Məhkəmə qərarları › İş №1(101)-1350/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1350/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1350/2024 30.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərinin tərcüməçiləri X3, X6 və X4 iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçid, ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 18 sentyabr 2023-cü il tarixdə səhər saatlarında naməlum şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolunun yaxınlığında yerləşən Binəqədi qəbiristanlığında sonuncudan satış məqsədilə qanunsuz olaraq 17,054 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 18 sentyabr 2023-cü il tarixdə saat 17:00 dəqiqədə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahənin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilib orada saat 19:20 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki şabalıdı rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 17,054 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik maddədən istifadə edir. Birinci dəfə o, 2022-ci ildə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsi tərəfindən saxlanılarkən üzərindən 1 qram narkotik vasitə heroin aşkar edilmiş, ondan pul istənilmiş və pul müqabilində onu 2023-cü ilin aprel ayının 25-i azad etmişlər. Bundan sonra o, 43-cü Polis bölməsinin əməkdaşı Tural adlı şəxs barəsində ondan pul vəsaiti tələb etdiyi üçün şikayət ərizəsi yazmış və Baş Polis İdarəsi onu şikayət ərizəsi ilə bağlı çağırıb nəticəsi barədə xəbər verəcəklərini demişlər. Daha sonra polislər hasardan tullanaraq onun evinə daxil olmuş və onu ayın 19-u saxlayıb idarəyə gətirmişlər və üzərimdə 17 qram narkotik vasitənin olması haqqında imza çəkdirmişlər. Halbuki, onun üzərində 1,2-1,3 qram narkotik vasitə heroin olmuşdur. Bu hadisədən 2-3 gün əvvəl o, 40 manat dəyərində 2 qram heroin almış, istifadə etdikdən sonra 1,2-1,3 qram heroin qalmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 2014-cü ildən narkotik vasitə istifadə edir, narkotiki əvvəllər “Papanin” adlanan yerdə Əbülfəz adlanan şəxsdən almış, axırıncı dəfə isə “20 Yanvar” adlanan yerdən təsadüfi şəxsdən əldə etmişdir. Özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Saxlanılan zaman vəkili olmuşdur. İlk dəfə onu 43-cü bölmənin əməkdaşı Tural adlı şəxs saxlamış, 5000 manat müqabilində onu azad etmişlər. Saxlanılarkən evinə hasardan tullanaraq daxil olmuş, onu döymüşlər, ürəyinin üstünə və qollarına yumruqla vurmuşlar və qollarını qandallayıb aparmışlar. Polislər evdə olarkən stolun üstündə olan heroini götürmüşlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Qeyri-rəsmi münasibətdə olduğu X7 qardaşı X11 17 sentyabr 2023-cü il tarixdə onun dəvəti ilə yaşadığı evə qonaq qismində gəlmişdir. Həmin tarixdə Fuadla evdə təmir işləri görmüş və Fuad həmin gün onun yaşadığı evdə gecələmişdir. 18 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Fuadla yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən marketə piyada getməyi qərara almışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahədə yaşadığı evdən çıxaraq küçə ilə bir qədər hərəkət edən zaman mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmiş və üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün üzərlərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onları Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 43-cü Polis bölməsinə getmişlər. Bölmənin inzibati binasında o, xidməti otaqların birinə aparılmışdır. Hüquq və vəzifələri izah olunduqdan və nədə şübhələnildiyi barədə ona məlumat verildikdən sonra hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçi tərəfindən ona hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan paltarlarında və geyimlərində qeyri-qanuni əşya və ya predmetlərin olub-olmadığı soruşulduqda o, əynində olan şabalıdı rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü, həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 1 ədəd “Redmi Note10” markalı mobil telefonu könüllü olaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin ağ rəngli bükümün içərisində olan maddələrin nə olmasını soruşduqda o, bükümün içərisində olan maddələrin müvafiq olaraq camaat arasında “kakos” deyilən narkotik vasitə heroin olduğunu, həmin bükümü 18 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi qəbiristanlığında tanımadığı şəxsdən 60 manata şəxsi istifadə etmək məqsədilə özü üçün aldığını bildirmişdir. Bundan sonra 01 ədəd ağ rəngli sellofana bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri özü və polis əməkdaşları tərəfindən imzalanaraq üzəri möhürlənmişdir. Üzərindən içərisində narkotik maddələrin olduğu 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümün aşkar olunması barədə protokol tərtib edilərək ucadan oxunmuş və proses iştirakçıları tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun adına ümumiyyətlə bank və ya digər kart mövcud deyildir. Üzərindən aşkar edilmiş özünə məxsus olan “Redmi Note10” markalı mobil telefonun üzərində olan mobil nömrə “***-***-**-**-dir, “whatsapp” ani mesajlaşma proqramında qeydiyyatdan keçdiyi nömrələr isə ***-***-**-** və ***-***-**-**-dir, başqa heç bir mobil nömrəsi yoxdur. Üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Ona məxsus mobil telefon cihazına baxış zamanı ayrı-ayrı şəxslərin ondan narkotik vasitə almaq istəməsi barədə aşkar edilmiş mesajlarda nədən söhbət getdiyini bilmir, həmin nömrə və ona mesaj yazan şəxslər barəsində heç bir məlumatı yoxdur (cild 1, iş vərəqi 193-196). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin gəzdirilməsi və satışı ilə bağlı 18 sentyabr 2023-cü il tarixdə polisə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, onlar təqsirləndirilən şəxsi Binəqədi rayonu, 3-cü mədən deyilən ərazidə saxlamış və Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən bir büküm narkotik maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddə sənədəşdirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq olmadığını, Sergey aşkar olunmuş narkotiki şəxsi ifadəsi üçün aldığını dediyini, Sergeyin evinə baxış keçirilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçid, ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində gəzdirməsi bildirilmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçid, ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahədə yaşayan Təqsirləndirilən şəxs müşahidə edib izlədikdən sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahənin yanında olan vaxtı saat 17:00-da saxlanılaraq 43-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şabalıdı rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş bükülünü və sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə “kakos” olduğunu bildirmiş, onu həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi qəbiristanlığında tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 19,83 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, DİN-in 243 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 42-43). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4923 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N243...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs Anatolyevlç-imza, iştirakçılar: dörd-imza, N.Məmmədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 17,054 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 51-54). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı və etibarlı mənbədən eldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, onun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək ondan külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi və X8 üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs almadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda heroini satmış şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 118). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və CD diskdə olan məlumatlardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus sim-kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenlər cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnləri köçürülmüş və "xxxx" MMC-dən götürülmüş 01 ədəd "CD" diskə meydana çıxmış zərurətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 304 saylı xidməti otağında "HP" markalı komputerdə baxış keçirilib protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd "CD" fomatı disk Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin 304 saylı xidməti otaqda olan “HP” markalı komputerin “DVD” oxuyucusu vasitəsilə açıldıqda içərisində 04 ədəd fayllar aşkar olunmuşdur. Birinci və ikinci fayllar açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan, müxtəlif vaxtlarda müxtəlif tipli mobil nömrələrlə mesajların olması, o cümlədən narkotiklərin alqı-satqısı ilə bağlı mesajların olması müəyyən olunmuşdur. Üçüncü fayl Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrənin anten əhatə dairəsinin göstərildiyi qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə gələn mobil nömrələrin anket məlumatları qeyd olunmuşdur (cild 1, iş vərəqi 129). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 01 videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2023-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru Nahid Məmmədov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib polis əməkdaşları olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şabalıdı rəngli cins şalvarın sağ yan cibində saxlayaraq gəzdirdiyi 01 ədəd ağ sellofona bükülmüş kütləni və şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümə baxış zamanı o, üzərindən aşkar olunaraq götürülmüş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi qəbiristanlığında tanımadığı şəxsdən 60 manata satış məqsədi olmadan şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra aşkar edilmiş bir ədəd ağ rəngli sellofan bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 19,83 qram olduğu müəyyən edilir. Bundan sonra büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür (cild 1, iş vərəqi 142). - məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 6856 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 143-144). - ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 3575 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 145-146). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş surətlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Note10” markalı mobil telefon aparatının yaddaşına baxış keçirilmiş, həmin mobil telefon aparatının smartfon tipli, **********53721 və **********53739 imei kodlu, iki sim kart girişinə malik olması, telefonun işlənmiş vəziyyətdə olması müəyyən edilmişdir. Telefona çox sayda proqramlar yüklənmişdir, həmin proqramlardan biri “Whatsapp”dır, telefonun zənglərinin siyahısında müxtəlif nömrələrdən zənglər daxil olmuş və zənglər xaric olunmuş, nömrələr ilə müxtəlif saniyələrdən ibarət danışıqlar aparılmışdır. Telefonun “Whatsapp” proqramına daxil olduqda orada həmin proqramın ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi müəyyən olundu. Telefonun: - “Asadneckaaaa” sözləri yazılmış ***-***-**-** saylı nömrə ilə yazışma səhifəsində "Heresinnen bir cet zad olar derman nese zadda var ama sen ol can polad bilse oldurer” “liri olmalıdı 1501ik”, “Ramin Bebiw” sözləri yazılmış ***-***-**-** saylı nömrə ilə səhifədə "1 qr kolaya nə vermək lazımdır?? Uşaq cavab gözləyir. Məndə heç olmasa darmavoy kayf edimdə, bir qram kola istəyir”, “Eldar Kenan” adı yazılmış səhifədə ***-***-**-** saylı nömrə ilə səhifəsində “Bratka 50 1 verirsende he” “45 bundadi 4 mende 49 1 qr alinar?” “Derneguldeyem” “Gellem” “Yo kera daw 60” “08 alinar 45?” və s. məzmunlu sms mətinləri aşkar edildi. Telefonun mesaj bölməsində ***-***-**-** saylı mobil nömrə ilə səhifəsində “Menem ilkin.qaqaw men catmiwam” “Salam sergey necesen qaqa ferhadi ilkinem gelen qaqas menim qardasim.yari kola 5 pati lazimdi 30Manat pul var. nese elemek olar?” məzmunlu sms mətinləri müəyyən edilmişdir. Telefonun “qalareya” bölməsində üzərində “Methadone 40” “Scored Tablets” sözləri yazılmış 01 list narkotik vasitənin görüntüsünü əks etdirən fotoşəkil müəyyən edilmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra bu barədə müvafiq protokol tərtib olunmuş və istintaq əhəmiyyəti kəsb edən məlumatlar printerdə çap edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 156-163). - sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 17,054 qram narkotik vasitə heroin və 01 ədəd “Redmi Note10” markalı mobil telefon aparatı, şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,954 qram çəkidə narkotik vasitə heroin və mobil telefon saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 166-177). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitəni əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 179-180). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək və həmin tarixdə ona yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 182-183). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində cəmi 1,2-1,3 qram narkotik vasitə heroin olması, onun polislərdən şikayət etdiyi üçün saxlanılması, saxlanılan zaman polislərin onu döyməsi, nəticədə onun məcbur olub narkotiki öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun razılığı ilə müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şabalıdı rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə heroini, sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu təqdim edərək masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə “kakos” olduğunu bildirmiş, onu həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi qəbiristanlığında tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələrində üzərindən aşkar edilmiş narkotiki pul müqabilində aldığını etiraf etmişdir. Lakin məhkəmədə verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadələr verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Bundan başqa, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduğunu etiraf etmiş, onu özü istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun döş qəfəsinin sol tərəfində 2 sm ölçüdə bir neçə ədəd sarımtıl rəngli qançırlar, sağ əlin arxa səthində 2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında əldə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun bədən səthində xəsarətlərin aşkar olunması barədə daxil olmuş məlumatla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, onun və polis işçilərinin izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar, ləyaqəti alçaldan, qeyri-insani rəftar və cəzaya, psixi təzyiq və təsirlərə məruz qoyulmadığı müəyyən edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Aşkar edilmiş narkotikin çəkisi ilə bağlı təqsirləndirilən şəxsin mübahisələndirdiyi məqamla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik maddə onun yanında elektron tərəzidə çəkilmiş və həmin kütlənin qablaşdırma ilə çəkisinin 19,83 (on doqquz tam yüzdə səksən üç) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və qablaşdırılmış şəkildə ekspertiza tədqiqatına təqdim edilmişdir. Keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 17,054 qramdır. Qeyd edilən hallara əsasən belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 17,054 qram olması məhkəmədə heç bir şübhə doğurmur. Şərh olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması, habelə üzərindən daha az narkotik aşkar edilməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halları həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə cəzasını yüngülləşdirmək məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış sms yazışmasını, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar məhkəmədə müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 131-133, 134- 141). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona az ağır təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs daha əvvəl qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi mövcuddur. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 20 sentyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 30-31, 93-96). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,954 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “Redmi Note10” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,954 qram heroin məhv edilsin; - 01 ədəd “Redmi Note10” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar