Məhkəmə qərarları › İş №1(101)-1359/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1359/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1359/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 13 iyun 2023-cü il tarixdə saat 06:35 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan X5 adına olan, etibarnamə ilə bibisi oğlu Zərərçəkmiş şəxs idarə etmiş olduğu texniki cəhəddən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Lökbatan-Xocasən ikitərəfli yolunun «Meyvəli bazar» istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürət həddini aşaraq 100 k/m saat sürətlə yolun sağ tərəfində yeni tikili obyektlər olan sıra 1, korpus 16, mağaza 19 - «X8» obyektinin qarşı istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verildiyi halda, 36-cı maddənin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməmiş, eyni hərəkət istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ-21703” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili sağdan ötmə əməliyyatı edib hərəkət hissədən yolun sağ kənarında olan, yol sayılmayan köbə daşları üzərinə çıxdıqda avtomobil sürüşüb yan alaraq sağ yan hissəsi ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 etibarnamə ilə idarə etmiş olduğu “Opel Zafira” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, həmin zaman zərbədən əks təsir alan “Hyundai Sonata” markalı avtomobilin arxa sol yan hissəsi ilə yolu ilə hərəkətdə olan “VAZ-21703” markalı avtomobilin qarşı sağ yan hissəsi ilə toqquşması nəticəsində “Hyundai Sonata” markalı avtomobilin salonunda arxa oturacağında sağ tərəfdə olan sərnişin Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah nahiyəsinin yumşaq toxumalarının və sağ gicgah əzələsinin əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ said nahiyəsinin sıyrıqından ibarət, canlı şəxslərdə dərəcələrinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri alması ilə nəticələnən yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxs doğma bibisi oğludur. Sürücülük vəsiqəsi olmasa da avtomobil idarə edə bilir. Buna görə də Zaur avtomobilini özünün iştirakı ilə idarə etmək üçün ona vermişdir. 13 iyun 2024-cü ildə saat 06:35 radələrində Zaurun “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lökbatan-Xocəsən yolunun “Meyvəli bazar” istiqaelmətində təxminən 100 k/m saat sürətlə hərəkətdə olmuşlar. Qarşısında eyni istiqamətdə eyni sürətdə hərəkət edən “Priora VAZ-21703” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məlum olmayan avtomobilin sağından keçmişdir. Həmin vaxt sürəti yüksək olmuş, “Priora”nın solunda hərəkətdə olan avtomobil olduğundan soldan ötmə əməliyyatı etmək üçün imkanı olmamış, həmin “Priora”nı sağdan ötmə əməliyyatı etmiş və artıq idarə etdiyi avtomobil yolun sağ hərəkət hissəsindən çıxmışdır. Həmin vaxt qarşıda hərəkət istiqamətində yolun kənarında dayanmış vəziyyətdə “Opel” markalı avtomobili görmüş, həmin maşını vurmamaq üçün sükanı sola çevirmişdir. Bu zaman idarə etdiyi avtomobil yanakı sürüşərək sağ yan hissəsi ilə dayanmış həmin “Opel” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Zərbədən əks təsir alan idarə etdiyi avtomobil sol tərəfə yəni “Priora” tərəfə yönələrək idarə etdiyi avtomobilin sol yan arxa tərəfi ilə, ötmə əməliyyatı etdiyi “Priora VAZ-21703” markalı avtomobilin qarşı sağ yan hissəsi ilə toqquşub idarə etməni itirmişdir. İdarə etdiyi avtomobil fırlana-fırlana gedib qarşıda yolun sağ kənarında dayanmışdır. O və sağda yanında əyləşən tanışı Şahid3 avtomobildən salamat çıxsalar da, arxa oturacaqda yatmış vəziyyətdə olan bibisi oğlunun başından qan axdığını və hərəkətsiz vəziyyətdə oluğunu görüb öldüyünü başa düşmüşlər. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım ilə Zauru Məhkəmə Tibbi Ekspertizasına müayinəyə aparmışlar. O da Tuncayla həmin yerə getmişdir. Məhkəmədən ona cəza təyin edərkən bu qəzanı ehtiyatsızlıqdan törətməsinin, əməlindən səmimi peşman olmasının, hüquqi varis olan bibisinin onu bağışlamasının və barışmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs doğma oğludur. 13 iyun 2023-cü ildə səhər saatlarında Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı, yəni qardaşı oğlu Haqverdi tərəfindən Zaura məxsus “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən baş vermiş toqquşma zamanı avtosalonda arxa oturacaqda olan oğlu Zaurun öldüyü barədə məlumat vermişlər. Oğlu Zaurun meyiti tibbi ekspertizada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və onu Qaradağ rayonu, Lökbatan qəsəbəsində qəbiristanlıqda dəfn etmişlər. Qardaşı oğlu Təqsirləndirilən şəxs bağışlayır, tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 13 iyun 2023-cü il tarixdə gecə saat 03 radələrində uzaq qohumu X2 idarə etdiyi “Opel Zafira” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lökbatan-Xocəsən yolunun Heybət yolunda “Meyvəli bazar” istiqamətdə hərəkətdə olarkən avtomobilin sağ arxa təkəri boşalmış, Azər də idarə etdiyi avtomobili yolun sağ tərəfində yeni tikili obyektlər olan «X8» obyektinin qarşı istiqamətində həmin obyektlərə olan döngədə yolun sağ tərəfində dayandırmışdır. Avtomobildə ehtiyat təkər və qaldırıcı olmadığından Azər “20 Yanvar” tərəfə getmişdir. O isə avtomobildə arxa oturacaqda uzanaraq yatmış vəziyyətdə olmuşdur. Səhər saat 06:30 radələrində qəflətən avtomobilə arxa tərəfdən zərbə dəymişdir. Zərbədən qarşı oturacaqlara çırpılmışdır. Avtomobildən çölə çıxarkən olduğu avtomobilin arxa sol tərəfinin əzildiyini, “Meyvəli bazar” istiqamətində təxminən 100-150 metr irəlidə qara rəngli “Hyundai” və ağ rəngli “Priora” markalı avtomobillərin yolun sağ kənarında qəzalı vəziyyətdə olduğunu görmüşdür. Bədən xəsarəti aldığı üçün həmin avtomobillərə yaxınlaşa bilməmiş və yerdə oturmaq məcburiyyətində qalmışdır. Həmin vaxt Azər gəlib ona yardım etmiş, “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə gələn X10 əməkdaşları yardım edərək onu X11 aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 13 iyun 2023-cü il tarixdə saat 06:35 radələrində “VAZ-21703” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lökbatan-Xocəsən yolunun Heybət yolunda “Meyvəli bazar” istiqamətində təxminən 80-90 k/m saat sürətlə yolun sağ hissəsi ilə hərəkətdə olmaqla xidməti iş yerinə getmişdir. Yolun sağ tərəfində yeni tikili obyektlər olan «X8» obyektinin qarşı istiqamətində həmin obyektlərə olan döngədə yolun sağ tərəfində “Opel” markalı avtomobil dayanmışdır. Həmin vaxt qara rəngli “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobili sağdan ötmə əməliyyatı etməyə başlamış, ani anda həmin avtomobil sağ yan hissəsi ilə qarşı istiqamətində olan “Opel” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, daha sonra zərbədən əks təsir alaraq hərəkət istiqamətinə tərəf yönələrək həmin avtomobil arxa sol yan hissəsi ilə idarə etdiyi avtomobilin qarşı sağ yan hissəsi ilə toqquşmuşdur. O, zərbədən idarə etməni itirmiş, avtomobillər fırlanaraq qarşıda yolun sağ tərəfində dayanmışlar. O, avtomobildən yerə düşərək qəzaya uğramış “Hyundai Sonata” markalı avtomobilə yaxınlaşmışdır. Avtomobilin sürücüsü və yanında əyləşən cavan oğlan avtomobildən çölə çıxmışlar. Arxa oturacaqda baş nahiyyəsindən qan axan hərəkətsiz vəziyyətdə başqa bir cavan oğlan görmüşdür. Həmin vaxt ora yoldan keçən tanımadığı avtomobillərin sürücüləri yığışmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06:35 radələrində Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs texniki cəhətdən saz olan idarə etdiyi “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan- Xocəsən yolunun Heybət yolunda “Meyvəli bazar” istiqamətdə təxminən 100 k/m saat sürətlə hərəkətdə imişlər. O, qarşı sağ oturacaqda sərnişin kimi əyləşmiş, Zaur isə arxa oturacaqda uzanmış vəziyyətdə yatmışdır. Yəni baş nahiyyəsi sağ tərəfə, ayaqları sol tərəfə istiqamətlənmişdir. Qarşı istiqamətlərində hərəkət edən “Priora VAZ-21703” markalı **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məlum olmayan avtomobilin sağından keçmişdir. Həmin zaman sərnişin olduğu avtomobilin sürəti yüksək olduğundan Haqverdi həmin “Priora”nı sağdan ötmə əməliyyatı etmişdir. Artıq Haqverdinin idarə etdyi avtomobil yolun hərəkət hissəsindən çıxmışdır. Bu zaman qarşıda hərəkət istiqamətlərində yolun kənarında dayanmış vəziyyətdə “Opel” markalı avtomobili görmüşlər. Haqverdi onu vurmamaq üçün sükanı sola çevirmişdir. Bu zaman Haqverdinin idarə etdiyi avtomobil yanakı sürüşərək sağ yan hissəsi ilə dayanmış həmin “Opel” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Zərbədən avtomobil əks təsir alaraq sol tərəfə yəni “Prior”a tərəfə yönələrək sol yan arxa tərəfi ilə “Priora” yəni VAZ-21703 markalı avtomobilin qarşı sağ yan hissəsi ilə toqquşmuşdur. Avtomobillər idarə etməni itirmişdir. Avtomobillər fırlana-fırlana gedib qarşıda yolun sağ kənarında dayanmışlar. O və sürücü Haqverdi salamat avtomobildən çıxsalar da, arxa oturacaqda yatmış vəzəiyyətdə olan Zaurun başından qan axmasını, hərəkətsiz vəziyyətdə olmasını görüb öldüyünü başa düşmüşlər. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım ölən Zauru Məhkəmə Tibbi Ekspertizasına müayinəyə aparmışlar. O da Haqverdi ilə həmin yerə getmişlər (cild 1, iş vərəqə 32-33). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 173-174). Baxış keçirilməsi haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Lökbatan-Xocasən ikitərəfli yolunun «Meyvəli bazar» istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində yeni tikili obyektlər olan sıra 1, korpus 16, mağaza 19 «X8» obyektinin qarşı istiqamətində eyni hərəkət istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan “VAZ-21703” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili sağdan ötmə əməliyyatı edərkən sağ yan hissəsi ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Opel Zafira” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə, avtomobilin arxa sol qapı və qanad hissəsi ilə “VAZ-21703” markalı avtomobilin qarşı sağ qapı və qanad hissəsi ilə toqquşması nəticəsində “Hyundai Sonata” markalı avtomobilin salonunda arxa oturacağında olan sərnişin Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 3-18). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılmaı haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Opel Zafira” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti sazdır, avtomobilin arxa sol künc hissəsindən zərbə başlayaraq yayılmışdır. Belə ki, avtomobilin sol qanad, arxa sol qapısı, arxa yük örtüyü (kapot) zədələnərək yararsız vəziyyətə düşmüşdür. Arxa sol təkər oxundan sınaraq ayrılmış, sol arxa qapının şüşəsi, yük örtüyünün şüşəsi sınmış, sağ qabaq və arxa təkərlərin havası boşalmış vəziyyətdədir (cild 1, iş vərəqə 19). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılmaı haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilin texniki vəziyyəti sazdır, sağ qarşı və arxa qapıları, sağ arxa qanadı zədəli olmaqla qapıların üzlükləri sıyrılaraq soyulmuş, həmin qapıların şüşələri sınmış vəziyyətdədir. Arxa sağ təkər oxundan qırılmış aralı vəziyyətdədir. Arxa şüşə sınmış vəziyyətdə olmaqla arxa bufer yerində yoxdur. Arxa sol qanad zədəli, arxa sol qapının dəstəyi sınmış, dəstəyin ətrafında isə ağ sıyrıntılar vardır. Arxa sol təkəri boş olmaqla şini diskindən aralı, həmin disk zədəli, alın şüşənin sağ yarısı çatlarla dolu sınmış vəziyyətdədir (cild 1, iş vərəqə 20). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılmaı haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “VAZ-21703” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti sazdır, avtomobilin sağ qarşı qanadı, sağ qarşı qapısı zədəli olmaqla qapının şüşəsi sınmış vəziyyətdədir. Qarşı sağ təkərin şini diskindən ayrılmış vəziyyətdədir, qeyd olunan zədəli sağ qarşı qanad ilə sağ qarşı qapının aşağı hissəsində təkər boyu hündürlüyündə şindən qalma dairəvi sıyrıntı avtomobilin boyasını sıyırıb aparmışdır. Sağ arxa qapının aşağı hissəsində əziksiz qara sıyrıntı vardır. Qarşı sağ qapı üzərində olan sağ güzgü də sınmış vəziyyətdədir (cild 1, iş vərəqə 21). Müşahidə kamerasına baxış keçirmə və götürmə haqqında 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 13 iyun 2023-cü ildə saat 06:28:46-da mağazanın qarşısında olan sol cinahı çəkən 11-ci kameranın görüntüsünə baxdıqda “Meyvəli bazar” istiqamətində olan yolda hərəkətdə olan görüntü uzaq məsafədən olduğu üçün markası bilinməyən sedan avtomobili sağından ağ “Priora” markalı avtomobil keçən zaman “Priora”nın arxasıyca eyni istiqamətdə hərəkətdə olan qara rəngli “Hyundai Sonata” markalı avtomobil sağ tərəfdən yoldan köbə daşlar üzərinə çıxaraq “Priora”nı sağdan ötmə əməliyyatı edərək toz-torpaq qalxır və avtomobillər kamera görüntüsündən çıxırlar. 13 iyun 2023-cü ildə saat 06:28:48-də mağazanın qarşısında olan sağ cinahı çəkən 15-ci kameranın görüntüsünə baxdıqda müəyyən olunmuşdur ki, “Meyvəli bazar” istiqamətində olan yolda hərəkətdə olan qara “Hyundai Sonata” markalı avtomobilin arxa sol yan tərəfinin ağ “Priora” markalı avtomobilin qarşı sağ yan tərəfi ilə toqquşması, daha sonra avtomobillər idarə etməni itirərək sağ istiqamətdə fırlana-fırlana yolun sağında olan köbə daşları üzərinə çıxıb qarşıda dayanırlar. Bundan sonra ətrafda olan avtomobillərin sürücüləri qəzaya uğramış avtomobilə yaxınlaşırlar. Müşahidə kamerasında görüntü uzaqdan olduğu üçün kameranın meqapikseli avtomobillərin dövlət qeydiyyat nişanını, “Priora” sağından keçən avtomobilin markasını, dövlət qeydiyyat nişanını, insanların sifətlərini müəyyən etmək olmadı. Toqquşma yeri obyektin qarşı tərəfində olduğu üçün müşahidə kamerasına düşməmişdir (cild 1, iş vərəqə 156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 21 iyun 2023-cü il tarixli 2-13-13/-2-81078/2023 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild 1, iş vərəqə 160). DVD diskə baxış keçirmə haqqında 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki, TŞ11-026 3 müşahidə kamerasının görüntüsündə xx.xx.2023-cü il saat 06:29-da Qobu yolu ilə hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ-21703 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil Lökbatan qəsəbəsi, “28 May” küçəsi ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Lökbatanın çıxışına doğru dairədə rastlaşırlar və hər iki avtomobil qəsəbədən çıxışa doğru hərəkət edirlər. Bundan 1 dəqiqə sonra TŞ11-044 3 müşahidə kamerasının görüntüsündə xx.xx.2023-cü il saat 06:30-da hər iki avtomobil Lökbatan qəsəbəsi ərazisindən keçən Lökbatan-Xocasən yoluna çıxmaq üçün dairəyə daxil olmaqla “VAZ-21703” markalı **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobil soldan ötmə əməliyyatı edərək «Meyvəli bazar» istiqamətində hərəkətini davam edir. “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobildə həmin istiqamətdə “VAZ-21703” markalı avtomobilin arxa tuşu ilə hərəkətini davam edir. Bir müddətdən sonra avtomobillər gözdən itirlər. YNH-nin baş verdiyi yer həmin görüntüdən uzaq məsafə yerləşdiyi üçün müşahidə kamerasına düşməmişdir (cild 1, iş vərəqə 162). Məhkəmə-tibbi ekspertizasının 13 iyun 2023-cü il tarixli 42 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah nahiyəsinin yumşaq toxumalarının və sağ gicgah əzələsinin əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ said nahiyəsinin sıyrığı. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə bir başa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın sağ gicgah nahiyəsinin yumşaq toxumalarının və sağ gicgah əzələsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-ci il tarixdə saat 09:10-da başlamışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqə 185-189). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 dekabr 2023-cü il tarixli 8/3530 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Hyundai Sonata” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı avtomobili sürücülük vəsiqəsi olmdan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21703” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur (cild 1, iş vərəqə 243-426). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 22 iyun 2023-cü il tarixli, 8682 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 11). Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində mənzil kommunal istismar sahəsinə heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 14). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 12). Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə notarial qaydada təsdiq olunmuş 01 mart 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs bağışladığını və onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 15 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 68, 145-146). Ona görə də məhkəmə göstərilənləri də nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək tutulduğu 02 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 341 (üç yüz qırx bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 167, 207, 242, cild 2, iş vərəqə 65). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 341 (üç yüz qırx bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar