Məhkəmə qərarları › İş №1(101)-1354/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1354/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1354/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1987-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satiş məqsədi olmadan qanunsuz olaraq bir bükümdə, ümumi təmiz çəkisi 0,540 qram narkotik vasitə olan heroin əldə edib üstündə saxlayaraq daşimış, 13 dekabr 2020-ci il tarixdə saat 13 radələrində, Nərimanov rayon Pİ-nin Post Patrul Xidməti Tağımının əməkdaşlari tərəfindən, Baki şəhəri, ünvan 1 ünvanin qarşisinda saxlanılaraq Nərimanov rayon Pİ-nə gətirilib üzərinə şəxsi axtariş aparılan zaman şəffaf rəngli sellofana bükülmüş, bir bükümdə təmiz çəkisi 0,540 qram narkotik vasitə olan heroinin onun əynində olan boz rəngli paltonun sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir bükümdə təmiz çəkisi 0,610 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşimiş, 19 dekabr 2020-ci il tarixdə saat 00:10 radələrində Baki şəhəri Suraxani rayon Pİ-nin 31-ci PB-nin əməkdaşlari tərəfindən Bakı şəhəri Suraxani rayonu, Ramana qəsəbəsinin girişində qoyulmuş stasionar postda onun idarə etdiyi ön dövlət nömrə nişanı olmayan «Hyundai İX35» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb müvafiq icazəsi olub-olmadığını yoxlayarkən o, özünü şübhəli apardığından və üstündə narkotik vasitə olduğunu etiraf etdiyindən Baki şəhəri Suraxani rayon Pİ-nin 31-ci PB-nin əməkdaşlari tərəfindən Bakı şəhəri Suraxanı rayon Pİ-nin 31-ci PB-nə gətirilib üzərinə şəxsi axtariş keçirilən zaman onun əynində olan göy rəngli idman şalvarin sağ cibindən bir bükümdə təmiz çəkisi 0,610 qram kustar üsulla hazirlanmiş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, polietilen bağlamada 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 390,6 qram, 203,6 qram, 14,9 qram, 39,7 qram, ümumi təmiz çəkisi 648,8 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 280,5 qram, 15,4 qram, 29,0 qram, 14,6 qram, 9,4 qram, 10,4 qram, ümumi təmiz çəkisi 359,3 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd “500g x 0,01g” markalı üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzini əldə edərək üzərində və idarə etdiyi «Toyota Prius» markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb daşımaqla gəzdirmiş, 12 yanvar 2021-ci il tarixdə saat 21:00-da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında göy rəngli, «Toyota Prius» markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb Suraxanı rayon Pİ-nin 31-ci PB-nə dəvət edilərək PB-də üzərinə axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroin, idarə etdiyi “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən isə bir ədəd qırmızı rəngli sellofan torbanın içərisində olan 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 390,6 qram, 203,6 qram, 14,9 qram, 39,7 qram, ümumi təmiz çəkisi 648,8 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 280,5 qram, 15,4 qram, 29,0 qram, 14,6 qram, 9,4 qram, 10,4 qram, ümumi təmiz çəkisi 359,3 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd “500g x 0,01g” markalı üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tanımadığı şəxslərdən narkotik vasitə olan heroin alaraq çəkmək yolu ilə istifadə edirmiş. 12.12.2020ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində, ünvanını dəqiq bilmədiyi avtoyuma məntəqəsinin yaxınlığında piyada gəzərkən yerdə kiçik bir sellofan büküm görmüş, həmin bükümü yerdən götürüb açaraq baxdıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğunu görüb həmin maddəni əynində olan paltosunun cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 13 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində iş axtarmaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsinə getmiş, İ.Hidayətzadə küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşi ona yaxınlaşaraq özlərini təqdim edib onunla bir qədər söhbət etdikdən sonra onu Nərimanov rayon Pİ-nə dəvət etmişlər. Nərimanov rayon Pİ-də hüquqlarinın müdafiə olunmasından ötrü ona müdafiəçi təyin olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, 12 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsində yerdən taparaq əynində olan boz rəngli paltosunun sol yan cibindən saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları onun təqdim etdiyi bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini zərfə qoyub qablaşdıraraq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. 18 dekabr 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu, Papanin qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində siqaretin gümüşü rəngli kağızından ibarət 1 ədəd bükümdə öz şəxsi istifadəsi üçün heroin kimi tanıdığı narkotik vasitə alıb bir hissəsindən istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etməsi üçün üstündə saxlamışdır. 19 dekabr 2020-ci il tarixdə saat 00:10 dəqiqədə idarə etdiyi “Hyundai İX 35” markalı, **-OT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Ramana qəsəbəsində olan polis postuna yaxınlaşan zaman polis əməkdaşları onu saxladıb sənədlərini tələb etdikdə özünü itirmiş, həyəcanlanaraq özünü şübhəli aparıb verilən suallara narahat cavab vermiş, polis əməkdaşlarında şübhə oyandığından onu sorğu-sual edərkən üzərində özünə məxsus şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu bildirmiş, polis əməkdaşları onu Suraxanı rayon Pİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-də polis əməkdaşları tərəfindən müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştiraki ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, əynində olan göy rəngli idman şalvarının sağ cibində olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürmüşlər. Heroini 18 dekabr 2020-ci il tarixdə axşam saatlarında Nəsimi rayonunda yerləşən Papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almışdır. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Bundan sonra öz razılığı ilə idarə etdiyi “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobilindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. 12 yanvar 2021-ci il tarixdə axşam saat 21:00-da ünvan 5 ünvanın yaxınlığında idarə etdiyi göy rəngli, **-BX- *** dövlət qeydiyyat nişanlı, “Tayota Prius” markalı avtomobilinin yanında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Suraxanı rayon Pİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. PB-də hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi baxış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 bükümdə heroin aşkar edilib götürülmüşdür. Aşkar edilib götürülmüş büküm ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş, onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmin vaxt idarə etdiyi avtomobilində isə narkotik vasitə olmamış, ümumiyyətlə narkotik vasitələrdən yalnız şəxsi istifadə üçün istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, onları satış niyyəti ilə əldə etməmiş, “Rza” adlı İran İslam Respublikası vətəndaşını tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, 12.01.2021-ci il tarixdə saat 21:00-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ilə birlikdə Baki şəhəri, Suraxani rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 551 saylı ünvanın qarşısında göy rəngli, **- BX-*** dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb avtomobilin yanında dayanmış şəxsə özlərini təqdim etdikdən sonra sürücüdən şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda avtomobilin yanında dayanmış şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitənin və qanunla dövriyyəsi qadağan edilmiş digər predmetlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onu Bakı şəhəri Suraxanı rayon Pİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtariş keçirmiş, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız paketdəki bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində olan heroin kimi tanıdığı narkotik vasitədir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, göy rəngli cins şalvarın sağ yan cibindən 10 manat pul, ona məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən isə 1 ədəd avtomobil açari və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamani onun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərək kağız zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, 31-ci PB-nin avtomobil duracağına yerləşdirilmiş avtomobilinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 1 ədəd qırmızı rəngli sellofan torbanının içərisindən 4 büküm narkotik vasitə olan heroinə bənzər maddə, 6 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkilmiş, bükümlər və elektron tərəzi sellofan torbaya qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adı ilə tanıdığı şəxsin vasitəsi ilə “WhatsApp” sosail şəbəkəsi vasitəsi ilə Abşeron rayonu, Höküməli qəsəbəsində əvvəlcədən qoyulan yerdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin götürdüyünü, sonradan isə «Rza»nın göstərişi ilə həmin narkotik vasitələrin deyilən ünvanlara qoyduğunu, gördüyü işin qarşılığında narkotik vasitələrin hər kiloqramına görə “Rza” adlı şəxsdən 500 manat pul alacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 19.12.2020-ci il tarixdə saat 00:10-da ölkə ərazisində tətbiq edilmiş “komendant rejimi” ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayon Pİ-nin PPXB-nin polis nəfərləri, Şahid5, Şahid8, Şahid6, Şahid7 və YPX-nin əməkdaşı polis nəfəri Şahid9 ilə birlikdə Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 2 saylı stasionar postda xidmətdə olan zaman ağ rəngli ön dövlət qeydiyyat nömrə nişanı olmayan “Hyundai İX 35” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşarkən sürücünün müvafiq icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə avtomobili saxlatdıqda sürücünün hərəkətləri onlarda şübhə yaratmış, sürücü üzərində və avtomobilində narkotik vasitənin olmasını etiraf etdiyindən onu idarə etdiyi avtomobili ilə birlikdə Suraxanı rayon Pİ-nin 31-ci PB-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra bölmənin xidməti iş otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştiraki ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmişdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə heroin olduğunu, həmin heroini 18 dekabr 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etməsi üçün 20 manata aldığını bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülən kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX35” markali, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, amma avtomobildən narkotik vasitə və ya əldə edilib saxlanması, daşınması qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 19.12.2020-ci il tarixdə saat 00:10-da ölkə ərazisində tətbiq edilmiş “komendant rejimi” ilə əlaqədar olaraq Suraxanı rayon Pİ-nin PPXB-nin polis nəfərləri Şahid5, Şahid8, Şahid6, Şahid7 və YPXnin əməkdaşı polis nəfəri, polis baş serjantı Şahid9 ilə birlikdə Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 2 saylı stasionar postda xidmətdə olan zaman ağ rəngli ön dövlət qeydiyyat nömrə nişanı olmayan “Hyundai İX35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşarkən sürücünün müvafiq icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə avtomobili saxlatdıqda sürücünün hərəkətləri onlarda şübhə yaratdığından və sürücünün sənədinin olmadığı üçün onu Suraxanı rayon Pİ-nin 31-ci PB-nə apararaq bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Sürücünün Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində heroin olduğunu, heroini 18 dekabr 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmiş, təqdim olunan büküm kağız zərfə qoyularaq qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX35” markali, **-OT- *** dövlət qeydiyyat nişanlı avtomobilinə də baxış keçirilmiş, avtomobildən narkotik vasitə və ya əldə olunaraq saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya və ya vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 19.12.2020-ci il tarixdə saat 00:10-da ölkə ərazisində tətbiq edilmiş “komendant rejimi” ilə əlaqədar olaraq Suraxanı rayon Pİ-nin PPXB-nin polis nəfərləri Şahid5, Şahid8, Şahid6, Şahid7 və YPXnin əməkdaşı polis nəfəri, polis baş serjantı Şahid9 ilə birlikdə Suraxanİ rayonu, Ramana qəsəbəsində yerləşən 2 saylı stasionar postda xidmətdə olan zaman ağ rəngli ön dövlət qeydiyyat nişanı olmayan “Hyundai İX35” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşarkən sürücünün müvafiq icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə avtomobili saxlatdıqda sürücü avtomobildən düşərək təlaşlı şəkildə şübhəli hərəkətlər etməyə başlamış, sürücünün hərəkətləri onlarda şübhə yaratdığından onu sualcavab edərkən xəstəliyi ilə əlaqədar istifadəsi üçün üzərində narkotik vasitənin olmasını etiraf etdiyi üçün onu idarə etdiyi avtomobillə birlikdə Suraxanı rayon Pİ-nin 31-ci PB-nin növbətçi hissəinə apararaq təhvil vermişlər. 31-ci PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8 və Şahid9 da Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 13.12.2020-ci il tarixdə saat 13:00-da Nərimanov rayon Pİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid11 ilə birlikdə ünvan 6 ünvanının yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı onlarda şübhə yaratmış, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu sorğu-sual etdikdə həmin şəxsin suallara qeyri-müəyyən cavab verərək uzaqlaşmaq istəməsi onların şübhələrini daha da artırmış və həmin şəxsi Nərimanov RPİnə apararaq Növbətçi hissəyə təqdim etmişlər. Həmin şəxsin xx.xx.1987-ci ildə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilərək xidməti iş otaqlarının birində üzərinə polis nəfəri Şahid11, Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid12 və dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli toz halında maddə olan 01 ədəd bükümü, qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə 02 ədəd bir manatlıq pul əskinaslarını, sol qolunda olan 01 ədəd qol saatını çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərindən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya sənəd aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, heorini 12.12.2020-ci il tarixdə Suraxanı rayonu, Ramana qəsəbəsində yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, narkotik vasitə heroinə bənzər maddə olan büküm kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 da Şahid10 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Bakı şəhəri Nərimanov rayon Pİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13.12.2020-ci il tarixdə saat 13:00-da Nərimanov rayon Pİ-nin PPXB-nin polis nəfəri, polis serjantları Şahid11 və Şahid10 Baki şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, İ.Hidayətzadə küçəsi 76/80 ünvanının yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparması səbəbindən onu saxlayaraq Nərimanov rayon Pİ-nə aparıb növbətçi hissəyə təqdim etmişlər. Həmin şəxsin xx.xx.1987-ci ildə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə onun, Nərimanov rayon Pİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid11 və Şahid10 və dəvət edilmiş müdafiəçinin iştirakları ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üstünə baxış və axtarış aparılması prosesini o, telefon vasitəsi ilə video çəkilişini aparmışdır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edildikdə o, əynində olan boz rəngli paltonun sol yan cibindən, şəffaf sellofana bükülmüş, içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli toz halında maddə olan 01 ədəd bükümü çıxardıb təqdim etmiş, sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 02 ədəd 01 manatlıq pul əskinaslarını və sol qolunda olan 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış qol saatını çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol yan cibindən çıxardıb təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, narkotik vasitə olan heroinə bənzər maddə götürülərək kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, sonda video görüntü 01 ədəd diskə köçürülərək təhqiqat materialına əlavə edilmişdir. 13 dekabr 2020-ci il tarixdə ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış görüntülərini özündə əks etdirən 1 ədəd diskə Təqsirləndirilən şəxs və müdafiəçisi Telman Nağdəliyevin iştirakları ilə, ********* nömrəli cinayət işi üzrə 19.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış görüntülərini özündə əks etdirən 01 ədəd diskə müdafiəçisi Eldar Əliyarovun iştirakı ilə, ********* nömrəli cinayət işi üzrə 12 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Hyundai İX35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 ədəd ayrı-ayrı video disklərə Təqsirləndirilən şəxs və müdafiəçisi Çingiz Kərimovun iştirakı ilə baxış keçirilmiş və bu barədə protokollar tərtib olunaraq cinayət işinə əlavə edilmişdir (cild 01, iş vərəqə 147-150; cild 02, iş vərəqə 29- 38) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.12.2020-ci il tarixli 6/144 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX35” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 390,6 qram, 203,6 qarm, 14,9 qram və 39,7 qram, ümumi təmiz çəkisi 648,8 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 280,5 qram, 15,4 qram, 29,0 qram, 14,6 qram, 9,4 qaram, 10,4 qram, ümumi təmiz çəkisi 359,3 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd «500g x 0,01g» markalı elektoron tərəzinin üzərində heroin və metemfetamin izləri vardır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və avtomobilə baxış zamanı təqdim etdiyi heroinin ümumi təmiz çəkisi 649,223 qramdır və həmin heroinlər kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərindəki heroin və metamfetaminin iz şəkilində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisinin və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamsını müəyyən etmək mümkün olmadı (cild 01, iş vərəqə 50-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.12.2020-ci il tarixli 6/2754 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,610 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, İ siyahısına daxildir (cild 01, iş vərəqə 137-140) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.12.2020-ci il tarixli 6/2710 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,540 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, İ siyahısına daxildir (cild 01, iş vərəqə 237-239) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik hüquqi şəxsi tərəfindən verilmiş 14.02.2021-ci il tarixli, 1802 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs pisixi xəstəlikdən əziyyət çəkmir, anlaqlı hesab olunur, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vərəqə 155-156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 12.06.2021-ci il tarixli, 1943 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqə 151-153) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, 12 yanvar 2021-ci il tarixdə saxlanılarkən həmin vaxt idarə etdiyi avtomobilində narkotik vasitə olmaması, ümumiyyətlə narkotik vasitələrdən yalnız şəxsi istifadə üçün istifadə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, onları satış niyyəti ilə əldə etməməsi, “Rza” adlı İran İslam Respublikası vətəndaşını tanımaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, həqiqəti əks etdirmir və iş materiallarında olan 13 dekabr 2020-ci il tarixli, 19.12.2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış görüntülərini özündə əks etdirən, 12 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Hyundai İX35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən ayrı-ayrı video disklərə baxış barədə protokollar, 13.12.2020-ci il tarixli 6/144 nömrəli, 19.12.2020-ci il tarixli 6/2754 nömrəli və 13.12.2020ci il tarixli 6/2710 nömrəli ekspert rəyləri, şahidlərin ifadələri, həmçinin təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 yanvar 2021-ci il tarixdə saxlanılarkən idarə etdiyi Tayota Prius” markalı avtomobilində də narkotik vasitə olduğunu etiraf etmiş, avtomobilinə baxış keçirilməsinə etiraz etməmiş, avtomobilinin qabaq sağ oturacağının alt hissəsindən 1 ədəd qırmızı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim etdiyi torbaya baxış keçirilmiş, torbanın içərisindən 4 büküm narkotik vasitə olan heroin, 6 büküm psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüş, qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqdim etdiyi kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə Abşeron rayonu, Höküməli qəsəbəsində əvvəlcədən qoyulan yerdən götürmüşdür. «Rza»nın göstərişi ilə həmin narkotik vasitələri deyilən ünvanlara qoymalı və satacağı hər bir kiloqaram narkotika görə «Rza» ona 500 manat pul verəcəkmiş. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, İİ Siyahının 67-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 177) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayət daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 12.06.2021-ci il tarixli, 1943 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Suraxanı rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri 0,373 qram, 648,8 qram, 0,560 qram və 0,490 qram olan heroin narkotik vasitələri və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 359,12 qram olan psixotrop maddə metamfitamin, 01 (bir) ədəd «500g x 0,01g» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış görüntülərini özündə əks etdirən 01 (bir) ədəd, 19 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış görüntülərini özündə əks etdirən 01 (bir) ədəd və 12 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Hyundai İX35” markali, **- OT-*** dövlət qeydiyyat nişanli avtomobilinə baxiş keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd, ümumilikdə 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 319,76 (üç yüz on doqquz manat, yetmiş altı qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 13 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqinin 15 dekabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 217-218; cild 02, iş vərəqə 17-18) İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqinin 20 dekabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01 iş vərəqə 113; 174) İş materiallarında olan 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 4(010)-26/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır.(cild 01, iş vərəqə 21; 88-89) Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək və 19 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalı və onun cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində qəti olaraq 10 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Suraxanı rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri 0,373 qram, 648,8 qram, 0,560 qram və 0,490 qram olan heroin narkotik vasitələri və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 359,12 qram olan psixotrop maddə metamfitamin, 01 (bir) ədəd «500g x 0,01g» markalı elektoron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ümumilikdə 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 319,76 (üç yüz on doqquz manat, yetmiş altı qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: imza: Azər Paşayev imza: İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar