Məhkəmə qərarları › İş №1(101)-1352/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1352/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1352/2022 21.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi PX-nın 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 2,463 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,208 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 mart 2022-ci il tarixdə saat 08:30 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81В ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və şöbədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “DavidofT markalı siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli sellofana bükülmüş külli miqdarda, təmiz çəkisi 2,463 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,208 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən səhər saatlarında işinə gedərkən yaşadığı binanın yaxınlığında saxlanıldı. Həmin vaxt cibində siqaret qutusunun içərisində kakos adlanan maddə var idi. Həmin maddəni küçəsində yaşayan Ceyhun adlı şəxsdən 15 manata almışdı. Polis əməkdaşları onu tutduqdan sonra onlar əllərini qandalladılar və boynunu sıxaraq aşağı əydilər və onu bölməyə apardılar. Orada polis əməkdaşları ona təzyiq göstərdilər. Üzərinə baxış keçirilməsi zamanı cibindəki qutunu çıxarıb təqdim etməyi təklif olundu. O da cibindəki siqaret qutusunu çıxarıb təqdim etdi. Lakin qutunun içərisində kakosdan əlavə patı adlanan maddə də çıxdı. Halbuki həmin maddə ona məxsus deyildi və o, qutunun içərisində yox idi. Əvvəllər narkotik vasitədən istifadə etmişdi, lakin 5 il idi ki, narkotik vasitədən istifadəni dayandırmışdı, oktyabr ayından mart ayına qədər səhv edib yenidən kakosdan istifadə etməyə başlamışdı. Tanış tapanda şəxsi istifadəsi üçün narkotik vasitə alırdı. Həmişə eyni şəxsdən almırdı. Allahı şahiddir ki, bugünə qədər 1 dəfə belə olsun kiməsə narkotik vasitə satmamışdır. Narkotikdən istifadə ediyinə görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı digər polis əməkdaşı Şahid2 daxil olmuşdu. Əməliyyat tədbirlərinin keçirilməsində o da iştirak edirdi, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 mart 2022-ci il tarixdə səhər saatlarında ünvan 6 ünvanda Təqsirləndirilən şəxsı saxladılar, onu 24-cü Polis şöbəsinə dəvət etdilər və o da etiraz etməyərək onlarla birlikdə 24-cü Polis şöbəsinə gəldi. Bölmənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni Ceyhun adlı şəxsdən aldığını bildirdi. Ehtiramın barəsində olan narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Ceyhun adlı şəxs də səhv etmirsə, hazırda istintaq təcridxanasındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də hər biri ayrı ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir.Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitə olan metamfetaminin ona məxsus olmaması və eyni zamanda polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rənli cins şalvarın sağ cibindən “Davidoff” yazılı olan boz rəngli siqaret qutusu, həmin siqaret qutusunun içərisində ağ sellofana bükülmüş bükülmüş vəziyyətdə olan 01 ədəd bükülü və 01 ağ sellofana bükülmüş büküm aşkar edilmişdir. 01 ədəd ağ rəngli sellofan bükümə baxış keçirilən zaman içərisindən ağ rəngli kristall şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Digər bükülüdə İsə qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri təqdim edərək “şüşə” və "kakos" olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsinin yaxınlığında mütəmadi olaraq Ceyhun adlı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsi üçün Ceyhun adlı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/1430 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 164 dairəvi möhür əksi “1.Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0, 208 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,463 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’ln siyahısına, metamfetamin 28 İyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,208 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,158 qram, Metamfetaminin təmiz çəkisi 2,463 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,413 qram(tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat). Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Əli və xx.xx.2012-ci il təvəllüdlü Fəxrəddin adlı yetkinlik yaşına çatmayan övladları var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 11 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 11 mart 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinilik yaşına çatmayan övladlarının olmasını, narkotik vasitələrdən istifadə etdiyindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 0,158 qram heroin və 2,413 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası CMnin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxdan 11 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 88 (səksən səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 0,158 qram heroin və 2,413 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Səbuhi Hüseynov Zeynal Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar