşdirib oradan uzaqlaşmışdır. Nişanlısına görə Sahillə dalaşarkən bıçağa əl atdığına görə çox peşmandır, heç bir halda bu əməlinə haqq qazandırmır. Sahilə müalicəsi ilə bağlı bütün xərcləri ödəmişdir. Hazırda Sahillə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bütün bu halların, habelə azyaşlı uşağına aliment ödəməsinin, yenicə ailə qurmasının, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, özünə məxsus **-VD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Ailəlidir, üç azyaşlı uşağı var. Qonşular taksi lazım olanda mütəmadi olaraq ona müraciət edirlər. Qonşuluqda yaşayan, əvvəllər tanımadığı, lakin sonradan adının Rövnaz olduğunu bildiyi qızı da anası ilə birlikdə bir neçə dəfə taksi kimi öz avtomobili ilə mərkəzi yoladək aparmışdır. 23 mart 2021-ci il tarixdə saat 18 radələrində məhəllə yolu ilə gedən zaman Rövnazı görüb avtomobilə əyləşməsini deyərək onu yola kimi aparmağı təklif etmişdir. Rövnaz isə əsəbi olduğunu deyərək çıxıb getməsini bildirmişdir. O, nə problem olduğunu soruşmuş, lakin Rövnaz ona sərt cavab verdiyindən yoluna davam edərək çıxıb getmişdir. 24 mart 2021-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı Nəsibə ona zəng edərək bir nəfər cavan oğlanın mənzilin qapısını döyərək onun mobil telefon nömrəsini istədiyini bildirmişdir. O, mənzilinə gələn şəxsin Rövnazın nişanlısı, adını sonradan bildiyi Sübhan olduğunu başa düşmüşdür. Belə ki, Sübhan bir gün əvvəl onun Rövnaza onu yola kimi aparmaq təklifini düz başa düşməmişdir. 25 mart 2021-ci il tarixdə saat 19 radələrində məhəllə yolu ilə gedən zaman yenə də Rövnazın yol kənarı ilə getdiyini görüb ona yaxınlaşmış və nişanlısının onu niyə axtardığını soruşmuşdur. Rövnaz da “Sübhan səni axtarır, yaşadığın ünvana gələcək” demişdir. O, başqa heç nə deməyib oradan uzaqlaşmışdır. 25 mart 2021-ci il tarixdə 23:30 radələrində evdə olan zaman mənzilin qapısı döyülmüşdür. O, qapını açdıqda Sübhanı görmüş və ondan gecə saatlarında mənzilinin qapısını niyə döydüyünü soruşmuşdur. Sübhan ona bayıra çıxmağı təklif etmiş, bayıra çıxdıqda isə niyə nişanlısına sataşdığını soruşaraq onun ünvanına söyüş söymüş və əl-qol atmışdır. Onlar əlbəyaxa olmuşlar və Sübhanın avtomobilinin yaxınlığında yerə yıxılmışlar. Bu zaman kürəyində və başında kiçik ağrı hiss etmişdir. Anası Leyli və həyat yoldaşı Nəsibə onları ayırmışlar. Həmin vaxt Rövnaz da oraya gəlib çıxmışdır. Daha sonra Rövnaz Sübhanın avtomobilində əyləşmiş və sonuncu avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Həyat yoldaşı Nəsibə onun kürəyindən qan axdığını görmüşdür. O, başa düşmüşdür ki, Sübhan ona hansısa alətlə xəsarət yetirmişdir. Bundan sonra dərhal qonşunun avtomobili ilə 3 saylı şəhər xəstəxanasına getmiş və orada ona tibbi yardım göstərilmişdir. Ona vurulmuş ziyan ödənilmişdir, Sübhanla barışmışdır və onu bağışlamışdır. Sübhana qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən Sübhana cəza təyin edilərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuşdur və birgə nikahdan üç uşaqları vardır. Onlar qaynanası Şahid2 ilə birlikdə Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən fərdi evdə yaşayırlar. Sahil özünə məxsus “Hyundai Accent” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 24 mart 2021-ci il tarixdə azyaşlı uşaqları ilə evdə olarkən saat təxminən 22:30 radələrində qapı döyülmüş, qapını açdıqda bir nəfər tanımadığı oğlan qapıda dayanan ağ maşının sahibinin kim olduğunu soruşmuş, o da həmin maşının ərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs əri Sahilin nömrəsini istəmişdir. Həmin vaxt Sahil “WhatsApp” proqramı vasitəsilə ona görüntülü zəng etmiş, o da Sahilə tanımadığı bir oğlanın qapıya gəlib onun mobil nömrəsini istədiyini demişdir. Sahil həmin şəxsin yəqin iş yoldaşlarından kimsə olduğunu deyib ona Cin nömrəsini verməyini tapşırmışdır. Ona görə də Sahilin ***-***-**-** saylı mobil telefon nömrəsini həmin şəxsə adını sonradan bildiyi Sübhana vermişdir. Həmin vaxt Sahil Lerik rayonuna müştəri aparmış, 25 mart 2021-ci il tarixdə saat təxminən 13 radələrində evə gəlmişdir. Sahil evə gəldikdən sonra da bir neçə yerə getmiş, axşam saat 23:10 radələrində anası Leylini işdən götürüb evə gəlmişdir. Evdə oturub çay içərkən darvazanın qapısı döyülmüş, Sahil qapıya çıxmışdır. Az sonra səs-küy eşidib qaynanası Leyli ilə birlikdə çölə çıxmışlar. Çölə çıxanda bir gün əvvəl onların mənzilinə gəlib Sahilin nömrəsini istəyən Sübhanla Sahilin əlbəyaxa olduqlarını görmüşdür. Həmin vaxt orada tanımadığı bir qız da olmuşdur. O və qaynanası tez onları aralamağa başlamışlar, orada olan qız – adını sonradan bildiyi Rövnaz isə onlara dəyməyib “qoy söhbət etsinlər” deyə bildirmişdir. Buna baxmayaraq onlar Sahili aralayıb qapıdan içəri salmışlar. Həmin vaxt o, Sahilin boyun, kürək və qol nahiyəsindən qan axdığını görmüşdür. X6 nə üçün Sahillə dalaşdığını soruşmuş, amma Sübhan cavab verməyərək qız ilə birlikdə avtomobilə minib oradan uzaqlaşmışdır. Dərhal qonşunu çağırmış və Sahili onun avtomobilinə mindirib 3 saylı xəstəxanaya aparmışdır. Orada Sahilə tibbi yardım göstərildikdən sora evə qayıtmışlar. Qayıdarkən evin qarşısında yerdə bıçaq olduğunu görmüşdür. Həmin bıçağın dəstək hissəsi qara izolentlə sarınmışdır. O, həmin bıçağı hadisə yerinə gəlmiş polis əməkdaşlarına göstərmiş, onlar da bıçağı götürmüşlər. Hadisədən sonra onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O, Polis İdarəsində ərinə xəsarət yetirən oğlanı - Sübhanı görüb tanımışdır. Orada ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Əvvəllər Təqsirləndirilən şəxsla aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Hadisədən sonra əri Sahil ona bildirmişdir ki, o, Şahid3 sataşmamış, Rövnaz və anası bir neçə dəfə onun avtomobilinə əyləşərək onları məhəllədən avtobus dayanacağına qədər aparıb düşürməsini xahiş etmişlər. Sonuncu dəfə Şahid3 yolda görərkən avtomobili saxlayıb ona avtomobilə əyləşməyi təklif etmiş, lakin Rövnaz əsəbi olduğundan avtomobilə minmək istəməmiş, o da avtomobili sürüb çıxıb getmişdir. Yəni, əri Rövnaza sataşmamışdır. Hazırda Sübhangillə aralarından barışıq əldə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Azər qızı göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Qonşuluqda yaşayan Sübhanla o hələ 2019-cu ilin yanvar ayında nişanlanmışdır. Sübhan lizinq yolu ilə “Daweo Gentra” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olur. Özü isə metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Dönər evi”ndə kassir işləmişdir. Bir qayda olaraq hər gün saat 08:30 radələrində evdən çıxıb işə getmiş və axşam saat təxminən 21:30 radələrində evə gəlib çatmışdır. 24 mart 2021-ci saat 21:30 radələrində işdən çıxıb evə gedərkən adını sonradan bildiyi Sahil ona yaxınlaşıb “bir dəqiqə dayan, nə olub niyə belə edirsən, özünü niyə göylə aparırsan?” deyə bildirmiş, o isə əhəmiyyət verməyib evə getmişdir. Sahil bu qaydada artıq bir neçə dəfə ona sataşsa da dava-dalaş, qanqaraçılığı düşməməsi üçün nişanlısına bu barədə bildirməmiş, Sahilin özünün başa düşüb daha belə hərəkət etməyəcəyinə ümid etmişdir. Həmin gün evə çatdıqdan sonra Sübhan onların evinə gəlmiş və telefonda olan proqram vasitəsi ilə hansısa oğlanın ona dediyi sözləri eşitdiyini bildirmişdir. Sübhanın artıq məlumatlı olduğunu görüb daha gizlətməyin mənasız olduğunu başa düşmüş və açıb danışaraq həmin şəxsin - onlarla eyni məhəllə yaşayan Sahilin bir neçə dəfə ona sataşdığını, söz atdığını etiraf etmişdir. Sübhan ondan həmin şəxsin harada yaşadığını soruşmuş, o isə həmin şəxsin evinin yerini dəqiq bilmədiyini, lakin avtomobilini hansı evin qarşısında saxladığını bildiyini demişdir. Bundan sonra Sübhanla birlikdə avtomobillə həmin şəxsin evinə getmişlər. Sübhan qapını döyüb ev sahibini səsləmişdir. Qapıya bir qadın çıxmış, Sübhan ondan evin qarşısında dayanan ağ maşının sürücüsünün kim olduğunu soruşmuş, həmin qadın da avtomobiin onun həyat yoldaşına məxsus olduğunu bildirmişdir. Bundan sonra Sübhan taksi lazım olduğunu deyərək həmin qadından həyat yoldaşının nömrəsini istəmiş, sonuncu da hazırda xatırlamadığı bir nömrə vermişdir. Sübhan həmin nömrəyə bir neçə dəfə zəng etsə də cavab verən olmamışdır. 25 mart 2021-ci il tarixdə saat təxminən 21:30 radələrində Sübhan onunla əlaqə saxlayaraq harada olduğunu soruşmuş, o da evə getdiyini, ona sataşan oğlanın avtomobillə yolda dayandığını, avtomobillə onun yanından keçib bir az qarşıda saxladığını və avtomobildən düşərək ona “mənim qapıma oğlanla gəlmisən?” dediyini bildirmişdir. Bundan sonra Sübhan onun yaşadığı evə gəlmiş, bir daha belə hərəkət etməməsi üçün həmin şəxsin evinə gedərək onunla danışacağını, xəbərdarlıq edəcəyini bildirmiş və öz avtomobilinə minib Sahilin evinə getmişdir. Həmin vaxt saat təxminən 23:20 radələri olmuşdur. Sübhan gedəndən sonra o da sonuncunun arxasınca getmiş və ora çatanda Sübhanın həmin şəxslə dalaşdığını görüb “kömək edin” deyə qışqırmağa başlamışdır. Həmin vaxt Sahilin Sübhanı yerə yıxaraq üstündə oturub onu döydüyünü görmüşdür. Onları birtəhər araladıqdan sonra Sübhanla avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, dava-dalaş vaxtı Sübhan Sahili bıçaqla vurub xəsarət yetirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-36). Məhkəmə-tibbi ekspertizasının 04 may 2021-ci il tarixli 303 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində Vİ qabırqanın kəsilməsi, sol ağciyərin zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, boynun və sol saidin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə daxili orqanların zədələnməsi ilə müşaiyət olan sol kürəkaltı nahiyənin daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş skalpelin təsirindən alınması inkar olunmur (cild 1, iş vərəqə 93-95). Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 30 iyun 2021-ci il tarixli 277/MTKŞ-2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus koftanın və maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus koftanın və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş tibbi bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsi inkar olunmur. Paltarlar üzərində olan zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. Paltarlar üzərində olan zədəyə əsasən, zədənin yetirildiyi anda iztörədən alətlə zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilər. Təqdim edilmiş paltarlar (kofta və mayka) üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin arxa səthinin sol yarısında olan deşilmiş- kəsilmiş yara yerləşməsinə və xarakterinə görə üstüstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan digər xəsarətlər bədənin paltarlarla örtülü olmayan nahiyələrində olduğundan, həmin xəsarətlərə uyğun paltarlar üzərində zədə əks olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış tibbi təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. Tibbi bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 153-157). Məhkəmə tibbi-bioloji ekspertizasının 21 iyun 2021-ci il tarixli 406\2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-/İİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka, kofta və 01 ədəd Şkalpel üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız A antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə A-(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 158-161). Ambulotor məhkəmə-psixiatrik ekspertizasının 27 iyul 1605 nömrəli rəyindən görünür ki, X5 “X10 Şəxsiyyət Pozuntusu” (F.60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi olması, xarici qıcıqların təsirindən tez qıcıqlanması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatiriya Xəstəxanasında” müayinədə olması və X10 şəxsiyyət pozuntusu, özünükəsmələr diaqnozunun qeyd olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, emasional sferanın dayanıqsızlığı və s) sübut edir. Təqsirləndirilən şəxs X10 şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən X10 şəxsiyyət pozuntusu kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs qeyd olunmuş cinayət əməlini törədən zaman müəyyən edilən X10 şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilən əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik əlamətləri aşkarlanmır, onda “X10 Şəxsiyyət Pozuntusu” qeyd olunur. Təqsirləndirilən şəxs müəyyən edilən “X10 Şəxsiyyət Pozuntusu” kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 162-164). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş notariat qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən keçmiş həyat yoldaşı X1 aliment ödənilir və həmin aliment borcu da tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunmuşdur (cild 1, iş vərəqə 86-87). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair təqdimat təmin edilməmiş və o, həbsdən azad edilmişdir. İbtidai istintaq orqanının 25 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 22, 72-74, 121-128, 143). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın həddini müəyyənləşdirərkən törədilmiş əməlin motivini diqqətdə saxlayır, həm də bu zaman təqsirləndirilən şəxsin nişanlısına dəfələrlə söz atmış şəxslə mübahisənin gedişində ağır xəsarət yetirməklə nəticələnmiş cinayətkar davranışına özünün də haqq qazandırmadığını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd boz rəngli mayka məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Beyləqan rayon Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd boz rəngli mayka məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1350/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1350/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver