Məhkəmə qərarları › İş №1(101)-1351/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1351/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1351/2021 30.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1963-cü ildə il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu 7-ci Əhmədli küçəsi ev 31-də yerləşən fərdi yaşayış evində qonşuluqda yaşayan qardaşı Zərərçəkmiş şəxs anasının xahişi ilə sobanı yandırmaq üçün evə gəlməsinə görə aralarında yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, tiyəsinin uzunluğu 208 mm, dəstəyinin uzunluğu 120 mm, ümumi uzunluğu 328 mm olan, tutacağı qara rəngli birtərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla Adil Səlimoviçi vuraraq ona insan həyatı üçün təhlükəli olan pnevmohemotoraks yəni-döş boşluğuna qanın və havanın yığılması, diafraqma və böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən Adil Səlimoviçin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi qaydada heç bir yerdə işləmir, anası Şahid2 ilə birlikdə yaşayır. Doğma qardaşı Zərərçəkmiş şəxslə aralarında ata evi ilə bağlı uzun müddət münaqişə olmuş, lakin dava-dalaş olmamışdır. 2021-ci il ilin yanvar ayının 15-də saat 17 radələrində o, yaşadığı evdə olan zaman anası Nadiyat qardaşı Zərərçəkmiş şəxsiçi çağıraraq qaz sobasının söndüyünu demiş və onu yandırmasını xahiş etmişdir. Həmin vaxt o özü isə bir az spirtli içki qəbul etdiyindən sərxoş olmuş və uzanıb televizora baxırmış. Adil sobanı yandıran sonuncu ilə aralarında sözlə mübahisə baş vermiş, sonradan isə bu mübahisələri davaya çevrilmişdir. Qardaşı Adildən fiziki cəhətdən zəif olduğu üçün dava zamanı mətbəxə keçmiş və mətbəxdən məişətdə istifadə olunan tutacağı qara rəngli bıçağı götürüb qardaşı Adilin üstünə getmiş, sonuncu da onun üstünə gələn zaman bıçağı bir neçə dəfə havada gəzidirmişdir, bu zaman özü də istəmədən bıçaqla qardaşı Adili vurmuşdur. Hadisə vaxtı sərxoş olduğu üçün hadisənin dəqiq təfərrüatlarını xatırlamır. İfadəsinin sonunda Həbib Səlimoviç törətdiyi cinayət əməlindən peşman olduğunu, doğma qardaşı olan zərərçəkmiş şəxslə barışdığını, qoca anası onun himayəsində olduğundan ona azadlıqdan məhrum etmə cəzasının verilməsi anasının qayğısız və diqqətsiz qala biləciyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Əvvəllər həbiblə aralarında yaxşı münasibətləri olmuşdur. Həbib uzun müddət spirtli içki aludəçisi olduğu üçün spirtli içki qəbul etdikdə mütəmadi olaraq evdə dava salmış, anası və onunla əsassız mübahisələr etmişdir. 2021-ci ilin yanvar ayının 15-də saat təxminən 15 radələrində anası Nadiyatın xahişi ilə anası və qardaşı Həbibin yaşadıqları evə gedib qaz sobasını yandırmışdır. Həmin vaxt qardaşı Həbib də evdə olmuş, sobanı yandırdıqdan sonra Həbib ondan evdən çıxmağını tələb edərək, onun üstunə gəlmiş və onu evdən çıxartmaq istəmişdir. O isə evin yalnız ona aid olmadığını anası Naidiyata məxsus olduğunu demiş, bu zaman Həbib onunla dalaşmaq üçün əvvəlcə mətbəxə keçimş sonra isə üstünə gəlmişdir. Həbibin əlində bıçağı görüb onu almaq istəsə də buna nail ola bilməmiş və aralarında yaranmış dava zamanı bıçaq zərbəsindən xəsarət almışdır. Həbibin bıçaqla onu vurduğunu görən kimi özünü müdafiə etmək üçün onu itələmiş və Həbib yerə yıxılmışdır. Həmin vaxt orada olan yaşlı anası güclə ayaqüstə dayandığı üçün onlara hər hansı müdaxilə edə bilməmiş, ağlayaraq ondan nə olduğunu soruşmuşdur. O isə köynəyini qaldırıb qan olduğunu anasına göstərərək Həbibin onu bıçaqla vurub xəsarət yetirdiyini anası Nadiyata demişdir. Bundan sonra isə o evdən çıxıb həyətdə qızı Selminata zəng edib tez həyətə gəlməsini istəmişdir. Qızı Selminat həyətə gələn zaman həkim çağırmasını istəmiş, bundan sonra təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlib onu 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. İfadəsinin sonunda Adil Səlimoviç qardaşının törətdiyi cinayət əməlindən peşman olduğunu, onunla barışdığını, qoca anasının qardaşı Həbibin himayəsində olduğundan Həbibə azadlıqdan məhrum etmə cəzasının verilməsi anasının qayğısız və diqqətsiz qala biləciyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsinin məhkəməyə təqdim etdiyi ərizəsindən də görünür ki, o, hazırda qardaşı Həbib Səlimoviçlə barışmışdır, sonuncuya qarşı heç bir iddia və ya tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Həbib Səlimoviçlə birlikdə yaşayır. Həmçinin onun yaşadığı həyətdə digər oğlu Zərərçəkmiş şəxs, onun arvadı Samirə və qızı Selminatla birlikdə yaşayır. Oğlu Həbib uzun müddət ki, spirtli içki aludəçisi olduğuna görə digər oğlu Adillə aralarında bir neçə dəfə mübahisə baş vermiş, lakin hər hansı bir davaları olmamışdır. 2021-ci ilin yanvar ayının 15-də saat 17 radələrində oğlu Həbiblə yaşadıqları evdə olan zaman Həbib sərxoş olduğu üçün digər oğlu Adili çağırıb qaz sobasını yandırmağı xahiş etmişdir. Adil də gəlib qaz sobasını yandıran zaman Həbib Adilin evdən çıxmasını tələb etmiş, buna görə də oğulları Həbib və Adil arasında mübahisə baş vermişdir. Həbib mübahisə zamanı mətbəxə keçərək əlinə bıçaq alıb gəlib qardaşı Adilin qarın nahiyyəsindən bir dəfə xəsarət yetirmişdir. Özü ayaq üstə yeriyə bilmədiyi üçün onlara heç bir müdaxilə edə bilməmişdir. Həbib Adili bıçaqla vuran kimi ondan uzaqlaşmış, həmçinin Adil də həyətə çıxıb kömək istəmişdir. Şahid1 ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs və anası Samirə Həbibova ilə birlikdə yaşayır. Həmçinin onlarla eyni həyətdə əmisi Təqsirləndirilən şəxs ilə nənəsi Şahid2 birlikdə yaşayırlar. Ailə münasibətləri normaldır, lakin müəyyən vaxtlarda əmisi Həbib sərxoş olanda atası Adil ilə ilə mübahisə etmiş, lakin aralarında böyük dava-dalaş olmamışdır. 2021-ci ilin yanvar ayının 15-də saat 17 radələrində xalasıgildə olan zaman atası Adil onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, vəziyyətinin yaxşı olmadığını, təcili evə gəlməsini bildirmişdir. O tez evə gələrək atasının həyətdə oturaq vəziyyətdə olduğunu görmuş, nə baş verdiyini soruşduqda, atası heç nə olmadığını, su istədiyini, özünü yaxşı hiss etmədiyini bildirmişdir. O dərhal xalası Leylanı çağırmış, Leyla gəlib atasının vəziyyətini gördükdə təcili-tibbi yardım çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım gələrək atası Adili 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. O da xəstəxanaya getmiş və məlum olmuşdur ki, atası qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti almışdır. O, nənəsi Nadiyata zəng vurub nə olduğunu soruşduqda, nənəsi bildirmişdir ki, əmisi Həbib ilə atası Adil arasında mübahisə yaranmış və nəticəsində əmisi Həbib atasını bıçaqla bir dəfə qarın nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 15 yanvar 2021-ci il tarixli raportdan məlum olur ki, həmin tarixdə Zərərçəkmiş şəxs Sabunçu rayon 3 saylı Klinik Xəstəxanasına kəsilmiş deşilmiş yarası ilə daxil olması barədə Xətai RPİ-nin 34-ci Polis Bölməsinə məlumat verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Xətai RPİ-nin 34 PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bıçaqla qardaşı Təqsirləndirilən şəxs vurub xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan 17 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 19 yanvar 2021-ci il tarixli qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17.01.2021-ci il tarixdən hesablanmaqla «ev dustaqlığı» qətimkan tədbri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 23.02.2021-ci il tarixli, 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - pnevmohemotoraks (döş boşuğuna qanın və havanın yığılması), diafraqma və böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir,qərarda göstərilmiş 15.01.2021-ci il tarixdə bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının 129/2021 MTKŞ nömrəli, 02 aprel 2021-ci il tarixli rəyində göstərilmişdir ki: 1.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 01(bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə kafi itilikli ülgüc, kafi itilikli ucu və özünü kafi birüzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. 2.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. 3.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində aşkar olunmuş zədə onun bədən səthində olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. 4.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış,deşici-kəsici xassəyə malik,məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan keçirilmiş maddi sübutların ekspertizasının 148/2021 MTBŞ nömrəli, 08 aprel 2021-ci il tarixli rəyində göstərilmişdir ki: 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:O- alfa.beta/İ/ 2.Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigenti,həmçinin alfa,beta aqqlyutininləri də alındı.Beləliklə,bu qan ləkələri O-alfa.beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.

3. Təqdim edilən bıçaq üzərində isə qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2021-ci il tarixli 1176 №-li rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, cinayət əməlini törədərkən Anlaqlı olmuş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Adil Həbibiovun ərizəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, doğma qardaşı olan zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, qoca anasının onun himayəsində olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun, bu hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər İcra İdarəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək şübhəli şəxs və «ev dustaqlığı»da saxlanıldığı 6 (altı) ay 13 (on üç) gün müddət əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, DİN-nin Bakı şəhər Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd kişi köynəyi və bir ədəd kişi maykası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək şübhəli şəxs və «ev dustaqlığı»da saxlanıldığı 6 (altı) ay 13 (on uç) gün müddət əsas cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər İcra İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, DİN-nin Bakı şəhər Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd kişi köynəyi və bir ədəd kişi maykası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar