Məhkəmə qərarları › İş №1(101)-1355/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1355/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1355/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, müdafiəçi: «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 30 avqust 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şuşa şəhəri, S.S.Axundov küçəsi ev 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintəq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib xeyli miqdarda əmlakını ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə 17 sentyabr 2023-cü il tarixdə saat 08:05 radələrində 2021-ci ildən tanıdığı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvana gələrək sonuncuya onunla söhbət etməli olduğunu deyib aldatmaqla mənzilə qanunsuz daxil olduqdan sonra üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb həmin bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bel nahiyəsinə dayayaraq həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə sakit dayanmasını tələb etmiş, mənzilin eyvanından götürdüyü kəndirlə sonuncunun əllərini bağlayaraq yataq otağına gətirdikdən sonra Zərərçəkmiş şəxs orada olan kresloya əyləşdirmiş, həmin yerdən götürdüyü fen aparatının kabelini kəsərək həmin kabellə sonuncunun qarın nahiyəsini, yapşqan lentlə ayaq və qollarını kresloya, səs-küy salmaması üçün isə ağız nahiyəsini yapşqan lentlə bağlamış, daha sonra Zərərçəkmiş şəxs mobil telefon cihazında olan Azərbaycan Beynəlxalq Bankına məxsus tətbiqdən istifadə etməklə sonuncuya məxsus bank hesabından üç dəfəyə- birinci dəfə saat 08:38-də 3000 manat, ikinci dəfə saat 08:40-da 3000 manat və üçüncü dəfə saat 08:41-də 2000 manat olmaqla ümumilikdə 8000 manat pulu istifadəsində olan Leo banka aid **********308446 nömrəli kart hesabına köçürmüş, daha sonra mənzilin digər yataq otağındakı paltar dolabında olan pencəyin cibindən 3000 manat nağd pul, bir ədədinin dəyəri 75 manat olan iki ədəd kişi köynəyi və qonaq otağında olan şalvarın cibindən 600 manat nağd pulu götürüb hadisə yerindən gedərək Zərərçəkmiş şəxs məxsus cəmi 11750 manat, yəni xeyli miqdarda əmlakı ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, təxminən 2021-ci ildə Zərərçəkmiş şəxs onun bacısı Ceyran Məmmədovaya boşanması ilə bağlı olaraq məhkəmədə hüquqi yardım göstərmişdir. Həmin işlə bağlı olaraq əvvəllər sonuncunun yaşadığı ünvan 2 ünvanda 2-3 dəfə olmuşdur. Onun şəxsi işlərilə əlaqədar olaraq müxtəlif şəxslərə borcları yaranmış və həmin borclar onu sıxdığından qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evə gedərək sonuncudan həmin məbləği alsın. Hadisə zərərçəkmiş şəxsin dediyi kimi deyildir. Ona ibtidai araşdırma orqanı tərəfindən psixoloji təzyiqlər olmuşdur. O, Zərərçəkmiş şəxs ünvanını, yaşadığı binanı və mənzilini dəqiq bilirdi. Mühafizəyə bildirmişdir ki, Mayis müəllim onu gözləyir, yanına qalxmalıdır. Mühafizəçi Mayis müəllimə bir neçə dəfə zəng etsə də sonuncu zəngə cavab vermədiyi üçün mühafizəçi onunla birlikdə Mayis müəllimin yaşadığı mənzilin qarşısına kimi gəlmiş, qapını döymüş, Mayis müəllim qapını açdıqda onu görüb tanımış və mənzilə dəvət etmişdir. Mühafizəçi isə çıxıb getmişdir. Mayis müəllimə bildirmişdir ki, adam öldürmüşdür, ona pul lazımdır ki, ölkəni tərk etsin. Lakin Mayis müəllimə deməmişdir ki, bacısını öldürmüşdür. Zərərçəkmiş şəxs ona kömək etmək məqsədilə kartından kartına 6.000 manat pul köçürmüş, 2.000 manat pulu isə nağd vermişdir. Həmin puldan 300 manatı o, Mayis müəllimin özünə qaytarıb vermişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, onu stula bağlayacaqdır ki, rahat çıxıb getsin. Mayis müəllimi stula bağladıqdan sonra onun telefonunu götürmüş və telefonda olan adlardan hansına zəng edib Mayisə kömək etməsini bildirməsini soruşmuşdur. Zərərçəkmiş şəxs ona 2 ad bildirmiş və o, mənzilin qapısını bağlamadan çıxıb getmişdir. Kartına köçürülmüş 6.000 manatı təxminən bir saat ərzində çıxara bilmiş və borclarının bir hissəsini həmin pulun vasitəsilə ödəmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs vurduğu zərəri ödəmək fikrindədir. Məhkəmədən ona bunun üçün qısa müddət verilməsini xahiş edir. Bildirir ki, onda bıçaq olmamış, bıçaqla Zərərçəkmiş şəxs hədələməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ceyhunun bacısının bir neçə il bundan əvvəl ailə məsələsini, yəni boşanma işində hüquqşünas kimi iştirak etmişdir. Elə o zaman Təqsirləndirilən şəxs tanımışdır. Yaşadığı ünvanda birinci mərtəbədə ofisi yerləşir, yuxarı mərtəbədə isə yaşayış mənzili olmaqla həmin mənzildə yaşayır. 17 sentyabr 2023-cü il tarixdə təxminən saat 08:05 radələrində yaşadığı mənzilin qapısının zəngi çalınmış, qapının gözlüyündən baxanda yaşadığı binanın mühafizəçisini və yanında bir şəxsin olduğunu görüb qapını açmış və mühafizəçi ona bildirmişdir ki, yanındakı şəxs deyir ki, Mayıs müəllim özü onu yanına çağırmışdır. Diqqətlə həmin şəxsə baxdıqda onun Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Sadəcə Ceyhun çox pis halda olmuş, ona görə onu dərhal tanıya bilməmişdir. Ceyhunu tanıdıqda ona “Ceyhun, sənsən?” deyərək içəri dəvət etmişdir. Mühafizəçi isə çıxıb getmişdir. Ceyhun evin dəhlizində ondan evdə kimlərin olduğunu soruşmuş, o, da evdə tək olduğunu bildirmişdir. Ceyhun cibindən qara rəngli bıçağı çıxarıb onun boğazına tutaraq demişdir ki, guya bacısını öldürmüş, xaricə getməlidir və bunun üçün ona 10.000 manat pul lazımdır. O isə Ceyhuna bildirmişdir ki, pulu bank kartındadır, oradan çıxarıb onun kartına ata bilər. Bunu ona görə demişdir ki, Ceyhunun çox aqressiv olmasını, ona xəsarət yetirə biləcəyini görmüşdür. Ceyhun onu mətbəxə apararaq bir kresloya əyləşdirmiş, pəncərədən kəsdiyi iplə onun əllərini bağlamış, “siz yaxşı adamsız, sizi öldürmək istəmirəm” deyərək kamotdan saç fenini götürüb naqilini kəsərək qarın və sinə nahiyyəsindən kresloya bağlamışdır. Ceyhun digər otaqlardan ip taparaq onun qollarından kresloya bağlamışdır. Yapışqan lentlə (skoç) isə ayaqlarını kresloya bağlamışdır. Ceyhun ondan telefonunun kodunu alıb açaraq telefonunda olan ona məxsus “Beynəlxalq Bank”a aid kartından öz kartına üç dəfəyə 3000 manat, 3000 manat və 2000 manat olmaqla ümumilikdə 8000 manat pul köçürmüşdür. Bundan sonra Ceyhun digər otağa keçərək cins şalvarının cibində olan təxminən 600 manat pulu götürüb ondan geyim paltarlarının harada olduğunu soruşmuş və bir neçə paltar götürəcəyini bildirərək xaricə getmək üçün geyinəcəyini demişdir. Ceyhun evi tərk etməmişdən qabaq ondan iki mobil nömrə istəmiş və bildirmişdir ki, getdikdən yarım saat sonra həmin nömrələrə zəng vuraraq onun əl-qolunu açmaqla bağlı məlumat verəcəkdir. Ceyhun onun olduğu otağın qapısını bağlamazdan qabaq Ülvi və Ceyhun adlı tanışlarının nömrələrini sonuncuya verdi. Bundan sonra Ceyhun qapını bayır tərəfdən açarla bağlayıb çıxmışdır. Çıxanda ona bildirmişdir ki, evin çöl qapısını bağlamayacaqdır. Ceyhun evi tərk etdikdən sonra o, zorla da olsa, əl-qolunu açıb pəncərədən boylanıb binanın qarşısı ilə gedən bir qadına xahiş etmişdir ki, o, binanın mühafizəçisini köməyə çağırsın. Mühafizəçi onun yaşadığı 11-ci mərtəbəyə qalxaraq qapını açıb ona kömək etmişdir. Təqsirləndirilən şəxs məni bıçaqla hədələyən zaman onun kartından öz kartına 8000 manat pul köçürmüş, bundan sonra Ceyhun digər otağa keçərək cins şalvarının cibində olan təxminən 600 manat pulu və dolabdan asılmış kostyumunun cibindən isə 3000 manat pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 122 saylı binada mühafizəçi işləyir. İş otağı binanın birinci mərtəbəsində yerləşir. 17 sentyabr 2023-cü il tarixdə o, mühafizəçisi işlədiyi iş yerində olduğu zaman iş otağına hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs yaxınlaşaraq həmin binada yaşayan Mayis müəllimin onu gözlədiyini bildirmiş və ondan onu Mayis müəllimin yaşadığı mənzilə getməyə köməklik etməsini xahiş etmişdir. O da buna etiraz etməyərək Təqsirləndirilən şəxsla birlikdə binanın 11-ci mərtəbəsində yerləşən 70/71 saylı mənzilin qarşısına qalxaraq qapını döymüş, mənzilin qapısını açan Mayis müəllimin onun yanında olan şəxsi görüb “Ceyhun sənsən?” deyərək Təqsirləndirilən şəxs mənzilə dəvət etmişdir. Bunu gördükdə başa düşmüşdür ki, Mayis müəllim Təqsirləndirilən şəxs tanıyır, hər hansı bir təhlükə yoxdur və bu səbəbdən liftə minərək aşağı enmişdir. Təxminən 1 saat keçdikdən sonra mühafizə otağına bir nəfər qadın yaxınlaşaraq demişdir ki, Mayis müəllim onu çağırır. O, Mayis müəllimin yaşadığı mənzilə qalxaraq qapını döymüş, Mayis müəllimin boğunuq səslərini eşidərək qapını itələmiş, qapı açıq olduğu üçün mənzilə daxil olmuş, Mayis müəllimin olduğu otağın qapısını üzərində olan açarla açmış,görmüşdür ki, Mayis müəllim əliqolu bağlı halda yellənən kresloya bağlanmışdır. Həmin zaman Mayis müəllim Ceyhunun bıçaqla onu hədələyərək onun əl-qolunu bağlayaraq pullarını götürüb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs binadan çıxmasını görməmiş, sonuncu hadisə günü onun yanına gələrkən Ceyhunun əlində və ya üzərində gözlə görünən yerdə heç bir bıçaq görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, təxminən 2023-cü ilin yay aylarında Mayis müəllimi vəkil kimi tanımış, sonuncu əmlak bölgüsü ilə bağlı ona kömək edəcəkmiş. 16 sentyabr 2023-cü il tarixdə Mayis müəllimlə telefon əlaqəsi yaradan zaman sonuncu növbəti gün səhər saatlarında evə gəlməsini dediyindən, 17 sentyabr 2023-cü il tarixdə səhər təxminən 08-09 radələrində Mayis müəllimin yaşadığı evə getmiş, qapını döymüş, lakin açan olmamış, bundan sonra evə qayıtmışdır. Həmin günü təxminən saat 11:30 radələrində Mayis müəllim ona zəng vuraraq evinə gələn bir nəfər şəxsin ona qarşı quldurluq etdiyini və həmin şəxsin ona zəng edibetmədiyini soruşmuş, o, isə sonuncuya onun telefonuna heç kimin zəng vurmamasını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Mayis müəllimi təxminən 2021-ci ildən tanıyır, sonuncu onun boşanma işində köməklik edərək hüquqi yardım göstərmişdir. Qardaşı Ceyhunun törətmiş olduğu quldurluq hadisəsi barədə polis əməkdaşları tərəfindən anasına zəng vurularaq məlumat verildikdən sonra xəbəri olmuşdur. O, özünə məxsus bank kartını oğlu X5 adına kəsilmiş alimentin alınması üçün istifadə edir. Həmin karta qardaşı Ceyhunun pul göndərməsindən xəbəri olmamışdır. Ümumiyyətlə bank kartından istifadə etimək qaydasını bacarmır və kartdan pul çıxararkən kənar şəxslərin köməyindən istifadə edir. 2023-cü ilin sentyabr ayında qardaşı Ceyhun onun telefonuna zəng vuraraq kartına pul atmasını və həmin pulu deyəcəyi digər karta köçürməsini bildirmiş, lakin onun başı çıxmadığından o, oğlu Səfərin köməkliyi ilə məbləği yadında qalmayan məbləğdə pulu Ceyhunun dediyi karta köçürmüşdür. Təxminən sentyabr ayının 24-25-də polis əməkdaşları ona zəng vuraraq qardaşı Ceyhunun Mayis müəllimə qardaşı törətdiyi quldurluq hadisəsi ilə əlaqədar tutulduğunu bildirmişlər. O, sonradan bilmişdir ki, qardaşı Ceyhunun onun kartına atmış olduğu pul Mayis müəllimdən cinayət yolu ilə aldığı pul olmuşdur. Həmin puldan ona, anasına və ya oğluna bir manat olsun belə xərclənməmişdir. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri Kristal Abşeron Y/K blok 2 mənzil 70/71-də yaşayan Zərərçəkmiş şəxs DİN 102 Xidmətinə zəng edərək tanıdığı Ceyhun adlı şəxsin evinə gələrək onu bıçaqla hədələyərək bank kartında olan 8000 manat pulu öz kartına yönləndirərək uzaqlaşmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində saat 08.20 radələrində əvvəllər boşanmaqla bağlı bacısı üçün ərizə yazdığı Ceyhun adlı şəxs onun ünvanına gələrək onu bıçaqla hədələyib əl-qolunu və ağzını bağlayaraq evdə olan təxminən 3 min manata nəğd və istifadə etdiyi ABB kartında olan 8 min manat pulu öz hesabına köçürərək onu həmin vəziyyətdə qoyub getmişdir. Xahiş etmişdir ki, ona qarşı quldurluq etmiş şəxsi tapıb qanuni tədbir görülsün. Məhkəmədə elan edilib araşdırılmış 24 sentyabr 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 25 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.4-cü maddələrindən həmin Məcəllənin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilməklə o bu maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarixdə barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış aralarında keçirilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 sentyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəroi, Yasamal rayonu, Şərifzadə küçəsi 122 saylı evin 70/71 saylı mənzildir. Baxış zamanı hadisə yerindən bir ədəd bıçaq, kəndir kəsiyi, yapışqanlı lent kəsiyi, saç qurudan aparatın kəsilmiş kabeli, əlbarmaq izləri götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “Azərbaycan Beynəlxalq Bankı”nın 6-2-41/2- 30340/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub və əlavə edilmiş siyahıdan görünür ki, xx.xx.2023-cü il tarixdə “ABB Mobile” mobil tətbiqi ilə Zərərçəkmiş şəxs adına olan 4105-1104- 1299-7366 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə saat 08:38:11-də 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 08:40:14-də 3000 manat və xx.xx.2023-cü il tarixdə saat 08:41:11-də 2000 manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-yə məxsus 4098-5844-7830- 8446 saylı plastik karta köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" ASC-nin HTİD-OUT-03114- 2023 nömrəli xx.xx.2023-cü il tarixli müşaiyət məktubu və əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, məktubda Yasamal rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 5(004)-1008/2023 saylı qərarında qeyd edilmiş 4098 **** **** 8446 nömrəli kartın bütün rəqəmləri qeyd olunmadığı üçün məhkəmə qərarı ilə tələb olunan məlumatların təqdim edilməsi mümkün olmamış, 4098 **** **** 5314 nömrəli kart üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış əməliyyat barədə məlumatlar isə disk daşıyıcısında təqdim edilməsi qeyd edilmişdir. Təqdim edilmiş CD diskə baxış keçirilərkən isə diskdə “5314” adlı “exel” səhifəsinin olması həmin səhifədə isə 4098 **** **** 5314 nömrəli kartın X4 aid olmasına dair məlumatların qeyd edilməsi, kart ilə aparılmış əməliyyatlar barədə heç bir məlumat olmaması öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1651 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən 01 bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəlişlər edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2890 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış 21 sentyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233, 34.2,315-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2, 69.3 və 70-ci maddələri tətbiq edilməklə 03 il sınaq müddəti təyin edilməklə 03 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «toplanmış sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, bir ədəd bıçaq, kəndir qırığı, yapışqanlı lent kəsiyi, saç qurudan aparatın kəsilmiş kabeli, hadisə yerindən götürülmüş əl-barmaq izləri, bir ədəd "xxxx" ASC-ə aid disk maddi sübut kimi tanınaraq, bir ədəd bıçaq, kəndir kəsiyi, yapışqanlı lent kəsiyi, saç qurudan aparatın kəsilmiş kabeli, əl-barmaq izləri Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233, 34.2,315-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2, 69.3 və 70-ci maddələrini tətbiq etməklə 03 il sünaq müddəti təyin edilməklə 03 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə vasitəsilə məhkəməyə təqdim etdiyi ərizələrdən müəyyən olunur ki, təqsirləndirlən şəxsdən vurulmuş maddi zərərlə bağlı heç bir tələbi yoxdur, onu bağışlamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkumetməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulan qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 71-ci maddəsinin məzmunundan görünür ki, Cinayət Məcəlləsi şərti məhkum edilmiş şəxsin yalnız sınaq müddəti ərzində cinayət törətdiyi halda şərti məhkum etmənin ləğv edilməsini nəzərdə tutur. Belə ki, Təqsirləndirilən şəxs hal-hazırda ittiham edildiyi cinayət əməllərini xx.xx.2023-ci ildə, yəni Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il sınaq müddəti ərzində törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs sınaq müddəti başa çatmadan, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-116/2021 saylı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 03 (üç) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 24 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 46-cı vərəqəsində olan 24 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-cü cild 84-85-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(004)-726/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 sentyabr 2023-cü ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlarının saxlanc kamerasına verilmiş bir ədəd bıçaq, kəndir kəsiyi, yapışqanlı lent kəsiyi, saç qurudan aparatın kabeli, əl-barmaq izləri məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 01 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs ogluna qəti olaraq 10 (on) il müddətə azdlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “24” sentyabr 2023-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, kəndir kəsiyi, yapışqanlı lent kəsiyi, saç qurudan aparatın kəsilmiş kabeli, əl-barmaq izləri məhv edilsin. İş üzrə ekspertiza xərci 64 manat manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar