Məhkəmə qərarları › İş №1(101)-1360/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1360/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1360/2022 09.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 6 aprel 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də hüquqşünas işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiysının üzvü olmadığı halda Zərərçəkmiş şəxs özünü vəkil kimi təqdim edərək sonuncunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 1(003)-382/2019 saylı hökmü ilə Azərbaycan Resspublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından vaxtından əvvəl azad edilməsinə və təmin edilmiş 8.000 manat məbləğində mülki iddianın məbləğinin azaldılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və Cəzaların İcrası Məcəlləsinə əsasən məhkumun cəzadan vaxtından əvvəl azad olunması yalnız məhkəmənin səlahiyyətində olduğu halda guya Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsində vəzifəli şəxs kimi işləyən tanışının olduğunu və cəzadan vaxtından əvvəl azad olunması üçün həmin vəzifəli şəxsə rüşvət qismində 1.500 manat, bu işləri müsbət həll etməsi üçün isə onun özünə 1.000 manat verilməli olduğunu bildirməklə aldadaraq Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsin vəzifəli şəxsinə rüşvət qismində verilməsi və özü üçün Zərərçəkmiş şəxs ümumilikdə 2.500 manat pul istəmiş, sonuncu onun vədinə inanaraq 18 may 2021-ci il tarixdə dövlət orqanlarına adından müraciət edilməsinə səlahiyyət verilməsinə dair Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 nömrəli notariat kontorunda etibarnamə verdikdən sonra Zərərçəkmiş şəxs həmin gün, saat 10-11 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanda yerləşən “World Telecom” telefon satışı mağazasının yaxınlığında ilkin olaraq 300 manat, 29 may 2021-ci il tarixdə saat 17-18 radələrinə ünvan 4 ünvanda yerləşən “Maklerlər parkı” adlanan parkda 500 manat, 6 iyun 2021-ci il tarixdə saat 16-17 radələrində həmin parkda 1000 manat, 2021-ci ilin iyun ayının əvvəllərində saat 16-17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında 200 manat, 7 iyul 2021-ci il tarixdə saat 16-17 radələrində isə yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında 150 manat alaraq, 2021-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs guya Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxs olan tanışı ilə görüşdüyünü, aldığı puldan rüşvət qismində verməli olduğuna inandırıb sövq etdiyi 1500 manat pulun verilməsi qarşılığında qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan cəzadan vaxtından əvvəl azad olunacağını yalan deyərək, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2.150 manat məbləğində nağd pul vəsaitini ələ keçirərək dələduzluq etmiş və Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin vəzifəli şəxsinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, tanışı vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs ilə 18 may 2021-ci il tarixdə saat 12-13 radələrində Bakı Metropoliteninin Neftçilər metrostansiyasının yaxınlığında "xxxx"ın qarşısında görüşmüş və sonuncunun Xəzər Rayon Məhkəməsi tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu və 8.000 manat məbləğində mülki iddianı ödəməsi barədə hökm çıxarıldığını bilmişdir. Zeynəb mülki iddianı ödəmək üçün maddi imkanı olmadığını, inzibati qaydada həbs olunmaması üçün məhkəmə proseslərində hüquqlarını müdafiə etməyi ondan xahiş etmiş və bunun üçün ilkin olaraq ona Sevinc kinoteatrının yaxınlığında yerləşən notariat kontorunda xidmət haqqı kimi 300 manat pul və məhkəmədə hüquqlarını müdafiə edə bilməsi üçün etibarnamə vermişdir. Özünü Zərərçəkmiş şəxs vəkil kimi təqdim etməmiş, sonuncuya hüquqşünas kimi köməklik edə biləcəyini demiş və bundan sonra Xəzər rayon icra şöbəsində Zeynəbin əvəzinə izahatlar vermiş və mülki iddianı tələb edən Züleyxa Qurbanova ilə görüşüb Zeynəbin maddi imkanının olmadığını və həmin məbləği ödəyə bilməyəcəyini demişdir. Mülki iddia ödənilmədiyinə görə işə inzibati qaydada Xəzər Rayon Məhkəməsində 27 may 2021-ci il tarixdə keçirilmiş məhkəmədə iştirak etmiş və Xəzər Rayon Məhkəməsi həmin tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə baxılan işin icraatına xitam vermişdir. Bundan sonra, Zərərçəkmiş şəxs ilə Bakı Metropoliteninin Neftçilər metrostansiyasının "xxxx" tərəfindəki çıxışında dəqiq xatırlamadığı tarixlərdə görüşərkən, sonuncu cəzadan vaxtından əvvəl necə azad oluna biləcəyini soruşmuş, sonuncuya qarşı tərəfin iddiasının tam şəkildə ödənilməli olduğunu və belə olan halda cəzadan vaxtından əvvəl azad olunmasına hüquqi əsasların yarana biləcəyini demişdir. 19 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs telefonla zəng edərək iddianın qalan 3.000 manat hissəsini borc alaraq icra şöbəsində tələbkara tam şəkildə ödədiyini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs ilə Bakı Metropoliteninin Neftçilər metrostansiyasının "xxxx" tərəfdəki çıxışında görüşdükdə, sonuncu barəsində tətbiq edilən azadlığın məhdudlaşdırılması cəzasının vaxtından əvvəl üzərindən götürülməsi və məhkumluğunun ləğv edilməsi üçün kömək istəmişdir. Zərərçəkmiş şəxs köməklik edəcəyi müqabilində zəhmət haqqı kimi 1.500 manat pul verməli olduğunu və bu hüquqi prosedurların müəyyən vaxt tələb edəcəyini demiş və bir neçə gün sonra Zeynəb 1.500 manat pulu Neftçilər metrostansiyasının yaxınlığında ona vermişdir. Təqribən noyabr ayının əvvəllərində Nərimanov Rayon Məhkəməsində Zərərçəkmiş şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün vermiş olduğu ərizəyə baxılaraq Zərərçəkmiş şəxs faktiki yaşayış yeri üzrə Nizami Rayon Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs mülki iddianın ödənilməsi üçün borc aldığı şəxslərin pullarını tələb etdiyini demiş və ona verdiyi 1.500 manat pulu geri tələb etmişdir. Həmin məbləğin 1.300 manatını 2021-ci ilin dekabr ayında Neftçilər metrostansiyasının yanında, 200 manatını isə Bakı Metropoliteninin Əhmədli metrostansiyasının yanında Zeynəbə qaytarmış, Zeynəb ilkin olaraq verdiyi 300 manatı da geri tələb etdikdə, həmin pulu xidmət haqqı kimi aldığını demiş və qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs etibarnaməni məhkəmədə hüquqlarını müdafiə etmək üçün deyil, dövlət orqanlarında, əsasən icra şöbəsində sonuncunun adına sənədləri tərtib etmək üçün almış, məhkəmə prosesində müdafiəçi kimi iştirak etməyə və Zərərçəkmiş şəxs hüquqlarını müdafiə etməyə səlahiyyəti olmasa da, inzibati icraat qaydasında prosesdə Zərərçəkmiş şəxs hüquqlarını müdafiə edən tərəf kimi proses barədə məlumatlı olmaq və lazımi sənədlərin toplanması üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesində məlumat almaq üçün iştirak etmək istəsə də, “covid” pasportu olmadığından prosesdə iştirak edə bilməmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid2 və Şahid5 ilə ümumiyyətlə görüşməmiş, Zərərçəkmiş şəxs 3.000 manat cəriməni Xəzər rayon icra şöbəsində ödəyərkən Şahid2 orda görmüşdür. Zərərçəkmiş şəxs atası Süleyman Hümmətovla Bakı Metropoliteninin Neftçilər metrostansiyasının yaxınlığında çay evində görüşmüş, sonuncu qızının cəzadan azad olunmasına köməklik etməyi ondan xahiş etmişdir. Oğlu koronavirus xəstəsi olarkən Zərərçəkmiş şəxs borc aldığı 150 manat pulu sonuncuya qaytarmış və ümumilikdə Zərərçəkmiş şəxs aldığı 1950 manat pulun 1650 manatını qaytarmışdır. Qeyd edilən cinayət işi üzrə özünü təqsirli bilməsə də Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini etiraf etməməsinə baxmayaraq onun təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, toplanmış mümkün sübutlarla və digər sənədlərlə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və ona qarşı verilmiş 8.000 manat maddi ziyanın ödənilməsinə dair mülki iddia təmin edilmişdir. Maddi ziyanı ödəyə bilmədiyinə görə məhkəmə icraçıları tez-tez ona zəng etmişdir. 2014-2015-ci illərdə rus və ingilis dili öyrənmək üçün Bakı Metropoliteninin Sahil metrostansiyasının yaxınlığında yerləşən “ADA” kursuna gedərkən tanış olduğu həmin kursun rəhbəri Elmirlə söhbət zamanı sonuncudan barəsində olan cəzadan vaxtından əvvəl azad olunmaq üçün hüquqi yardım ala biləcəyi tanışının olub-olmamasını soruşmuş və Elmir vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs zəng etmiş və 16 may 2021-ci il tarixdə Nizami rayonu, Qara Qarayevdə “Ruslan” marketin yaxınlığında çay evində həyat yoldaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim edərək ondan məhkum olunması ilə bağlı məlumatları soruşmuş, daha sonra hüquq mühafizə orqanlarında 46 illik iş təcrübəsinin olduğunu, uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışdığını bildirərək, məhkumluğun üzərindən götürülməsi və cəzadan vaxtından əvvəl azad olunması üçün bütün hüquqi prosedurları edə biləcəyini demiş, icra şöbəsində işləyən əməkdaşa pul verməyin vacib olduğunu, əks təqdirdə hüquqi prosedurların nəticə verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində işləyən tanışına 1.500 manat, özü üçün isə 1.000 manat verməli olduğunu demiş və ümumilikdə ondan 2.500 manat pul istəmişdir. Təqsirləndirilən şəxs inanaraq razılaşmış və müqavilə bağlamağı tələb etsə də, sonuncu etibarnamə verməsini demişdir. 18 may 2021-ci ildə saat 10-11 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən notariat kontorunda etibarnamə və ilkin olaraq 300 manat pul vermişdir. Bundan sonra Xəzər rayon icra şöbəsindən mülki iddianı ödəməyə çağırıldığına görə 27 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Xəzər rayon icra şöbəsinə getmiş, icra şöbəsində icra məmuru pulu ödəmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edib məhkəməyə göndərdiyini demiş, icra şöbəsində Təqsirləndirilən şəxs ona pulu hissə-hissə ödəyəcəyi ilə bağlı qəbz yazdırmış və həmin vaxt həyat yoldaşı Şəmsəddin də icra şöbəsinə gəlmişdir. Həmin gün icra şöbəsindən barəsində verilmiş inzibati iş üzrə Xəzər Rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinə Təqsirləndirilən şəxs gəlsə də, proses zamanı heç bir çıxış etməmiş, maddi ziyandan 3.000 manat ödədiyindən barəsində inzibati həbs tətbiq edilməmişdir. X3 500 manat alıb 29 may 2021-ci il tarixdə saat 17-18 radələrində Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin Neftçilər metrostansiyasının yanında Maklerlər parkında Təqsirləndirilən şəxs vermiş, daha sonra 6 iyun 2021-ci il tarixdə saat 16-17 radələrində Maklerlər parkında Təqsirləndirilən şəxs 1.000 manat, iki gün sonra iyun ayının əvvəlləri saat 16-17 radələrində Bakı Metropoliteninin Neftçilər metrostansiyasının çıxışında "xxxx"ın qarşısında Təqsirləndirilən şəxs 200 manat, 7 iyul 2021-ci il tarixdə saat 16-17 radələrində Neftçilər metrosunun "xxxx" tərəfdən çıxışında bankomatdan özünə məxsus kart hesabından 150 manat çıxararaq Təqsirləndirilən şəxs vermişdir. 18 may 2021-ci ildən iyul ayının ortalarınadək barəsində olan azadlığın məhdudlaşdırılması cəzasından vaxtından əvvəl azad olunması müqabilində Bakı şəhəri Probasiya İdarəsinin vəzifəli şəxsinə verilməsi və bu işləri həll etməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 2.150 manat pul vermişdir. 19 avqust 2021-ci ildə kirayə yaşadığı ünvan 6 ünvana sahə müvəkkili gələrək ona məhkəmə hökmü ilə təyin edilmiş maddi ziyanı ödəmədiyi üçün barəsində axtarış işi açıldığını və bölməyə getməli olduğunu demiş, bundan sonra dəfələrlə Tahirə zəng etsə də, sonuncu zənglərə cavab verməmiş, Elmirə zəng edərək Tahirin heç bir iş görmədiyini, onu aldatdığını və maddi ziyanı ödəmək üçün məcburi aparıldığını və Tahirdən şikayət edəcəyini bildirdikdən sonra Tahir zəng edərək heç bir pul ödəməməyi, icra şöbəsinə getməyi və özünün də gələcəyini demiş, sahə müvəkkili ilə Xəzər rayon icra şöbəsinə gedərək maddi ziyanın qalan 3.400 manat hissəsini ödəmiş, həmin gün axşam Bakı Metropoliteninin Neftçilər metrostansiyasının "xxxx" tərəfdəki çıxışında Təqsirləndirilən şəxs ilə görüşərək mübahisə etmiş, verdiyi pulu qaytarmağı tələb etmişdir. Tahir narahat olmamağı, işi həll edəcəyini və qısa zamanda ayağındakı elektron nəzarət vasitəsinin açılacağını demişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində atası ilə telefonla danışarkən Təqsirləndirilən şəxs heç bir iş görmədiyini demiş, atası Təqsirləndirilən şəxs ilə görüşüb məsələni həll edəcəyini bildirmişdir. 5 oktyabr 2021-ci ildə atası Süleyman Hümbətovla birlikdə Təqsirləndirilən şəxs ilə Bakı Metropoliteninin Neftçilər metrostansiyasında “Müsafir” restoranında görüşmüş, Tahir atasına narahat olmamağı, 2 həftə ərzində məhkəmə prosesində məhkumluğunun üzərindən götürüləcəyini, ayağından elektron nəzarət vasitəsinin açılacağını və ödədiyi cərimənin ona təzminat şəklində qaytarılacağını demişdir. 22 oktyabr 2021-ci ildə Tahirlə Neftçilər metrostansiyasının "xxxx" tərəfdəki çıxışında görüşmüş və sonuncunun təqdim etdiyi cəzadan vaxtından əvvəl azad olunması haqqında yazdığı ərizəni oxuyub imzalamış, noyabr ayının əvvəlləri Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin ərizəyə baxılarkən, Təqsirləndirilən şəxs məhkəmənin inzibati binasına gəlsə də, prosesdə iştirak etməmiş, prosesdə tək iştirak emiş və hakim müraciətin aidiyyət olaraq səhv verildiyini, Nizami Rayon Məhkəməsinə müraciət edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasından sonra Tahirdən vəd etdiyi heç bir işi yerinə yetirmədiyi üçün aldığı 2.150 manat pulu geri tələb etmiş, lakin sonuncu pulun 1.500 manatını Bakı şəhəri Probasiya İdarəsinin vəzifəli şəxsinə verdiyini, qalan məbləği isə xərclədiyini bildirərək, pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra Nizami Rayon Məhkəməsinə cəzadan vaxtından əvvəl azad olunmağı üçün ərizə yazmış və Zəfər günü ilə bağlı amnistiyaya əsasən Nizami Rayon Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülmüşdür. 2021-ci ilin dekabr ayının ortalarında Tahirlə Neftçilər metrostansiyasının "xxxx" tərəfdəki çıxışında görüşərək pulunu qaytarmasını tələb etmiş və sonuncu ümumilikdə aldığı 2.150 manatdan ona 200 manat pul qaytarmışdır. Eyni zamanda bildirmişdir ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş və bu səbəbdən sonuncu ilə barışmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Bakı şəhər Probasiya idarəsinin böyük icra məmuru işləyir, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü onun icraatına 4 mart 2021-ci il tarixdə daxil olmuşdur. Özünü Zərərçəkmiş şəxs vəkili kimi təqdim edən şəxs Bakı şəhər Probasiya idarəsinə gələrək onunla görüşmək istədiyini bildirmiş, lakin həmin şəxlə görüşməmiş, hökmün icrasının təmin olunması zamanı Zərərçəkmiş şəxs Bakı şəhər Probasiya idarəsində olarkən bu barədə sonuncunu məlumatlandırmış, Zərərçəkmiş şəxs vəkilinə cəzadan vaxtından əvvəl azad etdirilməsi üçün İcra şöbəsinin tanımadığı vəzifəli şəxsinə verilməsi üçün pul verdiyini demişdir. Zərərçəkmiş şəxs cəzadan vaxtından əvvəl azad oluna bilməsi üçün hüquqi prosedurları izah edərək, bu iş üçün hər hansı vəzifəli şəxsə pul verilməsinin lazım olmadığını, müraciət edəcəyi halda məhkəmə tərəfindən müraciətinə baxılıb müvafiq qərar qəbul ediləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs 12 noyabr 2021-ci il tarixdə Bakı şəhər Probasiya idarəsinə ərizə ilə müraciət edərək, 5 noyabr 2021 -ci il tarixli amnistiya elan edilməsi haqqında Qərarın barəsində tətbiq edilməsini xahiş etmişdir. 18 noyabr 2021-ci il tarixdə 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının təsir dairəsinə düşən Zərərçəkmiş şəxs barəsində təqdimat baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilmiş və məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edildiyinə və üzərindən məhkumluq götürüldüyündən 24 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının ortalarında arvadı Zeynəb xarici dilləri öyrənmək üçün getdiyi “ADA” kursunda tanış olduğu Elmir adlı şəxslə söhbət zamanı barəsində tətbiq olunan cəzadan vaxtından əvvəl azad olunması üçün hüquqi yardım ala biləcəyi tanışının olub-olmamasını soruşmuş və sonuncu vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş, sonuncu ilə Nizami rayonu, Qara Qarayevdə “Ruslan” marketin yanında çay evində görüşüb danışmaq üçün Zeynəb onunla getməyini demişdir. 2021-ci il may ayının ortalarında Nizami rayonu, Qara Qarayevdə “Ruslan” marketin yanında çay evində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Sonuncu özünü vəkil kimi təqdim edərək Zeynəbdən məhkum olunmağı ilə bağlı məlumatları soruşmuş, daha sonra hüquq mühafizə orqanlarında 46 illik iş təcrübəsi olduğunu, uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışdığını, hazırda vəkil kimi fəaliyyət göstərdiyini qeyd edərək, Zeynəbin məhkumluğunun üzərindən götürülməsi və cəzadan vaxtından əvvəl azad olunması üçün bütün prosedurları edə biləcəyinə onları inandırmışdır. Təqsirləndirilən şəxs söhbət əsnasında müraciət edən şəxslərin işini həll etmək üçün pul aldığını və müxtəlif qurumlarda işləyən vəzifəli şəxslərə pul verdiyini demişdir. Bundan sonra Zeynəbin işini həll edəcəyini, ilk növbədə Zeynəbin sənədləri ilə tanış olacağını, sonra isə məsələni həll etmək üçün hansı qurumun vəzifəli şəxsinə nə qədər pul verilməsinin lazım olacağını və digər məsələləri deyəcəyini bildirərək, Zeynəbin notariusda etibarnamə verməli olduğunu demişdir. Bundan sonra, təxminən may ayının sonlarında Zeynəb zəng edərək icra məmuru tərəfindən icra şöbəsinə çağırıldığını və onun gəlməsini demiş, icra şöbəsinə getdikdə Təqsirləndirilən şəxs orada görmüş, Zeynəb maddi ziyanı ödəməsi üçün çağırıldığını bildirmiş, Təqsirləndirilən şəxs də maddi ziyanın ödənilməli olduğunu dedikdə, etiraz edərək Zeynəbə pul ödəməməsini demişdir (1-ci cild iş vərəqi 104-107). İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2014-2015-ci illərdə Sahil metrostansiyasının yaxınlığında icarəyə götürdüyü obyektin tərcümə mərkəzi daxilində dil kursuna gəldiyi vaxtlarda tanımışdır. 2021-ci ilin may ayının əvvəlləri Zeynəb ona zəng edərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə əsassız məsuliyyətə cəlb olunduğunu və məhkəmə hökmü ilə barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğunu və 8.000 manat maddi ziyanı ödəməli olduğunu bildirərək, vəkil tanışının olub-olmadığını soruşmuş, sonuncuya maraqlanıb xəbər edəcəyini demişdir. Tanışlarından yaxşı vəkil kimi haqqında eşitdiyi Təqsirləndirilən şəxs ilə danışaraq sonuncunun telefon nömrəsini Zeynəbə vermiş və Tahirlə görüşüb ətraflı danışa biləcəyini demişdir. Zeynəbə vəkillə görüşüb danışmağı və onu qane edəcəyi təqdirdə notariusda müqavilə bağlamağı, müqavilə rüsumundan başqa vəkilə pul ödəməməyi, işi həll olunduqdan sonra vəkilə pul verməyi demişdir. Zeynəb bir gün sonra ona zəng edərək həyat yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşdüyünü, vəkilin onu qane etdiyi üçün etibarnamə verdiyini demişdir. Təqribən iyun ayının ortalarında Təqsirləndirilən şəxs ilə saat 17-18 radələrində Suraxanıda “Ümid” kafesində görüşmüş, Təqsirləndirilən şəxs keçmiş prokurorluq işçisi və vəkil olduğunu qeyd edərək, hüquq mühafizə orqanlarında 40 ildən çox iş təcrübəsi olduğunu, uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışdığını demişdir. Sonuncudan Zeynəbin işini soruşduqda, narahat olmamağı, hüquq mühafizə orqanlarında tanışlarının olduğunu və Zeynəbin işinin artıq həll olunduğunu demişdir. Bundan sonra təqribən avqust ayında Zeynəb ona zəng edib Təqsirləndirilən şəxs heç bir iş görmədiyini, onu aldatdığını, vəkil kimi proseslərdə iştirak etmədiyini, ödədiyi maddi ziyanın guya təzminat kimi qaytarılacağını dediyini, lakin məcburi şəkildə maddi ziyanın ona ödətdirildiyini və telefon zənglərinə cavab vermədiyini, ayağındakı elektron nəzarət vasitəsinin açılacağını və icra şöbəsində vəzifəli şəxsə pul verdiyini bildirsə də heç bir iş görmədiyini demişdir. Tahirə dəfələrlə zəng etmiş, lakin sonuncu telefonu götürmədiyinə görə Zeynəbə şikayət etməsini demişdir (1-ci cild iş vərəqi 103-107). İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 11 ildən çox müddətdir ki, onun rəfiqəsi olmuşdur. Zeynəblə may ayının ortalarında onun evində görüşən zaman ona vəkil kimi bir nəfər tapdığını, onun bütün işlərini həll edib ayağındakı brasletin açılacağını demiş, Zeynəb may ayının ortalarında ona zəng edərək həmin vəkilə işini həll edib, ayağındakı brasleti açdırması və məhkumluğunun götürülməsi üçün ilkin olaraq 300 manat pul verdiyini dedikdə o Zeynəbə vəkillərin fırıldaq ola biləcəyini, pulu alıb heç bir iş görmədən onu aldada biləcəyini, buna görə də bundan sonra pul verməməsini, verdiyi ilkin 300 manatın müqabilində ondan iş tələb etməsini, işini gördüyü halda davamlı olaraq pul verə biləcəyini məsləhət etmiş, bundan sonra Zeynəblə mayın axırlarında telefonla danışan zaman sonuncu ona vəkilə əlavə 500 manat verdiyini demiş, o Zeynəbə əsəbləşərək niyə heç bir işi həll olmadan ona pul verdiyini soruşmuş, Zeynəb ona həmin vəkilin yaşlı adam olduğunu, onu qızı kimi gördüyünü, ona inanıb güvəndiyini deyərək heç bir problem olmayacağmı demişdir. Təqribən iyun ayının əvvəlləri saat 15-16 radələrində o Zeynəblə görüşmək üçün onun Qara Qarayev prospektində kirayə yaşadığı evinə getmiş, söhbət əsnasında o stolun üstündə pul görüb saya-saya Zeynəbə bu pulun nə üçün lazım olduğunu sual vermiş, elə bu vaxt Zeynəbin telefonuna zəng gəlmiş, Zeynəb danışıb qurtarandan sonra atası ilə danışdığını, vəkilə bu gün elə stolun üstündə saydığı 1000 manat pulu verəcəyini, bundan əvvəl vəkilə verdiyi 500 manatı isə atasından aldığını və atasının telefonda elə həmin pulu vəkilə verib-vermədiyini soruşduğunu demiş, o Zeynəbə əsəbləşərək nə üçün davamlı olaraq vəkilə pul verdiyini, iş tələb etmədiyini, ümumiyyətlə həmin vəkilin kim olmasım soruşduqda Zeynəb ona həmin vəkilin Təqsirləndirilən şəxs olduğunu, prokurorluq orqanlarında uzunmüddətli iş təcrübəsinin olduğunu, ona inanıb güvəndiyini, onu aldatmayacağını bildirmiş, bundan sonra o Zeynəblə birlikdə öz evinə getmək üçün çıxmış, bu vaxt Zeynəb stolun üstündəki həmin o 1000 pulu çantasına qoyaraq ona Təqsirləndirilən şəxs ilə görüşüb həmin 1000 manatı ona verəcəyini demiş, o da Zeynəbə onunla gələcəyini, Təqsirləndirilən şəxs ilə söhbət edəcəyini desə də, Zeynəb etiraz edərək kənar şəxsi aparacağı təqdirdə Təqsirləndirilən şəxs ayıb olacağını, ona inanmadığını düşünəcəyini demiş, lakin kənarda durub gözləməyinə razılaşmış, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən 32 saylı avtobusun sonuncu dayanacağında o bir qədər kənarda durub gözləmiş, təqribən saat 16-17 radələrində orta boylu, təqribən 50- 60 yaşlarında, orta bədənli bir kişi ilə Zeynəb həmin avtobus dayanacağında görüşmüş, o kənarda durduğu üçün danışıqlarını eşitməsə də, sonda Zeynəbin Təqsirləndirilən şəxs çantasından pul çıxararaq verdiyini görmüş, həmin günün axşamı Zeynəbə zəng edərək Təqsirləndirilən şəxs gözünün su içmədiyini, onun fırıldaq ola biləcəyini, onu aldadacağını demiş, Zeynəbsə yenə də həmişəki kimi ona inandığını, güvəndiyini ona bildirmişdir (1-ci cild iş vərəqi 122-125). İşdə olan hadisə yerinə baxış keçirilməsinə dair 1 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2021-ci ilin may ayının 18-də saat 10-11 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanda yerləşən “World Telecom” telefon satışı mağazasının yaxınlığında ilkin olaraq 300 manat, 29 may 2021-ci il tarixdə saat 17-18 radələrinə ünvan 4 ünvanda yerləşən “Maklerlər parkı” adlanan parkda 500 manat, 06 iyun 2021-ci il tarixdə saat 16-17 radələrində həmin parkda 1.000 manat, 08 iyun 2021-ci il tarixdə saat 16-17 radələrində radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında 200 manat, 2021-ci ilin iyun ayının əvvəllərində saat 16-17 radələrində radələrində yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında 150 manat pul verdiyi yerləri əyani olaraq göstərmişdir (1-ci cild iş vərəqi 29-31). İşdə olan “DVD-R” diskə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin Neftçilər metrostansiyasının yaxınlığında “Maklerlər parkında” Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə işin faktiki hallarına uyğun söhbət aparıldığını əks etdirən səs yazısı müəyyən edilmişdir (1-ci cild iş vərəqi 208-213). İşdə olan məhkəmə-fonoskopik ekspertiza üzrə 29 aprel 2022-ci il tarixli 4/468 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan danışıqların tədqiqi nəticəsində mübahisəli fonoqramlardakı səs və nitqin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 28-31). İşdə olan və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş dəftərə baxış keçirilməsinə dair 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.500 manat pul istədiyi və sonuncunun 2.150 manat pul verdiyi və Təqsirləndirilən şəxs 350 manat borcu qaldığını yazması müəyyən edilmişdir (1-ci cild iş vərəqi 188-189). İşdə olan və "xxxx" MMC-dən verilmiş diskə baxış keçirilməsi haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan (099) ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə çoxsaylı telefon zənglərinin daxil olduğu və Zərərçəkmiş şəxs istifadəsində olan (099) ***- **-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə, işin faktiki hallarına uyğun müxtəlif məzmunlu ismarıçların göndərildiyi müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 203). İşdə olan və "xxxx" MMC-dən verilmiş diskə “baxış keçirilməsi haqqında” 6 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan (070) 718-58- 50 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrəyə 19 avqust 2021-ci il və 28 avqust 2021-ci il tarixdə zənglər daxil olmuşdur (1-ci cild iş vərəqi 69-70). İşdə olan 26 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən araşdırmaya təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları ehtiva edən bir ədəd “DVD-R” disk və mobil operatorlardan təqdim edilmiş telefon danışıqlarına dair məlumatlar yazılmış 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (2-ci cild iş vərəqi 32-35). İşdə olan və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 8.000 manat mülki iddianın X1 ödənilməsi təmin edilmişdir (1-ci cild iş vərəqi 215). İşdə olan 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 282-283). Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.1, 32.4, 312.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır. Belə ki, qərarda qeyd edilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Qərarda həmçinin qeyd olunmuşdur ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Göründüyü kimi, məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin sanksiyasında isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CMin 312.2-ci maddəsi isə ağır cinayətlər kateqoriyasına daxildir (CM-in 15.2 və 15.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. İşdə olan 22 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 iyul 2022-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş 01 sentyabr 2022-ci il tarixli **********93 №-li ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam öldənilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməlləri nəzərdə tutan Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 2 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 1 (bir) il 6 (altı) aydan, həmin Məcəllənin 312.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları ehtiva edən 21 dəqiqə 41 saniyə və 9 dəqiqə 46 saniyədən ibarət səs yazıları olan bir ədəd DVD-R disk və mobil operatorlardan təqdim edilmiş telefon danışıqlarına dair məlumatlar yazılmış 2 ədəd diskin 26 may 2022-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 32.4,312.2-ci maddəsi ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 4 (dörd) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları ehtiva edən 21 dəqiqə 41 saniyə və 9 dəqiqə 46 saniyədən ibarət səs yazıları olan bir ədəd DVD-R disk və mobil operatorlardan təqdim edilmiş telefon danışıqlarına dair məlumatlar yazılmış 2 ədəd disk 26 may 2022-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - ekspertiza üzrə tədqiqaların dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar