Məhkəmə qərarları › İş №1(101)-136/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-136/2020

21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-136/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, anlaqsız Zərərçəkmiş şəxs Fərəqət oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili x5 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, üzümçülük sovxozunda qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 yanvar 2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən «Çahargah» istirahət mərkəzində Zərərçəkmiş şəxs Fərəqət oğlu ilə aralarında yaranmış mübahisəni cüzi bəhanə kimi istifadə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs Fərəqət oğlunu yumruq və təpiklə başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq sonuncuya sağ üst göz qapağının əzilmiş yarası, hər iki göz ətrafı nahiyəsinin qançırları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, sol almacıq sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və başbeynin ağır dərəcəli əzilməsi, ənsə sümüyünün sınığı, pnevmosefaliya ilə müşayiət olunan alın sümüyünün sınığı ilə nəticələnən yetirildiyi anda Zərərçəkmiş şəxs Fərəqət oğlunun həyatı üçün təhlükəli və psixi pozuntusuna səbəb olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 yanvar 2019-cu il tarixdə saat 2 radələrində Cahargah istirahət mərkəzində kənddən tanıdığı Zərərçəkmiş şəxs Fərəqət oğlunu həmin istirahət mərkəzinin həyətində içkili vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı Müstəqil özünü pis hiss etmiş və o, içəriyə keçərək az miqdarda pivə içmişdir. Bundan sonra o, siqaret çəkmək üçün restorandan çölə çıxmış, Müstəqilin qan içində restoranın qarşısındakı kolidorda özündən getmiş vəziyyətdə uzandığını görmüşdür. Sonra o, öyrənmişdir ki, Müstəqil tanımadığı şəxslər tərəfindən döyülmüşdür. O, Müstəqilin şok keçirdiyini görüb dərhal Müstəqilə yaxınlaşaraq, sifətinə 2-3 dəfə sillə vuraraq onu ayıltmaq istəmişdir. Cahargah istirahət mərkəzində və ondan əvvəldə onunla Müstəqil arasında heç bir mübahisə və dava-dalaş olmamışdır. O, Zərərçəkmiş şəxs gördükdə artıq ona qədər onun döyüldüyünü bilmiş, o, Müstəqili döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs Fərəqət oğlunun qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, 28 yanvar 2019-cu il tarixdə oğlu Qulu Nəbiyev ona oğlu Müstəqilin yıxılmasını və vəziyyətinin yaxşı olmadığını demişdir. O, Türkan qəsəbəsinin üzümçülük sovxozunda yol qırağında Türkan sovxozunda yaşayan İkramın tikinti məhsulları satılan obyektində Müstəqilin üst-başının qanlı halda olduğunu görmüşdür. Oğlu Müstəqili o, evə aparmış, evdə Müstəqilin vəziyyətinin yaxşı olmadığını görüb təcili tibbi yardım çağırmış və oğlu Müstəqili 3 saylı şəhər Kliniki Xəstəxanasına aparmışdır. Bundan sonra ona məlum olmuşdur ki, oğlu Müstəqil yıxılmayıb, onu istirahət mərkəzində Təqsirləndirilən şəxs və Orxan Qurbanov döymüşlər. O, Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya çatdıqdan bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər. x13 Bəndəliyev və Orxan Qurbanov tərəfindən döyüldüyü həmin hadisə zamanı ağır dərəcəli bədən xəsarətləri almış, onun baş nahiyəsində çox sayda xəsarətlər olmuşdur. Oğlu Müstəqil uzun müddət xəstəxanada müalicə olunmasına baxmayaraq onun psixi durumunda problemlər yaranmış, bu səbəbdən də onu Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına aparmışdır. Orada oğlu Zərərçəkmiş şəxs qeydiyyata alınmış, 3 ay ambulator qaydada müalicə olunmuşdur. Oğlu Müstəqil baş vermiş hadisədən əvvəl tam sağlam vəziyyətdə olmuş, hal-hazırda isə anlaqsız olaraq ağır vəziyyətdədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Mənsim qızı ifadəsində göstərdi ki, tanışları onu Nuray kimi çağırır, o əvvəllər mütəmadi olaraq «Santafe Beach» istirahət mərkəzində discokluba istirahət etməyə getmişdir. Həmin istirahət mərkəzinin əvvəlki adı Cahargah olmuş, x3 2018-ci ilin yanvar ayının əvvəllərindən «Santafe Beach» istirahət mərkəzində tanımışdır. Həmin istirahət mərkəzinə əvvəllər mütəmadi olaraq getdiyindən ora gələn müştərilərin əksəriyyətini tanımışdır. 27 yanvar 2019-cu il tarixdə saat 21 radələrində «Santafe Beach» istirahət mərkəzinə getmiş, orada disko-klubda olarkən Orxan Qurbanov onun yanına yaxınlaşmışdır. Onlar ikisi bir masada oturub bir yerdə pivə içmiş və bir az sonra Orxan Qurbanov dostlarının yanına gedib onlarla bir masada oturmuşdur. Sonra kluba obyektdən tanıdığı Türkan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Fərəqət oğlu gəlmiş, Müstəqil həmin vaxt sərxoş olmuşdur. Müstəqil diskoklubda oynaya-oynaya hamıya sataşmış, bu zaman Müstəqil Orxana çiyin vurmuş və onların arasında mübahisə yaranmış, onlar çölə çıxmışlar. O, səs-küyə içəridə olan şəxslərlə çölə çıxmış, həmin vaxtı Müstəqil Orxanı söyərək Orxana bir təpik atmışdır. Bundan sonra Orxan Müstəqilin sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş, yumruq zərbəsinin təsirindən Müstəqil yerə çökmüşdür. Bundan sonra istirahət mərkəzinin yaxınlığında dükan işlətmiş Vüsalın dükanından su alıb Orxana vermiş, sonra Orxanı oradan çölə çıxartmışdır. Bundan sonra Orxan oradan çıxıb uzaqlaşmış və hara getməsini o bilməmişdir. O, təxminən 20 dəqiqə sonra geri qayıtmış, orada olan şəxslər Müstəqilin sifət nahiyəsi qanadığı üçün onun sifətinə su vurduğunu görmüşdür. Bundan təxminən bir neçə dəqiqə sonra həmin istirahət mərkəzindən tanıdığı Bəndəliyev x2 vurduğunu deyərək həmin şəxsi söyməyə başlamış, Müstəqil isə həmin vaxtı disko-klubun çıxışında olan zalda kresloya söykənmişdir. Bundan sonra Yaşar Müstəqilə 2-3 şillə vurmuş, həmin vaxtı Müstəqil sürüşərək yerə yıxılmış onun başı yerə dəymişdir. Müstəqil həmin vaxtı halsız vəziyyətdə olmuş, Müstəqilin başının arxasından qan gəlmiş, onun qaşı partlamış, qulağından da laxtalarla qan gəlmişdir. Sonra Yaşarı ondan aralayıb oradan uzaqlaşdırılmış, Müstəqili isə tanımadığı şəxslər aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 27 yanvar 2019-cu il tarixdə saat təxminən 23 radələrində dostu Məhəmmədlə birlikdə «Çahargah » istirahət mərkəzinin disko-klubuna istirahət etmək üçün getmişlər. Onlar orada istirahət etdikdən sonra Məhəmmədlə klubdan çölə otelin həyətinə çıxmış, orada səs-küy olduğunu və tanışı Orxan adlı şəxsin Müstəqil adlı şəxslə mübahisə etdiklərini görmüşlər. Bir az sonra Orxan Müstəqilə bir yumruq zərbəsi vurmuş, sonra isə tanıdığı Yaşar adlı şəxs həmin yerə gələrək Müstəqili divara dirəmiş və sifət nahiyəsindən bir neçə sillə zərbəsi vurmuşdur. Həmin vaxt oda orada hadisəyə baxmış və Yaşarın Müstəqili vurmaması üçün Müstəqili qolundan tutaraq kənara çəkmişdir. Bundan sonra çoxlu sayda adamlar oraya yığışmış və bütün bu hərəkətlərdə dostu Məhəmməd onun yanında olmuşdur. Bundan sonra Məhəmmədlə birlikdə oradan çıxıb Hövsan qəsəbəsində yerləşən evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsində göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 27 yanvar 2019-cu il tarixdə saat 23 radələrində işdən çıxıb yaşadığı Türkan qəsəbəsinə evlərinə gedərkən, anası ona zəng vuraraq qardaşı Yaşarın içkili olduğunu bildirmişdir. Qardaşı Yaşar 9 ay içki içmədiyindən, içki içərkən problemlər yaratdığından anası Yaşarın dalınca getməyini bildirmişdir. Yaşar Türkan qəsəbəsində yerləşən «Santafe Beach» istirahət mərkəzində içkili olduğundan o, dərhal oraya getmişdir. O, «Çahargah» istirahət mərkəzinin disko-klubuna daxil olmuş və qardaşı Yaşarın orada sərxoş vəziyyətdə olduğunu görmüşdür. O, Yaşarı evlərinə aparmağa çalışmış, lakin Yaşar evə getməyəcəyini bildirdiyindən o, klubdan çıxıb otelin həyətində onu gözləmişdir. O, orada olarkən onunla eyni kənddən olan Müstəqil və Vüsalın klubun qabaq hissəsində dayanıb bir neçə şəxslə söhbət etdiyini görmüşdür. Bundan sonra o, pilləkənlərlə həyətə düşmüş, bu zaman otelin həyətində olan hovuzun yanında dava-dalaş düşmüşdür. Dava-dalaş vaxtı səs-küy yaranmış, orada olanlar sonradan Müstəqili, tanıdığı Orxan adlı şəxsin vurduğunu demişlər. Bundan sonra orada olan şəxslər Müstəqili istirahət mərkəzində olan divana uzadaraq üzünə su vurmuşlar. Həmin vaxt onun telefonu sönülü olduğundan orada olan şəxslərə təcili tibbi yardım çağırmaqlarını bildirmişdir. Bundan sonra Yaşar klubdan çıxmış və içkili vəziyyətdə Müstəqilin yanına gedərək Müstəqilin niyə bu vəziyyətdə olduğunu öyrənmək istəmiş və Müstəqili ayıltmaq üçün ona bir neçə sillə vurmuşdur. O da həmin vaxt qardaşı Yaşarı yenə də evlərinə aparmaq istəmiş, lakin Yaşar içkili olduğu üçün onu itələyib evə getmək istəmədiyini bildirmişdir. Bundan sonra o, əsəbləşib oradan uzaqlaşmış, bir qədər sonra yenidən o, Yaşarı evə aparmaq üçün kluba qayıtmışdır. Bundan sonra o, Yaşara evə getməsini desə də Yaşar evə getməkdən imtina etmiş, həmin vaxt Türkan qəsəbəsində yaşayan Vüsal, Müstəqilə görə narahat olmamağı deyib onu evə aparacağını bildirmişdir. Həmin gün gecə təxminən saat 04 radələrində Yaşarı oradan götürüb evlərinə aparmış, ertəsi gün isə polis əməkdaşları ona zəng vuraraq, Yaşarı axtardıqlarını bildirmiş, o da bu barədə Yaşara məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərdi ki, Türkan qəsəbəsi Türkan Üzümçülük sovxozu ərazisində yerləşən «Çahargah» mehmanxanasının qeyri rəsmi olaraq adı «x15» olan istirahət mərkəzinin disko-klubunda 2018-ci ilin iyun ayından mühafizəçi işləyir. Həmin yer il boyu fəaliyyət göstərir, qış aylarında o, orada tək, lakin yay aylarında isə iki nəfər mühafizəçi işləyirlər. İstirahət mərkəzinin disko-klubu hər gün saat 21-dən gecə saat 04-ə kimi fəaliyyət göstərir. Həmin disko-kluba adlarını bildiyi adı Müstəqil olan, lakin Mıştığ kimi çağırılan şəxs, Yaşar və Orxan adlı şəxslər, həmçinin bir neçə adlarını xatırlamadığı şəxslər daimi müştəri kimi oraya gəlmişlər. 27 yanvar 2019-cu il tarixdə saat 21-də istirahət mərkəzinin disko-klubu işləməyə başlamış və bir az sonra həmin kluba yuxarıda adlarını qeyd etdiyi şəxslər müştəri kimi ayrı-ayrılıqda gəlmişlər. Həmin şəxslər oraya gəldikdə onlar sərxoş vəziyyətdə olmuş, o, disko-klubda içəridə olduğu vaxt saat təxminən 02 radələrində hazırda adını xatırlamadığı müştərilərdən biri ona yaxınlaşıb çöldə hovuzun kənarında bir nəfərin yerə yıxılmış vəziyyətdə olduğunu ona demişdir. Bundan sonra o, dərhal həmin yerə getmiş, Müstəqili yerdə uzanmış vəziyyətdə baş nahiyəsinin sağ tərəfi qan içində olduğunu görmüşdür. Orada ona Müstəqili Orxanın döyərək qaçıb getdiyini demişlər. O, ətrafda olan adlarını xatırlamadığı müştərilərlə köməkləşib Müstəqili yerdən qaldırıb klubun dəhlizinə aparmışlar. Sonra o, dərhal Müstəqilin döyülməsi barədə işlədiyi obyektin rəhbəri olan Fəqan Salamova məlumat vermişdir. Bundan sonra Fəqan da oraya gəlib onlara köməklik edib Müstəqili kresloda otuzdurmuş, o da Müstəqili ayıltmaq üçün onu silkələyərək üzünə su vurmuşdur. Həmin vaxt Yaşar Müstəqilə yaxınlaşaraq ona bir neçə sillə vurmuş, sonra Müstəqilin səhətinin pis olmasını, onun özündə olmamasını görən Fəqan Salamov tez təcili yardıma zəng vurmuşdur. Həkimlər briqadası oraya gələnə kimi Müstəqil bir qədər özünə gəlmiş, həmin vaxt bir nəfər gələrək Müstəqilin qardaşı olmasını deyib onu oradan aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x11-Təcrübi və Tədris Birliyinin 04.02.2019-cu il tarixli, 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin səthi əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla qərarda göstərilən 28.01.2019-cu il tarixə və şəraitə uyğun gəlmələri istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. (cild 01, iş vərəqə 228-229) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x11-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 04.02.2019-cu il tarixli 82 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fərəqət oğlunun bədənində aşkar olunmuş xəsarətlər baş-beynin ağır dərəcəli əzilməsi, ənsə sümüyünün sınığı, pnevmosefaliya ilə müşaiət olunan alın sümüyünün sınığı, sol almacıq sümüyünün sınığı, sağ üst göz qapağının əzilmiş yarası, hər iki göz ətrafı nahiyəsinin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı x7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 28.01.2019-cu il tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən baş-beynin ağır dərəcəli əzilməsi, ənsə sümüyünün sınığı, pnevmosefaliya ilə müşayiət olunan alın sümüyünün sınığı həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya; sol almacıq sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddirlər; sağ üst göz qapağının əzilmiş yarası, hər iki göz ətrafı nahiyyəsinin qançırları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərər vurmaya aiddirlər. (cild 01, iş vərəqə 234-236) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x8 Ambulator Məhkəmə- Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının 01 mart 2019-cu il tarixli 356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək, həmçinin hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. O, konfliktə meyillik, inadkarlıq, tez reaksiya vermək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman psixi-emosional sferasında hirslilik əmələ gəlmişdir. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. (cild 01, iş vərəqə 237-239) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 may 2019-cu il tarixli 751 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Fərəqət oğlunda hazırda mərkəzi sinir sisteminin üzvi zədələnməsi nəticəsində ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, yaddaş və intelektin enməsi ilə aşkar olunur. Bunu 28 fevral 2019-cu il tarixdə 1 saylı PPX-ya stasionar müalicəyə qəbul olunaraq hazırda orada müalicəsinin davam etməsi və hazırkı psixiatrik müayinə zamanı aşkar olunan əlamətlər: Ünsiyyətə bir qədər ləng daxil olması, yaddaşında baş vermiş zəifliklə əlaqədar hadisə ilə sualların bir hissəsinə cavab verə bilməməsi, təfəkküründə torpidliyin aşkar olunması, əhvalruhiyyəsinin dəyişkən olması, ünsiyyət zamanı tez səbrsizləşməsi, aqressivləşməsi və s. sübut edir. Zərərçəkmiş şəxs Fərəqət oğlu hazırkı psixi vəziyyətinə görə cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün xatırlayıb, təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək iqtidarına malik deyil. Yəni, Zərərçəkmiş şəxs Fərəqət oğlu anlaqsızdır. Zərərçəkmiş şəxs Fərəqət oğlu hazırkı psixi vəziyyəti ilə əlaqədar istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs qismində cəlb olunduğuna görə ona qarşı məcburi müalicə tədbirləri tətbiq edilə bilməz.(cild 02, iş vərəqə 194-195). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı x4 kompyuter-tomoqrafiya müayinəsinin 01.02.2019-cu il və 22.02.2019-cu il tarixli protokollarından görünür ki, Zərərçəkmiş şəxs Fərəqət oğlunda payarası şırımda hemorragiya, hər iki tərəf alın payda təxmini ölçüsü 32x60 mm olan hemorragik kontuzion sahə qeyd edilmiş, ənsə sümüyünün sağ yarısında kəllə əsasına uzanan xətti, alın sümüyünün sağ yarısında alın cibinin hər iki divarının basılmış qəlpəli sınığı, sol almacıq sümüyünün xətti sınıqları, hər iki maksilyar sinusda etmoidal hücrələrdə və alın cibində qanlı möhtəviyyat aşkar edilmiş, sağ ənsə pay üzərində millimetrik subdural hava qabarcıqları qeyd olunmuş, Hər iki tərəf alın payda təxmini ölçüsü 36x45 mm olan hipodens sahə qeyd edilmiş (malyasiya sahəsi), ənsə sümüyünün sağ yarısında kəllə əsasına uzanan xətti, alın sümüyünün sağ yarısında alın cibinin hər iki divarının basılmış qəlpəli sınığı, sol almacıq sümüyünün xətti sınıqları aşkar edilmişdir. (cild 02, iş vərəqə 74-76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının 03 may 2019-cu il tarixli 3128 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Fərəqət oğlu 28.02.2019-cu il tarixdən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, müalicəsi davam edir. (cild 2, iş vərəqə 98) İş materiallarında olan Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elməddin Paşayevin 29 iyul 2019-cu il tarixli qanuni nümayəndə tanınma haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Fərəqət oğlu hazırkı psixi vəziyyəti ilə əlaqədar istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik olmadığından atası, Qanuni nümayəndə iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tanınmışdır. (cild 2, iş vərəqə 201-202) İş materiallarında olan Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 06 avqust 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından x1 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 2, iş vərəqə 245-246) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-8/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli hökmdən görünür ki, x6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahid ifadələri, iş üzrə keçirilmiş üzləşdirmələr, məhkəmə-tibbi və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs Fərəqət oğluna qarşı cinayət törətmədiyini, onu döymədiyini və ona heç bir xəsarət yetirmədiyini, onu ayıltmaq üçün ona bir-iki sillə vurduğunu göstərmiş, lakin onun gətirdiyi dəlil şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, eləcə də digər istintaq hərəkətləri ilə tam təkzib edilmişdir. Məhkəmə Şahid1 Mənsim qızının məhkəmə iclasında Yaşar Müstəqilə 2-3 şillə vurması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, Şahid1 Mənsim qızının məhkəmədə verdiyi bu ifadəsi işin hallarına və həqiqətə uyğun deyil, sadəcə Şahid1 Mənsim qızı ilə təqsirləndirilən şəxsin qohumları arasında yaranmış yeni münasibətlərə əsasən bu cür ifadə vermişdir. Belə ki, iş materiallarında olan 30 yanvar 2019 və 18 iyun 2019-cu il tarixli şahidin dindirilməsi protokollarından görünür ki, iş üzrə Şahid1 Mənsim qızı ibtidai istintaq zamanı ifadə verərkən ifadəsində göstərmişdir ki, tanışları onu Nuray kimi çağırırlar. O, əvvəllər mütəmadi olaraq «Santafe Beach» istirahət mərkəzində disco-kluba istirahət etməyə gedirmiş. Həmin istirahət mərkəzinin əvvəlki adı Cahargah olmuşdur. x3 2018-ci ilin yanvar ayının əvvəllərindən «Santafe Beach» istirahət mərkəzində tanımış, həmin istirahət mərkəzinə əvvəllər mütəmadi getdiyindən ora gələn müştərilərin əksəriyyətini tanıyırmış, 27 yanvar 2019-cu il tarixdə saat 21 radələrində «Santafe Beach» istirahət mərkəzinə getmiş, orada disko-klubda olarkən Orxan Qurbanov onun yanına yaxınlaşmış və onlar ikisi bir masada oturub bir yerdə pivə içmişlər və bir az sonra Orxan Qurbanov dostlarının yanına gedib onlarla bir masada oturmuşdur. Sonra kluba obyektdən tanıdığı Türkan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Fərəqət oğlu kimi adını bildiyi şəxs gəlmiş, Müstəqilin həmin vaxt sərxoş olduğunu görmüş və Müstəqil disko-klubda oynayaoynaya hamıya sataşırmış, bu zaman Müstəqil Orxana çiyin vurmuş və onların arasında mübahisə yarandıqda onlar çölə çıxmışlar. O, səs-küyə içəridə olan şəxslərlə çölə çıxmış və Müstəqil Orxanın var yoxuna söyərək Orxana bir təpik atmış, Orxanda Müstəqilin sifət nahiyəsinə bir dəfə yumruqla zərbəsi vurmuş və yumruq zərbəsinin təsirindən Müstəqil yerə çökmüşdür. Bundan sonra həmin vaxtlar istirahət mərkəzinin yaxınlığında dükan işlətmiş Vüsalın dükanından su alıb gətirib Orxana vermiş və sonra Orxanı oradan çölə çıxartmışdır. Bundan sonra isə Orxan çıxıb oradan uzaqlaşmış və hara getməsini bilməmişdir. O, təxminən 20 dəqiqə sonra geri qayıtdıqda görmüşdür ki, orada olan şəxslər Müstəqilin sifət nahiyəsi qanadığı üçün onun sifətinə su vururmuşlar və bundan təxminən bir neçə dəqiqə sonra həmin istirahət mərkəzindən tanıdığı Bəndəliyev x2 vurduğunu deyərək həmin şəxsi söyməyə başlamışdır. Müstəqil isə həmin vaxtı disko-klubun çıxışında olan zalda kresloya söykənmiş və Təqsirləndirilən şəxs heç bir səbəb olmadan qəflətən əvvəlcə təpiklə Müstəqili söyərək onun qarın nahiyyəsindən vurmuş. Müstəqil yerdə uzanılıqlı vəziyyətdə olduğu vaxt Yaşar yumruqla Müstəqilin başına zərbə endirməyə başlamış və Müstəqilin başı yerdə olan kafelə dəymiş, Yaşar isə buna əhəmiyyət verməyib yenə Müstəqilin başına zərbələr endirməyə davam etmiş və Yaşar Müstəqilin başına hər zərbə endirdikdə onun başı yerdə kafelə dəyib geri qayıtdıqda Yaşar yenə Müstəqilin başına yumruqla zərbə endirməyə davam etmişdir. Ətrafda olan şəxslər isə Yaşarı sakitləşdirə bilməmiş, Müstəqil isə yerdə halsız vəziyyətdə olmuş və həmin vaxt Müstəqilin başından qan gəlmiş, qaşı partlamış və qulağından laxtalarla qan gəlmişdir. Həmin vaxt orada Yaşarın qardaşı Anarda olmuşdur. Anar Yaşarı aralamağa çalışmışdır ki, Yaşar Müstəqili vurmasın. x14 ayıraraq oradan uzaqlaşdırmışdır. Müstəqili isə tanımadığı şəxslər aparmışlar. (cild 1, iş vərəqə 60-61, cild 2, iş vərəqə 177-180) Bundan başqa iş materiallarında olan 31 yanvar 2019-cu il tarixli Üzləşdirmə protokolundan da görünür ki, iş üzrə Şahid1 Mənsim qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, keçirilmiş üzləşdirmə zamanı da Şahid1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha verdiyi ifadəsini təsdiq etmişdir. (cild 1, iş vərəqi: 134-136) Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon polis idarəsinə, Bakı şəhər Suraxanı rayon polis idarəsinə və sair qurumlara ünvanlanmış məktublardan görünür ki, iş üzrə Şahid1 Mənsim qızı naməlum səbəblərdən məhkəmə iclaslarına gəlməkdən də yayınmışdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmin nümayiş edilməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli qərarının beşinci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.02.2019-ci il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 83). İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 06.05.2019-cu il tarixli, 425 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə şikayət xarakterli məlumat daxil olmamışdır. (cild 02, iş vərəqə 109) İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən tərtib edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilənə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayət və tələblərinin olmamasını, ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən olunmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. 29 yanvar 2019-cu il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və Xəzər Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə 30 yanvar 2019-cu il tarixli, 4(003)-29/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbs olunduğu 29 yanvar 2019-cu il tarixdən onun barəsində hökm çıxarıldığı tarixə qədər həbsdə saxlanıldığından, 1 il, 23 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 yanvar 2019-cu il tarixdən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 1 il, 23 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 11 ay 7 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 04 il 11 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar