Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1355/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 133-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 2,437 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində fərdi tikilmiş evin qarşısında saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffəf rəngdə sellofana bükülmüş, ümumi təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulduğu gün səhər tezdən evdən çıxmışdır. Polis əməkdaşları onu Yeni Ramanada “Şüşə” qəsəbəsində kanalın üstündə yerləşən “Al” marketdə oğurluq etməyə cəhd etdiyinə görə tutub Polis bölməsinə aparmışlar. Polislər ya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, ya da oğurluğa görə məsuliyyətə cəlb edəcəklərini ona bildirmişlər. O da polis əməkdaşlarına onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmələrini bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitəni verib videoçəkiliş aparılacağını bildirmişlər və videoçəkilişdə “Əzizbəyov” yaxınlığında şübhəli şəxs kimi saxlanıldığını deməsini ondan istəmişlər. İş üzrə şahid olan 2 (iki) polis əməkdaşı da guya onu “Əzizbəyov” yaxınlığında şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər. Onu evdə tutduqlarını bildirsələr də, o, evdən səhər tezdən çıxmış, deyilən vaxtda artıq evdə olmamışdır. O, “Şüşə” qəsəbəsində “Al” marketin içərisində tutulmuşdur. Əslində o, həmin marketdə oğurluq etmək istəmiş, lakin mühafizəçi kamera ilə bunu görüb onu tutmuşdur. Polis bölməsində olanda axşam onu Bəxtiyar adlı əməliyyatçının otağına aparıb adını və soyadını soruşmuşlar. O da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Əməliyyatçı ona demişdir ki, “mənə adam ver”. O isə heç kimi tanımadığını bildirmişdir. Sonra polis əməkdaşı ona demişdir ki, “onda özün get sroka”. Sonra o, hansı maddə ilə təqsirləndiriləcəyini soruşmuşdur. Polis əməkdaşı da ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini demişdir. Bundan başqa, əməliyyatçı ona demişdir ki, “get, biraz özünə gəl”. O da düşünmüşdür ki, onsuzda bir neçə dəfə narkomaniyaya görə müalicə aldığından yenə müalicə alıb biraz özünə gələr. Amma o, polis əməkdaşlarının ona verdiyi narkotik vasitənin çəkisinin nə qədər olduğunu soruşmamışdır. Müstəntiq ona 6 (altı) ədəd telefon danışığının aşkar olunduğunu bildirmiş və ona söz vermişdir ki, əgər həmin danışıqlarda satış məqsədinin olması müəyyən edilməzsə, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə ittiham irəli sürüləcək. Onun telefon danışıqlarında onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç nə aşkar edilməmişdir. Buna baxmayaraq, sonda o, barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edildiyini və barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 12-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsin saxlanıldığı ərazi onun xidmət göstərdiyi ərazidir. O, səhv etmirsə, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Baş vermiş cinayət hadisəsi 2022-ci ilin 20-25 fevral ayı aralığında baş vermişdir. Təqsirləndirilən şəxslə əlaqədar olaraq 12-ci Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs oğurluqla məşğul olması barədə olmuşdur. Onlar Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlayaraq 12-ci Polis şöbəsinə aparmışlar. Orada onlar Təqsirləndirilən şəxs şəxsiyyətini bir daha dəqiqləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi ilə bağlı məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı Vahidin heç bir etirazı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa, çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının cibindən 2,5 qram miqdarda “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxararaq onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə dair protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 12-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, hazırkı məhkəmə iclasına dəvət edildiyi işlə əlaqədar olaraq baş vermiş hadisələri dəqiq olaraq xatırlamır. Ola bilər ki, o, hazırkı iş üzrə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş, lakin gün ərzində onlar bir çox əməliyyat tədbirlərində iştirak edirlər. Bu səbəbdən də o, hazırkı iş üzrə əməliyyat tədbirinin təfərrüatlarını dəqiq olaraq xatırlamır. Hazırkı iş üzrə yəqin ki, o, ibtidai istintaq zamanı müstəntiqə ifadə vermişdir. Buna görə də o, hesab edir ki, ibtidai istintaq zamanı düzgün ifadə vermişdir. Bu səbəbdən də o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid qismində dindirilməsi nəzərdə tutulmuş Şahid2 məhkəmə iclasına dəvət olunsa da, o, faktiki olaraq məhkəmə iclasında ifadə verə bilməmiş, cinayət prosesi iştirakçılarının, ələlxüsus müdafiə tərəfinin suallarına “ola bilər, yəqin ki, yadımda deyil, xatırlamıram” kimi cavablar vermişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında elan etmək, sözügedən şahiddən elan olunmuş məzmunda ibtidai istintaq zamanı ifadə verib-vermədiyini dəqiqləşdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunduqdan sonra, o, elan edilmiş məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şahid məhkəmə istintaqı zamanı ağlabatan şəkildə ifadə verə bilmədiyi və cinayət prosesi iştirakçılarının suallarına “yadımda deyil, xatırlamıram (bu qəbildən sair cavablar)” kimi cavab verdiyi halda, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məzmununu dinlədikdən sonra qeyd edilən ifadəni formal cəhətdən təsdiq etməsi, sözügedən şahidin ifadəsinin təqsirləndirilən şəxsin əleyhinə olan sübut kimi qiymətləndirilməsinə kifayət etmir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürüldüyü halda, məhkəmə ittiham tərəfinin əldə etdiyi bu sübutu (Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi) formal sübut kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-də 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılmış, onun saxlanılmasına səbəb isə polis əməkdaşlarından yayınması və nəsə gizlətməsinə cəhd etməsi olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və həmin vaxt onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffəf rəngdə sellofana bükülmüş, ümumi təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-də 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq həmin Polis şöbəsinə dəvət edilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən üzərindən 1 (bir) ədəd bükümdə 2,437 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1174 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 37-39) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 48-49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-169/2022 saylı qərarından (cild 1, iş vərəqə 66-68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,387 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 88-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 2606 nömrəli rəyindən (cild 1, iş vərəqə 128-129) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərəalaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-409/2022 saylı qərarından (cild 1, iş vərəqə 113-116) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 24 iyun 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 72-74) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş, lakin üzərində ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 133-139) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,387 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin ***-*******22 saylı cavab məktubundan (cild 1, iş vərəqə 230-231) görünür ki, vətəndaş Heydərov Ayxan fariz oğlu xx.xx.2022-ci il tarixdə, saat 14:55-də “102” xidmətinə zəng edərək işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindəki marketdə oğurluğa cəhd edən şəxsin saxlanılması barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə X3 adlı övladı doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatlarla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə heroini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi vaxtını, yerini və bu qəbildən olan sair məsələləri mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulması, araşdırma aparılması üçün onun 12-ci Polis şöbəsinə aparılması, orada onun üzərində şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 2,437 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla qismən razılaşaraq, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilmiş külli miqdarda narkotik vasitə heroin ona məxsus olmamış, o, ittiham aktında göstərilmiş vaxtda və şəraitdə deyil, əksinə Yeni Ramana qəsəbəsində fəaliyyət göstərən “Al” market mağazasından “Rexona” markalı gigiyenik vasitəni oğurlamağa cəhd edərkən mağazanın mühafizəçisi tərəfindən saxlanılmış və daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verildikdən sonra polis əməkdaşları tərəfindən tutulmuş, habelə həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı dəfələrlə vermiş olduğu ifadələrdən tamamilə fərqli məzmunda ifadə verdiyindən, başqa sözlə, irəli sürülmüş ittihamı mübahisələndirdiyindən onun ifadəsində göstərilmiş dəlillər məhkəmə tərəfindən araşdırılmışdır. Nəticədə, yəni məhkəmənin sorğusuna verilmiş cavabdan, habelə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən məlum olmuşdur ki, həqiqətən də təqsirləndirilən şəxsin iddia etdiyi - oğruluğa cəhd etməsi hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlamaqla daşıması, satışı ilə məşğul olması ilə əlaqədar əməliyyat orqanına əməliyyat məlumatının daxil olmasını təsdiq edən hər hansı bir sübut olmadığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulanadək əməliyyat orqanında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edə biləcək məlumat olmamış, həmçinin onun polis əməkdaşları tərəfindən saxlanılmasına səbəb yuxarıda göstərilən mağazada oğurluğa cəhd etmə faktı olmuş, o, məhz bu əsasla şübhəli şəxs qismində saxlanılmaqla 12-ci Polis şöbəsinə aparılmış, araşdırma ilə əlaqədar həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən külli miqdarda, yəni 2,437 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən miqdarda narkotik vasitənin ona məxsus olmamasını iddia etsə də, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında onun üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda, yəni 2,437 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi tam şəkildə təsdiq olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni 2,437 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulmasına səbəb onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar olmamışdır. Başqa sözlə, o, tutulanadək əməliyyat orqanında onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən narkotik vasitələri konkret şəxslərə satması barədə heç bir məlumat olmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan sübutlar arasında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. İş materiallarına əlavə edilmiş raportdan isə görünür ki, o, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində özünü şübhəli apardığına görə 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Qeyd edilənləri təhlil edib məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla təqsdiq olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə cinayət işinin materiallarında hər hansı sübut (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) mövcud deyil. Digər sübutlar olmadığı halda şəxsin üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni 2,437 qram çəkidə narkotik vasitə heroinin aşkarlanması isə özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 kifayət qədər ziddiyyətli ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 isə ümumiyyətlə ifadə verə və cinayət prosesi iştirakçılarının suallarına cavab verə bilməmişdir. Hazırki cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Lakin şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və həmin vasitənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Digər Şahid1 ifadəsinə gəldikdə isə məhkəmə hesab edir ki, sözügedən şahidin ifadəsi cinayət işinin materiallarına uyğun olmadığından, habelə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və həmin vasitənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut olmadığından Şahid1 ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi nəticəsinə gəlmək əsassız olmaqla yanaşı, həmçinin qanunsuzdur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan başqa, “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının qanuniliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli və “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Eyni zamanda cinayət işinin materiallarında olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərəalaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə 2,437 qram çəkidə narkotik vasitə heroini şəxsi istifadəsi üçün alması, yəni həmin çəkidə narkotik vasitənin onun bir neçə günlük istifadə dozası ola bilməsi ağlabatandır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə xx.xx.2022-ci il tarixdə onun üzərindən külli miqdarda, yəni 2,437 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək hər hansı bir sübutu əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitənin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən etmək, habelə təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, habelə o, əvvəllər də qəsdən cinayət törətdiyindən, həmin cinayətlərə görə təyin edilmiş cəzalar onu islah etməyə kifayət etmədiyindən, əksinə yenidən qəsdən cinayət törətdiyindən, bununla da cinayət törətməyə meyilli olan şəxs kimi xarakterizə olunduğundan məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə ən sərt cəza (yuxarı həddə azadlıqdan məhrum etmə cəzası) təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərəalaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,387 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,387 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1355/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1355/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver